Molla Pənah Vaqifin faciəli qətli

 

(Əvvəli ötən sayımızda)

 

İbrahimxəlil xan Şuşaya qayıdıb ye­nidən taxta çıxandan sonra Əlimərdan bəyə tapşırdı ki, günü sabah Vaqiflə oğlunun qəbirlərinin üstünü düzəltsin­lər. Dedi ki, üstündə günbəz də ucaldın.

 

Məmməd bəy Vaqifi niyə öldürtmüşdü?

 

İbrahimxəlil xan Vaqifin qətlinə kədər­lənib, onun qatillərini lənətləyəndən sonra Məmməd bəy xəcalətdən və qorxudan xa­nın, əsl-nəcabətli qohumlarının, hörmətli, möhtərəm şəxslərin gözünə görünməyə cəsarət eləmədi. Qaçıb Kür qırağına getdi. Cavanlığına və qolunun gücünə arxalanıb, Qarabağın xanı olmaq eşqinə düşmüşdü. Kür qırağında Şəkili Məmmədhəsən xanla dost olmuşdu. Bundan xəbər tutan şamaxılı Mustafa xan Şəki xanını yanına çağırıb dedi:

Bilirsən ki, mən Məmməd bəyi çox­dan axtarıram. Ondan heyfimi almalıyam. O, atamı, qardaşımı öldürüb. Sən onu aldadıb de ki, mən bir kor kişiyəm (Ağa Məhəmməd şah onun bir gözünü çıxart­dırmışdı – Ş.N.). Mustafa xanın hökmün­dən cana gəlmişəm. Gəl, bircə qızımı sənə verim, sarayımda hakim ol.

Məmməd bəy Şəki xanının şirin di­linə, yalan vədinə aldandı. O, bir neçə gündən sonra Məmməd bəyi həbs etdi. Qarabağdan gətirdiyi bütün cavahiratına, qızıl-zinət əşyalarına və İbrahimxəlil xanın sarayından gətirdiyi külli miqdarda puluna da sahib oldu. Əli-qolu bağlı 2 faytonu ilə, dördnəfərlik silahlı mühafizə ilə Şirvana aparıb, Mustafa xana təhvil verdi.

Görkəmli ədəbiyyatşünas-alim Salman Mümtaz 1925-ci ildə “M.P.Vaqif” əsərində XIX əsr Zaqafqaziya Şeyxülislamı Axund Molla Əhməd Salyaniyə istinad edərək yazır: “Hərçənd Axund mərhum Vaqif za­lım cəlladlara yalvarır ki, məni öldürün, amma bu binəva nakam oğlum Əli bəyi öldürməyin, barı oğlumun ölümünü gör­məyim. Görür əlac yoxdur, ona görə bircə oğlu üçün cəlladlara yalvarır. O birəhimlər baxmayıb, əvvəl oğlu Əli bəyi Məmməd bəyin tapşırığı ilə öldürürlər, sonra Axund mərhumu öldürüb, həmin yerdə öz oğlu ilə qoyub gedirlər. Həmin gecə də Məmməd bəy özü Axund Vaqifin evini qarət edib yandırır. “Divan”ı və yaxud, “Divan”ları da yandırılır”.

Şahidlər onu da yazırlar ki, Məmməd bəy Vaqifin oğlu Əli bəyi ona görə öldü­rüb ki, qorxub ehtiyat edirmiş ki, Əli bəy sağ qalsa, atası Vaqifin heyfini ondan ala bilər. Axı Əli bəyin heç bir günahı yox idi. Məmməd bəyə görə Vaqifin günahı ondan ibarət idi ki, ona baş vəzir olmaqdan imti­na etmişdi.

O vaxt İbrahimxəlil xan hələ Balakən­də idi. Taxt-tacın yiyəsi İbrahim xan 3 ay­dan sonra Balakəndən qayıdıb gəlmişdi. Bu vaxt xanlığı yiyəsiz görən Məmməd bəy əmisi İbrahimxəlil xanın taxt-tacına qeyri-qanuni sahib olmaq eşqinə düş­dü. Məmməd bəy yalnız Vaqifi yox, İbra­himxəlil xana sadiq olan sarayın nüfuzlu adamlarını aradan götürmək planı qur­muşdu. Saraydakı bir neçə yaltaq və ara­vuranlar ona başa salmışdılar ki, nə qədər ki, sən İbrahimxəlil xanın yaxın adamlarını aradan götürməmisən, xanlığa sahib ol­maq sənə müyəssər olmayacaq. Gec-tez İbrahimxəlil xan qayıdacaq, onda bunlar hamısı sənin əməllərini İbrahimxəlil xana çatdıracaqlar.

Tarixçilər yazırlar ki, vaxtilə Vaqifin dostları olan, hətta həmişə yaxşılıq elə­diyi kimsələr belə zahirdə Məmməd bəy Cavanşir ilə Vaqifin uyuşduğunu görərkən gizli-gizli” şeytənətə-səayətə” başladı­lar. Məmməd bəy tərəfindən biçarə Vaqif üçün hazırlanmaqda olan faciyeyi-dilxə­raşın (ürəkparçalayan - Ş.N.) bir an tez oynanması üçün gecə-gündüz çalışıb çabaladılar. Onun kölgəsində gəzənlərin əllərindəki dəstaviz Vaqifin fövqəladə aqil, sadiq və siyasi bir şəxs olması idi.

Vaqifin ona baş vəzir olmağına razılıq verməyən Məmməd bəy Cavanşir bəzi saray nadanlarının sözü ilə ürəyində ona kin və ədavət bəsləyirdi. Bəzi sənəd və xatirələrdən məlum olur ki, bu nadanlar arasında erməni məlik Vanonun və ermə­ni məlik Cümşüdün fitvası ilə onlar İbra­himxəlil xanın xanlığa qayıtmasını istə­mirdilər. Tez-tez saraya Məmməd bəylə görüşə gələn bu ermənilər Məmməd bəyi ağızdolusu tərifləyirdilər: “Əmin deyirdilər qocalıb, dövranını sürüb, yaşı da keçib, ona görə də 3 aya yaxındır Balakəndə oturub istirahət edir. Xanlığın dağılmağını, Şuşanın viran qalmağını eyninə almır”.

Bic xain ermənilər onu da bilirdilər ki, İbrahim xanla Cavad xan arasında Ağa Məhəmməd şahın Tiflis yürüşündən sonra soyuqluq var. Tez-tez Cavad xanın da adı­nı çəkirdilər. Guya, Məmməd bəyin Qara­bağda xan olmasına Cavad xan ürəkdən razı idi. Ona görə də bu mövzuda söhbət düşəndə bəzi saray yaltaqları Məmməd bəyə deyirdilər ki, sən İbrahim xanı, Vaqifi Qacara qarşı vuruşmaqda düz günahlan­dırırsan.

Bir tərəfdə Şuşada söhbət gəzirdi ki, İbrahim xan bu gün, sabah qayıdacaq. Camaat belə söhbəti açıq və bərkdən da­nışa bilmirdi. Məmməd bəyin qorxusun­dan heç kəs sevincini bildirmirdi. Saray əyanları – İbrahimxəlil xanın gəlməyini istəməyənlər isə Məmməd bəyə deyirdilər ki, əminin Şuşaya gəlməyinə qadağa qo­yub yuxarıdan İrəvan yolunu, aşağıdan da Əsgəran yolunu bağladıbsan. Hər iki yol­da qoşun dəstəsi qoymusan ki, xan gələn­də onu Şuşaya buraxmasınlar. Onu da bil ki, İbrahim xan nə tək-tənha gələcək, nə də əliyalın. O, mütləq qaynı Ömər xandan mühafizə dəstəsi alıb, onunla gələcək. Bi­zimkilər onun ləzgi qoşununun qabağında tab gətirməyəcəklər. Ona görə də inad­la İbrahim xanın tərəfdarları və Vaqiflə haqq-hesabı çürütmək lazımdır.

Məmməd bəy saray namərdlərinin tədbir və məsləhətlərini bəyəndi: “Bəs­dir, düşmənlərimin nazı ilə oynamağım” – dedi. Avqust ayının 10-da Qacarın öl­dürülməsindən bir ay sonar 3 nəfər yaxın adamını çağırıb belə bir tapşırıq verdi: El-oba yatmağa hazırlaşanda gedib Vaqifi oğlu Əli bəylə əli-qolu bağlı Cıdır düzünə gətirirsiniz, səs-küysüz, gecə yarısı, özüm də gələcəm.

Məmməd bəy bu cinayəti gündüz eləməkdə ehtiyat edirdi. O, Şuşa camaatı­nın Vaqifi necə sevməyini bilirdi...

Məmməd bəy axundu oğlunu Cıdır düzündə qətlə yetirənin üçünü də qabağı­na salıb Vaqifin yaşadığı Saatlı məhəllə­sinə gətirdi. Şairin birotaqlı evini göstərib:

Yandırın, dağıdın onun küməsini – dedi. Qoy, yer üzündə Vaqifdən heç bir nişanə qalmasın.

Bəs, arvad-uşaq harada? – deyə on­ların başçısı soruşdu.

arvad var, də uşaq, bir oğlu idi, onu da yox etdik. Arvadı Qızxanım da yoxdu. Onu göndərmişəm başqa evə. Yalan deyirdi. Qızxanımı öz evinə aparıb arvad eləmişdi. Evdən heç nə götürməyin, bilirəm çoxlu kitabları və kağız-dəftəri var, qoy, hamısı yansın.

Onlar cumub bir az aralıdakı ot taya­sından qucaq-qucaq ot gətirib evin dörd yanına və içinə döşədilər...

Məmməd bəy onlara təpinib qəzəblən­di:

–Tez olun, əlli tərpənin, səhərə az qa­lır. Yaxşı oldu yağış da ara verdi. Alov güc­lənəndə tez əkilin ki, sizi görən şahid-zad olmasın.

Bəy, aynabənddəki taxça kitablarla doludur. Orada axundun “Quran” kitabı da ola bilər, axı, yansa, günaha batarıq...

Dedim yandırın, vəssalam. Sən nə qanmaz adamsan, bu gecə gözü hələ gü­nahdan da dəm vurursan.

Alov çöldən içəridən divarları yala­yanda ətrafa gur işıq yayıldı. Əməlindən arxayın olan Məmməd bəy dərhal əkilib yox oldu.

Aşağı məscidin yanında sadiq dostu parabaş Oruca rast gəldi. Canıyananlıqla:

Əkil, get dağılmışına, uzan yat, heç nədən xəbərin yoxdur.

– O alovdur, tüstü göyə dirənib Sa­atlı məhəlləsində, Məmməd bəy?

Məmməd bəy sərt səslə:

Canına azardı, sənin , mənim də düşmənimizi məhv edib, evinə od vurdum. İndi rahat xanlığa sahib ola bilərik, – deyib dan qaranlığında yoxa çıxdı.

Səhər tezdən müəzzin ağlaya-ağlaya azan verir. Onun kədərlə oxuduğu sözlər qalalıları yasa batırıb ağladırdı.

Öldürən məlumdur, ölən də. Şahid­lər də o dövrdə yazılan “Qarabağnamələr” kitablarının müəllifləri və Şuşanın ayrı-ayrı sakinləridir.

 

Şəmistan NƏZİRLİ,

yazıçı-publisist, Prezidentin fərdi təqaüdçüsü

 

Xalq qəzeti.- 2023.- 15 iyul.- S.10.