Duyğu və düşüncələrimizin fatehi

Geriyə baxdıqca

Onun adı çəkiləndə ilk növbədə məşhur “Pərvanə” romanı yada düşür. Söhbət Vətənin, ana dilinin  pərvanəsi Mirzə İbrahimovdan gedir. Əsasən Azərbaycanın ictimai həyatını əks etdirən həmin roman-epopeyada məşhur inqilabçı və yazıçı Nəriman Nərimanovun uşaqlıq və gənclik illəri qələmə alınmış, mütərəqqi ictimai fikrin Qafqaz xalqlarının inqilabi ideyalarına, maarif və mədəniyyətinə təsiri inandırıcı şəkildə təsvir edilmişdir. Elə Nərimanov kimi onun özünün ömrüona millət fədaisi deməyə tam əsas verir.

Böyük ədib, ictimai xadim Mirzə İbrahimov Azərbaycan Elmlər Akademiyasının akademiki, Beynəlxalq Nehru, həmçinin “Stalin” və Azərbaycan SSR Dövlət mükafatları laureatı, Xalq yazıçısı, maarif naziri, Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, fasilələrlə SSRİ Ali Sovetinin deputatı kimi mühüm mövqe və mənsəblərdə olub. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1957-1965), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950) kimi vəzifələrdə çalışıb. Ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyat şöbəsinin müdiri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin redaksiya heyətinin üzvü olub. AsiyaAfrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dünyanı gəzib. Mötəbər beynəlxalq məclislərə qatılıb, tribunalardan çıxış edib. Üç dəfə Lenin ordeni ilə təltif olunub.

Mirzə İbrahimov məsul vəzifələrə irəli çəkilsə də, heç zaman siyasətçi olmayıb. Harada çalışmasından asılı olmayaraq, “Pərvanə”lik kredosuna xəyanət etməyib, milli məfkurəyə son anadək sadiq qalıb. Onun bütün əsərləri xalq ruhu ilə mayalanıb. Mirzə müəllim bir çox qələmdaşlarını, əqidədaşlarını haqsız təqiblərdən qurtarıb. Abdulla Şaiqi qaçılmaz repressiyadan qoruyub. Obrazlı desək, “Böyük dayaq” əsərinin müəllifi özü həyatda çoxlarına dayaq olub. Öz həyatı da keşməkeşlərsiz ötüşməyib.   

Mirzə İbrahimovun yüksəlişində keçdiyi sınaq dolu həyat yolunun rolu böyük olub. Ulu öndər Heydər Əliyev yazıçının şəxsiyyətinə, yaradıcılığına yüksək dəyər verib: "Mirzə İbrahimov təvəzökar, mehriban, həssas bir insandır. Bütün Azərbaycan xalqının sevimlisidir, Xalq yazıçısı kimi yüksək ada layiqdir. Eyni zamanda onun yaradıcılığı ölkəmizdə layiqincə qiymətləndirilib. Yazıçının kitabları hər yerdə geniş şöhrət və rəğbət qazanıb”.

Onun ən böyük tarixi xidməti budur ki, Azərbaycan SSR Ali Sovetinin sədri olanda, 20 avqust 1956-cı ildə “Azərbaycan SSRİ-nin dövlət dili haqqında Azərbaycan SSRİ-nin Konstitusiyasına maddə əlavə edilməsi haqqında” Qanunun qəbul olunmasına nail olub. Burda məqsəd Azərbaycanda rəsmi dövlət sənədlərinin rusca deyil, Azərbaycan dilində yazılması, dövlət idarələrində doğma dildə danışılması təsbit edilib. Həmin vaxt Mirzə İbrahimovun "Kommunist" qəzetində dərc etdirdiyi "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsində cəsarət tələb edən çox ciddi məsələlərdən bəhs olunub. Onun Azərbaycan dilinin işləkliyinə dair fikirləri dövlət xadimi olan yazıçının ruslaşdırma siyasətinə qarşı cihadına çevrilmişdi. Buna görə də sözügedən qanunun qəbulundan sonra “millətlər həbsxanası”nın paytaxtı Moskva ona düşmən kəsilir. Mirzə müəllim vəzifəsini də, deputat mandatını da itirir. Amma məsləkini, əqidəsini ömrü boyu sapmalardan qoruya bilir.

Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanda, Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində dünyaya gəlib. Üç yaşı tamam olanda anası dünyasını dəyişib. Ondan sonra atası övladlarını da götürərək Bakıya köçüb. Uşaqları burada da faciə gözləyirmiş. Əjdər kişinin işlədiyi neft buruqlarındakı fontan zamanı həyatını itirməsi Mirzəyə sağalmaz yara vurub. Günlərlə ac-yalavac qalan binəva, qapılara nökər düşüb, bir bəyin qoyunlarını otarıb. Mirzə həmin bəyin həyətindəki balaca bir daxmada, betonun üstündə yatırmış. Ev sahibinin balaca qızı hər gün fürsət düşdükcə ona bir parça çörək və pendir verirmiş. Uzun illər sonra onlar görüşüblər.

...40-cı illərin sonu idi. Nazirlər Sovetində sədr müavini işləyən Mirzə İbrahimova bir gün katibə deyir ki, yanına qucağında uşaq olan çadralı bir xanım gəlib. Mirzə müəllim onu qəbul edir və gözlərinə inana bilmir: qarşısındakı uşaq vaxtı çoban Mirzəyə pendir-çörək verən bəyin qızı imiş. O, utana-utana dərdini danışır, məlum olur ki, sovet hökuməti qurulanda atası ölkədən gedib, bacılarının hərəsi bir diyara düşüb, qardaşı da içkiyə qurşanıb məhv olub. Həmin gün Mirzə müəllim ona əlindən gəldiyi qədər yardım edir. Qadın “yenə gələcəyəm” deyərək, ünvanını vermədən çıxıb gedir, amma bir daha gözə görünmür. 

Mirzə İbrahimov ilk hekayə və oçerklərini 30-cu illərdə yazıb. 20 yaşında qələmə aldığı  "Zəhra" və "Mələk" hekayələri onu istedadlı bir yazıçı kimi tanıdıb. “Böyük dayaq” romanı ədibin zirvə əsəri sayılır. Onun əsasında sevə-sevə baxdığımız bədii film də çəkilib. Roman kəndin ictimai-mənəvi həyatından, şəxsiyyətə pərəstiş dövrünün törətdiyi çətinliklərdən bəhs edən ilk sanballı əsərdir.

Mirzə İbrahimov 1938-ci ildə xalq musiqimizin ulduzlarından olan Qurban Primovun qızı Sara xanımla evlənib. Gözəl bir ailə olublar. Böyük ədib 1993-cü ilin dekabrında dünyasını dəyişib. Dəfn günü onu məzara qoyanda bir qadının səsi gəlib: "Atamız getdi".  Mərhumun qızı Sevda xanım onun kimliyi ilə maraqlanıb. Qadın deyib ki, mən uşaq evində böyümüşəm, 50-ci illərdə Mirzə müəllim Ali Sovetin Sədri olanda hər ay bizə pul, ərzaq malları göndərərdi. Biz onuata” deyə çağırardıq.

Bir neçə ay öncə haqq dünyasına qovuşmuş Sevda xanım özü də xatırlayırdı ki, Mirzə İbrahimov evdə deyirmiş: “Yazılarımın qonorarı bizə bəs edir, maaşımı uşaq evlərinə köçürürəm”. Onun həyat uğurlarının bünövrəsində öz ağlı, istedadı, insanpərvərliyi dayanıb. 23 yaşındaykən Yazıçılar İttifaqına üzv qəbul edilib. Daha üç il sonra Leninqrada gedərək dissertasiyasını müdafiə edib. "Həyat" pyesini yazıb. Pyesin premyerası  1937-ci il aprelin 28-də, Üzeyir Hacıbəylinin "Koroğlu" operasının ilk tamaşası isə aprelin 30-da olub. Azərbaycanın mədəni həyatında hadisə olan hər iki premyara gözəl qarşılanıb. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilib. 3 dəfə Lenin ordeni ilə təltif olunub. 

Yarım əsrdən çox yaradıcılıq yolu keçən akademik Mirzə İbrahimovun yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişaf etməsi prosesi ilə sıx bağlıdır. Xalqın mənəvi cəhətdən yetkinləşməsinə, milli mənlik şüurunun formalaşmasına xidmət edib. Xalqa üz tutaraq “Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır. Həyatımın hər nəşə və sevincinə bais sənsən!” deyən unudulmaz yazıçı bu gün də mənəvi dünyamıza işıq saçmaqdadır.

Əli NƏCƏFXANLI

Xalq qəzeti  2022.- 29 oktyabr.- S.7.