Naxçıvan Muxtar Respublikası Ч 85

 

Arxeoloji abidələr Naxçıvanın qədim tarixindən soraq verir

 

Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamın qədim və möhtəşəm tarixə malik olan bu diyarın zəngin keçmişinin araşdırılmasına, Azərbaycan tarixindəki əvəzsiz rolunun bir daha təsdiqlənməsinə böyük təkan verəcəyi şübhəsizdir.

Azərbaycanın qədim mədəniyyət beşiyi Naxçıvanın füsunkar gözəlliyə, təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, Şərurun, Günnüt, Sədərək dağətəyi zonalarında, Ordubadın Kilid, Sirabın Daşqala, Əlincəçay vadisinin Ərməmməd, Tənənəmin, Qazma və b. karst mağaralarında daş dövründə 100000 illər bundan əvvəllər ulu babalarımız olan ibtidai insanlar yaşayış məskənləri salmışlar.

Şahbuz bölgəsində öz füsunkar təbiəti ilə insanları valeh edən Batabat yaylağında, Naxçıvan çayı vadisindəki İkinci Kültəpə qədim yaşayış yeri yaxınlığında, Əlincə çayı vadisindəki Ərməmməd piri ətraflarındakı qayaaltı sığnaqlarda və terraslarda daş dövrü mədəniyyətinin izləri qeydə alınmışdır.

Batabat yaylağında, Zorbulaq yaxınlığındakı qayaaltı sığnaqlardan Mustye mədəniyyəti dövrünə (e.ə. 80 minillik) aid qaşov tipli obsidian alət əldə edilmişdir.

Culfa rayonu ərazisində, İlandağın qərb ətəyində yerləşən Ərməmməd piri yaxınlığındakı mağaranın girəcəyindən çoxlu bıçaqvari daş lövhələr tapılmışdır.

Naxçıvan şəhərindən 12 km şimalda yerləşən II Kültəpə qədim yaşayış yeri yaxınlığındakı 1983-cü ildə terrasdan tapılmış bifas tipli çaxmaq daşı çapacaq aləti e.ə. 100 min il bundan əvvələ aid olub, böyük tarixi əhəmiyyət kəsb edir.

Şərur ərazisində Tənənəm kəndi yaxınlığındakı Qazma mağarasında daş dövrünün Mustye mədəniyyətinə aid ibtidai insan məskəni aşkara çıxarılmış və 80 min il bundan əvvəllərə aid obsidian (dəvəgözü) əmək alətləri - itiuclu qaşovlar, bıçaqlar və osteoloci materiallar əldə edilmişdir. Dünyanın ən qədim insan məskənlərindən biri olan Naxçıvan diyarında daş dövrü ibtidai insanlarının əsas məşğuliyyəti ovçuluq olmuşdur.

İbtidai icma quruluşunun sonrakı mərhələlərində - meozolit, neolit, eneolit, tunc və ilk dəmir dövrlərində (e.ə. XII-I minilliklərdə) Naxçıvan ərazisində ardıcıl və intensiv yaşayış olmuşdur. Bu mühüm tarixi dövrləri araşdırıb öyrənmək üçün yeganə mənbə maddi-mədəniyyət abidələridir.

Naxçıvanın qədim mədəniyyət abidələri XIX əsrin sonları və XX əsrin əvvəllərində rus, ingilis, polyak alimlərinin, səyyahlarının diqqətini cəlb etmişdir.

Naxçıvan şəhərindən cənubda, Nehrəm kəndi yaxınlığındakı Qızılburun adlı yerdən tapılmış qədim Naxçıvan mədəniyyəti nümunələri Rusiya İmperator Arxeoloji Komissiyası tərəfindən Moskvaya aparılmış (1896-cı ildə) və hazırda Moskva Dövlət Tarix Muzeyində ən qiymətli materiallar kimi saxlanılır.

Görkəmli rus alimləri akademik İ.İ.Meşşaninov, A.A.Miller, A.A.İyessen, T.S.Passek, B.A.Latınin, Azərbaycan arxeoloqları Ə.K.Ələkbərov və İ.M.Cəfərzadə XX əsrin 20-30-cu illərində Naxçıvanın bir sıra qədim abidələrində tədqiqat işləri aparmışlar. Lakin Naxçıvanın qədim tarix və mədəniyyət abidələrinin sirləri 50-ci illərdən etibarən arxeoloq O.H.Həbibullayevin Kültəpə qədim yaşayış yerində apardığı tədqiqat işlərindən sonra açılmağa başlandı.

Naxçıvanın tarixi abidələri 1960 illərdən etibarən daha geniş planda tədqiq edilmişdir. Naxçıvanın ibtidai icma quruluşu dövrü tarixi və mədəniyyətləri, qədim yaşayış yerləri, nekropollardan əldə edilmiş arxeoloci materiallar və qayaüstü rəsmlər əsasında öyrənilir.

Avropa və Asiya miqyasında ən nadir abidələrdən sayılan çoxtəbəqəli Kültəpə yaşayış yerlərinin arxeoloji materialları, Azərbaycan tarixində uzun müddət qaranlıq qalmış ibtidai icma quruluşunun neolit, eneolit, tunc və ilk dəmir dövrü problemlərini ardıcıl şəkildə öyrənməyə imkan verir.

Naxçıvan şəhərindən 8 km şimal-şərqdə yerləşən Kültəpə, Şərur ərazisindəki Sədərək, Ovçular təpəsi və b. yaşayış yerləri eneolit dövrü oturaq əkinçi-maldar tayfalarının əsas mədəniyyət mərkəzləri olmuşdur. Kültəpədə Naxçıvanın qədim memarlığına aid bina qalıqları, müxtəlif əmək alətləri və zəngin sənətkarlıq nümunələri aşkara çıxarılmışdır. Naxçıvanda qədim memarlıq sənəti e.ə. VI-II minilliklərdə yüksək inkişaf tapmış, qədim Şərqin ilk sivilizasiya ocağı sayılan Mesopotamiya ilə bir səviyyəyə çatmışdır.

Naxçıvandakı Kültəpə, Təbriz yaxınlığındakı Yanıqtəpə və Urmiyadakı Göytəpə yaşayış yerlərinin dairəvi binaları öz planına, tikinti xüsusiyyətlərinə görə Şimali Mesopotamiyanın Arpaçi və Govurtəpə abidələrinin dairəvi planlı binaları ilə eyniyyət təşkil etməsi təsadüfi deyildir. Azərbaycanın bu qədim mədəniyyət mərkəzləri ilə qonşuluqda yerləşən Mesopotamiya arasında - Qədim Naxçıvan və şumer tayfaları arasında sıx etnik, iqtisadi mədəni əlaqələr olmuşdur. Kültəpədən Naxçıvanın eneolit dövrü tayfaları üçün səciyyəvi mədəniyyət nümunələri ilə birlikdə Yaxın Şərq mədəniyyətinə aid nəfis boyalı qabların və füruzə bəzəklərin tapılması bu əlaqələrə gözəl sübutdur.

Neolit, Eneolit dövrlərində Naxçıvanda əkinçilik və maldarlıq əsas təsərrüfat sahələri olmuşdur. Metalişləmə, dulusçuluq, daşişləmə, sümükişləmə, toxuculuq və s. mühüm sənət sahələri inkişaf tapmışdır. Naxçıvan dünyanın ilk qədim metal (mis) işləmə ocaqlarından biri kimi tanınmışdır. Kültəpə abidəsindən e.ə. VI-V minilliklərə aid müxtəlif mis alətlər və bəzək nümunələri əldə edilmişdir.

İbtidai icma quruluşunun tunc dövrü (e.ə. IV-II minilliklər) mərhələsində qədim Naxçıvan tayfalarının iqtisadi, ictimai və mədəni həyat tərzində böyük təkamül baş vermişdir. Bu dövrdə bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da iri tayfa ittifaqları yaranmışdır.

Tunc dövrünün ilk mərhələsində Ц eramızdan əvvəl IV-III minilliklərdə Naxçıvan tayfaları Azərbaycan xalqının etnogenezinin formalaşmasında böyük rol oynamışdır. Bu tayfaların həyat tərzini səciyyələndirən tarixi mənbələr Kür-Araz mədəniyyəti abidələridir. Bütün Qafqazda, Cənubi Azərbaycanda (Urmiyada), Ön Asiyada (Suriya, Fələstin və b.) geniş yayılmış Kür-Araz mədəniyyətinin əsas vətəni Naxçıvan diyarıdır. Odur ki, Kür-Araz mədəniyyətinin ən zəngin və qalın təbəqəli qədim yaşayış yerləri (I Kültəpə, II Kültəpə, Maxta, Ovçular təpəsi, Daşarx və b.) Naxçıvan ərazisindədir.

Naxçıvan çayı vadisində yerləşən I Kültəpə, II Kültəpə, eləcə də Şərurdakı Maxta yaşayış yerində aparılmış arxeoloci tədqiqatların nəticələri Kür-Araz mədəniyyətinin özündən əvvəlki yerli eneolit mədəniyyəti əsasında inkişaf tapdığını sübut edir.

İlk tunc dövrü Kür-Araz mədəniyyəti tayfalarının yaşayış binaları eneolit dövrü memarlığı ənənəsinin davamı olub, əsasən dairəvi planda möhrə və çiy kərpiclə inşa edilmişdir.

Naxçıvanda zəngin mis və mışyak yataqlarının olması, burada qədim metallurgiyanın çox erkən inkişaf tapmasına imkan yaratmışdır. Qədim Naxçıvan tayfaları arasında dulusçuluq, toxuculuq sənəti, daşişləmə, sümükişləmə və b. peşə növləri də xeyli inkişaf tapmışdır. Kür-Araz mədəniyyəti abidələrindən əldə edilmiş müxtəlif çeşidli, simmetrik formalı qara, boz, çəhrayı rəngli, üzərləri cilalı və rəngarəng motivlərlə naxışlanmış gil qablar qədim dulusçuluq sənətinin gözəl nümunələridir.

İlk tunc dövründə (e.ə. IV-III minilliklərdə) Naxçıvanla Yaxın Şərqin və Cənubi Qafqazın mədəniyyət mərkəzləri arasında sıx iqtisadi, mədəni əlaqələr olmuşdur.

E.ə. II minillikdə Ц tunc dövrünün orta və son inkişaf mərhələlərində Naxçıvan tayfaları yeni həyat tərzinə qədəm qoymuşlar.

Eramızdan əvvəl III minilliyin sonu və e.ə. II minilliyin əvvəllərində Naxçıvanda, eləcə də Azərbaycanın bir çox cənub regionlarında əkinçiliyin, maldarlığın, atçılığın, metallurgiyanın, dulusçuluğun və sənətkarlığın bir çox növlərinin intensiv inkişafı sosial-iqtisadi və mədəni yüksəlişə böyük təkan vermişdir.

Tunc dövrünün inkişaf etmiş çağlarında güclü tayfa ittifaqları yaranmışdır. Əhalinin sayı xeyli artmış, əkinçilik, maldarlıq, sənətkarlıq əsas təsərrüfat sahələri kimi formalaşmış, mübadilə və ticarət əlaqələri daha da genişlənmişdir.

İri tayfa ittifaqlarının mərkəzlərində metallurgiya, toxuculuq və s. mühüm sənət növləri yüksək inkişaf tapdı.

Yaxın Şərq ölkələrilə Azərbaycanı, eləcə də bütün Cənubi Qafqazı əlaqələndirən əsas ticarət yollarının kəsişdiyi əlverişli mövqedə yerləşən iri tayfa ittifaqları mərkəzləri iqtisadi, mədəni cəhətdən yüksək inkişaf tapdı və nəticədə Naxçıvanda ilkin şəhərlər meydana gəldi. Bu qədim şəhər mərkəzləri sahəsinin böyüklüyünə və əhalisinin sayına görə iki qrupa ayrılır. Birinci qrupa sahəsi 6-10 hektar, ikinci qrupa isə 30-40 hektar olan qədim şəhər mərkəzləri aiddir. Belə mərkəzlərdə yaşamış əhalinin sayı təxminən 5000-10000 nəfər olmuşdur.

Naxçıvanın ilkin şəhər mərkəzlərindən II Kültəpədə, Govurqala (Şahtaxtı), Qarabağlar, Oğlanqala, Plovtəpə və Qazançı qalasında arxeoloji tədqiqat işləri aparılmış və dəyərli materiallar əldə edilmişdir. Naxçıvançay vadisində yaşamış qədim tayfa birliyinin ilkin mərkəzi II Kültəpə iqtisadi, mədəni cəhətdən sürətlə inkişaf etmiş və tezliklə şəhər kimi tanınmışdır. Bu qədim şəhər 10 hektara qədər ərazini əhatə etmişdir. Plan quruluşuna görə mərkəzi hissə Narınqala və onun ətrafındakı yaşayış sahəsindən ibarətdir.

Narınqala beşbucaqlı plana malik möhtəşəm qala divarları ilə əhatələnmişdir. Divarların birləşən küncləri dördkünc bürclərlə daha da möhkəmləndirilmişdir.

II Kültəpə qala divarları planına, memarlıq xüsusiyyətlərinə və möhtəşəmliyinə görə Yaxın Şərqin qədim şəhərlərinin qalalarını xatırladır.

Naxçıvanın bu qədim qalası Fələstinin İyerixon (e.ə. III-II minilliklər) Mesopotamiyanın Ur (e.ə. III minillik - VI əsrədək), Xafəci (Upi) (e.ə. 2500-cü il), Egey mədəniyyəti mərkəzi Troya - II (e.ə. III-II minilliklər), xetlərin Karxemış (e.ə. XX-VII əsrlər), Xattuşaş (e.ə. II minillik) və b. şəhərləri, qalaları ilə eyni memarlıq mədəniyyəti səviyyəsindədir. Həmin qalalar hazırda Alxanqala, Oğlanqala, Govurqala, Qızqalası adı ilə məşhurdur.

Naxçıvanın qədim şəhərsalma və qalatikmə memarlıq mədəniyyətinin ən parlaq nümunələri Şərurun Oğlanqala və Şahtaxtı-Govurqala abidələridir.

Naxçıvanın tunc dövrü tayfaları yaxın qonşuları - urmiyalılar, şumerlər və xetlərlə daim iqtisadi, mədəni əlaqə şəraitində yaşamışlar. Qədim Şərq dünyası sivilizasiyası üçün səciyyəvi olan erkən şəhər memarlıq mədəniyyətinin incəlikləri Naxçıvan ustaları tərəfindən mənimsənilmişdir. II Kültəpənin Narınqalasında aparılmış arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış tikinti qalıqlarında qədim Naxçıvan memarlığında tədqiq olunmuşdur.

Naxçıvanın mühüm Tunc dövrü memarlığında böyük təkamül, yeniləşmə baş vermişdir. Binalar dördkünc planda, çaydaşları və kvadrat iri çiy kərpiclərlə inşa edilmişdir. Küçələr düz və əyri planlardadır. Qala divarları boyunca yerləşən küçələrə səliqə ilə çay daşları döşənmişdir.

II Kültəpədə və digər e.ə. II minillikdə mərkəzlərdə dulusçuluq, metalişləmə və toxuculuq kimi mühüm sənətkarlıq sahələri və bir sıra peşə növləri yüksək inkişaf tapmışdır.

Monoxrom və polixrom boyalı qablar müxtəlif rənglərlə (qırmızı, qara, ağ, sarı, göy və s.) yüksək bədii tərtibatda, əsasən həndəsi motivli naxışlarla bəzədilmişdir. Ayinlər və adətlərlə bağlı mərasimlərin icrası zamanı işlədilən xüsusi boyalı qabların üzəri adam, at, öküz, maral, keçi, quş (qartal, leylək, durna) rəsmləri və simvolik məzmun kəsb edən piktoqrafik işarələrdən ibarət kompozisiyalı təsvirlərlə naxışlanmışdır. Polixrom boyalı qablardan bəzisinin üzərində qırmızı rənglə çəkilmiş səkkizguşəli türk ulduzunun rəsmi xüsusi rəmzi məna kəsb edir. Günəş, həyat, işıqlı dünya simvolu olan bu rəmz 4000 il bundan əvvələ aid olub, sonrakı tarixi dövrlərdə də Naxçıvanda geniş yayılmış, bədii tərtibatlı müxtəlif sənət nümunələrində və memarlıqda tətbiq edilmişdir.

Azərbaycanın üçrəngli milli dövlət bayrağı üzərindəki səkkizguşəli ulduz rəmzi belə qədim tarixi əsasa malikdir.

Naxçıvanın boyalı qabları, Qədim Şərqin Mesopotamiya, Urmiya, Elam və b. ilkin şəhər mədəniyyəti boyalı qabları ilə eyni səviyyədə yüksək qiymətləndirilir.

Naxçıvanın zəngin duz yataqlarında böyük həcmdə istehsal edilən duz yerli əhalinin tələbatını ödəməklə yanaşı, qonşu regionlara və Yaxın Şərq ölkələrinə ixrac olunmuşdur.

Naxçıvan və Urmiya əyalətləri qədim şumerlərin ilkin şəhər mədəniyyəti ilə yaxından tanış olmuşlar. Yaxın Şərqdə ilkin şəhər mədəniyyətinin yaranması və təkamülündə Naxçıvanın özünəməxsus xüsusi rolu olmuşdur.

Ümidvarıq ki, Prezident sərəncamı Naxçıvanın qədim tarixinin, o cümlədən də onun arxeoloji abidələrinin öyrənilməsi işinə yeni təkan verəcəkdir.

 

 

Vəli ƏLİYEV,

AMEA-nın müxbir üzvü,

tarix elmləri dokturu, professor

 

Xalq qəzeti.- 2009.- 15 aprel.- S. 7.