Şuşa beynəlxalq festivallar şəhərinə çevrilib

 

Bu gün ölkənin mədəniyyət paytaxtının sürətlə dirçəldilməsinin bütün Türk dünyası və hər birimiz üçün strateji əhəmiyyətindən danışmaq son dərəcə vacibdir. Şuşanın 30 illik işğaldan sonra mədəni dirçəlişi uzun illər irsimizi məhv edən şər, yalan və nəhayət, qaranlıq üzərində Qələbə deməkdir. Bu gün artıq dünya xəritəsində ədalətin bərpa olunduğu, sevginin, gözəlliyin, həyatı diriltdiyi bir məkan var. Bu, öz əzəmətini yenidən qaytardığımız Şuşa şəhəridir.

Bu fikirləri Söz ədəbi-bədii dərnəyinin rəhbəri, AYB-nin üzvü, şair-publisist Nigar Həsənzadə bildirib. O deyib ki, mədəniyyət bəşəriyyətin mənəviyyatının istinad etdiyi və qidalandığı nöqtədir. Bu baxımdan, Şuşada son bir ildə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, festvilallar, əslində dünya mədəni irsinə bir töhfə kimi qiymətləndirilməlidir. Çünki məhz mədəniyyət bizi planetdə tüğyan edən cəhalətə tabe olmaqdan düşüncə olaraq məhv edilməkdən və mənəviyyatsızlıqdan xilas edə bilər. Məhz buna görə də bütün Türk dünyasının ümid simvoluna çevrilmiş Şuşa torpağına mədəni qayıdışın rolu çox böyükdür. İndi bu şəhər festivallar şəhərinə çevrilməkdədir. Təsadüfi deyildir ki, beynəlxalq musiqi festivalı, Vaqif Poeziya Günləri, Şuşa ili çərçivəsində keçirilən Xarıbülbül beynəlxalq folklor festivalı yaxın vaxtlarda təşkil olunacaq incəsənət, fotoqrafiya və digər festival və beynəlxalq mədəni tədbirlər bu şəhərin mədəni əhəmiyyətini əvvəlki şöhrətindən də yüksəyə qaldırmaqdadır.

N.Həsənzadə qeyd edib ki, Şuşanın hər yeni bayram əhvallı tədbirin keçirilməsi, torpaqlarımızı bundan sonra hər cür təcavüzdən qorumaq niyyətində olmağımız, bu tarixi şəhərimizə bir də heç zaman itirməmək üçün sahiblənmək şüuruna xidmət edir. Bu şəhərdə təşkil olunan hər bir mədəni tədbir Qələbəmizin, əsgərlərimizin, xalqımızın əbədi şöhrətidir.

 

Qələmə aldı:Anar TURAN

 

Xalq qəzeti .- 2022.- 14 may.- S.5.