Azərbaycanda Lider –

Xalq tandeminin başlanğıcı

 

Dünyada xalqlar üçün azadlıqdan, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur. İnsan azad, suveren, demokratik dövlətdə yaşayırsa, bundan böyük xoşbəxtlik ola bilməz. Azərbaycan artıq 32 ildir ki, müstəqil demokratik, hüquqi və dünyəvi dövlətdir. Xalqımızın bu xoşbəxtliyə qovuşması uğrunda mübarizənin öndəri ümummilli lider Heydər Əliyevdir.

Böyük filosof Platon demişdir ki, ədalət və müdrikliklə demokratik və güclü hakimiyyətin bir yerdə olacağı gün bəşəriyyət xoşbəxtliyə qovuşacaq­dır. Ümummilli lider, dünya şöhrətli siyasətçi və dövlət xadimi, uzaqgörən şəxsiyyət və qüdrətli strateq Heydər Əliyevə bəşəri şöhrət və əbədiyyət qazandıran da məhz onun Azərbaycan məkanında bu mənəvi-siyasi xüsusiy­yətləri bir araya gətirməyi bacarma­sıdır. Tanınmış soydaşımız, azərbay­canşünas alim, London Universitetinin professoru Turxan Gəncəyi deyirdi: “Mən istiqlalımızın sabahından daha nigaran deyiləm. Çünki millətimin üç­rəngli bayrağı Heydər Əliyev kimi bir rəhbərin müqtədir əlindədir”.

Azərbaycan tarixinin taleyüklü ha­disələrlə dolu bir qərinəlik dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu illərdə ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini və xalqı­nı zamanın ən çətin sınaqlarından çıxa­raraq öz ölkəsinin ictimai-siyasi, iqti­sadi və mədəni tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında qeyd edilir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sı­naqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir”. Azərbaycan xalqı XX əsrin sonun­da tarixi suverenliyinə məhz Heydər Əliyevin öndərliyi ilə qovuşmuş, yeni əsrə və yeni minilliyə də onun müəy­yən etdiyi yol ilə qədəm qoymuşdur.

XX əsr Azərbaycan tarixinin 34 ilini ölkəsinin, xalqının nicatına, in­kişafına həsr etmiş ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsasla­rını yaratmış, xalqı milli müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiya­şarlıq qazanmışdır. Azərbaycan xalqının dünya şöhrətli tarixi şəxsiyyəti ulu öndər Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, ta­rixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyət­lərinin canlı mənzərəsidir.

Ümummilli lider Heydər Əliyev şəxsiyyətini, onun Azərbaycan üçün misilsiz nəticələrə gətirib çıxaran fəa­liyyətini öyrəndikcə, araşdırdıqca, əs­lində müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bu gününü, gələcəyi­ni, Azərbaycan dövlətinə, onun qoru­nub saxlanmasına, dinamik inkişafına, dünya inteqrasiya sisteminə qovuşma­sına həsr etdiyi titanik fəaliyyətini və dövlət quruculuğu prosesini öyrənmiş oluruq.

Ulu öndər Heydər Əliyevin Azər­baycanda ali rəhbərliyə birinci gəlişi və 34 illik liderliyinin birinci mərhələsi 1969–1982-ci illəri əhatə edir. Bu mər­hələdə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın sosial-iqtisadi böhran vəziyyətinin, uzunmüddətli (60-cı illərin) geriliyinin təhlili verildi, səbəbləri açıqlandı və çıxış yolları müəyyənləşdirildi. Bunun nəticəsi idi ki, həmin vaxtdan da Azərbaycanda tənəzzüldən tərəqqiyə dönüş başlamış­dır. Ümummilli liderin hakimiyyətə gəlməsi ilə Azərbaycanın sosial-iqtisadimədəni həyatında dirçəliş, inkişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışa dönüş mərhələsinin başlanğıcı qoyul­muş, intibah dövrü başlamışdır.

Xalqını ölkəsini bütün varlığı ilə sevən bu nadir insanın rəhbərliyi, zəngin təcrübəsi sayəsində qısa müd­dətdə respublikanın iqtisadi inkişafının konsepsiyası hazırlanmışdır. İqtisadiy­yatda, o cümlədən kənd təsərrüfatında ixtisaslaşma, maddi-texniki və müa­sir istehsal sahələrinin yaradılması ilə bağlı kompleks tədbirlər həyata keçirilmişdir. 1969–1982-ci illərdə müdrik, uzaqgörən, zəngin təcrübəyə əsaslanan milli siyasət əsasında Azər­baycanın iqtisadiyyatında istehsalın sürəti xeyli genişlənmiş, məhsuldarlıq yüksəlmişdir.

O illərdə bütün sahələrdə əhəmiy­yətli uğurlar, nailiyyətlər əldə edil­mişdir. Azərbaycanda elmi-texniki tərəqqidə böyük irəliləyişlər baş ver­mişdir. Ölkədə yeni müasir istehsal sahələri yaradılmış, 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektləri istifadəyə verilmiş, 630 min nəfərlik yeni iş yerləri açılmışdır. Nəticədə, əhalinin maddi rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

1969–1982-ci illərdə neft hasilatı­nın, neft emalı və qazçıxarma sahələ­rinin inkişafında da yeni mərhələ başlamışdır. Bakı Məişət Kondisioner­ləri, “Azon”, “Ulduz”, Cihazqayırma, Sumqayıt Kompressorlar, Dərin Dəniz Özülləri və s. zavodlar da məhz bu il­lərin nəhəng tikililəridir. 1969–1982-ci illərdə respublika sənayesinin yeni sahələri olan elektrotexnika, cihazqa­yırma, elektron, dəzgahqayırma, avtomatlaşdırma kimi yeni istehsal sahələrinin yaradılmasına başlanılmış­dır. Qısa müddətdə Heydər Əliyevin fədakar əməyi sayəsində Azərbaycan SSRİ-də elektrotexnika sənayesinin ən böyük və əhəmiyyətli mərkəzlərindən birinə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birin­ci mərhələdə sənayenin sürətli, kənd təsərrüfatının dinamik inkişafı, respub­likanın inkişafında ən mühüm iqtisadi nəticələrdəndir. 1980-ci illərin ortala­rına qədərki dövrdə sənaye istehsalı 2,2 dəfə artmış, məhsulun orta illik ar­tım sürəti 8,2 faiz olmuş və bu, əvvəlki onillikdəkindən 19 faiz çox olmuşdur. Təkcə neft hasilatında istehsalın həcmi 2,8 dəfə, həmçinin maşınqayırma və metal emalı 3,3 dəfə, kimya və neft kimyası 2,8 dəfə artmışdır.

Bu illərdə sənayedə əmək məhsul­darlığı 1,7 dəfə yüksəlmiş, 4 min 400 yeni növ maşın, cihaz, avadanlıq və digər məmulat yaradılmışdır ki, on­lardan 400-ü keçmiş SSRİ-də ilk dəfə həyata vəsiqə almışdır. Həmçinin, bu illərdə respublika üzrə 5,5 milyon ton pambıq, 7 milyon 399 min ton üzüm istehsal olunmuşdur. Təkcə 1981-ci ildə pambıq istehsalı 1 milyon 15 min 300 tona, üzüm istehsalı 1 milyon 616 min tona çatdırılmışdır.

1969–1982-ci illərdə baş verən dəyişikliklərin miqyası, iqtisadi və sosial sahələrdə aparılan dərin struk­tur islahatları, xalqın maddi rifahının yüksəlməsi Azərbaycanda mədəniy­yət sahələrində böyük inkişafa səbəb olmuşdur. Respublikada geniş sosi­al-mədəni quruculuq proqramı həya­ta keçirilmişdir. Şəhərlər böyümüş, yeni yaşayış massivləri salınmışdır. O dövrdə Bakıda böyük konsert-top­lantı mərkəzi – indiki Heydər Əliyev sarayı, Gülüstan şadlıq sarayı və digər möhtəşəm sosial-mədəni obyektlər inşa edilmişdir.

Əsl milli lider olan Heydər Əliyev Azərbaycanda elmin inkişafına və təh­silin dünya standartları səviyyəsinə qaldırılmasına xüsusi diqqət vermişdir. Dahi şəxsiyyətin Azərbaycan təhsili­nin inkişafında xidmətlərindən biri də 1969–1982-ci illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən ar­tıq şəhərinin 170-dən çox nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyə­tinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbay­canlı gəncin ali təhsil almasına, yük­sək ixtisaslı mütəxəssislər kimi hazır­lanmasına imkan və şərait yaratması olmuşdur.

Beləliklə, XX əsrin 70-ci illə­ri – 80-ci illərin əvvəlləri Azərbay­can tarixində yüksəliş dövrü kimi səciyyələnir və qeyd edə bilərik ki, müstəqilliyimizin əsasları bu illərdə qoyulmuşdur.

Ümummilli lider Heydər Əliyevin 34 illik dövlətçilik fəaliyyətinin ikinci mərhələsi 1982–1987-ci illəri əhatə edir. 1982-ci ilin dekabrında Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Sove­ti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və Kreml liderlərindən biri olmuşdur. Azərbaycanın qüdrət­li oğlu sovet xüsusi xidmətinin sıravi leytenantından general-mayor rütbə­sinədək, kommunistlər ordusunun sıra nəfərindən Kreml liderləri, SSRİ-nin rəhbərlərindən birinə qədər yüksəlmiş­dir.

Qeyd edək ki, Sovet imperiyası, totalitar kommunist rejimi şəraitində həm də müsəlman və türk oğlu üçün belə yüksək səviyyəyə yüksəlmək hər siyasi xadimin hünəri deyildi. Şovinist əhval-ruhiyyəli SSRİ rəhbərliyinin yuxarı eşelonunda təmsil olunmaq, keçmiş Sovetlər Birliyində, həmçinin dünyada gedən proseslərə təsir göstərə biləcək fəaliyyət, cəsarət, iradə sahibi olmaq – bunlar yalnız ümummilli lider Heydər Əliyevə nəsib olmuşdur.

 

(ardı var)

 

İbrahim ZEYNALOV,

Bakı Dövlət Universitetinin professoru

 

Xalq qəzeti.- 2023.- 14 iyul.- S.1; 5.