Lütfəli Abdullayev 95

 

Tanrı onu insanları güldürmək üçün yaratmışdı

 

Onun 95 illik yubileyi bir neçə gün bundan əvvəl tamam oldu. Lütfəli Əmir oğlu Abdullayev 1914-cü il mart ayının 22-də Nuxa şəhərində (indiki Şəki) dünyaya göz açmışdı. Bu torpağın baməzə insanlarının onun xarakterinə, sözsüz ki, təsiri az olmamışdı.

Deyilənə görə, o, Bakıya gələndə artıq hazır komediya aktyoru imiş. Şən zarafatları, ətrafındakıları asanlıqla ələ almaq bacarığı, insanlara isti münasibət onu hələ gənc ikən sevdirmişdi.

Lütfəli Abdullayevin yaradıcı ömrünün böyük bir hissəsi Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlı olmuşdu. O, insanlara həmişə sevinc, bol-bol gülüş bəxş edirdi. Bu onun təbiətindən doğan xüsusiyyət idi. İnsanlar öz əhvallarını yaxşılaşdırmaq üçün onu görməyə tələsirdilər. Tamaşalarında iynə atsan yerə düşməzdi. Lütfəli olduqca sadə və təvazökar insan idi. Hamı ilə dil tapmağı bacarırdı. Onun tamaşalarına baxanlar deyirlər ki, elə bil heç səhnədə deyil, həyatın özündə idi.

Beş manatlıq gəlində Möhsünü oynayırdı. Neçə də təbii alınırdı. Amma o öz tərəf-müqabilini tapandan sonra daha da şöhrətləndi. Nəsibə xanım Lütfəli ilə uzun illər Musiqili Komediya Teatrın səhnəsində bərabər işləmişdi. Elə bil bu insanlar bir-birini tamamlayırdı. Nəsibə xanım deyirdi ki, bəzən səhnədə elə vəziyyət yaranırdı ki, biz tamaşadan kənara çıxmalı olurduq. Amma tamaşaçı bunu heç vaxt hiss etmirdi. Bəzən eyni tamaşanı günlərlə oynayırdıq. Ancaq yorulmaq bilmirdik. Çünki Lütfəlidə yaradıcılığa güclü stimul verən ilahi bir istedad var idi. Nəsibə xanım onunla qastrol səfərlərindən də həmişə ürək dolusu danışırdı. Deyirdi ki, çox vaxt aktyorların pulu qurtaranda Lütfəlini qabağa salıb rayonlara qastrola gedirdik. Onu hər yerdə böyük hörmət və ehtiramla qarşılayırdılar.

Toy kimindir? tamaşasında ona Qoşun rolunu vermişdilər. Bəşir Səfəroğlu ilə tərəf-müqabili olduğu bu əsər uzun illər repertuardan düşməmişdi.

Doğrudan da, onun rollarına tamaşa edənlər uzun müddət bu xoş təəssüratdan ayrıla bilmirdilər. Durnadakı Dursun, Gözün aydındakı Qəhrəman kimi rolları teatr tariximizdə öz yeri olan obrazlardandır.

Emin Sabitoğlunun Hicran tamaşasında Lütfəli Abdullayevin Mitoş rolu o dövr tamaşaçılarının xatirəsindən, yəqin ki, heç vaxt silinməyəcək.

Lütfəli Abdullayevi Azərbaycanın məşhur sənət adamları ilə yaxın dostluq əlaqələri birləşdirirdi. Xalq artisti Niyazi, xalq rəssamı Tahir Salahov, xalq şairi Bəxtiyar Vahabzadə ilə görüşləri həmişə sənət müzakirələri xarakteri alardı. Mərhum şairimiz B. Vahabzadə Lütfəli ilə Şəki səfərlərindən həmişə ürək dolusu danışardı.

Lütfəli Abdullayev S. Ələsgərovun Ulduz musiqili komediyasında Məhəmməd rolunu böyük istedadla yaratmışdı. Onun həyat verdiyi Məhəmməd tamaşanın əsas qəhrəmanlarındandır və tamaşanın əsas süjet xətlərindən biri məhz Məhəmmədlə bağlıdır. Sonradan bu əsər əsasında Ağarza Quliyev film də çəkmişdi. Və elə Məhəmməd rolunu da Lütfəli ifa etmişdi. Bu filmdə o, tamaşada olduğu kimi, Nəsibə Zeynalova ilə tərəf-müqabildir. Nəsibə xanım bu filmdən danışarkən xatırlayırdı ki, filmdə bizim oyunumuz daha yaxşı alınıb. Məhəmmədin düşdüyü situasiya, doğrudan da, çətindir. Keçmiş həyat yoldaşı Nazilənin onu qarabaqara izləməsi Məhəmmədi hər vaxt çıxılmaz vəziyyətə salır. O, kolxozda toyuq fermasının briqadiri Züleyxa ilə tanış olur və bu, onun həyatını dəyişir. Ancaq Nazilə burada da ona rahatlıq vermir.

Lütfəli Abdullayev Məhəmmədi yüksək sənətkarlıqla bizə təqdim edir. Onun Gülümsərovla münasibətləri də olduqca maraqlıdır.

Ancaq Lütfəli Abdullayev bu filmə qədər Arşın mal alanda Vəlinin rolunu yaratmışdı. Bu film 1945-ci ildə Dövlət mükafatına layiq görülmüşdü və Vəli də belə yüksək mükafat alanlar sırasında idi.

Vəli komik obrazdır. Lütfəlini Rza Təhmasib filmə gətirmişdi. Onun Vəlisi maraqlı rol idi. Vəli rolunu teatrda oynayanlar çox olub. Hətta, 1965-ci ildə yenidən çəkilən Arşın mal alanda həmin rolu Tələt Rəhmanov oynasa da, onu Lütvəlinin Vəlisi səviyyəsinə qaldırmaq mümkün olmamışdı.

Lütfəli Abdullayev 1956-cı ildə ekranlaşdırılan O olmasın, bu olsun filmində Qoçu Əsgərin köməkçisi Baloğlan rolunda çəkilmişdi. Onun bəyin evinin pilləkəni ilə qalxarkən yıxıldığı səhnəni, yəqin ki, xatırlayırsınız. Necə miskin bir sifət alır. Aktyor Baloğlanı çox təbii bir formada təqdim edir. Elə filmdəki qonaqlıq səhnəsini də xatırlasanız Lütfəlinin aktyorluq məharətinin şahidi olarsınız.

Əhməd haradadır? filmində Lütfəli Abdullayevin çəkildiyi Zülümov onun maraqlı rollarından biridir. Rejissor Adil İsgəndərov Lütfəlini təsadüfən bu rola dəvət etməmişdi. O, tikinti təşkilatlarından birində direktorun köməkçisi vəzifəsində çalışır. Oğlanlarını axtarmağa gələn valideynləri qarşılayarkən onun düşdüyü vəziyyət aktyorun yüksək peşəkarlığının məhsulu idi. Lütfəli Abdullayev Zülümovun bütün daxili aləmini açır. Onun yaratdığı komik situasiyalar tamaşaçılarda həqiqətən xoş əhval-ruhiyyə yaradır.

Lütfəli Abdullayev gözəl ailə başçısı idi. İki qız böyütmüşdü.

Onun çoxillik yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilmiş, Azərbaycanın xalq artisti kimi fəxri ada layiq görülmüşdü. Lütfəli Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdu. Eyni zamanda o, Qırmızı Əmək Bayrağı orderni və medallarla təltif edilmişdi.

Bu istedadlı sənətkarın işıqlı xatirəsi onu ürəkdən sevən Azərbaycan xalqının xatirəsindən heç vaxt silinməyəcək.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 5 aprel.- S. 8.