BMT-nin humanizm prinsiplərinə istinad edərək...

 

Bu gün beynəlxalq aləmdə millətlərarası münasibətlərin humanizm və ümumbəşəri dəyərlər əsasında inkişaf etdirilməsi məsələsində Birləşmiş Millətlər Təşkilatının müxtəlif strukturlarının xidməti danılmazdır.

Qloballaşma dövründə bu məsələlər daha böyük əhəmiyyət kəsb edir. Adı çəkilən beynəlxalq təşkilatın nəzdində fəaliyyət göstərən UNCOPA (UN. Council for Public Awards — Birləşmiş Millətlərin İctimai Təltiflər Şurası) daha böyük miqyasda fəaliyyət göstərir. UNCOPA- nın Beynəlxalq Təltiflər İttifaqı cəmiyyət həyatının müxtəlif sahələrini — iqtisadiyyat, informasiya, siyasət, elm, mədəniyyət və sairə —əhatə edən çoxsaylı beynəlxalq təltiflər təsis etmişdir.

Respublikamızın BMT-yə qəbul edilməsinin 17-ci ildönümü ərəfəsində — fevralın son günlərində UNCOPA- nın Avropa təmsilçiliyi tanınmış Azərbaycan ziyalısı — Azərbaycan, Rusiya Federasiyası və Avrasiya Yazıçılar birliklərinin üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, fəlsəfə doktoru Fərhad Mirzəyevi yuxarıda qeyd edilən təşkilatın xüsusi mükafatına layiq görmüşdür. Beynləxalq Təltiflər İttifaqının prezidenti, professor Mixail Pekelisin imzası ilə Azərbaycana göndərilən məktubda qeyd edilir ki, yazıçı Fərhad Mirzəyev Avropa mədəniyyətinin inkişafındakı görkəmli xidmətlərinə görə UNCOPA-nın A.S.Puşkin adına “Qızıl medal”ına layiq görülmüşdür.

Qeyd edək ki, Fərhad Mirzəyevin ictimai-siyasi, fəlsəfi, dini və milli-mənəvi dəyərlər baxımından böyük əhəmiyyət kəsb edən “Kəlamlar” kitabı 1997-ci ildən bəri müsəlman ölkələrində geniş təqdir edilmiş, Türkiyədə “Özdeyişlər” (Kəlamlar) adıyla təkrar çap edilmişdir. Türkcədən ingiliscəyə, daha sonra isə rus dilinə tərcümə edilən “Kəlamlar” kitabı insanların mükəmməl mənəvi dəyərlərə daha çox ehtiyac hiss etdiyi indiki zamanda müxtəlif xalqlar və müxtəlif ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Məhz həmin təklifləri əsas götürən Birləşmiş Millətlərin İctimai Təltiflər Şurası BMT-nin humanizm prinsiplərinə istinad edərək Azərbaycan ziyalısını Puşkin adına “Qızıl medal”la təltif etmişdir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2009.- 3 aprel.- S. 3.