ADU-nun teatr klubu beynəlxalq teatr festivalında

 

Azərbaycan Dillər Universitetinin (ADU) teatr klubunun üzvləri Türkiyədə keçirilən Universitetlərarası beynəlxalq teatr festivalı çərçivəsində aprelin 25-də Akdeniz Universitetində çıxış ediblər.

Bir çox ölkələrin və Türkiyə universitetlərinin teatr klublarının iştirak etdiyi festival gənclər arasında əlaqələrin, ünsiyyətin qurulmasında mühüm əhəmiyyət daşıyır. Bu baxımdan universitet tələbələrinin çıxışları ilə zəngin olan bu tədbir gənclərimizin dünyaya çıxmasına, onların öz həmyaşıdları ilə zəngin olan bu tədbir gənclərimizin dünyaya çıxmasına, onların öz həmyaşıdları ilə müxtəlif diskussiyalara baş vurmasına yardımçı ola bilər. Türkiyənin bir çox tanınmış teatrşünaslarının da qonaqların sırasında olmaları festivalın dəyərini daha da qaldırır.

“Özümüz” adlı tamaşa ilə bu festivala qatılan ADU-nun teatr klubu ötən il Kamal Abduallanın “Bir, iki, bizimki” tamaşası ilə Ankara və Samsunda çıxış etmişdir.

Bu iki festivalın açılışı apreln 20-də Antalyada Akdeniz Universitetində baş tutub. Akdeniz Universitetinin teatr klubunun təşkilatçılığı ilə aprelin 26-dək davam edib. Festival ərzində müxtəlif universitetlərin tələbələri həm dünya ədəbiyyatından seçmə əsərləri, həm öz ssenariləri əsasında hazırladıqları səhnəcikləri təqdim edirlər. Azərbaycan universitetləri arasında yeganə olaraq festivala qatılan ADU-nun teatr klubu öz ssenariləri əsasında hazırladıqları tamaşanı oynayıblar.

ADU-nun tələbələrinin ifası tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb böyük maraqla izlənilib. Aprelin 26-da festivalın Akdeniz Universiteti üzrə bağlanma mərasimi keçirilib. Tədbir zamanı Azərbaycan Dillər Universitetinə diplom təqdim edilib. Daha sonra keçirilən bədii hissədə Azərbaycan musiqisi səsləndirilib.

ADU-nun mətbuat xidmətindən aldığımız məlumata görə, aprelin 20-dən 26-dək Akdeniz Universitetində keçirilən festival aprelin 27-dən 30-dək İstanbulda Fatih Universitetində davam edəcək. ADU-nun teatr klubunun növbəti çıxışı aprelin 28-də Fatih Universitetində baş tutacaq.

 

 

Qəzənfər QASIMOV

 

Xalq qəzeti.- 2009.- 28 aprel.- S. 7.