Rəssamlıq Akademiyasının yaranması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2000-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılmışdır. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir.

Burada 102 nəfər professor-müəllim heyəti, o cümlədən 2 elmlər doktoru, 13 professor, 7 elmlər namizədi, 13 dosent fəaliyyət göstərir.

Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 700- dən artıq tələbə təhsil alır. Eyni zamanda, universitetin tələbələri xarici ölkələrdə təhsillərini davam etdirirlər.

Akademiyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat almaq üçün bu təhsil ocağının prorektoru, xalq rəssamı, əməkdar incəsənət xadimi, professor Cəlil Hüseynova müraciət etdik. Onunla söhbətimizi oxucularımıza təqdim edirik.

Cəlil müəllim, Azərbaycan Rəssamlıq Akademiyası müstəqil Azərbaycanda həyata keçirilən təhsil islahatının təşəbbüsçüsü və müəllifi ulu öndər Heydər Əliyevin fərmanı ilə yaradılmışdır. Ümumiyyətlə, belə bir təhsil ocağının yaradılması zərurəti nədən irəli gəlirdi?

Doğrudan da, bizim akademiyanın yaranması o böyük tarixi şəxsiyyətin adı ilə bağlıdır. Ümummilli lider hələ sovetlər dövründə Azərbaycanda ali rəssamlıq məktəbinin yaradılmasına çalışırdı. 1981-ci ildə Bakıda Heydər Əliyevin təşəbbüsü ilə SSRİ ərazisində fəaliyyət göstərən ali rəssamlıq məktəbləri tələbələrinin diplom işlərinin sərgisi təşkil olunmuşdu. Həmin sərgiyə SSRİ-nin ali rəssamlıq məktəblərinin rektorları, məşhur rəssamlar dəvət olunmuşdu. Məqsəd də Bakıda Rəssamlıq Akademiyası açmaq idi. Burada məsələ qaldırıldı ki, Azərbaycanda belə bir məktəb yaradılsın. Ancaq bildirildi ki, SSRİ-də kifayət qədər ali rəssamlıq məktəbləri var və Azərbaycan tələbələrinin həmin məktəblərdə təhsil almasında heç bir problem yoxdur. Onda ulu öndər belə bir məsələ qoydu ki, İncəsənət institutu nəzdində rəssamlıqla bağlı fakültələr yaradılsın. Həm də, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində rəssamlıq, qrafika, heykəltəraşlıq və sənətşünaslıq ixtisasları üzrə fakültələr açılsın. Bu dörd ixtisas üzrə 1982-ci ildən İncəsənət institutunda tələbə qəbulu aparıldı. O, bugünkü akademiyanın əsasıdır. Sonradan bir sıra akademik ixtisaslar da yarandı. Müstəqillik qazanana qədər bu məsələ ulu öndərin nəzarətində idi.

Ulu öndərin ikinci dəfə ölkəyə Prezident kimi qayıdışına qədər Rəssamlıq Akademiyasının yaranması ilə bağlı iki fərman da olmuşdu. Lakin onların heç biri reallaşmamışdı. Artıq ölkədə belə bir akademiyanın yaranması üçün hər cür şərait var idi. Kadr potensialı kifayət qədər idi, digər məsələlər həllini gözləyirdi. 2000-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Rəssamlıq Akademiyası yarandı. Biz artıq 2001-2002-ci tədris ilində akademiyaya tələbə qəbulu elan etdik. Beləliklə, müstəqil Azərbaycanın da öz Rəssamlıq Akademiyası yaradılmış oldu. Rektor isə, ulu öndərin sərəncamı ilə xalq rəssamı, akademik Ömər Eldarov təyin edildi.

Bina məsələsini də ulu öndər özü həll etdi. Bu binaya köçəndən sonra gəlib baxdı və bəyəndi. Doğrudur, ilkin vaxtlar bina baxımsız vəziyyətdə idi. Ancaq buraya köçəndən sonra həm dərs keçirdik, həm də binanı təmir edirdik.

Akademiyanın yaradılması sadə məsələ deyildi. Tədris proqramları, yeni dərsliklər lazım idi. Bu məsələni necə həll etdiniz?

Bizə tapşırılmışdı ki, müasir tipli Rəssamlıq Akademiyası yaradaq. Yeni tədris proqramlarının yaradılması üçün xarici ölkələrin rəssamlıq akademiyalarının təcrübəsini öyrənmək lazım idi. Bunun üçün məni ezam etdilər Sankt-Peterburqakı Repin adına Rəssamlıq İnstitutuna. Bizə tapşırıq var idi ki, həmin institutun oxşarı olan bir tədris müəssisəsi yaradaq. Sankt-Peterburqdan sonra Moskvadakı Surikov adına Rəssamlıq İnstitutunun iş təcrübəsini öyrəndik, tədris planları ilə tanış olduq. Oktyabr ayında artıq biz tədrislə bağlı bütün materialları əldə etmişdik. Dərslik problemini isə qismən həll etdik və bu gün də bu məsələ ilə bağlı iş aparılır. Deyim ki, az vaxt içərisində Azərbaycan dilində bir sıra dərsliklər çap etdik. Onların hamısının da müəllifləri öz müəllimlərimizdir.

Bu gün onların təkmilləşməsi üzərində işlər davam etdirilir.

Xarici ölkələrin rəssamlıq institutları ilə əlaqələr qurmusunuzmu?

Bizdə müəllimlik fəaliyyəti göstərən ixtisaslı pedaqoqların hamısı Sovetlər İttifaqında mövcud olan rəssamlıq institutlarının məzunlarıdır. Deyim ki, SSRİ-dəki rəssamlıq təhsili dünyanın qabaqcıl təhsil sistemlərindən hesab olunurdu. Onların da əsası 250 il bundan əvvəl yaranmış İtaliya rəssamlıq məktəbinin təcrübəsinə əsaslanırdı. Biz bu gün həmin institutlarla əlaqələri davam etdiririk. Repin adına, Surikov adına rəssamlıq institutları, Riqa Rəssamlıq Akademiyası ilə ikitərəfli müqavilələrimiz var. Bundan başqa Türkiyənin Memar Sinan adına Universiteti ilə, Almaniyanın iki rəssamlıq institutu ilə əlaqələrimiz yaranmışdır.

İran İslam Respublikası, Gürcüstan Respublikası rəssamlıq institutuları ilə qarşılıqlı əməkdaşlıq edirik. Tələbələrimiz iki ildir Almaniya institutlarına ezam edilirlər. Almaniyanın ölkəmizdəki səfirliyi ilə xüsüsi əlaqələr yaratmışıq. Akademiyada hər il Almaniya günləri keçiririk. O cümlədən, İsrail səfirliyi ilə də mütamadi əməkdaşlıq edirik. Eləcə də, Kiprin və Türkiyənin institutları ilə tələbə mübadiləsi aparırıq. Bizim müəllimlər bu institutlarda, onların müəllimləri isə bizim akademiyada ustad dərsləri aparırlar.

Rəssamlığın bütün sahələrini əhatə edə bilirsinizmi?

Müasir rəssamlıq sənətinin elə bir sahəsi yoxdur ki, bizim akademiyada mütəxəssis hazırlanmasın. Həm də məzunlarımızın heç bir iş problemi yoxdur. Bizim 3 fakültədə 16 ixtisas üzrə 750 tələbə təhsil alır. Bu il isə yeni bir ixtisas-incəsənət əsərlərinin bərpası və ekspertiza ixtisası üzrə tələbə qəbulu aparmışıq.

Akademiya ölkənin ictimai-siyasi həyatında müəyyən rol oynaya bilirmi?

Bizim tələbə və müəllimlərimiz ölkənin bütün Bayram tədbirlərinə cəlb olunurlar. Məsələn, elə Novruz bayrammında, Gül bayramında tərtibat işlərində tələbələrimiz yaxından iştirak ediblər. Elə bir respublika əhəmiyyətli tədbir yoxdur ki, oraya bizim tələbələr və müəllimlər cəlb olunmasınlar.

Akademiyanın həyatında son illər hansı yeni hadisələrlə əlamətdar olub?

İlkin olaraq deyim ki, bizim yeni korpusumuz istifadəyə verilib. Orada muzey, kitabxana fəaliyyət göstərir. Muzeydə bir neçə sərgi keçirmişik. Bu yaxınlarda dünyanın məşhur heykəltəraşı almaniyalı Gunter Yukerin sərgisini keçirik. Bizim tələbələrin də işlərinin sərgisini bu muzeydə keçiririk. Bu korpusun fəaliyyətə başlaması tədrisin keyfiyyətinə güclü təsir göstərir. Təsəvvür edin, heç bir rəssamlıq institutunda diplomçu tələbəyə ayrıca emalatxana verilmir. Bizdə bu şərait yaradılmışdır.

Akademiyanın həyatında hansı yeniliklər gözlənilir?

Gələn il akademiyamızın yaradılmasının 10 ili tamam olacaq. Buna hazırlıq işlərinə indidən başlamışıq. Yubleylə bağlı sərgilər keçirmək fikrindəyik. Hətta Türkiyədə də sərgi keçirmək fikrimiz var.

Bu yaxınlarda xalq rəssamı Tahir Salahovla da tələbələrin görüşünü keçirdiniz.

Uzun illərdir ki, xalq rəssamı Tahir Salahov bizim diplomçulara rəhbərlik edir. O, Dövlət Attestasiya Komissiyasının sədridir. Bakıda olduğu vaxtlarda tez-tez akademiyamıza gəlir, vəziyyəti öyrənir, öz tövsiyələrini verir, əlindən gələni köməyi əsirgəmir. Ötən il bu böyük rəssamın 80 illik yubileyi keçirildi və bizim də akademiyada həm sərgi açdıq, həm də onunla tələbələrin görünüşünü təşkil etdik.

    Sizi hansı problemlər bu gün daha çox narahat edir?

İlk növbədə maliyyə problemi. Bilirsiniz ki, rəssamlıq təhsilində tədris prosesi çox bahalıdır. Rəssamlıq üçün müxtəlif avadanlıqların alınması böyük vəsait tələb edir. Ekspertiza ixtisası üzrə xüsusi analiz aparmaq üçün laboratoriya lazımdır.

Təzə korpusdan başqa bizdə əlavə sexlər də tikilmişdir. Bizdə hətta digər xarici ölkələrin rəssamlıq məktəblərində olmayan qrafik estamp sexi var. Litoqrafiya dəzgahlarını Almaniyadan almışıq. Tələbələr litoqrafiya ilə çap üsulunu öyrənirlər. Yüksək keyfiyyətə malik keramika peçlərini də Almaniyadan almışıq.

Son olaraq bildirdim ki, ölkə başçısı cənab İlham Əliyevin rəssamlıq sənətinə göstərdiyi qayğının nəticəsidir ki, akademiyamız ildən-ilə genişlənir. Bu yaxınlarda Müasir İncəsənət Muzeyinin açılışında iştirak edən dövlət rəhbərimiz rəssamlığa bundan sonra da xüsusi diqqət yetiriləcəyini bildirdi. İndi Azərbaycanda analoqu olmayan Xalça muzeyi inşa edilir.

Bunlar böyük nailiyyətdir. Bu gün ölkədə gedən quruculuq işləri bizim kadrlara ehtiyacın artdığını bir daha təsdiq edir. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq və akademiyamızı ölkənin qabaqcıl təhsil ocaqları sırasına çıxaraq.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.- 2009.- 3 aprel.- S. 6.