Bir dön bizim Bakıya bax...

 

Bu sözlər böyük Azərbaycan şairi Səməd Vurğunun Azərbaycan şeirindəndir. Bakı həmişə öz gözəlliyi, mədəni mühiti ilə diqqəti cəlb etmişdir. Son illər isə bu nailiyyətlər inanılmaz dərəcədə artmışdır. Heç təsadüfi deyil ki, 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. İndi təkcə İslam dünyası deyil, Avropanın, Amerikanın ölkəmizdə qonaq olan nümayəndələri də Bakının gözəlliyindən, inkişaf səviyyəsindən heyranlıqla danışırlar.

Əlbəttə, bu nailiyyətlərin qazanılmasında Bakı Şəhəri Mədəniyyət və Turizm İdarəsinin də öz payı vardır. İlin birinci yarısını uğurla başa vuran idarənin kollektivi Bakımızın qədim mədəni nailiyyətlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün bütün imkanları səfərbər etmişdir. İdarənin rəisi Əlikram Əliyevlə söhbətimizdə bildirdi ki, bu nailiyyətlərin qazanılması ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin mədəniyyətə yüksək qayğısının nəticəsidir. Möhtərəm Prezidentimizin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında dövlət başçımız demişdir: Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bu birmənalı belədir və hər bir Azərbaycan vətəndaşı qürur hissi ilə bunu deyə bilər.

Əlikram müəllim dedi ki, bu sözlər, Bakı şəhər mədəniyyət işçilərində qurur hissi doğurur. Çünki bizim kollektivin də bu gözəlliyin yaranmasında xidmətləri var. Xüsusilə ilin birinci yarısında kollektivimiz daha məhsuldar işləyərək əhəmiyyətli tədbirlərin həyata keçirilməsini təmin etmişdir.

Sonra Əlikram müəllim bu ilin birinci yarısında həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı Muzeylər Mərkəzində, Fəvvarələr meydanında və Milli Parkda keçirilənt bütün tədbirlərdə mədəniyyət evlərinin iştirakı təmin edilmişdir. Bu tədbirlər rəhbərlik tərəfindən yüksək qiymətləndirilmişdir.

Əlbəttə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri bizim tədbirlərdə yaxından iştirak edirlər. Biz mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin xüsusi qayğısı nəticəsində əksər problemlərimizi asanlıqla həll edirik. Eləcə də Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hər vaxt təşəbbüslərimizi dəstəkləyir. Ona görə də tabeçiliyimizdə olan mədəniyyət evlərinin, muzeylərin, kitabxanaların, musiqi məktəblərinin fəaliyyətində yeniliklər yarada bilirik. Bu təşkilatların maddi-texniki bazaları son vaxtlar xeyli gücləndirilmiş, onların metodiki vəsaitlərlə təmin olunması işi yaxşılaşdırılmışdır.

Yeni iş metodlarının tətbiqi işi fəaliyyətimizdə əsas yer tutur. Məsələn, Bakı şəhər Kitabxana-Turizm Mərkəzinin yaradılması bu qəbildən olan işlərimizdəndir. Ənvər Məmmədxanlı adına kitabxanada yaradılmış bu mərkəz Bakıda turizmin inkişafına kömək məqsədi daşıyır. Biz həmin kitabxananın fondunu və inventarlarını digər kitabxanalara payladıq.

Kitabxanalarda informasiya mərkəzlərinin yaradılması işinə də başlamışıq. Bu yaxınlarda M.Qorki adına mərkəzi səyyar kitabxana fondunda belə mərkəz açılmışdır. Belə informasiya mərkəzləri kitabxanalarla oxucular arasında sıx əlaqə yaradılması işinə xidmət edir.

Bizim idarənin internet saytı yaradılmışdır ki, bu saytda keçirdiyimiz tədbirlər, idarənin fəaliyyəti ilə bağlı mütəmadi olaraq məlumatlar yerləşdirilir.

Demək olar ki, elə bir bayram, elə bir əlamətdar gün olmayıb ki, idarə tərəfindən xüsusi tədbirlər planı hazırlanmasın. İlin birinci yarısında mədəniyyət evlərində Yanvar faciəsi ilə bağlı 32, Gənclər Günü ilə bağlı 20, Xocalı faciəsi ilə bağlı 32, 9 May Qələbə Günü ilə bağlı 21, 28 May Respublika Günü ilə bağlı 34, Milli Ordu Günü münasibəti ilə 28 tədbir keçirilmişdir. Tədbirlərimiz çox olub, onların hamısını sadalamağa ehtiyac duymuram.

Belə tədbirlər təkcə mədəniyyət evlərində deyil, həmçinin kitabxanalarda, muzeylərdə və parklarda da keçirilir. Məsələn, kitabxanalarımızda C.Cabbarlının, Q.B.Zakirin, N.B.Vəzirovun, A.Səhhətin yubileyləri ilə bağlı maraqlı tədbirlər keçirilmiş və həmin tədbirlərdə ziyalıların, yazıçı və digər sənət adamlarının iştirakı təmin edilmişdir.

Əlikram müəllim son vaxtlar Bakıda yeni mədəniyyət ocaqlarının tikilməsi, bəzilərinin əsaslı təmir olunub yenidən istifadəyə verilməsi məsələləri ilə bağlı fikirlərini də bizimlə bölüşdü. Dedi ki, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın mədəniyyətə qayğısı nəticəsində Bakıda bir neçə yeni mədəniyyət obyektləri tikilmiş, bir neçəsi bərpa edilmişdir. Muğam Mərkəzi, Xalça Muzeyi bu tip obyektlərdəndir. Bakıda Beynəlxalq Muğam Fevtivalının keçirilməsi böyük mədəni hadisəyə çevrildi.

Bu gün Azərbaycanımızın paytaxtı Bakı əsl mənada mədəniyyət mərkəzinə çevrilmişdir. Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı 2009-cu ilin sonunadək beynəlxalq miqyaslı tədbirlər davam etdiriləcək. Çalışacağıq ki, möhtərəm Prezidentimizin Bakıda mədəniyyətin inkişafına göstərdiyi qayğıya öz əməli işimizlə cavab verək.

 

 

M.Mükərrəmoğlu

 

Xalq qəzeti.- 2009.- 12 avqust.- S. 6.