Səhnəmizin ilk ulduzlarından biri

 

Azərbaycanın ilk qadın aktrisalarından olan Fatma Qədir qızı Qədri uzun illər milli teatrımızın inkişafına xidmət etmişdir. Onun yaradıcılığı klassik aktyor sənəti ənənələrindən bəhrələnmiş, öz güclü istedadı ilə tamaşaçıların dərin rəğbətini qazanmışdır. Fatma Qədrinin yaradıcı irsi böyük bir məktəbdir. Onun rolları arasında dünya və Azərbaycan klassik ədəbiyyatının çox qiymətli nümunələrindən olan obrazlar vardır.

Fatma xanım on dörd yaşında Bakıya gəlmiş, yeni yaradılmış Bakı Dövlət Teatr Texnikumuna daxil olmuşdur. Məktəbin ilk direktoru Şövkət Məmmədova ona analıq qayğısı göstərmiş, qismən də olsa cari ehtiyacını ödəmiş, yaşamağa, sevdiyi sənətə daha da ruhlandırmışdır. O, burada A.Tuqanov, A. Muradov, V.Sladkonevsev və başqa zəngin təcrübəyə malik teatr xadimlərindən təhsil aldı. Azərbaycanda ilk professional teatr təhsili görmüş qadın-artist Fatma Qədri olmuşdu. Oxumağa onda elə böyük həvəs varmış ki, teatr məktəbi ilə paralel olaraq Ali Qadın Pedaqoji İnstitutunda da təhsilini davam etdirmişdi. Səhnə fəaliyyətinə isə elə tələbəlik illərində başlamışdı. 1926-cı ildə onu Bakı Türk-İşçi Teatrına dəvət etmişlər. Orada Sürücü (Hind qızı), Esmiralda (Notrdam kilsəsi"), Polina (Gəlir yeri), Novbar (Çançur Səməd), Gülbahar (Anamın kitabı), Şərəfnisə (Müsyö Jordan dərviş Məstəli şah), Susanna (Namus) başqa tamaşalarda yaddaqalan obrazlar yaratmışdı. Onun Sevil tamaşasında oynadığı Gülüş rolu zamanın əbədi hadisəsi kimi qarşılanmışdı.

F.Qədri 1926-1932-ci illərdə Türk-İşçi Teatrında, 1933-1936-cı illərdə Bakı Rus Dram Teatrında ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmışdır. Roldan-rola daha da püxtələşən, sevilən sənətkar 1935-ci ildə respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdü. Sonralar onun oynadığı Luiza, Maşa, Polina, Reqana, Emilya, Raşel, Xlebnikova rolları dillər əzbəri olmuşdu. Yaratdığı Xuraman, Larisa, Katerina obrazları nəinki sabiq Sovetlər Birliyi ərazisində, hətta dünyanın çox ölkələrində məşhur idi.

Oynayacağı rolların talelərini duyub anlayar, onların həyata, cəmiyyətə, zəmanəyə münasibətlərini dərindən öyrənərdi. Görkəmli teatrşünas Cəfər Cəfərov yazırdı: Bir gün Fatma xanım mənə zəng etdi. Soruşdu ki, Vaqif" əsərində Xuramanı oynamağı mənə etibar ediblər. Ancaq qəhrəmanın daxili aləmindən, yaşadığı mühitdən xəbərsizəm. Xahiş edirəm bu barədə mənə məlumat verəsiniz. Təbii, sevimli aktrisanın istəyinə uyğun danışdım. Tamaşa zamanı onun bənzərsiz ifasını görüb heyrətləndim".

Fatma xanım teatra sıx bağlılıqla yanaşı, həm pedaqoji fəaliyyətlə məşğul olmuşdu. 1933-cü ildən Teatr Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında, Teatr İnstitutunda dərs demişdi. Onun yetirmələrindən bəziləri hazırda da müxtəlif teatrlarda çalışırlar. Tamaşaçıların alqışını, məhəbbətini qazanmış görkəmli səhnə xadimi Böyük Vətən müharibəsi illərində cəbhəyə gedənlərin qohum-əqrəbalarının həsrətini, intizarını özününkü bilmiş, mütəmadi olaraq onlarla görüşmüş, hərbi hospitallarda, xəstəxanalarda səhnəciklər təşkil etmişdi. Uzun illər hazırkı Bakı Dövlət Universitetində dram dərnəyinin rəhbəri olmuşdu. O, dəfələrlə yerli sovetlərə deputat seçilmişdi. Əməyi vaxtaşırı qiymətləndirilmişdi. Xalq artisti fəxri adına layiq görülmüşdü. Qırmızı Əmək Bayrağı, Şərəf nişanı ordenləri neçə-neçə medalla təltif olunmuşdu.

Onun vəfatı ilə əlaqədar verilmiş nekroloqda deyilirdi: Respublikamızın teatr ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin görkəmli xadimlərindən biri, respublikanın xalq artisti Fatma Qədir qızı Qədri 1968-ci il fevral ayının 29-da vəfat etmişdir. İstedadlı artist, səmimi insan, sevilən pedaqoq Fatma Qədri son nəfəsinə qədər ömrünü Azərbaycan teatr mədəniyyətinin inkişafına həsr etmişdir. Doğrudan da, Fatma xanım çox dəyərli sənətkar ömrü yaşamışdır. Onun xatirəsi sənətsevərlərin qəlbində əbədi yaşayacaq.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 15 aprel.- S. 7.