Azərbaycanın dövlət müstəqilliyini qoruyan və əbədiləşdirən lider

 

Çoxminillik tariximizin ən böyük azərbaycanlısı olan ümummilli lider Heydər Əliyevin zəmanəmizin canlı salnaməsinə çevrilmiş həyat və fəaliyyətini çoxsaylı məqalələr, cild-cild kitablar, silsilə filmlər hələ də tam əhatə etmir. Yaxşı deyiblər ki, insan dağdan uzaqlaşdıqca, onun ümumi mənzərəsini daha yaxşı görür. Böyük rəhbər Heydər Əliyevin uca şəxsiyyəti, nurlu obrazı da məhz belədir illər keçdikcə daha əzəmətli və möhtəşəm görünür.

Bu sətirləri yaza-yaza mən dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevlə bir dövrdə yaşamağımı və onun sərəncamları ilə məsul vəzifələrdə işləməyimi talenin ən yüksək töhfəsi kimi məmnunluqla düşünürəm. Bu nəhəng tarixi şəxsiyyətlə dəfələrlə görüşüb söhbətlər etdiyimə görə bir daha fəxarət hissi duyuram və həmişə ürəyimdən bir göynərti keçir: Kaş o böyük insan yenə bizimlə olaydı, Azərbaycanda aparılan indiki quruculuq işlərini görəydi, şəxsiyətinə, zəkasına, bacarığına inanaraq siyasi varis kimi yerində qoyub getdiyi Oğul İlham Əliyevlə bizim kimi bir daha qürur duyaydı, siyasi fırtınalardan xilas edib dirçəltdiyi müstəqil Azərbaycan dövlətini onun necə inkişaf etdirdiyini görəydi!

Yeri gəlmişkən, düşünürəm ki, dillər əzbərinə çevrilmiş layiqli davamçı ifadəsi Ata vəsiyyətinə sadiq qalaraq daha geniş miqyasda qurub-yaradan siyasi varis Prezident İlham Əliyevin tarixdə yeni intibah kimi qalacaq işinə-əməlinə liderlik fəaliyyətinə verilən ümumxalq qiymətidir, xalqın göz tərəzisinin doğru-düzgün göstəricisidir.

Ümummilli lider Heydər Əliyevin ürəyi həmişə xalqına, vətəninə sevgi ilə döyünmüşdür. Mən düz 30 ildir həmin ürək döyüntüləri haqqında bildiklərimi bacardığım qədər xalqımıza çatdırmaq üçün səy göstərirəm. Amma Böyük öndərin ürək döyüntülərini hələ 1969-cu ildən başlayaraq duymuşam, görmüşəm. Onda cəmi 19 yaşındaydım. Qələmim respublika mətbuatına təzəcə yol açırdı. O zamandan bir qəzetçi kimi Heydər Əliyev haqqında yazmağa başlamışam, yəni son 30 ildə yazdıqlarımın bünövrəsi o zamandan qoyulmuşdur.

İndi çox gözəl xatırlayıram, Kremlin Qurultaylar sarayında Heydər Əliyev məruzə edəndən sonra, bütün salon ayağa qalxaraq, onu sürəklə alqışlamağa başladı. Bu alqışların ardı-arası kəsilmirdi. Məhz onda ürəyim dağa dönür, bir azərbaycanlı kimi qəlbim köksümə sığmırdı. Yetkin şəxsiyyət, şahanə görkəm, gözəl nitq, son dərəcə mənalı fikirlər, böyük zəka məni heyran etdi. Onda hələ bilmirdim ki, vaxt gələcək bu böyük İnsanla mən yaxından tanış olacağam, partiya və dövlət quruculuğundakı kiçik töhfələrimlə onun rəğbətini qazanacağam.

Bəri başdan qeyd etdim ki, sadə bir jurnalist kimi az-çox məni tanıyırdılar. Amma Azərbaycan cəmiyyətinə məni təqdim edən Heydər Əliyev olmuşdur. Məhz onun ölkəmizə rəhbərlik etdiyi dövrdə Yeni Azərbaycan Partiyasının quruculuğunda iştirak etmişəm. Yeni Azərbaycan qəzetinin baş redaktoru olmuşam, Milli Məclisə deputat seçilmişəm, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin olunmuşam. Demək istəyirəm ki, kənd müəllimi ailəsində dünyaya göz açmışam, sadə bir həyat tərzi keçirmişəm. Lakin Heydər Əliyevin diqqəti və qayğısı ilə həyatımda yaddaqalan uğurlara imza atmışam.

Həmişə fikirləşirəm, görəsən, Heydər Əliyev həyatı boyu nə qədər mənim kimi insanlara kömək edib, nə qədər insanlara atalıq qayğısı göstərib?! Bircə onu bilirəm ki, onların sayı-hesabı yoxdur. Heydər Əliyev təkcə ayrı-ayrı insanları himayə etməyib, bütün Azərbaycana arxa-dayaq olub, bizə Azərbaycan adlı müstəqil və güclü dövlət qoyub gedib. Başı bəlalər çəkmiş millətimiz əsrlər boyu belə bir dövlətin qurulmasını arzulayıb. O dövlətin ki, indiki kimi bütün dünyada tanınmış olsun. Bayraqlar içində bayrağımız dalğalansın necə ki, 30 ildən çoxdur ki, dalğalanır! Ölkəmizdə yaşayan insanlar öz müstəqil dövlətləri ilə fəxr edirlər. Bu uca duyğular millətimizin qəlbinə əbədi hakim kəsilib!

Zəmanəmizdə Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə çevrilmişdir. Onun keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqətdən yoğrulmuşdur. Heydər Əliyev Azərbaycan xalqını yeni minilliyə, XXI yüzilliyə, qloballaşma əsrinə hazırlayıb çatdıran qüdrətli ümummilli liderdir. Onun möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti respublikaya ilk dəfə rəhbərlik etdiyi 19691982-ci illərdən başlamışdır. Bu dövr sovet epoxası tariximizin iqtisadi, siyasi, mədəni və mənəvi yüksəliş illəri kimi qiymətləndirilir. Böyük öndərin həmin dövrdə Azərbaycana rəhbərlik etməsi xalqımızın milli mənlik şüurunda oyanışa səbəb oldu, onun siyasi uzaqgörənliyi və müdrikliyi Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün əsaslı zəmin yaratdı.

O illərdə Azərbaycanda ittifaq əhəmiyyətli bir sıra sənaye müəssisələri tikilib istifadəyə verildi, iqtisadiyyat, mədəniyyət, elm və digər sahələr inkişaf etdirildi, gələcək üçün mühüm layihələr işlənib hazırlandı. Sonralar Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən respublikamıza göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində ölkəmiz daha daha inkişaf etdi. Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin niyyətlərinin gerçəkləşməsinə imkan verilmədi.

1987-ci ildə dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması Azərbaycanın tarixi faciələrinə səbəb oldu. Qondarma Dağlıq Qarabağ problemi ortaya atıldı. Ermənistan ərazisində yaşayan azərbaycanlılar öz doğma torpaqlarından vəhşicəsinə qovuldular. Azərbaycana qarşı mənfur planlar həyata keçirildi. Məkrli Sumqayıt hadisələri törədildi. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya sovet qoşunlarının yeridilməsi nəticəsində çoxsaylı dinc insan amansızlıqla qətlə yetirildi.

Həmin dövrdə Moskvada yaşayan ümummilli lider Heydər Əliyev bütün təqib və təzyiqlərdən çəkinməyərək Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəldi, bu misilsiz cinayəti törədənləri kəskin tənqid etdi. Heydər Əliyevin həmin çıxışı xalqımızı, sanki, hamılıqla oyatdı, millətimiz tək olmadığını, onun arxasında Heydər Əliyev kimi görkəmli bir siyasətçinin, şəxsiyyətin dayandığını bir daha gördü və gələcəyə ümidlə baxdı. Respublikada səriştəsiz, cəsarətsiz, mənsəbpərəst rəhbərliyin olduğunu yəqin edən millətimiz Heydər Əliyevin hakimiyyətə qayıtmasını arzuladı. Bütün millətimiz düşündü ki, Azərbaycan xalqını üzləşdiyi ağır bəlalardan yalnız Heydər Əliyev qurtara bilər.

Belə düşüncələrlə gələcəyə ümidlə baxanlardan biri də mən idim. Qəlbimdəki ədalət hissi bir daha baş qaldırmışdı. O zamankı kommunist mətbuatında Heydər Əliyevə qarşı başlanan çirkin kompaniyaya qarşı mübarizəyə qalxdım, bacardığım qədər bu böyük insana, millət atasına atılan böhtan və iftiraları məqalələrimlə təkzib etməyə başladım.

Nəhayət, ittifaq və respublika rəhbərliyinin yaratdığı bütün maneələrə, çətinliklərə baxmayaraq, 1990-cı ildə Heydər Əliyev Bakıya gəldi və doğma Naxçıvana getdi. Bütün əhalinin istəyi və dəstəyi ilə Heydər Əliyev Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı seçildi. Sonra o, Muxtar Respublikanın Ali Məclisinin sədri oldu. Onda mən də tez-tez Naxçıvana gedir, Heydər Əliyevlə görüşürdüm. Görürüdüm ki, Heydər Əliyevə xalq sevgisi hüdudsuzdur.

O zaman xəyanətkar Ermənistanla dərinləşən münaqişə ilə əlaqədar Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlayan nəqliyyat yolları kəsilmişdi. Muxtar respublika Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşayırdı. Heydər Əliyev Naxçıvanı ağır vəziyyətdən çıxarmağa çalışır, əhalinin normal fəaliyyətini təmin etmək üçün gecəsini-gündüzə qatırdı və xalq üçün böyük işlər görürdü. Naxçıvan əhalisi isə böyük mərdlik və mübarizlik göstərirdi. Beləliklə, muxtar respublikanın erməni işğalı təhlükəsinin qarşısı alındı, Naxçıvanın muxtariyyət statusu qorunub saxladı.

Respublikamızda vəziyyətin getdikcə ağırlaşdığını görən ziyalılar, ağsaqqallar, sadə əmək adamları Naxçıvana, Heydər Əliyevin yanına gedərək ondan hakimiyyətə qaytımağı xahiş etməyə başladılar. Nəhayət, 1992-ci ilin oktyabrında Heydər Əliyevə Bakıdan 91 nəfər ziyalının imzası ilə tarixi müraciət göndərildi. Həmin sənədi imzalayanlardan biri də mən oldum. 91-lər Heydər Əliyevin rəhbərliyi ilə yeni bir partiyanın yaradılmasını istəyirdilər. Ulu öndərin Azərbaycanın xilası naminə, xalqın mütəşşəkil tələbi və istəyi ilə YAP-a rəhbərlik etməyə razılıq verməsi onun böyük siyasətə qaydışının əsasını qoydu. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Pariyasının təsis konfransı keçirildiböyük dövlət xadimi Heydər Əliyev partiyanın sədri seçildi.

Əlbəttə, YAP-ın təsis konfransında mən də iştirak edirdim. Yaxşı yadımdadır, Heydər Əliyev mənə İdarə Heyətinin üzvü olmağı təklif etdi. Mən İdarə Heyətinin tez-tez iclasları olacağından, jurnalist kimi həmin iclaslara qatıla bilməyəcəyimdən ehtiyat etdiyimi partiyanın sədrinə Heydər Əliyevə bildirəndə o, dedi: Onda səni siyasi şuranın üzvü edərik. Belə də oldu. Mən düz 28 il YAP-ın Siyasi Şurasının üzvü olmağımla qürur duyuram.

 

Tarix boyu dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, dünyəvi dövlətçiliyin əsas atributlarından sayılan siyasi partiyalar, adətən, obyektiv zərurətdən və milli tələbatdan yaranmışdır. Müstəqilliyə yenicə qədəm qoymuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması da tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu obyektiv şəraitdən irəli gəlmişdir.

Ulu öndər Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir partiyanın siyasi səhnəyə vəsiqə alması həm də 1988-ci ildən başlayaraq respublikada cərəyan edən hadisələrin yekunu, ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 80-ci illərin sonundan xalq hərəkatının gedişində başlamış, çox keçmədən bir sıra siyasi təşkilatlar meydana çıxmışdı. Lakin yaradılan həmin qurumlar ölkəni düşdüyü ağır iqtisadi-siyasi, mənəvi böhrandan qurtara bilmədi, əksinə, hakimiyyətdə olanbir-birini əvəz edən siyasi qüvvələr respublikada vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdı.

Ölkəni bürümüş dərin siyasi-iqtisadi, sosial gərginlik xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz ona görə də Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaradaraq xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında birləşmişdilər. YAP-ın yaranması xalqın istək və arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gəlmiş, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində qurulub inkişaf etmişdir.

YAP-ın qısa müddətdə cəmiyyətədə həlledici çoxluq tərəfindən idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz ulu öndər Heydər Əliyevin fenomenal liderlik və müdrik idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu bəlalardan qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.

Ümummilli lider Heydər Əliyevin iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkədəki kütləvi inamsızlıq, xaos və hərc-mərclik mühitinin aradan qalıdırlması siyasi gərginliyin tədricən azalmasına və sözün həqiqi mənasında, xalqın böyük flakətlərdən qurtulmasına real zəmin yaratmışdır. Məhz bu xilaskarlıq misiyasının nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ölkə parlamenti sədri, YAP lideri Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur.

İctimai-siyasi sabitliyi təmin edən böyük strateq Heydər Əliyev özünün zəngin idarəetmə bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını dahiyanəliklə göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və inzibatçılıq prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə çalışmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən biri yeni neft strategiyasını hazırlayaraq həyata keçirməsi olmuşdur. 1994-cü ilin 20 sentyabrında Əsrin müqaviləsinin imzalanmasının milli inkişafındakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf timsalında daha qabarıq görünür. Bu strategiyanın həyata keçirilməsi iqtisadi-sosial mənafe ilə yanaşı, milli təhlükəsizlik maraqlarının da təmin olunmasına yönəlmişdir. Məhz bu strategiya nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur.

Prezident Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk milli Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə təsdiq edilməsi olmuşdur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını da dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaranmışdır.

1995-ci ildə Azərbaycanın parlamentinə keçirilən seçkilər isə dövlət müsəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Azərbaycanda aparılan hüquqi islahatlar respublikada sabitliyin və inkişafın təməl prinsipəlrinin müəyyənləşdirilməsini təmin etmişdir.

Ulu öndər Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın ümummilli problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir. Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürmüşdür. Hər bir insan üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanılyam deyən millət atası bu amalı ilə Dünya azərbaycanlılarının şəksiz siyasi-mənəvi liderinə çevrilmişdir.

2001-ci il noyabrın 910-da Bakıda Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyytinin gücləndirilməsi və əlaqələndirilməsi üçün yaxşı şərait yaratmışdır. Dünya azərbaycanlılarının həmrəyliyinə və yekdilliyinə nail olmaq yönündə görülən işlər Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir.

 

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra onun müdrik rəhbərliyi ilə dünyanın ən nüfuzlu dövlətləri ilə sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur. Ümumiyyətlə, Azərbaycan Respublikası dünyaınn bütün dövlətləri ilə dostluq, əməkdaşlıq münasibətləri qurmağa çalışır. Təsadüfi deyil ki, bu gün bütün dünya Azərbaycana böyük diqqətlə yanaşır, Yer kürəsinin müxtəlif bölgələrində baş verən hadisələr barəsində ölkə rəhbərinin rəyini dinləməyə çalışır. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində qazanılan böyük nailiyyətlərdən biri də ölkəmizin tam bərabərbər hüquqlu üz kimi Avropa Şurasına qəbul edilməsidir.

 

Ümumiyyətlə, ölkəmizin uğurlarının qazanılmasında bütün şüurlu həyatını xalqına, vətəninə həsr etmiş, mlli tariximizə qurucuxilaskar rəhbər kimi daxil olmuş ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Bütün bunları müstəsna bir qədirbilənliklə dəyərləndirən xalqımız ulu öndərin anadan olmasının 99 illik yubileyini böyük təntənə ilə qarşılayır, onun ulu adını uca tutur, xatirəsinə sonsuz ehtiram bəsləyir. Azərbaycanın dövlət müstəqilliyini qoruyan və əbədiləşdirən lider kimi Heydər Əliyevin ideya və əməlləri daim bizimlədir!

 

Xeyrəddin QOCA,

 

yazıçı-dramaturq

 

Xalq qəzeti .- 2022.- 8 may.- S.8.