Ona müsbət xarakterli rollar daha çox yaraşırdı

 

Dünyanın kino sənəti inkişaf etmiş ən böyük ölkələrində ilkin mərhələdə kino teatrdan çox bəhrələnib. Elə Azərbaycan kinosunun inkişafında da teatrın böyük rolut olmuşdur. Kino sənətimiz teatr aktyorlarının xidmətindən çox bəhrələnmişdir. Teatrdan kinoya gələn onlarla aktyorumuzun adını çəkmək olar. Onların arasında böyük sənətkar Məmmədrza Şeyxzamanov da var.

Məmmədrza müəllim Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsubdur. Bu aktyorun yaradıcılıq yolu ölkəmizin teatr və kino tarixinin böyük bir dövründən keçir.

O, isti avqust günlərinin birində Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərində anadan olmuşdur. Bu şəhərin mədəni mühiti onun taleyində əhəmiyyətli rol oynamışdı. Orta təhsilini bu şəhərdə almış Məmmədrza Şeyxzamanov aktyorluq peşəsinə bu şəhərdə də yiyələnmişdir. Belə ki, teatra hədsiz həvəs onu Gəncə Dram Teatrı Studiyasına gətirmişdi. Özfəaliyyət dərnəklərində iştirakı, müxtəlif səpkili rollar ifa etməsi onu az da olsa tanıtmışdı. Beləliklə, ömrünü əbədi olaraq aktyor sənətinə bağladı və Gəncədən başlanan sənət yolu Bakıda davam etdi. Elə Bakıda da sona yetdi. 1936-cı ildən 1954-cü ilə qədər Gəncə teatrında çalışan aktyor burada bir sıra mürəkkəb, dramatik xarakterli rolları ifa etdi. Özü deyirdi ki, Gəncə teatrı mənim sənət taleyimdə mühüm rol oynadı. Məmmədrza müəllim bu teatrın aparıcı aktyorlarından birinə çevrilmişdi. Onun qəhrəmanları əsasən xeyirxah, zəhmətsevər, millətini və xalqını böyük məhəbbətlə sevən namuslu insanlar idi.

Azərbaycan Dövlət Akademik Dram Teatrına gələndə isə o, artıq yetkin aktyor kimi şöhrət qazanmışdı. 1955-ci ildən ömrünün sonuna kimi Məmmədrza müəllim bu teatrda çalışdı. Az vaxt ərzində teatrın kollektivinin böyük hörmətini qazanan aktyor, teatrın repertuarındakı əksər tamaşalarda çox dəyərli rollar aldı. Zəhmətsevərlik, mehribançılıq, səmimiyyət onun xarakterinin əsas xüsusiyyətləri idi. Məmmədrza müəllim təbiətcə sakit adam idi. Çoxlu dostları vardı, hamı ona xüsusi məhəbbətlə yanaşırdı. Bu aktyorun teatrda yaratdığı rolları sadalamaqla qurtaran deyil. Onlardan bir neçəsini xatırlatmaq istərdik. O, Vaqifdə Qacarı, Fərhad və Şirində Xosrovu, Yaşarda İmamyarı, Aydında Aydını, Göz həkimində Şahbazovu, Antoni və Kleopatrada Edqarı, Ölülərdə Hacı Həsəni, İblisdə İxtiyarı böyük istedadla ifa etmişdi. Aktyor oynadığı rolları özününküləşdirə bilirdi, onları öz daxilindən gələn xüsusi həvəslə ifa edirdi.

Hər halda Azərbaycan tamaşaçıları onu daha çox teatr aktyoru kimi tanıyırdılar. Əslində isə Məmmədrza müəllim kinomuza teatrdan az xidmət göstərməmişdi.

Onu kinoya böyük sənətkar, kinorejissor Lətif Səfərov gətirmişdi. Bəxtiyar filmini 1955-ci ildə ekranlaşdıran rejissor ona professor Rəcəbov rolunu həvalə etmişdi. Sakit, həlim təbiətli professor konservatoriyada dərs deyir. O, bu sənəti ürəkdən sevir və istəyir ki, Azərbaycan musiqisinə istedadlı gənclər gəlsin. Bağ evində məktəbli Bəxtiyarla ilk tanışlıqdan onun böyük gələcəyi olacağına inanır və ona bu sənətin ardınca getməyi məsləhət görür. Sonradan neftçi olan Bəxtiyarı tapır və onu yenə müğənni olmağı, konservatoriyaya gəlməyi tövsiyə edir. Axır ki, professor Rəcəbov öz arzusuna yetişir və filmin finalında biz Bəxtiyarın konservatoriyada professora imtahan verdiyini görüb, onun gələcəyin böyük müğənnisi olacağına inanırıq. Məmmədrza müəllimin yaratdığı bu obraz əsl mənada ziyalıdır. Xalqına, onun milli xüsusiyyətlərinə yüksək hörmətlə yanaşan bir insandır. Onun ifası üçün elə cizgilər tapa bilmişdir ki, obraz tam həyati təsir bağışlayır.

Bir il sonra rejissor İsmayıl Əfəndiyev onu Kölgələr sürünür filminə dəvət etdi. Niyazov o qədər böyük rol olmasa da, aktyor onu sevdirə bilib. Bu film geoloqların həyatından bəhs edir və çox mürəkkəb insan münasibətləri filmin dramaturgiyasını səciyyələndirir.

Kino getdikcə Məmmədrza müəllimin yaradıcılığında daha mühüm yer tutmağa başlamışdı. O, teatrda işləyə-işləyə filmlərdə də çəkilirdi.

Bir qalanın sirri filmi Çiçəkli dağ (müəllif M.Təhmasib) pyesi əsasında çəkilmişdi. Bu filmlə rejissor Əlisəttar Atakişiyev uşaq kinosunun ən gözəl nümunəsini yararmışdı. Filmdə Məmmədrza müəllimə həkim Eldostu rolu həvalə olunmuşdu. Biz hələ uşaq yaşlarımızda bu filmə baxıb həkim Eldostunu sevmişik. O, yenə də xeyirxah, insanların xoşbəxtliyinə çalışan çox mehriban bir insandır. Bütün əzablara baxmayaraq o, şər qüvvələrə kəşf etdiyi dərmanın sirrini vermir. Hətta başa dördərilsə belə. Bütün nağıllarda olduğu kimi burada da hadisələr xeyir qüvvələrin qələbəsi ilə bitir və həkim Eldostu xilas edilir.

Məmmədrza Şeyxzamanov 60-cı illərdə kinoda daha məhsuldar işləmişdir. Böyük dayaq filmi onun yaradıcılığında məxsusi yer tutur. Bu film Azərbaycan kinosunun uzunömürlü kinolentlərindəndir. Onun qəhrəmanları sovet dövrünün kənd adamlarıdır. Məmmədrza müəllimə bu filmdə raykom katibi rolu həvalə edilmişdi. Şərəfoğlu Rüstəm kişinin cəbhə yoldaşıdır. İndi isə Rüstəm kişinin kolxoz sədri işlədiyi rayona birinci katib təyin olunmuşdur. Şərəfoğlu Rüstəm kişinin işgüzar, prinsipial, öz vəzifə səlahiyyətini yaxşı başa düşən bir rəhbər olduğunu öyrənir. O, Rüstəmin düşdüyü vəziyyət haqqında da məlumat alır və sonra ona əl tutmağa, bu vəziyyətdən onu çıxarmağa çalışır. Rüstəm kişiyə məsləhət verməyi də unutmur. Onun səhvlərini üzünə deyir.

Rüstəm isə artıq ətrafındakı nadan adamların torundan yaxa qurtara bilmir. Nəticə isə acınacaqlı olur və xeyirxah insanların köməyi ilə xilas olur.

Şərəfoğlu M.Şeyxzamanovun rolları arasında öz yüksək ifasına görə seçilən obrazdır.

Onun Əhməd haradadır? filmindəki Şirin kişi rolu komik planda işlənmiş bir obrazdır. Bu rolu ilə o, demək olar ki, öz ampluasından çıxmış və çox maraqlı bir ekran qəhrəmanı yaratmışdır.

Nəsimi filmində Şeyx Əzəm isə tamamilə mənfi bir roldur. Amma onun ifasında yaxşı baxılır. Bu rolu ilə aktyor xarakterlər ustası olduğunu bir daha sübut etdi. Onun yaratdığı İsfəndiyar kişi (Tütək səsi) olduqca maraqlı bir obrazdır. Müharibənin əzablarını yaşayan İsfəndiyar kişi kəndin ağsaqqalıdır. Kənddə baş verən bütün münaqişələr onun müdaxiləsi ilə həll edilir. Hətta Qılınc Qurban belə onunla hesablaşır. Oğlundan qara kağız alanda onun keçirdiyi iztirabları aktyor çox məharətlə ifa edə bilmişdi.

Məmmədrza Şeyxzamanov bütün mənalı ömrünü aktyor sənətimizin inkişafına həsr etmişdir. Onun çoxsaylı teatr və kino rolları qalereyasına diqqət yetirsək bir daha bu böyük aktyorun necə məhsuldar bir sənətkar olduğunu görərik. O, xalq artisti idi. Xalq onu sevirdi və bu bu gün də bu məhəbbət sönmək bilmir.

 

 

M.Mükərrəmoğlu

 

Xalq qəzeti.- 2009.- 11 avqust.- S. 6.