Sazımız köklü, qılıncımız kəsərli olsun

 

Beynəlxalq muğam festivalının işığında

 

Həkimlərin ecazkar musiqiyə məlhəm, ürəyin tac damarlarını genəldici möcüzəli həb, əsəbləri sakitləşdirici məcun, ağrı-acını azaldıcı heyrətamiz mikstura kimi baxmaları qədimdən məlumdur. Görkəmli cərrah İbrahim Topçubaşovun apardığı cərrahi əməliyyatları xəstənin zövqünə uyğun musiqi sədaları altında həyata keçirməsi bu fəlsəfi-estetik duyğunun şahanə bir zirvədə olduğuna öz möhürünü vurmuşdur.

Bu ilin Novruz bayramı ərəfəsində Azərbaycan xalqı özünün zəngin milli-mədəni sərvətlərinə görə, haqlı olaraq bir daha qürur hissi keçirdi. İlk dəfə Azərbaycanda Beynəlxalq muğam festivalının keçirilməsi haqqındakı xoş xəbər bütün xalqımız, o cümlədən həkimlər üçün də bahar müjdəçisi qaranquşun gəlişi qədər sevincli, Novruz bayramının rəmzlərindən olan novruzgülünun, boynu bükük bənövşənin torpaqdan boylanması qədər təravətli, ətirli, ürəkaçan, qəlbə, könülə yatan oldu. Bu xəbər dahi Heydər Əliyev ideyalarının təntənəsinə çevrildi. Bu xəbər müxtəlif dövrlərdə yaşamış düha sahiblərimizdən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Üzeyir bəy Hacıbəylinin təfəkkür süzgəcindən süzülmüş Leyli və Məcnunları, misralarına Xətai, Vaqif, Seyid Əzim, Səməd Vurğun, Əliağa Vahid, Şəhriyar, Bəxtiyar və digərlərinin poetik təravəti hopmuş şeir çələnglərini, Cabbar, Seyid, Xan, Həqiqət, Şövkət, Sara, Fatma zəngulələrini, Bülbül, Rəşid, Müslüm nəfəslərini, , Cavanşir, Babək, Koroğlu, Nəbi qeyrətini, Tomris, Nüşabə, Burlaxatun, Nigar, Həcər, Tuti Bikə, Natəvan ismətini, yanğısını, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Cahangir Cahangirovun, Cövdət Hacıyevin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Soltan Hacıbəyovun, Asəf Zeynallının, Əfrasiyab Bədəlbəylinin muğam genezli əsərlərini, Qırat, Bozat kişnərtisini, qartalları qıy vuran şiş qayaları, billur bulaqları saldı yada!... Bu xəbər ana südü qədər təmiz, saf, məğrur, yenilməz Dədə-Qarqudu, Avestanı gətirdi göz önünə. Bir də bu xəbər Qarabağı, Şuşanı, Ağdamı, Zəngəzuru, İrəvanı, Göyçəni, Dərələyəzi, Xankəndini, Zəngilanı, Kəlbəcəri, Laçını, Cəbrayılı, Füzulini... Xocalını saldı yada... Bir də bu xəbərdən doğma, əziz, mehriban, yağılar tərəfindən məqsədyönlü şəkildə bölünərək parçalanan, formaca kiçildilən, məzmunca böyükləşən, yenilməz, vüqarlı Azərbaycan düşdü yada!

Vətənimizin paytaxtı Bakıda ilk Beynəlxalq muğam festivalı uğurla baş tutdu. Muğam aləmi adlı beynəlxalq festivalın rəsmi açılışı mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyev nitq söyləyərək, ölkəmizdə keçirilən bu həyəcan dolu şərəfli günlərdən danışdı və qeyd etdi ki, Çox əlamətdar hadisədir, demək olar ki, Azərbaycanda bu günlərdə muğam həftəsi yaşanır. Bəli, dünya miqyasında böyük maraq doğuran Muğam həftəsi geniş rezonansa səbəb oldu. Beynəlxalq muğam festivalı günlərində keçirilən muğam üzrə elmi simpozium dəyərli nəticələri ilə yadda qaldı.

Həmin dövrdə Azərbaycanda olan YUNESKO-nun baş direktoru Koişiro Matsuura çıxışında xüsusi vurğuladı ki, 2003-cü ildə Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin dəyəri kimi elan edilmiş və Ümumi Mədəni İrs siyahısına salınmışdır. 2006-cı ildə YUNESKO Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanı qəbul etdikdən sonra bu sahədə ölkəniz bir çox səylər göstərmişdir. Bu tədbirlərin keçirilməsi bütün Azərbaycan xalqının iradəsini bir daha nümayiş etdirir. Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və gənc nəslə ötürülməsi və çatdırılmasında böyük, vacib işlər görülür".

Kim idi bu böyük, vacib işləri görən? Necə oldu ki, Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin dəyəri kimi elan edildi və Ümumi Mədəni İrs siyahısına salındı?

Bunun yalnız bir cavabı var: şimşəkdən daha sərrast, daha gur işıq saçan, Azərbaycanın mədəni irsinin qorunmasını nura qərq edən, onun yollarını çil-çıraqlı edən Vətən məhəbbətli, Vətən sevgili, təmiz və saf bir həkim ürəyi oldu bu böyük, vacib işləri görən. Həkimlik rəmzi ilə vətənpərvərlik, insanpərvərlik, bəşərilik rəmzlərini qoşa tutan, bu böyük, vacib işləri görən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva oldu. Beynəlxalq muğam festivalının keçirilməsinə qədərki mərhələlərdə o, ölçüyəgəlməz xeyirxah işlər gördü. Fədakarlıqla yerinə yetirilən bu misilsiz xidmətlər bizi anbaan qəlboxşayan əvəzsiz tədbirə yaxınlaşdırırdı. Festival da, müsabiqə də, simpozium da baş tutdu. Festival Azərbaycan musiqi mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, bütövlükdə Azərbaycan elminin, təhsilinin təntənəsinə çevrildi.

Beynəlxalq muğam müsabiqəsinin Qran Pri mükafatına Azərbaycan sənətçisi Təyyar layiq görüldü. Bu qələbə təkcə Təyyarın, virtuoz müşayiətçilərdən Elçinin, Elvinin, tədbirin ən gənc iştirakçısı Arzunun və onların mahir ustadlarının, müəllimlərinin qələbəsi deyildi. Bu, Azərbaycan muğamının, Azərbaycanın fəlsəfi-estetik duyğularının, milli-mədəni irsinin qələbəsi idi. Bu, Bəxtiyar Vahabzadənin Muğam poemasının ürəklərdə oyatdığı duyğuların qələbəsi idi. Ölkəmizdə muğam bayramı baş tutdu. Möhtəşəm Novruz bayramı günlərində Mehriban xanım xalqımıza ikinci bir möhtəşəm bayram yaşatdı. Bu festivalda, bu müsabiqədə xəlqiliklə milliliyin, milliliklə bəşəriliyin sıx vəhdəti yarandı. Bundan sonra da şübhəsiz ki,möhtəşəm Rast, Şur, Cahargah, Bayatı-Şiraz və s. kimi simfonik muğamlara bənzər əsərlərin, Vaqif Mustafazadə caz-muğamlarının sayı və sanbalı daha da artacaq, dünya bu xoşməramlı tədbirləri yenidən alqışlayacaq.

Bəzən deyirlər ki, muğama fikir verilir, aşıq musiqisinə diqqət yetirilmir. Belə düşünənlər, əlbəttə, tələskənliklə nəticə çıxarırlar. Əgər muğam varsa, muğam yaşayırsa, mütləq aşıq musiqisi də yaşayacaq, dastanlarımız, bayatılarımız da yaşayacaq, xalq musiqimiz, meyxanamız, simfonik və estrada musiqimiz, caz musiqimiz də yaşayacaq. Çünki onların hamısının əsasında, özülündə, bünövrəsində Azərbaycan muğamı dayanır.

Həkim yaralıları qəbul edəndə dərhal seçim aparır ki, ilk növbədə hansı yaralıya yardım etsin? Yüngül yaralıya, yoxsa ağır yaralıya? Əlbəttə, həkim öz yardımını ilk növbədə ağır yaralılara göstərərək, onları şok vəziyyətindən çıxarır, ölümün pəncəsindən xilas edir. Mehriban xanım da yəqin ki, mədəni irsimizin köklərinə bu baxımdan, bu meyardan, eləcə də həkimlik etikası prizmasından yanaşaraq birinci növbədə muğamımızı xilas etdi. Növbə, şübhəsiz ki, digər sahələrə də çatacaq. Bunu YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın söylədiyi bir məqamdan da aydın sezmək mümkündür: Mən çox şadam ki, Azərbaycan özünün zəngin mədəni irsinin qorunması istiqamətində aşıq sənətinin də YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunduğu şah əsərlərin siyahısına daxil olunmasını təklif etmişdir. Mən bununla bağlı bildirmək istəyirəm ki, YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Komitəsinin 2009-cu ilin sentyabrında Abu-Dabidə keçiriləcək iclasında bu təklifə baxılacaqdır. Ümidvaram ki, Azərbaycan bu sahədə uğura nail olacaqdır.

Biz də ümid edirik ki, bu arzumuz da tezliklə reallaşacaq. Ona görə də, əminəm ki, Azərbaycan Tibb Universitetinin qədirbilən professor-müəllim heyəti də, müasir həyatla ayaqlaşmağı bacaran istedadlı və bacarıqlı, həssas qəlbli tələbə-gəncləri də Mehriban xanım Əliyeva başda olmaqla tədbirin bütün təşkilatçılarına səmimi qəlbdən minnətdar olmaqda və bu yolda onlara yeni möhtəşəm uğurlar arzulamaqda mənimlə həmrəy, həmfikir olarlar. Əziz həmkarlarıma özlərinin gözəl sənətlərilə muğam gözəlliyinə, muğam heyrətamizliyinə daha da yaxın olmağı arzulayıram.

Azərbaycanın əfsanəvi qəhrəmanı Koroğlunun bir əlində qılınc, digər əlində saz olub. Qılınc düşmən üçün, saz dost üçündür. Qılınc korşalarsa saz kökdən düşər, saz kökdən düşərsə qılınc korşalar. Qılıncımızın hələ korşalmadığını, sazımızın, tarımızın, kamanımızın hələ kökdən düşmədiyini Beynəlxalq muğam festivalında, muğam müsabiqəsində bir daha gördük. Festivalda və müsabiqədəki iştirakçılarımızın hamısının çıxışında bu nikbinliyi duyduq. Bununla yanaşı, onların zəngulələrində cəngavərlik şaqraqlığı ilə yanaşı, bir Qarabağ niskili də sezdik. Sezdik və qürurlandıq. Qürurlandıq ki, bu gün Azərbaycanın muğam bayrağını başı üzərinə qaldıranlar sabah qələbə bayrağını Qafqazın musiqi beşiyi sayılan, sinəsi muğam üçün göynəyən, muğamın yolunu səbirsizliklə gözləyən Şuşaya sancacaqlar.

İnanırıq ki, gələcəyimiz olan gənclərimiz dahi Səməd Vurğunun:

 

Keçən ağrıları unudub, danma!

Onu zaman-zaman xatırlayraq,

Gələcək günlərə sayıqlıqla bax!- misralarındakı fəlsəfəyə biganə qalmayacaq, ayıq-sayıq olacaq, daim sazlarını kökdə, qılınclarını kəsərdə saxlayacaqlar.

 

 

Mübariz ALLAHVERDİYEV

tibb elmləri doktoru,

ATU-nun mətbuat xidmətinin

rəhbəri

 

Xalq qəzeti.- 2009.- 3 aprel.- S. 5.