Görkəmli oftalmoloqa həsr olunmuşdur

 

Zaqatala rayonunda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 86-cı ildönümünə həsr olunmuş bir sıra tədbirlər keçririlmişdir.

İlk öncə tədbir iştirakçıları akademik Zərifə Əliyeva adına Liseydə görkəmli oftalmoloq-alimə həsr olunmuş fotostendə baxmış, idman zalında gimnast qızların nümunəvi çıxışlarını və liseyin idman meydançasında futbol üzrə final yarışmasını izləmişlər.

Daha sonra liseyin akt zalında akademik Zərifə Əliyevanın 86-cı idönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransın əvvəlində “Zərif bir işıq” sənədli filmi nümayiş etdirilmişdir. Sonra liseyin direktoru Vəfa Süleymanovanın “Əbədi yaşarlıq simvolu” mövzusunda məruzəsi dinlənilmişdir. Akademikin zəngin elmi irsinin, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatların, qazandığı nailiyyətlərin, yaratdığı fundamental əsərlərin Azərbaycan tibb elminin parlaq səhifələri olduğunu qeyd edən natiq dünya şöhrətli alimin seçdiyi sənətdə, yorulmaz fəaliyyətində insanlara daim nur bəxş etdiyini xüsusi vurğulamışdır. Elmi-praktik konfransda çıxış edənlər görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın yüksək mədəniyyəti, zərif qəlbi, elmə sədaqəti, insanlara münasibətdə məsuliyyəti ilə xalqımızın qəlbində həmişə yaşadığını bildirmişlər. Geniş dünyagörüşü, dərin tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış bu fədakar alimin ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir elm adamı və tibb işçisi üçün həyat və mənəviyyat, kamillik və müdriklik məktəbi olduğunu qeyd etmişlər.

Konfransın sonunda “Ana” mahnısı səsləndirilmiş və tədbir liseyin həyətində geniş bayram konserti ilə davam etdirilmişdir.

 

 

İ.MUSAOĞLU

 

Xalq qəzeti.- 2009.- 28 aprel.- S. 3.