Qobustan: 2008-ci il birinci mərhələnin uğurlu yekunu oldu

 

Ötən ilin yekunları və nəticələr barədə söhbət edərkən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev bir məqamı xüsusi vurğuladı:2008-ci il Qobustan rayonunda daha əlamətdar bir il kimi yadda qalmışdır.Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə rayon mərkəzi Qobustan şəhəri adlandırılmışdır. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın (2004-2008-ci illər) icrası burada da müvəffəqiyyətlə başa çatdırılmış, 2004-2008-ci illər ərzində rayonda 1610-u daimi olmaqla 4740 yeni iş yeri açılmışdır. Təkcə 2008-ci ildə 1253 yeni iş yeri yaradılmışdır.

 

Abadlaşan bölgə

 

Ötən il Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 56-105-ci kilometrliyində, şəhərdaxili yollarda, Qobustan-Hilmilli, Poladlı-Girdə, Təklə Mirzəbaba avtomobil yollarında 310 min manatlıq orta, 398,2 min manatlıq orta və cari təmir işləri aparılmışdır. “Azərkörpü”ASC Qobustan şəhərində piyada və mal-qara keçidlərinin inşasını başa çatdırmışdır.

Tikinti materialları istehsalının dəstəklənməsi istiqamətində rayonda Bəklə, Sündü və Cəmcəmli daş karxanaları fəaliyyətə başlamış, “Xilə” daş karxanasının fəaliyyət göstərməsi ilə əlaqədar tədbirlər görülür. “Qobustan Holdinq” MMC-nin Hilmilli kəndində çınqıldoğrayan istehsalat sahəsi, şəhərdə sutkalıq istehsal gücü 50 ton olan asfalt zavodu, plastik qapı-pəncərə və taxta sexləri fəaliyyətə başlamışdır.

Həmçinin rayon icra hakimiyyətinin, Qobustan rayonu üzrə Maliyyə Şöbəsinin, Qurbançı kəndində klub, kitabxana və həkim ambulatoriyasının, Qobustan Sukanal İdarəsinin, “Azinko Holdinq” MMC tərəfindən istirahət evinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinin Qobustan rayon şöbəsi üçün inzibati binaların tikintisi başa çatdırılmışdır. Rayon Mədəniyyət evinin və mərkəzi rayon kitabxanasının dam örtüyü yenisi ilə əvəz edilmişdir.

Olimpiya İdman Mərkəzi, Qobustan bələdiyyəsi, Baytarlıq İdarəsi və Diaqnostika mərkəzinin və rayon təhsil şöbəsi üçün inzibati binaların, Şəhidlər xatirə kompleksinin, Qobustan şəhərində üç parkın tikintisi davam etdirilir. Qarabağ əlilləri və şəhid ailələri üçün 8 mənzilli yaşayış binasında tikinti işləri başa çatdırılmış, son tamamlama işləri aparılır.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinə seysmoloci stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq dövründə 28 seçki məntəqəsi tam şəkildə təmir olunaraq inventarla təchiz edilmişdir.

2008-ci ildə rayon icra hakimiyyətinin təşəbbüsü ilə “Abad Qobustan” proqramı hazırlanaraq həyata keçirilməyə başlanmışdır. Bu proqram çərçivəsində Qobustan bələdiyyəsi tərəfindən əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəltmək məqsədilə 5 ədəd müxtəlif markalı kommunal texnika alınmışdır. Eləcə də Yekəxana kəndində şitillik salınmış, zibillərin saxlanılması üçün Qobustan şəhərinin mərkəzindən 5 kilometr uzaqlıqda poliqonun tikintisinə başlanmışdır.

Şəhər əhalisinə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması məqsədilə Kommunal Müəssisələri Kombinatı tərəfindən 1 ədəd su maşını və 1 ədəd “Kamaz” markalı avtomobil alınmış, tullantı yeşiklərinin sayı artırılmışdır.

Qobustan şəhərinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 2008-ci ildə 200 tonluq sututar tikilib istifadəyə verilmiş, şəhərdaxili su xətlərindəki 6 ədəd supaylayıcı qurğu, 1812 metr müxtəlif ölçülü su boruları yenisi ilə əvəz edilmişdir. “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu Təsi, Sədəf, Bədəlli, Cəmcəmli, Ərəbqədim, Göydərə və Dərəkənd kəndlərinin və eləcə də, Qobustan şəhərinin içməli su təminatını yaxşılaşdıracaq Təsi su xəttinin layihə-smeta sənədlərini hazırlamış və işin icrasına başlanılmışdır. Artıq layihə üzrə 6 kilometr boru xətti çəkilmiş, artezian quyuları qazılmışdır.

Elektrik enerjisi, qaz və istilik sisteminin inkişafı istiqamətində Qobustan Elektrik Şəbəkə rayonu üçün inzibati bina, 3 yarımstansiyada isə növbətçi otaqları tikilib istifadəyə verilmiş, şəhər və kəndlərdə 12 ədəd transformator yenisi ilə əvəz olunmuş, 35/10 kv Qobustan şəhər yarımstansiyasında isə 3 ədəd yeni gərginlik transformatoru, şəhərdə 122, Cəngi kəndində isə 30 ədəd müasir tipli işıqlandırma dirəyi quraşdırılmışdır.

Əhalinin elektrik enerjisi ilə fasiləsiz və keyfiyyətli təminatı, eyni zamanda, istehlak edilmiş elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi məqsədilə hələ 2005-ci ilin sonlarından etibarən sayğaclaşma işinə başlanılmış və 2006-cı ildə bu iş tam şəkildə başa çatdırılmışdır. Artıq rayonda 6073 elektrik sayğacı quraşdırılmışdır.

 

Aqrar sahə: göstəricilər uğurludur

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında və 2008-ci ildə qəbul olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsi istiqamətində rayonda kifayət qədər işlər görülmüş və görülməkdədir.

2008-ci ildə 23083 hektar sahədən 33180 ton taxıl istehsal olunmuşdur ki, bu da 2007-ci ildəkindən 5186 ton artıqdır. Adambaşına taxıl istehsalı 800 kiloqram təşkil etmiş, hektardan məhsuldarlıq 14,4 sentner olmuşdur ki, bu da əvvəlki ildəkinə nisbətən 2,2 sentner çoxdur. 2008-ci ildə digər bitkiçilik məhsulları istehsalında da dinamik inkişaf təmin edilmişdir. Belə ki, rayonda 1242 ton kartof, 1187 ton tərəvəz, 826 ton bostan məhsulları, 1130 ton meyvə, 474 ton üzüm istehsal olunmuşdur. 26917 hektar sahədə şum çıxarılmışdır ki, bu da əkinçiliyə marağın artırılmasının əsas göstəricilərindəndir.

2008-ci ildə əkinçiliyin inkişafı, əhalinin taxıl məhsullarına olan tələbatının ödənilməsi və taxılçılığın inkişaf etdirilməsi məqsədi ilə Nazirlər Kabinetinin 15 fevral 2007-ci il və 16 noyabr 2007-ci il tarixli qərarları ilə istifadə olunan yanacaq və motor yağlarına görə, mineral gübrələrin güzəştlə satılmasına və buğda istehsalçılarının maddi marağının artırılması məqsədilə taxılçılara 2008-ci ildə 1425061 manat yardım verilmişdir.

 

Qaz təchizatı yaxşılaşır

 

Bəhmən Mehtiyev, Qaz İstismar İdarəsinin rəisi:

— Sakinlərin təbii qazla təmin edilməsi məqsədilə 2008-ci ildə bütün yaşayış məntəqələrində daşıyıcı və paylayıcı xətlər yoxlanılmış, qaz tənzimləyici şkaf və siyirtmələr təmir edilmişdir. 2005-ci ildən sayğaclaşma işinə başlanılmış və 3238 abonentin mənzilinə təbii qaz sayğacı quraşdırılaraq bu iş tam başa çatdırılmışdır.

2008-ci ildə ulu öndərin 85 illiyi ərəfəsində, 17 illik fasilədən sonra ən böyük kəndlərimizdən olan Ərəbşalbaş və Təklə Mirzəbaba kəndlərinə təbii qazın verilişi bərpa edilmiş və qazla təmin olunan yaşayış məntəqələrinin sayı 17-yə çatdırılmışdır. Rayonun təbii qazla təmin olunmayan Hilmilli, Şıxzahırlı, Qaracüzlü, Cəngi, Poladlı, Yekəxana, Sədəfli, Təsi və Bədəlli yaşayış məntəqələrinin qazlaşdırılması və Heydər Əliyev prospektində qaz xətlərinin yeraltı və plastik qaz xətləri ilə əvəz edilməsi məqsədilə layihə smeta sənədləri hazırlanmış və 2009- 2013-cü illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq bu məsələlərin həlli nəzərdə tutulur. Bunu da qeyd etmək istəyirəm ki, istehlak olunmuş qazın dəyərinə görə ödəniş 93-95 faizə çatdırılmışdır.

Əhaliyə təbii qazın verilməsində yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə idarəmizə 1 ədəd xidməti minik avtomobili, 1 ədəd traktor və 1 ədəd qaynaq aparatı verilmişdir.

Sündü kəndində 131 mənzilə təbii qazın verilməsi ilə kəndin tam surətdə qazlaşdırılıması 2008-ci ildə gördüyümüz işlər sırasındadır. Yeri gəlmişkən, Nabır kəndində hazırda 190 abonent “mavi yanacaq”dan istifadə edir. Qalan hissənin — 400-ə yaxın abonentin də qazla təmin edilməsi məqsədilə layihə hazırlanmışdır və ilin sonunadək gerçəkləşəcəkdir.

Əlbəttə, görülən işlər barədə daha ətraflı danışmaq olar. Ancaq bunu xüsusi qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentimizin təsdiqlədiyi fərman növbəti beş il üçün fəaliyyətimizə stimul verən əsas amil olacaqdır.

 

Təhsil diqqət mərkəzindədir

 

İmran Sabirov, təhsil şöbəsinin müdiri:

— 2008-ci il təhsil müəssisələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, təlim məşqlərinin müasir təlim texnologiyaları baxımından qurulması, bir sıra islahat yönümlü proqramların həyata keçirilməsi, təhsilin inkişaf etdirilməsi, eləcə də, ali və orta ixtisas məktəblərinə qəbulda əldə olunan uğurlarla yadda qalmışdır. Ali məktəblərə sənəd verən 179 məzunumuzdan 46-sı ali təhsil müəssisələrinin, 37-si isə texnikumların tələbələri olmuşlar. Onlardan 2-si 600 baldan, 5-i isə 500 baldan yuxarı nəticələr əldə etmişdir. 2008-ci ildə 200 şagird yerlik şəhər 2 saylı əsas məktəbinin müasir binası istifadəyə verilmişdir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Qobustan rayonu yarandığı 1990-cı ildən 2001-ci ilə kimi burada yalnız Təklə kəndinin məktəb binası istifadəyə verilmişdisə, son 3 il ərzində artıq 920 yerlik 6 müasir məktəb tikilərək istifadəyə verilmiş, Hilmilli kənd orta məktəb binasının tikintisinə başlanmışdır.

Möhtərəm Prezidentimizin 12 yanvar 2004-cü il tarixli “ Azərbaycanda latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına uyğun olaraq 18038 ədəd müxtəlif adda bədii ədəbiyyat , ensiklopediya, müxtəlif lüğət və poliqrafik cəhətdən müasir tələblərə cavab verən 19911 ədəd yeni dərslik alınaraq məktəb kitabxanalarına verilmiş və zəngin dərslik fondu yaradılmışdır. Bununla yanaşı təhsil sahəsində ilk dəfə olaraq Azərbaycan tarixi, kimya, fizika, biologiya fənləri üzrə hazırlanmış elektron təlim materiallarından 25 dəst alınaraq tədris prosesində istifadə etmək üçün məktəblərə verilmişdir.

Tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə hesabat dövrü ərzində fizika, kimya, biologiya, riyaziyyat, ibtidai sinif və hərbi hazırlıq fənləri üzrə 140 adda 8730 ədəd müxtəlif plakat və əyani vəsaitlər alınmış və məktəblərə verilmişdir. Heydər Əliyev Fondu hesabına ümumtəhsil məktəblərinin 1-ci sinif şagirdləri üçün 566 ədəd çanta və 16 adda tədris ləvazimatı məktəblərə paylanaraq şagirdlərə təqdim olunmuşdur.

 

İnsanların sağlamlığı keşiyində

 

Elşən Rəcəbov, Qobustan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi:

— 2008-ci ildə rayon əhalisinin sağlamlığının təmin edilməsi sahəsində müəyyən işlər görülmüşdür. Mərkəzi rayon xəstəxanası 125 çarpayılıq şəhər, 50 çarpayılıq Sündü, 25 çarpayılıq Təklə kənd xəstəxanaları, 11 kənd həkim ambulatoriyası və 6 feldşer mama məntəqəsi vasitəsilə rayon əhalisinə tibbi xidmət göstərmişdir.

Ötən il xəstəxananın kəskin ehtiyac duyulan tibb avadanlıqları ilə təminatında da müəyyən işlər görülmüşdür. Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya şəkərli xəstələr üçün 90 ədəd qlükometr, USM, narkoz bloku ilə süni tənəffüs, anastatik buxarlandırıcı, 2 ədəd iliometr, KÜVEZ və kardiomanitor aparatları verilmişdir.

Mərkəzi rayon xəstəxanasının mütəxəssis həkim və avadanlıqlarla təminatı əhaliyə həm diaqnostika, həm də müalicə baxımından əvvəlki illərə nisbətən daha keyfiyyətli tibbi xidmət göstərməyə şərait yaratmışdır.

Sözsüz ki, ən düzgün nəticəni obyektiv təhlil və müqayisə üzə çıxarır. Sadaladığım məsələlər, heç şübhəsiz ki, növbəti Dövlət Proqramı çərçivəsində öz həllini tapacaq. Bir neçə il öncəki vəziyyətlə indini müqayisə edəndə sabaha inamımız qat-qat artır. Bir vətəndaş olaraq möhtərəm Prezidentimiz İlham Əliyevə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqətdə saxladığına və həyati əhəmiyyətli addımlar atdığına görə dərin minnətdarlığımı bildirirəm.

 

Tarixi abidələrə qayğı artır

 

Şəhriyar Soltan, mədəniyyət və turizm şöbəsinin müdiri:

Rayonumuzun ərazisində 1 ölkə əhəmiyyətli memarlıq, 5 yerli əhəmiyyəti, 12 yerli əhəmiyyətli arxeoloji abidə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydə alınaraq inventar nömrəsi verilmişdir. Bu abidələrin mövcudluğu rayonumuzun turizm imkanlarını artırır. Ərazimizdə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünə yenidən baxılması, eyni zamanda, dövlət mühafizəsinə götürülməmiş tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması, müəyyən səbəblərdən dağılmış, uçmuş, atmosfer təsirinə məruz qalmışlarının bərpası, XVII əsrə aid edilən Qobustan şəhərindəki karvansaranın əhəmiyyət dərəcəsinin dəqiqləşdirilməsi və əsaslı bərpası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilmişdir.

2008-ci ildə mədəniyyət sahəsində illərlə yığılıb qalmış problemlərin bir hissəsi öz həllini tapsa da, həllini gözləyən məsələlər də var. Belə ki, şəhər mədəniyyət evi, mərkəzi kitabxana binasının müasir tələblərə cavab vermir, əksər kənd kitabxana və klub binalarının əsaslı təmirə ehtiyacı var. Bəzi kənd klub və kitabxanaların müasir binalarla təmin edilməsi, mədəniyyət müəssisələrinin, demək olar ki, hamısında kitabxana texnikasının, aparatların, digər avadanlıqların müasirləşdirilməsi zəruridir. Qobustan şəhərində yerləşən XIV əsrə aid Karvansaranın bərpası məqsədilə mütəxəssis göndərilməsi üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırmışdıq. 2008-ci ildə rayonda tarix diyarşünaslıq muzeyi yaradılmışdır.

Yeni massiv ərazisində qəzalı vəziyyətdə olan məscid binasının sökülərək yerində yeni Heydər Məscidinin tikilib istifadəyə verilməsini və həyətində səliqə-sahman, abadlıq və yaşıllıq işlərinin aparılmasını, “Diri Baba” qəbiristanlığının ətrafına hasar çəkilməsini 2008-ci ildə gördüyümüz işlər sırasında qeyd edə bilərəm. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, biz də son illər rayonda baş verən dəyişikliklər prosesinin iştirakçılarıyıq və ölkəmizin tərəqqisi, inkişafı naminə həmişə ön sıralarda olmağa hazırıq. Heç bir şübhəmiz yoxdur ki, möhtərəm dövlət başçımızın bir neçə gün əvvəl imzaladığı fərman bütün mənalarda 2009-2013-cü illər üçün “uğurlar proqramı” olacaq.

 

Rabitə əlaqə deməkdir, əlaqə isə inkişaf tələb edir

 

Tofiq Baloğlanov, telekommunikasiya qovşağının rəisi:

– 2008-ci ildə rayonumuzun 4 kənd ATS-i müasir standartlara cavab verən elektron ATS-lə əvəz olunmuş, Qobustan şəhərində, Bədəlli və Şıxzahırlı kəndlərində ATS binalarının tikintisi başa çatdırılmış, Bədəlli kəndində 2,4 kilometr uzunluğunda fiber-optik kabel qoyulmuşdur. Rayonda ATS-lərin elektron ATS-lə əvəz edilməsi 100 faizə çatdırılmışdır.

Əhalinin rabitəyə olan tələbatını ödəmək məqsədilə Təklə kəndində 304, Cəyirli kəndində 256 yerlik EATS quraşdırılmış, mərkəzi EATS-də 64, Poladlı kənd ATS-də 50 nömrə artırılmışdır.

Təklə-Acıdərə istiqamətində 4,9 kilometr FO-4 kabeli çəkilərək mərkəzlə birləşdirilmişdir. Nabur-Bəklə kəndləri arasında 3,5, Ərəbşalbaş-Təklə kəndləri arasında isə 4,6 kilometr KSPP kabeli çəkilmişdir.

Rayonun ucqar kəndlərindən olan Qaracüzlü və Təsi kəndləri peyk avadanlıqları vasitəsilə telefonlaşdırılmışdır. 2008-ci ilin 6 ayında rayonda 174 ədəd yeni telefon çəkilmiş, Hilmilli kəndində kabel şəbəkəsi 30 yer genişləndirilərək istifadəyə verilmişdir. Həmçinin 1 “Bakcell” və 3 “Nar Mobile” ötürücü stansiyası quraşdırılmışdır.

 

Bələdiyyələr yeni mərhələyə qədəm qoyur

 

Vasif Novruzov, şəhər bələdiyyəsinin sədri:

— Şəhər infrastrukturunun inkişaf etdirilməsi, abadlıq, vətəndaşların müxtəlif problemləri ilə bağlı məsələlər daim diqqət mərkəzində olmuşdur.

Qobustan şəhər bələdiyyəsinin, Qobustan şəhər icra nümayəndəliyinin və Qobustan kommunal müəssisələri kombinatının birgə fəaliyyəti nəticəsində şəhər təsərrüfatının müxtəlif sahələrində müəyyən işlər görülmüş, küçələrin təmizlənməsi, işıqlandırılması, şəhər əhalisinin normal istirahətinin təmin edilməsi gündəlik qayğımıza çevrilmişdir.

Eyni zamanda şəhər əhalisinin yoxsul təbəqəsinə maddi yardımlar göstərilmiş, gənc ailələrə fərdi mənzil tikintisi üçün torpaq sahələri verilmişdir.

Örüş sahələrində üç ədəd süni gölün yaradılması, əkin sahələrinə gedən yolların hamarlanması, zibillərin təmizlənməsi, yaşıllaşdırma işlərinin aparılması əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində gördüyümüz işlərin bariz nümunəsidir.

Şəhər bələdiyyəsi də digər bələdiyyələr kimi “Bir bələdiyyə azı bir layihə” təşəbbüsü çərçivəsində öz işlərini qurmağa çalışmışdır.

2008-ci ildə tikintisinə başlanılan bələdiyyənin inzibati binası yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

Əhaliyə işığın, qazın, suyun verilməsi və digər xidmət sahələri üzrə icra hakimiyyəti ilə əlaqəli işin nəticəsidir ki, bu sahədə heç bir problem yaranmamışdır.

Şəhərin məişət tullantılarından təmizlənməsi məqsədilə bələdiyyəmizin kommunal müəssisəsi yaradılmış və 3 ədəd texnika ilə təmin edilmişdir. Bundan başqa bələdiyyənin üzlük daşı — tamet istehsalı sexi də fəaliyyət göstərir. Bələdiyyəmiz öz işini yeni tədbirlər planı əsasında quracaq, qarşıya çıxan problemlərin öhdəsindən layiqincə gəlməyə çalışacaq.

 

Sosial müdafiə tədbirləri güclənir

 

İrşad Həsənov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru:

— Mərkəz tərəfindən hazırda 1318 nəfərə sosial müavinət, 331 ailəyə Ünvanlı Dövlət Sosial yardımı verilir. 2008-ci ildə sosial, aylıq, birdəfəlik müavinətlərin və ÜSY-ın verilməsi üçün 834658 manat vəsait ödənilmişdir.

Poçtamt vasitəsi ilə 574 nəfərə 41848, Kapital bankın Qobustan rayon filialı vasitəsi ilə 286 nəfərə 234214 manat vəsait ödənilmişdir. Sosial müavinət alan 1288 vətəndaşa ödəniş plastik kartlarla, Beynəlxalq Bank vasitəsi ilə aparılır. Bu məqsədlə bankın bankomatlarından 558596 manat vəsait ödənilmişdir. Həmçinin 15 Çernobıl əlilinə 110 manat olmaqla cəmi 1650 manat müalicə əvəzi birdəfəlik kompensasiya ödəmişik.

Pulsuz avtomaşın növbəsində dayanan 18 nəfər Böyük Vətən müharibəsi, Çernobıl və Qarabağ əlillərinə 514 manat pul ödənilmiş, 1 nəfər I qrup əlilinə pulsuz əlil arabası alınaraq evinə çatdırılmışdır.

2008-ci ildə daxil olmuş 11 ədəd putyovkadan istifadə olunmuşdur. 10 nəfər sosial işçimiz qəsəbə və kəndlərdə 82 nəfər tək, tənha və kimsəsiz insana sosial məişət xidməti göstərir.

Sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi, ünvanlı sosial yardımların tətbiqi ilə bağlı əhali arasında geniş izahat işləri aparılmış, aztəminatlı ailələrin müəyyənləşdirilməsində qəsəbə və kəndlərdə yerli icra orqanlarının və bələdiyyələrin köməyindən istifadə edilmişdir. Müraciət edənlərə Ünvanlı Dövlət Sosial Yardımın tətbiqi ilə bağlı məlumatlar verilmişdir. Müraciət etmiş 620 nəfərdən 524-nün sənədləri qəbul edilmiş və komissiyanın müzakirəsinə verilmişdir. Nəticədə 517 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin edilmişdir. 7 ailəyə sosial yardım veriliməsindən imtina edilmişdir, 186 ailəyə verilən yardımın təyinat müddəti bitdiyi üçün dayandırılmışdır. 286 ailə hazırda ünvanlı sosial yardım alır. 45 ailənin işi yeni təyinat olduğu üçün ödəniş 2009-cu ildə aparılmışdır.

Dövlət başçımız 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramını imzalayıb. İnanırıq ki, birinci dövlət proqramı kimi yeni qəbul olunmuş proqram da respublikamızın, regionların, eləcə rayonumuzun tərəqqisinə əvəzsiz imkanlar yaradacaqdır.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2009.- 19 aprel.- 5.