Mədəniyyət paytaxtımızın salnaməsi və güzgüsü olan nəşr

“Şuşa” qəzeti – 90

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın bina edilməsinin 270 illiyi münasibətilə ölkəmizdə elan olunmuş “Şuşa ilinin daha bir diqqətçəkən hadisəsi şəhərin mətbu salnaməsi və çağdaş həyatının güzgüsü sayılan “Şuşa” qəzetinin 90 yaşının tamam olmasıdır.

Keçmiş SSRİ-də rayon inzibati bölgüsünün  tətbiqindən sonra 1932-ci ildən Şuşada davamlı olaraq nəşr edilən yerli qəzet 1938-ci ilədək “Sosializm maldarlığı”, 1963-cü ilədək “Kolxoz bayrağı”, 1965-ci ilədək “Şuşa kurortu” adı ilə buraxılıb.  Son 52 ildə isə qəzet “Şuşa” adı ilə işıq üzü görür. 1992-ci ildə şəhər işğal edildikdən sonra redaksiya çətin günlər yaşamış, qəzetin nəşrinin davamlığı pozulmuşdur. Şuşanın yetirməsi olan  yazıçı-jurnalist Vasif Quliyev rəhbərlik etdiyi  “Günəş” jurnalının bazasında 2005-ci ildən redaksiyanın fəaliyyətini qaydaya saldıqdan sonra “Şuşa” qəzeti onun redaktorluğu ilə müntəzəm nəşr olunur.

Yubilyar qəzetin rəhbəri  Şuşanın mətbuat tarixinə, eləcə də “Şuşa” qəzetinin keçdiyi 90 illik yola nəzər salaraq bildirdi:

–Şuşa ziyalıları qəzetə, jurnala, kitaba tarixən böyük diqqətlə yanaşıblar. 1875-ci ildə “Əkinçi” qəzeti nəşrə başlayanda şuşalılar da bu qəzetə abunə yazılmışdılar. Sonrakı “Ziya”,”Kəşkül”, “Kaspi”, Şərqi-Rus”, “Həyat” qəzetlərin, ilk satirik jurnal “Molla Nəsrəddin”in və digər milli nəşrlərin Şuşada xeyli oxucusu olmuşdu.  Həmin nəşrlərin səhifələrində Şuşanın həyatına da geniş yer ayrılıb.

XX əsrin əvvəllərindən Şuşanın özündə də daha bir neçə qəzet işıq üzü görməyə başlayıb. 1911–1913-cü illərdə şəhərdə Azərbaycan və rus dillərində “Şuşa vərəqəsi” və “Şuşa həyatı” adlı qəzetlər buraxılıb. 1919-cu ildə “Qarabağ əkinçisi”,  1923-cü ildə isə “Şuşa füqərası” adlı qəzetlər nəşr edilib. İndiki “Şuşa “qəzetinin tarixi isə 1932-ci ilin oktyabrından başlanır və şəhərin mətbuat tarixinin davamı sayılır.

Yeri gəlmişkən qeyd edək ki, sovet dövründə “Şuşa” qəzeti buraxıldığı bölgənin adı ilə çıxan yeganə rayon qəzeti olub. “Şuşa” qəzetinin digər rayon qəzetlərindən bir fərqi də burada daha çox ədəbiyyatla, incəsənətlə bağlı yazıların dərc edilməsi idi. Bu isə şəhərin həyatındakı yüksək  mədəni səviyyə və mənəvi irsin zənginliyi ilə bağlı olub. Buna görə də “Şuşa” yerli qəzeti olmasına baxmayaraq, təkcə rayonda yox, bütün Azərbaycanda tanınan bir qəzet idiindi də belədir.

Ötən 90 ildə qəzetə, təxminən, 20 nəfər redaktorluq edib. Onlardan Camal Ələsgərovun, Həsənqulu Abbasovun, Hüseyn Kərimovun, Səfər Quliyevin, İdris Hacıyevin, İdris Məhərrəmovun, Əyyub Kazımovun, Fərrux Tağıyevin, İsrafil Əbilovun, Rəfiqə Tağıyevanın adları redaksiyanın tarixində unudulmaz izlər qoyub. Azərbaycanın tanınmış ziyalıları Şuşada olarkən redak-

siyaya qonaq gəliblər,  qəzetdə  bu barədə bir çox yazılar verillb. Cəfər Cabbarlının, Səməd Vurğunun, Süleyman Rüstəmin, Mikayıl Müşfiqin, Rəsul Rzanın və digər yazıçı-şairlərin əsərləri də qəzetdə işıq üzü görüb. Bu ənənə şəhər işğal olunana qədər davam edib.

Umumiyyətlə, Şuşanın işğala qədərki 60 illik həyatı qəzetdə zəngin bir salnamə təşkil edir. İşğalın acı mənzərəsi, şuşalıların yurd həsrəti, şəhərin məhv edilən misilsiz mədəni irsinin iz və nişanələri, Şuşanın milli mədəniyyətimizə verdiyi zəngin töhfələr isə  sonrakı 28 illik dövrdə buraxılan saylarda əhatəli əksini tapıb.

Vasif Quliyev sonda qeyd etdi ki, 2020-ci il noyabrın 8-də şanlı ordumuzun Şuşanı işğaldan azad etməsi bütün xalqımız kimi, Şuşanın  90 illik salnaməsini yaratmış bu qəzet üçünmisilsiz tarixi hadisədir:

–Şəhərin və rayonun öz azadlığına qovuşması “Şuşa” qəzeti üçünyeni həyat, güclü bir nəfəs deməkdir. Redaksiyanın Şuşaya qayıdacağı gün artıq uzaqda deyil.  Şuşada son 2 ildə aparılan bərpa-quruculuq işləri isə ilk gündən qəzetin səhifələrində geniş əksini tapır. Qəzetin doğma şəhərə qayıdıb öz fəaliyyətini orada davam etdirəcəyi günü həsrətlə gözləyirik. İnanırıq ki, “Şuşa” qəzeti yenidən Şuşada işıq üzü görəcək, bu möhtəşəm şəhərdə yerli mətbuat yenidən canlanacaq.

“Xalq qəzeti”nin kollektivi “Şuşa” qəzetinin redaksiyasını 90 illik yubiley münasibətilə təbrik edir, həmkarlarımızın qəzetin tezliklə doğma şəhərdə işıq üzü görməsi arzusuna qoşuluruq.

Tahir AYDINOĞLU

Xalq qəzeti  2022.- 29 oktyabr.- S.6.