Uydurma erməni soyqırımı iddiası tarixi həqiqətdən uzaqdır

 

Azərbaycan torpaqlarına göz dikən erməni millətçiləri monoetnik və türksüz Ermənistan uğrunda əsrlər boyu gizli və bəzən leqal mübarizələr aparmış, dənizdən-dənizə böyük imperiya yaratmaq üçün türk xalqlarına qarşı soyqırım siyasəti yeritmişlər. Nəticədə, azəri türkləri ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır.

Bu yolda erməni millətçiləri ən iyrənc metodlardan istifadə etməkdən belə çəkinməmişlər. Erməni terrorçu dəstələri hələ XIX yüzilliyin ikinci yarısında Türkiyənin Zeytun (1862, 1878 və 1884-cü illərdə), Sasun (1880-ci ildə), Van (1884-cü ildə) vilayətlərində qanlı qırğınlar törətmiş və nəticədə 2 milyondan çox Anadolu türkü öldürülmüşdür. Təkcə belə bir faktı göstərmək kifayətdir ki, Hncaq erməni terror təşkilatı üç ildə (18901892-cı illərdə) 65 min silahsız müsəlmanı məhv etmişdir.

XX yüzilliyin əvvəllərində isə erməni quldurları Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və başqa yerlərdə azəri türklərini kütləvi şəkildə amansızcısına məhv etmişlər. 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-1994-cü illərdə Azərbaycan xalqının başına gətirilən müsibətlər əslində soyqırım siyasətidir. Beləliklə, XX yüzillikdə Azərbaycan xalqı 4 dəfə soyqırımına məruz qalmış və nəticədə 2 milyondan çox azərbaycanlı bu məkrli siyasətin günahsız qurbanı olmuşdur.

Keçmişi unutmaq və tarixi hadisələri danmaq olmaz. XIX yüzilliyin ikinci yarısında ermənilərin Türkiyə ərazisində törətdikləri qanlı qırğınlar nəticəsində minlərlə dinc əhali öldürüldü. Buna cavab olaraq Osmanlı dövləti xain və dönük erməni silahlı dəstələrinə tutarlı cavab verdi. Bunu görən ermənilər Türkiyə ərazisində istədiklərinə nail ola bilmədikləri üçün məkrli planlarını həyata keçirmək məqsədilə azəri türklərinə qarşı apardıqları mübarizənin ağırlıq mərkəzini Qafqaza keçirməyi qərara aldılar. Bu vaxt erməni ideoloqları özlərinin millətçi partiyalarını yaratdılar.

1885-ci ildə şovinist ruhlu ilk erməni siyasi firqəsinin əsası qoyuldu. Marseldə təsis olunan bu firqə Armenakan adlanırdı. 1887-ci ildə Cenevrədə ermənilərin ikinci millətçi siyasi təşkilatı olan Qnçak (Zəng) yaradıldı və tezliklə bu partiyanın fəaliyyəti genişləndirilərək Rusiyada, Türkiyədə, İranda, Bolqarıstanda, Rumıniyada və b. ölkələrdə şöbələri təsis edildi.

1890-cı ildə Tiflisdə ermənilərin üçüncü şovinist partiyası Daşnaksütyun yaradıldı. Bundan sonra ermənilərin Böyük Ermənistan yaratmaq iddiaları yeni və daha kəskin mərhələyə daxil oldu. XX əsrin əvvəllərində bu partiyanın Rusiyada 2311, Türkiyədə 693, İranda 90 və başqa ölkələrdə çoxlu yerli təşkilatları fəaliyyət göstərirdi. Daşnaksütyun partiyasının Cenevrədə Droşak (Bayraq) adlı qəzeti nəşr olunurdu.

Bəs erməni soyqırımının sosial-siyasi kökləri haradandır və o neçə yaranmışdır? Tarixən məlumdur ki, erməni məsələsi Şərq məsələnin tərkib hissəsi kimi meydana gəlmiş və böyük dövlətlər özlərinin işğalçı məqsədlərini həyata keçirmək üçün ondan bir vasitə kimi istifadə etmişlər. Şərq məsələsinin mahiyyəti isə Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsindən, Türkiyənin bir dövlət kimi məhv edilməsindən, onun torpaqları hesabına erməni bufer dövlətinin yaradılmasından ibarət idi. Habelə həmin məsələ Şərqə yiyələnmək uğrunda Rusiya və Qərb dövlətləri arasında beynəlxalq münaqişələrin ifadəsi, Şərq xalqlarına qarşı işğalçılıq planlarının təzahürü idi.

Şərq siyasətinin həyata keçirilməsi üçün ermənilərdən istifadə edildi və Türkiyə ərazisində yaşayan ermənilər başlıca hədəf seçildi. Birinci Dünya müharibəsi zamanı Antanta dövlətləri müharibədə Almaniya tərəfindən çıxış edən Türkiyəyə təzyiq göstərməyə başladılar. Bu təzyiq getdikcə gücləndi, hətta, 1914-cü il oktyabrın 29-da Rusiya Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər böyük bir ordu yaradıb Rusiyanın köməyi ilə silahlandılar və hər yerdə türkləri qırmağa başladılar.

Erməni silahlı dəstələri türkləri qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərsini soyur, lüt kürəklərinə qaynar samovar bağlayır, hamilə qadınların qarnını yarıb körpələri nizəyə keçirirdilər. Ermənilərin bu vandalizmi nəticəsində o vaxt 600 min türk öldürüldü. Təbii ki, Türkiyənin başı bu zaman müharibəyə qarışdığı üçün daxildəki prosesləri diqqətdən yayındırmışdı.

Ancaq hadisələri belə görən Türkiyə dövləti və türk hərbi komandanlığı erməni cəlladlarına cavab vermək məcburiyyətində qaldı. Aparılan əməliyyat nəticəsində 200 min erməni Türkiyədən ölkənin cənub hissələrinə, o cümlədən İraq, Suriya və digər bölgələrə köçürüldü. Köçürülən ermənilərin bir hissəsi Qarabağda, Qərbi Azərbaycanda (indiki Ermənistanda), Bakıda məskunlaşdırıldı. Göründüyü kimi, baş verən qırğınların başlıca günahkarı ermənilər və daha çox ölən isə türklər olmuşlar. Zaman keçdikcə ermənilər tarixi faktları saxtalaşdıraraq və ölən ermənilərin sayını süni surətdə şişirdərək əvvəlcə 600 minə, sonra 800 minə, daha sonra isə 1,5 milyona qaldırmışlar. Halbuki 1914-cü ildə Türkiyə ərazisində cəmi 1.294.851 nəfər erməni yaşamışdır ki, bu da ümumi əhalinin (18.520.016) cəmi 6,9 faizini təşkil edirdi.

Hadisələrin, faktların və mövcud tarixi şəraitin araşdırılması belə bir nəticə çıxarmağa əsas verir ki, köçürülmə ilə əlaqədar Türkiyə hökumətinin verdiyi qərar düzgün idi. Hətta Türkiyə hökumətinin köçürülmələrin və onların əmlakının təhlükəsizliyinin təmin edilməsi barədə göstərişləri onun nə qədər ədalətli olduğunu bir daha göstərir. Çünki türk xalqı heç kəslə düşmənçilik etməmiş, tarix boyu qonşu xalqlarla həmişə dost və mehriban münasibətində olmuşdur. Fəqət, xain çıxan ermənilər, nankor olan erməni millətçiləri, qırğınları qızışdıran isə daşnaklar olmuşlar.

Erməni millətçiləri və silahlı dəstələri yenə də dinc durmur, Türkiyənin bir çox şəhərlərində dinc əhalini amansızcasına və kütləvi şəkildə qırırdılar.

Erməni quldurları 1916-cı il mayın 11-də Türkiyənin Malazgird şəhərində 20 min adamı vəhşicəsinə öldürmüş, mayın 22-də isə Van şəhərində 15 min adamı məhv etmiş, 1000 körpəni diri-diri boğmuşdular. 1918-ci ilin yanvarında Türkiyənin Qətranlı kəndində 1400 uşağı bir yerə yığaraq diri-diri yandırmışlar. Martın 17-də Urmiyada 10 min dinc sakini öldürmüşlər. C. və K.Makkartilərin tədqiqatına görə, XX əsrin əvvəllərində ermənilərin törətdikləri qanlı hadisələr zamanı 2,5 milyon müsəlman öldürülmüşdür.

Erməni millətçiləri və onların daşnak rəhbərləri o vaxtdan bu günə qədər bar-bar bağıraraq hadisələri saxtalaşdırır və 24 aprel 1915-ci ili erməni soyqırımı kimi qələmə verməyə çalışırlar. Təəssüf ki, tarixdən bixəbər olanlar, o zamankı şəraiti bilməyənlər və ya o hadisələrin obyektiv təhlilini bacarmayanlar bu yalançı təbliğata inanırlar. Ancaq fakt faktlığında qalır, tarix isə olanların canlı şahididir. Faktlar isə göstərir ki, ermənilər türklərə qarşı soyqırım siyasəti aparmışlar. Çünki türklərin itkisi qat-qat çox olmuşdur. Bunu ermənilər də çox yaxşı bilirlər.

Bəs nəyə görə ermənilər böhtandan əl çəkmir və erməni soyqırımını türklərin boynuna zorla qoymağa çalışırlar? Bunun cavabı ABŞ-dakı erməni liderlərindən biri Ross Vartanyanın fikirlərindən aydın görünür: O deyir: Soyqırım layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub, Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda bir erməni dövlətinin qurulması üçün torpaq tələb edərdik. Deməli, daşnaklar Böyük Ermənistan ideyasından hələ də əl çəkməmişlər, avantürist məqsədlərini həyata keçirmək üçün böhtançı və uydurma erməni soyqırımını əldə bayraq etmişlər.

Artıq dünyanın tanınmış alimləri, mütəxəssisləri yalançı erməni soyqırımını birdəfəlik rədd edir və aparılan ciddi tədqiqatlardan sonra belə bir soyqırımın olmasını faktlar və dəlillərlə inkar edirlər. Fransız alimi Jorj de Malevil özünün 1915-ci il erməni faciəsi adlı əsərində zəngin tarixi faktlarla göstərir ki, XIX əsrin son rübünə qədər türklərlə ermənilər əsrlər boyu rahat yaşamış, lakin Daşnaksütyun partiyası yarandıqdan sonra bu mehriban münasibətlər qəddar düşmənçiliyə çevrilmişdir. Müəllif sübut edir ki, 1915-ci il hadisələri daşnakların türklərə qarşı düşmənçilik hərəkətlərindən törəmişdir. Müəllif tarixi faktlara əsasən qəti şəkildə deyir: 1915-ci ildə soyqırım" olmamışdır".

ABŞ alimləri Castin Makkarti və Karolin Makkarti tarixi faktlara əsaslanaraq belə bir obyektiv nəticəyə gəlmişlər ki, erməni soyqırımı uydurma və böhtandır. Adı çəkilən müəlliflər Türklər və ermənilər adlı tədqiqat əsərində sübut edirlər ki, Şərqi Anadoluda təşkil olunmuş soyqırım olmamışdır. Əslində, erməni daşnak quldur dəstələri özləri Türkiyədə, İranda, Azərbaycanda, Qafqazda azəri türklərini vəhşicəsinə qırır, məhv edirdilər. Tarixi faktlardan məlumdur ki, daşnak generalı tayqulaq Andranik Zəngibasar, Qəmərli, Vedibasar, Şərur, Naxçıvan ərazisində, quldur general Dro Dərələyəz mahalında, qaniçən general Silikov Göyçə mahalında, general Njde Zəngəzur mahalında azəri türklərini qırmağı öhdələrinə götürmüşdülər. Castin Makkarti Soyqırım olmuşmu? əsərində göstərir ki, XX əsrin yalnız birinci rübündə ermənilərin törətdiyi qırğınlarda 2 milyona yaxın türk qırılmış, yaralanmış və qovulmuşdur.

Sonralar tədqiqatlarını davam etdirən Castin Makkarti özünün Anadolu erməniləri, 19121922-ci illərdə adlı tədqiqat əsərində yazırdı: 19121922-ci illər müharibəsi zamanı cəmi 600 mindən bir qədər az Anadolu ermənisi öldürülmüşdür. Ölmüş erməniləri nəzərə aldıqda, ölmüş müsəlmanları da nəzərə almaq lazımdır. Statistika göstərir ki, ermənilərlə yanaşı 2,5 milyon Anadolu müsəlmanı da məhv olmuşdur ki, onların da əksəriyyəti türklər idi.

Ermənilərin soyqırım iddialarına əsasən, guya, 1915-ci ildə Osmanlı dövlətinin köçürmə siyasəti nəticəsində 1,5 milyon (əvvəllər 300 min, sonra isə 600 min deyirdilər) erməni ölmüşdür. Bu yalançı iddianı əsaslandırmaq üçün ermənilər müxtəlif xarakterli sənədlər hazırlamış, faktları saxtalaşdırmış və müxtəlif yalanlar uydurmuşlar. Avropanın, Amerikanın, Türkiyənin və dünyanın bir çox ölkələrinin alimləri həmin faktların yalan və uydurma olduğunu elmi dəlillərlə sübut etmişlər.

Əlimizdə daha bir fakt vardır. Belə ki, 2004-cü ilin may ayında görkəmli türk alimləri professorları tərəfindən hazırlanmış fundamental bir kitab işıq üzü gördü: Ermənilər: sürgün köç. Amerikanın, Fransanın, İngiltərənin, Almaniyanın digər ölkələrin arxivlərində uzun müddət axtarışlar tədqiqat işləri aparan alimlər erməni soyqırımına aid heç bir materiala rast gəlməmişlər. Kitabda yer verilən sənədlər içərisində ingilis arxivlərindən əldə edilmiş qeydlər ermənilərin soyqırımı iddialarının əsassız, yalan böhtan olduğunu isbat etməkdə əvəzolunmazdır.

Ermənilərin soyqırım ideyalarını ifşa edən yeni faktlar ortaya çıxır. Birinci Dünya müharibəsindən sonra ingilislər 19171919-cu illər arasında ermənilərin siyahıya alınmasını aparmışlar. Bu siyahıya alınmada indiyə qədər kimsənin bilmədiyi nəticələr ortaya çıxmışdır. Məlum olmuşdur ki, 1919-cu ildə Osmanlı torpaqlarında yaşayan ermənilərin sayı 1 milyon 602 min nəfərdir. Buradan belə bir nəticə çıxır ki, soyqırım olan yerdə əhalinin sayı 102 min artmışdır! Bu, necə ola bilər? Deməli, ingilis arxivlərindən əldə edilən sənədlər və rəqəmlər də erməni soyqırımını qəti şəkildə rədd edir.

Çox maraqlı faktlardan biri də odur ki, xarici ölkələrin arxivlərində ciddi mühafizə edilən materiallarından aydın olur ki, Türkiyə hökumətinin sürgün qərarı cəmi 500 min ermənini əhatə etmişdi. (Halbuki ermənilər dünyaya car çəkib bağırırlar ki, sürgünə məruz qalan ermənilər 1,5 milyondur). Deməli, xarici ölkə arxivlərinin sənədləri də ermənilərin uydurmalarını rədd edir. Beləliklə, arxiv sənədləri, tarixi faktlar və tarixi həqiqətlər belədir ki, ermənilər özləri özlərinə quyu qazmış, yaşadıqları yerin və torpağın, yedikləri çörəyin, içdikləri suyun və udduqları havanın qədrqiymətini bilməmişlər. Nəticədə özgəyə quyu qazan özü düşər atalar sözünə uyğun olaraq Allahın qəzəbinə düçar olmuşlar.

Ermənilər hər il dünyanın əksər ölkələrində qondarma soyqırımı gününü qeyd edirlər. Beləliklə, qondarma erməni təbliğatı nəticəsində soyqırım mifi belə yarandı və zaman-zaman genişləndi.

Erməni terrorçuları qanlı cinayətlər etmiş, müxtəlif vaxtlarda Azərbaycanın və Türkiyənin görkəmli dövlət və ictimai-siyasi xadimlərini vəhşicəsinə öldürmüşlər. Erməni cinayətkarları 1920-ci ildə F.X.Xoyskini, N.Yusifbəylini, X.Xasməmmədovu, H.Ağayevi, Tələt Paşanı, Səid Həşim Paşanı, Behbud xan Cavanşiri, 1922-ci ildə Osmanlı dövlətinin keçmiş Nazirlər Şurasının sədri Bahəddin Şəkəri, professor Camal Əzmini və başqalarını vəhşicəsinə qətlə yetirmişlər.

Onlarla tarixçi alim, etnoqraf, şərqşünas özlərinin dərin tədqiqat əsərlərində sübut ediblər ki, ermənilər türklər tərəfindən heç bir soyqırıma məruz qalmayıb. Həqiqətdə isə bu faciə 19141920-ci illərdə daşnaklar tərəfindən qızışdırılan və Osmanlı imperiyasının arxa cəbhəsində ermənilərin apardığı vətəndaş müharibəsi idi. Bu problemi tədqiq edən Amerika alimləri C.Makkarti və K.Makkarti tarixi sənədlərə əsaslanaraq yazırdılar: Soyqırım, həqiqətən olubmu? Osmanlıların hərəkətinə görə çətin inanmaq olar ki, soyqırım barədə hər hansı bir əmr olsun. Bəs onda İstanbulda, İzmirdə yaşayan on minlərlə erməni əhalisi niyə soyqırıma məruz qalmayıb? Şərqi Anadoluda Türkiyə hökumətinin təşkil etdiyi heç bir soyqırım olmayıb.

Zaman-zaman dünyanın iri dövlətlərində özlərinə yaşamaq statusu qazanan ermənilər həmin dövlətlərin məmurlarını, dövlət və iş adamlarını, ictimai-siyasi xadimləri, müxtəlif alimləri və hətta dövlət və hökumət rəhbərlərini aldadaraq erməni soyqırımına onları inandırmağa və hətta parlamentlər tərəfindən qəbul etdirməyə çalışmış və bəzi hallarda istəklərinə nail ola bilmişlər. Ancaq dünyanın bütün ölkələri, dövlət və hökumət rəhbərləri bilməlidirlər ki, başqa dövlətlərin ərazilərini işğal etmək yolu ilə dənizdən-dənizə Böyük Ermənistan yaratmaq erməni daşnak siyasətinin ən avantürist niyyətidir.

Bəli, artıq dünya tarixi həqiqətləri görür və anlayır. Uzun illər ayaq tutub yeriyən erməni yalanının maskası yırtılmış, onun iç üzü, mahiyyəti bəlli olmuşdur. Məkrli və hiyləgər erməni yalanı son zamanlarda güclü və tutarlı dəlillərlə ifşa olunmaqdadır. Bu gün dünya ictimaiyyətinə artıq məlumdur ki, ermənilərin uydurduqları bütün yalanların məqsədi nədir və onlar nə istəyirlər...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 mart 2006-cı il tarixli 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə xalqımıza müraciətində deyildiyi kimi, erməni ideoloqları tərəfindən uydurulan Böyük Ermənistan dövləti yaratmaq üçün xalqımızın tarixi kobud şəkildə saxtalaşdırılmış, uydurma tezislər və yalançı faktlarla dünya ictimaiyətini aldatmışlar. Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində çoxillik təcrübəsi olan erməni millətçi ideoloqları xalqımıza qarşı daha incə və məkrli metodlarla təbliğat aparmışlar və bu gün də bu avantürist siyasəti davam etdirirlər.

Bütün bu tarixi həqiqətlər və gerçəkliklər faktlarla deyildiyi üçün tutarlıdır, dəqiqdir, sərrastdır. Belə tarixi arqumentləri isə hamı bilməli, uydurma və yalançı erməni soyqırımının mahiyyətini anlamalı, onun çürük sosial dayaqları ifşa edilməlidir.

 

 

Xaqani MƏMMƏDOV,

tarix elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2009.- 24 aprel.- S. 6.