Azad media Azərbaycanın

misilsiz mənəvi sərvətidir

 

Azərbaycanın çoxəsrlik milli-mədəni inkişaf tariximizin ən önəmli səhifələrindən olan ilk anadilli qəzetimiz “Əkinçi”nin işıq üzü görməsindən 148 il keçir. 1875-ci ilin 22 iyul günündə bu qəzetin ilk sayının işıq üzü görməsi ilə xalqımızın yazılı söz tarixində yeni bir yüksək mərhələnin başlanğıcı qoyulmuşdur.

 

İlk milli qəzetin banisi Həsən bəy Zərdabinin açdı­ğı yol ilə gedən sonrakı bir neçə nəsil qələm sahibləri öz sələflərini amal və əməl qəhrəmanı, mənəvi ata sayaraq onun layiqli davamçıları olmağa çalışmış­lar. Nəhayət, 115 il sonra – dövlət müstəqilliyimizin bərpası uğrunda mübarizənin qələbəyə yaxınlaşdığı 1990-cı ilin yayında milli maraqları üstün tutan jurna­listlərin çoxillik arzusu gerçəkləşmiş, 22 iyul anadilli mətbuatımızın yaranması günü kimi rəsmiləşmişdir. Artıq 33 ildir ki, milli təqvimimizin 22 iyulu ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü dövlət səviyyə­sində, media ictimaiyyətinin peşə bayramı kimi qeyd edilir. Milli jurnalistikamızın yubileyləri isə daha geniş, ümumxalq təntənələri ilə əlamətdar olur.

Builki media bayramı ərəfəsində son 60 ildə peşəkar jurnalistlərimizin 2 nəslinin müəllimi olmuş Bakı Dövlət Universiteti jurnalistika fa­kültəsinin professoru Akif Rüstəmovla müsahib olduq. Qocaman müəllimmimiz milli mediamızın keçdiyi şərəfli yol və bugünkü durumu barədə aşağıdakıları bildirdi:

– Milli mətbuatımızın tarixi ilə bağlı ən önəmli cəhət ondan ibarətdir ki, bu sivil fəaliyyət sahəsini, xoşbəxtlikdən, hakim rus müstəmləkəçiliyi siyasətinin tələbatı baxımdan yaratmaq cəhdləri uğursuz olmuş, ilk və sonrakı anadilli dövri nəşrlərimiz milli oyanış və məfkurəvi toparlanma ehtiyacından qaynaqlanaraq ərsəyə gəlmişdir. “Zəmanə ilə saziş”i gerçəkləşdir­mək yolunda milli məktəb, teatr və mətbuat üçbu­cağının zəruriliyini ortaya qoyan Həsən bəy Zərdabi xalqın oxuyub-anlaya biləcəyi qəzetin yaradılmasına daha böyük ümid bəsləyərək bu sahədə misilsiz bir fədakarlıq göstərmiş, “Əkinçi”qəzetini tarixi qaranlığa işıq salan mayaka çevirə bilmişdir.

Həsən bəy “Heç olmaz ki, doğru söz yerdə qalsın” inamı ilə zamanın “Hər bir vilayətin qəzeti gərək onun aynası olsun”, “Qələm əhlinin müqəd­dəs vəzifəsi həqiqəti yazmaq olmalıdır” çağırışlarını Azərbaycanın milli-məfkurəvi, ictimai-siyasi fəaliyyət sahəsinə gətirmişdir. Haqlı olaraq deyildiyi kimi, ötən 148 ildə “Əkinçi”nin səpdiyi toxumlardan “Ziya”, “Zi­yayi-Qafqaziyyə”, “Kəşkül” dövri nəşrləri cücərmişdi, rusdilli “Kaspi” qəzetində milli düşüncə pöhrələmiş­di, milli problemlər zəmisini şumlayan “Şərqi-Rus” göyərmişdi.

XX əsrin əvvəllərində azadlıq havası əsdirən I Rus inqilabı Həsən bəy Zərdabinin yetirmələri və da­vamçıları olan Əlimərdan bəy Topçubaşov, Məhəm­məd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Üze­yir və Ceyhun Hacıbəylilər, Haşım bəy Vəzirov kimi qələm adamlarının, məfkurə və əməl sahiblərinin gözlərini və qulaqlarını söz deyib-eşitmək aləminə bir az da geniş açmışdır.

İlk gündəlik milli qəzet “Həyat”, ilk məfkurə jurna­lı “Füyuzat”, ilk satira jurnalı və xalq tribunası “Molla Nəsrəddin”, ilk uşaq jurnalı “Dəbistan”, ilk qadın jur­nalı “İşıq” mətbuatı xalqımızın ictimai-siyasi həyatı ilə möhkəm və birdəfəlik bağlamışdı. Bir-birinin ar­dınca işıq üzü görən “İrşad”, “Tazə həyat”, “Tərəqqi”, “Həqiqət”, “Açıq söz”, “Səda”, “Məktəb”, “Rəhbər” kimi dövri nəşrlər, adlarından da göründüyü kimi, milli haqlarına doğru addım-addım irəliləyən xalqımızın görən gözü, danışan dili, həqiqəti anladan məfkurə məktəbi olmuşdu.

1917-ci ilin fevralında II Rus inqilabının dağıtdı­ğı imperiyanın ucqarında Azərbaycan dövlətçiliyini bərpa etməkdə həlledici rol oynamış nəslin forma­laşmasında, toparlanmasında, istiqlal məfkurəsinin gerçəkləşdirilməsində milli mətbuatımız misilsiz rol oynamışdı. Azərbaycan Xalq Cümhuriyyətini yara­dan xadimlərin əksəriyyəti milli mətbu fəaliyyətdə yetkinləşmiş, məramlarını dövrün kütləvi nəşrlərində tirajlamışdılar. Bu prosesin yekununda 1918-ci ilin sentyabrında milli mətbuatımızın daha bir ilki — bi­rinci dövlət qəzeti “Azərbaycan” eyniadlı dövlətin atri­butlarından biri, söz və fikir azadlığının ilk nümunəsi, timsalı kimi işıq üzü görmüşdür. AXC hökumətinin təsdiq etdiyi mətbuat nizamnaməsi Şərqdə ilk dəfə söz azadlığını bəyan və təmin edən rəsmi sənəd ol­muşdur.

Professor sonda AXC-nin süqutu ilə söz azadlı­ğını itirən, demokratik nəşrlərinin fəaliyyəti 71 il da­yandırılan Azərbaycan jurnalistikasının kommunist ideoloji əlahiddəliyi şəraitində belə elmi-mədəni yük­səlişə, sosial-iqtisadi quruculuğa, milli düşüncənin inkişafına xidməti ilə xalqa gərəkli olduğunu söylədi:

– Bu dövrün milli varlığa bağlılığını qoruyub saxla­yan, peşəkarlığını yüksəldən, maddi-texniki bazasını təkmilləşdirən, radio və televiziyanın yaranması ilə daha böyük auditoriya əldə edən Azərbaycan jurna­listikası sovet epoxasının süqutu ərəfəsində artıq öz demokratik ənənələrinə, milli platformasına qayıda bilmişdi. Milli jurnalistikamızın 148 illik mövcudluğu­nun çar Rusiyası dövründəki 43, AXC zamanındakı 2 və kommunist epoxasındakı 71 illik tarixinin işıq­lı- öyünclü, tutqun-ağrılı səhifələrinə ötəri nəzər sa­landan sonra dövlət müstəqilliyimizin ötən 32 ilində ölkəmizdə azad, demokratik jurnalistikanın geniş və müasir şəbəkəsi formalaşmışdır. Azərbaycanın döv­lət müstəqilliyi bütün maddi sərvətlərimiz kimi, mil­li-mənəvi dəyərlərimizi, məfkurə irsimizi də xalqımıza qaytardı. Milli jurnalistikamızın ideoloji buxovları qıra­raq öz demokratik ənənələrini bərpa etdi.

Tanınmış media mütəxəssisinin dediklərinə əlavə olaraq bildirək ki, demokratik jurnalistikamızın mil­li ənənələri sovet dövrünün son illərində gerçəkliyə çevrilsə də, yeni azad media dövlət müstəqilliyinin ilk illərində bir sıra obyektiv və subyektiv səbəblərdən çətinliklərlə üzləşdi. Bir tərəfdən, üsyançı nağıl qəh­rəmanlarına bənzər idealist demokratlar əvvəlki döv­rün jurnalistikasını süpürüb atmaq istəyirdilərsə, di­gər tərəfdən, xalqa verilmiş söz azadlığından məhəlli məqsədlərlə istifadə etməyə çalışanların, təcrübəsiz həvəskarların açdıqları yüzlərlə dövri nəşr cəmiyyət­də informasiya bolluğu yaratmaq, doğru-düzgün icti­mai rəy formalaşdırmaq əvəzinə, fikir qarşıdurması­na, məlumat dolaşıqlığına aparır, dağıdıcı prosesləri körükləyirdi. Cəmiyyətdə hökm sürən siyasi və iqtisa­di böhran isə vəziyyəti daha da ağırlaşdırırdı.

Belə bir dövrdə — 1993-cü ilin yayında xalqın tələbi və dəstəyi ilə hakimiyyətə qayıdıb ölkəni sa­bitlik, inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyev demokratik dövlətdə azad medianın inkişafı üçün zəruri olan əsaslı tədbirləri də vaxtında həyata keçirdi. Qısa müddətdə kütləvi informasiya vasitələ­rinin demokratik cəmiyyətdə fəaliyyətini təmin edən hüquqi baza yaradıldı. 1998-ci ilin avqustunda Pre­zident Heydər Əliyevin ölkəmizdə senzuranı ləğv et­məsi milli jurnalistika tariximizdə yeni bir dövr açdı.

Sahənin maddi-texniki bazasını yeniləşdirmək, maliyyə-sosial problemlərini aradan qaldırmaq üçün real təminatlar da işə salındı. Həmişə KİV-in himayə­darı olmuş Heydər Əliyevin iradəsi ilə ədəbi-bədii və uşaq nəşrləri dövlət himayəsinə götürüldü, müvafiq tədbirlərlə digər nəşrlərin də bazar şəraitində fəaliy­yətinə əlverişli şərait yaradıldı. Qəzetlərin borcları­nın dondurulması və silinməsi onların dirçəlməsinə kömək etdi.

Zəmanəmizdə medianın gücündən bəhrələnmək­lə böyük əməli nəticələr əldə etməyin nadir örnəyini yaratmış dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev isə son 20 ildə KİV-ə dövlət dəstəyinin de­mokratik nümunəsinə həyat vermiş ölkə rəhbəri kimi tanınmışdır. Dövlət başçısının xoş məramı ilə 2008-ci ildən ölkədə gerçəkləşdirilən KİV-ə dövlət dəstə­yi konsepsiyası və 2 il əvvəl isə Media Agentliyinin yaradılması milli jurnalistikamızın inkişafında önəmli rol oynayır. Azərbaycan jurnalistlərin üzərinə heç bir öhdəlik qoymadan onlara pulsuz mənzil verən dövlət kimi də diqqəti cəlb edir. Jurnalistlər bu təmənnasız xidmətlərə görə Prezident İlham Əliyevi də özlərinin dostu elan etmişlər.

Artıq Azərbaycan jurnalistikası, bütövlükdə, de­mokratik əsaslar üzərində inkişaf edir. Medianın ma­liyyə və peşəkarlıq problemləri sürətlə həllini tapır. Müstəqillik illərində yenidən formalaşmış, cəmiyyət­də mövqeyini və nüfuzunu möhkəmləndirmiş azad medianın ən mühüm nailiyyətlərindən biri odur ki, ölkədə informasiyanın maneəsiz yayılması, obyektiv ictimai rəyin formalaşması təmin edilmiş, hamının öz sözünü demək və yazmaq imkanı gerçəkləşdirilmiş­dir.

Bütün bu uğurları Prezident İlham Əliyevin dünən mədəniyyət paytaxtımız Şuşada milli jurnalistikamı­zın yaranmasının 148-ci ildönümünə həsr edilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” möv­zusunda Qlobal Media Forumunda dediyi sözlər ən yüksək səviyyədə bir daha təsdiq etdi: “Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Mən çox şadam ki, bi­zim mediamızda sağlamlaşma prosesi uğurla gedir. Xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir”.

Mediamızın yüksək vətəndaşlıq mövqeyi və kö­nüllü sosial məsuliyyət öhdəliyi isə düşmən dairələrin qəsdlərinin ardıcıl, qətiyyətlə neytrallaşdırıldığı, qələ­bələrimizin qorunub artırıldığı günlərdə milli birliyin daha da möhkəmləndirilməsinə və ölkəmizin daha da qüdrətli olmasına xidmət edir.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2023.- 22 iyul.- S.12.