Beynəlxalq tədbirlər davam etdiriləcək

 

Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunduğu 2009-cu ildə şəhərimizdə bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilmişdir. Müxtəlif festivallar, görüşlər, paytaxt əhalisinin İslam mədəni dəyərləri ilə daha yaxından tanış olmaq imkanı yaratmışdır.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu tədbirlərə İslam ölkələrinin mədəniyyət xadimlərinin də qatılması ölkələrimiz arasında mədəni mübadilənin inkişafında əsaslı rol oynayır.

Qarşıda isə bir çox tədbirlərin keçirilməsi gözlənilir. Sentyabr ayında Şərq-Qərb beynəlxalq kinofestivalı olacaq. Həmin tədbirlər sırasında beynəlxalq kulinariya festivalının keçirilməsi də nəzərdə tutulur. İSESKO-ya üzv dövlətlərin mətbəx və kulinariyasına həsr olunacaq bu festival çərçivəsində Bakıda beynəlxalq konfrans keçiriləcək. Konfransda İslam ölkələrinin mütəxəssisləri iştirak edəcək, milli kulinariya mədəniyyətinə dair fikir mübadiləsi aparılacaq. Beynəlxalq festival çərçivəsindəki tədbirlərə islam ölkələrinin milli mətbəx və kulinariyasına həsr olunan incəsənət əsərlərinin nümayişi, kulinariya-incəsənət yarışları da daxildir.

Eyni zamanda, bu tədbirlər sırasına Mərakeş Krallığının mədəniyyət günlərinin keçirilməsi də daxildir. Bakıda Krallığın tarixini, mədəniyyətini əks etdirən sərgilər, müxtəlif xalq oyunları təşkil ediləcək, filmlər nümayiş olunacaq. Ölkəmizə gələn mərakeşlilərə də Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmaq imkanı yaradılacaq.

Bundan başqa Bakı İslam Mədəniyyətinin Paytaxtı2009" çərçivəsində keçirilən tədbirlərdən biri də Üzeyir musiqi gününə həsr olunmuş ənənəvi Üzeyir musiqi həftəsi"ndə qonaqların iştirakıdır. Bundan başqa, Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin ifasında İslam ölkələri bəstəkarlarının əsərlərindən ibarət konsert, İstanbulun Əsgər muzeyində saxlanılan Şirvanşahlar dövrünə aid zirehli geyimlər sərgisi də var.

Ən əhəmiyyətli tədbirlərdən biri noyabrın 2-dən 5-dək Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan MEA və Azərbaycan Tarixi Muzeyi ilə birgə keçirilməsi nəzərdə tutulan Bakı İslam Mədəniyyətinin Paytaxtıdır beynəlxalq konfransı olacaq. Konfrans Bakının, maddi və mənəvi mədəniyyətində İslam amili, Bakının müsəlman dünyasında yeri və rolu, Qərb və Şərq alimləri İslam haqqında mövzusunda çıxışlar olacaq.

Tədbir zamanı xüsusi ekskursiyalar da nəzərdə tutulur.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, Bakı İslam Mədəniyyətinin Paytaxtı2009" mədəniyyət ili çərçivəsində 100-dən çox milli və beynəlxalq tədbir keçiriləcək.

 

 

M.Mükərrəmoğlu

 

Xalq qəzeti.- 2009.- 16 avqust.- S. 6.