Nəsibə xanımı xatırlayarkən

 

Bir neçə il əvvəl aprelin 20-də Nəsibə xanımı ad günü münasibətlə təbrik etmək üçün onun Hökumət evi yaxınlığındakı mənzilinə gəlmişdim. Bizi onun adını daşıyan nəvəsi Nəsibə xanım qarşılamış və nənəsinin səhhətində problemlər olduğunu bildirmişdi. Amma bir azdan Nəsibə xanım xəstə olmasına baxmayaraq, bizimlə görüşə gəldi və xeyli söhbətləşdik. Onun sözlərini xatırlayanda indi də kövrəlirəm: Zaman taqətimi əlimdən alıb.

O görüşdən sonra Nəsibə xanımı bir filmdə gördüm. Məhəllə adlı həmin filmdə ona elə deyəsən, Nəsibə adlı rol vermişdilər.

Nəsibə xanımın ölüm xəbəri bütün Azərbaycanı sarsıtmışdı. Amma, sən demə, böyük insanlar, yaradıcı şəxsiyyətlər yalnız cismən dünyalarını dəyişirlər. Bu gün Nəsibə xanım Zeynalova mənən bizimlədir. Hər bir azərbaycanlı onun adını hörmət və məhəbbətlə yad edir. Bəli, Nəsibə xanım bizimlədir və biz onu hər an xatırlayıb yad edirik.

Nəsibə Zeynalova çox qüdrətli sənətkar idi. Tanrı ona əvəzsiz bir istedad bəxş etmişdi. O, insanlara sevinc, gülüş bəxş etməkdən ləzzət alardı. Bunun üçün çalışırdı, istəyirdi ki, insanların üzündə kədər, ələm olmasın. Qəribədir, ömrünün ahıl çağında belə Nəsibə xanım yorulmaq bilmirdi. Səhər kinostudiyada filmə çəkilir, günorta tamaşaçılarla görüşdə iştirak edir, axşam isə Musiqili Komediya Teatrında hansısa rolda çıxış edirdi. Bu qədər güc, qüvvət haradan idi onda? Bir dəfə zarafatla bu sualı Nəsibə xanıma da verdim. Dedi ki, mənə bu qüvvəni, gücü verən tamaşaçı alqışlarıdır. Onların mənə olan sonsuz məhəbbətidir.

Bu gün Nəsibə xanımı xatırlarkən onun yaradıcılıq dünyasına baş vurmamaq olmur.

Nəsibə xanım da başqaları kimi bir insan həyatı yaşamışdır. Xoşbəxtlikdən o, sənətkar ailəsində dünyaya gəlmişdi və gözünü açandan evdə, ailədə sənət söhbətləri eşitmişdi. Hər şey yavaş-yavaş yaranmışdı və günlərin birində özünü səhnədə görmüşdü. Bu səhnə sevgisi onun ömrünü əbədi sənətə bağlamışdı. Özü səhnəni sevdiyi kimi tamaşaçıları da onu sevmişdilər. Maraqlı olan budur ki, bəzən hansısa tamaşada, yaxud filmdə onun rolları balaca olsa belə, tamaşaçı həmin səhnəni səbirsizliklə gözləyir.

O, Azərbaycan aktyorluq səmasının sönməyən ulduzudur. Bu ulduz qəlblərə, könüllərə həmişə işıq saçacaq.

Bu yazıda onun yaradıcılığını tam xarakterizə etmək fikrimiz yoxdur. Əslində, heç buna ehtiyac da yoxdur. Çünki, Nəsibə xanımın yaradıcı irsi böyük tədqiqatların mövzusudur və yəqin ki, belə tədqiqat əsərləri yaranacaqdır. Sadəcə olaraq, biz bu kiçik yazıda onun xatırlamaq, daha doğrusu, xatırlatmaq istəyirik.

Nəsibə xanımın xalq artisti Lütfəli Abdullayevlə duetlərini xatirlamaq yerinə düşərdi. Bu, qəribə bir cütlük idi. Elə bil Tanrı onların sənət yollarını qovuşdurmuşdu. Nəsibə xanımın Lütfəli ilə birgə işlədiyi səhnə və kino əsərlərinə uğur möhürü qabaqcadan vurulurdu. Elə ayrıca çəkildiyi tamaşa filmlərdə belə idi.

Nəsibə xanımın uğursuz rolu olmayıb. Bunu birmənalı şəkildə etiraf etmək lazımdır. Onun səhnə rollarından bir neçəsini xatırlatmaq istəyirəm: Məsmə (Toy kimindir), Nargilə (Gözün aydın), Züleyxa (Ulduz), Kavato (Keto və Kote), Gülnaz (Beş manatlıq gəlin), Rəxşəndə (Qızılaxtaranlar), Afərin (Rəisin arvadı), Kəblə Fatma (Hacı Kərimin Aya səyahəti, Həmişəxanım (Həmişəxanım), Xeyransa (Sevindik qız axtarır), Cəhrə qarı (Altı qızın biri Pəri), Qızbacı (Hicran) və nəhayət, Cənnət xala (Qayınana). Bu tamaşaların çox təəssüf ki, lent yazılarının hamısı saxlanılmır. Amma saxlanılanlar da var və tamaşaçılar onların televiziya ilə göstərilməsini həmişə həsrətlə gözləyirlər. Yaxşı ki, Rauf Kazımovski 1974-ci ildə Aktrisanın təbəssümü filmini çəkmişdi. Bu sənədli filmdə Nəsibə xanımın özü də var, sözü də. Ona diqqətlə baxanda aktrisanın nə qədər böyük sənətkar olduğuna bir daha inanırsan.

Doğrusu, bilmirəm, Nəsibə xanım ilk dəfə hansı filmə çəkilib. Amma onu ilk dəfə Ogey ana filmində görmüşəm. Bu qadın ancaq ara vurmaqla məşğuldur. Dilarənin düşdüyü ailənin rahatlığı onu heç razı salmır. Köhnə fikirli, yeniliyi qəbul etməyən bu qadın axır-əvvəl ifşa olunur.

Amma Nəsibə xanımın Ulduz filmində yaratdığı Züleyxa rolu kino tariximizin çox maraqlı ekran qəhrəmanlarındandır. Bu filmdə onun Məhəmmədlə (Lütfəli Abdullayev) dueti tamaşaçıların böyük marağına səbəb olmuşdu. Züleyxanı Nəsibə xanım teatrda da oynamışdı. Amma film aktrisanın yaradıcılığı üçün daha geniş imkanlar açmışdı. Kənddə toyuq fermasının müdiri işləyən bu qadın özünün gözəl rəftarı ilə şəhərdən kəndə gəlmiş Məhəmmədin diqqətini çəkir. Və sonda onlar ailə qururlar.

Nəsibə xanım Cənnət xalanı (Qayınana) da həm səhnədə, həm də filmdə yaratmışdı. Cənnət xala çox mürəkkəb roldur. İnanmıram ki, Cənnət xalanı Nəsibə xanım səviyyəsində oynayan aktrisa tapılsın. Və bir də Yuxu filmində gördüm onu. Bu filmdəki Məsmə xala rolu məxsusən Nəsibə xanım üçün yazılmışdı. O filmin çəkilişi zamanı Nəsibə xanım artıq yaşlaşmışdı. Amma o qədər səlist, o qədər məharətlə oynayıb ki, bu rolu görən tamaşaçı onun ifasına həsəd aparır. Məsmə xala baş qəhrəmanın Əliabbasın nənəsidir. Öz nəvəsinə hədsiz məhəbbətini ifadə edən aktrisa filmə xüsusi ab-hava gətirir.

Nəsibə xanımın rollarının hamısını bu kiçik yazıda xatırlamaq mümkün deyil. Onların hər biri böyük istedada malik bir sənətkarın yaradıcı dünyasının məhsullarıdır.

Nəsibə Zeynalovanı xatırlarkən onu da demək istərdik ki, bu böyük sənətkarı ölkəmizin sərhədlərindən kənarda da böyük məhəbbətlə sevirdilər. Moskvada onun iştirakı ilə keçirilən tamaşalarda həmişə anşlaq olardı.

Və nəhayət, Nəsibə xanım bəlkə də dövlətimiz tərəfindən sənəti ən çox qiymətləndirilən sənətçilərimizdən idi. O, respublikanın xalq artisti, Dövlət mükafatı laureatı adına layiq görülmüşdü.

Nəsibə xanım həmişə beləcə yüksək məhəbbətlə yad ediləcək və xalqın yaddaşından silinməyəcək.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 21 aprel.- S. 6.