Naxçıvan Muxtar Respublikası 85

 

Naxçıvan monqol yürüşləri və Teymurilər dövründə

 

Naxçıvan qədim zamanlardan Azərbaycanın ən mötəbər bölgələrindən biri olmuşdur. Azərbaycana, o cümlədən Naxçıvana əsrlər boyu dəfələrlə yadellilərin basqınları olmuş, müharibələr, döyüşlər zamanı insanlar qırılmışdır. Naxçıvan dəfələrlə məhv olub külə dönmüş, amma insanlar yenə də bu külün içindən çıxıb Naxçıvanı yaşatmışlar.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 fevral 2009-cu il tarixli sərəncamı bu qədim diyarın şanlı tarixinin araşdırılması işinə yeni təkan vermişdir. Naxçıvanın qədim və ilkin orta əsrlər dövrü tarixşünaslıq elmimizdə kifayət qədər dərindən və geniş tədqiq olunsa da, Vətənimizin bu qədim və tarixilik baxımdan zəngin bölgəsinin XIII-XIV əsrlər tarixi, tarixi coğrafiyası, ərazi hüdudları, inzibati bölgüsü ilə bağlı bu fikri birmənalı şəkildə təsdiqləmək olmaz.

Orta əsr mənbələrində verildiyi kimi, Cənubi Azərbaycan inzibati-ərazi bölümü baxımından doqquz tümənə bölünmüşdü. Həmdullah Qəzvini (1282-1345) həmin tümənlərdən bir neçəsinin Təbriz, Ərdəbil, Xoy, Sərab, Marağa, Mərənd və Naxçıvanın adını çəkərək onların hər biri barədə müfəssəl məlumat verir. Çoxmənalı tümən sözü orta əsrlərdə bir neçə mənada işlənərək həm 10.000 döyüşçünü birləşdirən hərbi bölümü, həm 10.000 dinara bərabər pul vahidini, həm də 10.000 əsgər verə biləcək inzibati-ərazi vahidini bildirirdi. Göründüyü kimi, Naxçıvan bölgəsi Azərbaycanın bir tüməni idi və dövlətə 10.000 döyüşçü vermək qüdrətinə malik idi. Naxçıvan tüməninə Azərbaycanın o zamankı 27 iri şəhərindən beşi Naxçıvan, Ordubad, Azad, Əncan və Maquyə şəhərləri daxil idi.

Naxçıvan tüməni Araz çayının hər iki sahilində geniş ərazini əhatə edirdi. Onun hüdudları Makudan Qafan dağlarına, Qarabağa və Göyçə gölünə qədər uzanırdı. Maku, Dvin və Qafan əraziləri Naxçıvan tüməninə daxil idi. Naxçıvanın qərb hüdudlarına Dvin (Dəbil, Dəvil) şəhərinin də daxil olduğu o dövrün tarixi mənbələrində birmənalı şəkildə əks olunmuşdur. Bu faktlar həmin ərazilərə ermənilərin iddialarının tam əsassız olduğunu sübut edir. Ərəb coğrafiyaşünası Yaqut Həməvinin (1179-1229) yazdığına görə, Dvin Arran vilayətində, Azərbaycanın ucqar hüdudlarında yerləşmişdir. Ərəb müəlliflərindən Əbu Bəkr əl-Əhəri, əl-İmarı, əl-Məkrizi, Əbu-l-Fida, İbn Xəlqun və başqaları da bədxah qonşularımızın qədim erməni dövlətinin mərkəzi deyə iddia etdikləri Dvin şəhərinin orta əsrlərdə Naxçıvanın, deməli, Azərbaycanın tərkibində olduğunu söyləməyə əsas verir. Fəzullah Rəşidəddinin (1247-1318) məlumatına görə, həmin dövrdə Qafan ərazisi də Naxçıvan tüməninə daxil olmuşdur.

Naxçıvan şəhərinin təbii-coğrafi şəraiti, əhalisinin sıx olması, islamın şafəi təriqətinə mənsub olması, bədii oyma, ağac emalı sənətində mahir olmaları, qorxmazlığı, qonaqpərvərliyi, xoş xasiyyətləri ilə seçilmələri, rəftarının xoşagələn olması və bir çox dillərdə danışa bilmələri, eləcə də bu şəhərdə çoxlu möhtəşəm tikililərin olması, torpağının münbitliyi, havasının təmiz, suyunun dadlı olması və digər xüsusiyyətlər barədə orta əsr mənbələrində geniş və ətraflı məlumatlar verilmişdir. Həmin dövrdə Naxçıvan şəhəri Şərqin mühüm elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur.

Mənbələrdə Ordubadın bağlar arasında yerləşən bir şəhər olduğu, Qarabağlardakı memarlıq kompleksində Hülaku xanım arvadı, 1282-1284-cü illərdə Azərbaycanda hakimiyyət sürmüş Əhməd Təkudarın anası, dövrünün tanınmış şəxsiyyəti, dövlət xadimi olmuş Quti Xatunun şərəfinə mavzoleyin (baştağın) tikildiyi, Vənənd kəndində Şəmsəddin Məhəmməd Güneyni (1225-1283) tərəfindən möhtəşəm xanəgahın tikilməsi, müasir Culfanın həmin dövrdə Culahə adlanması barədə tarixi məlumatlar verilmişdir.

Araz çayı, onun üzərindəki Xudafərin və Ziyaülmülk körpüləri Naxçıvanın iqtisadi həyatında, qonşu ölkələrlə əlaqələrində mühüm rol oynamışdır. Dövrün mənbələrində onların təsviri və baş vermiş hadisələr barədə kifayət qədər məlumat vardır. Yaqut Həməvi Araz çayını möcüzəli çay adlandırmışdır. Xudafərin körpülərindən 11 aşırımlı körpü XIII əsrdə bərpa olunmuşdur. Ziyaülmülk körpüsündə 1387-ci ildə çoxlu insan tələfatına səbəb olmuş şiddətli yanğın törədildiyini xəbər verən Şərafəddin Əli Yəzdi körpünü təsvir edərkən yazır: Naxçıvan vilayətində, Culahə kəndi yanında Araz çayı dağın ətəyindən keçən yerdə yonulmuş daşdan olduqca möhkəm və dəyanətli, son dərəcə hamar və gözəl körpü salmışlar. Körpünü elə tikmişlər ki, dərrakəli ağıla malik mühəndis belə onu müşahidə etdikdə heyran qalır. Bu körpü asimanın göy səması altında tağ salmış və heç kəsin cahanda tayı-bərabərini göstərə bilmədiyi möhtəşəm bir körpüdür.

Həmin dövrdə Naxçıvan və onun ətrafında Əlincə, Sürməli, Gərni, Taqmar, Fəqnan kimi qala və istehkamlar mövcud olmuşdur. Öz möhtəşəmliyi, strateji mövqeyi, təbii şəraiti ilə fərqlənən Əlincə qalası XIII-XIV əsrlərdə Azərbaycanda mövcud olmuş dövlətlərin tarixində, eləcə də xalqımızın azadlıq mübarizəsində əvəzolunmaz rol oynamışdır. Qalada dövlət xəzinələri saxlanmış, ondan hakim təbəqənin sığınacaq yeri, siyasi məhbuslar üçün həbsxana və nəhayət, xarici düşmənlərə qarşı müdafiə istehkamı kimi istifadə olunmuşdur. Qəddar çobani əmiri Əmir Əşrəf 1357-ci ildə ölkədən qaçarkən Əlincədəki xəzinəni və əmlakı da özü ilə götürür, mənbələrin yazdığına görə, bu var-dövləti daşımaq üçün 400 qatır və 100 qatar dəvə (hər qatarda azı 10 heyvan olurdu) lazım gəlmişdi.

Dövrün siyasi hadisələrinin mərkəzində duran Əlincənin tarixində XIV əsrin son rübü xüsusi yer tutur. Bu, Əmir Teymurun hücumları və qalanın qəhrəmancasına müdafiəsi ilə bağlıdır.

Göründüyü kimi, Naxçıvan diyarı XIII-XIV əsrlərdə Azərbaycanın inzibati-ərazi bölgüsündə əsas yerlərdən birini tutmuş, Naxçıvan tüməni müasir Naxçıvan ərazisinə nisbətən daha geniş ərazini əhatə etmiş, onun qala və istehkamları, xüsusilə Əlincə qalası diyarın və Azərbaycan xalqının həyatında və azadlıq mübarizəsində mühüm rol oynamışdır.

XIII əsrin əvvəllərində bütün Azərbaycan şəhərləri kimi Naxçıvan da monqol ordularının hücumuna məruz qaldı. Monqol sərkərdələrindən Cəbə noyon və Sabutay bahadırın qoşunları 1120-ci ildə Ərdəbili, Təbrizi və Naxçıvanı tutub qarət etdilər. Eldəniz hökmdarı Atabəy Özbək Təbrizdən Naxçıvana qaçmış və Əlincə qalasında gizlənmişdi.

Xarəzmşah Məhəmmədin monqollar tərəfindən təqib olunan oğlu Cəlaləddin 1225-ci ildə Azərbaycana soxuldu. Atabəy Özbək yenə də Təbrizi tərk edib Naxçıvanda Əlincə qalasında sığınacaq tapdı. O, elə burada da, qalanın müdafiəsi zamanı həlak oldu və bununla da ümumən Azərbaycanın, eləcə də Naxçıvanın tarixində mühüm rol oynamış Atabəylər dövləti süqut etmiş oldu. Belə güman etmək olar ki, Əlincə qalasında yerləşən, xalq arasında özbək qəbri adlandırılan məzar Atabəy Özbəyə məxsusdur. Əlincə qalası XIII əsrdə Hülaku xanlarının, XIV əsrdə isə Cəlairi əmirlərinin əlində olmuşdur.

Naxçıvan digər Azərbaycan şəhərləri ilə birlikdə qısa bir müddət Cəlaləddinin hakimiyyəti altında qaldı. XIII əsrin 30-cu illərindən isə monqolların yeni yürüşləri nəticəsində bütün Azərbaycan torpaqları kimi Naxçıvan da Ali Monqol xanlığının idarəsinə daxil oldu. Monqol hökmdarlarından Hülaku xan (1258-1265) İranı və Azərbaycanı öz hakimiyyətinə tabe etmişdi. Naxçıvan şəhəri də Hülakular (Elxanilər) dövlətinin tərkibində idi. Qızıl Orda xanları ilə Elxanilər arasında gedən və yüz ilə yaxın davam edən müharibələr nəticəsində bütün Azərbaycan şəhərləri kimi Naxçıvan da böyük ziyan çəkərək var-yoxdan çıxmışdı.

1253-cü ildə Naxçıvanda olmuş avropalı səyyah Vilhelm de Rubruk bu dağıntıları təsvir edərək yazır ki, monqollar şəhəri, demək olar ki, boş səhraya çeviriblər. Məhəmməd Naxçıvaninin məlumatlarından da görünür ki, monqollar şəhərin əksər hissəsini dağıdıb qarət etmişlər, onun əvvəlki nəqşi-cahanını pozmuşlar. Bütün bunlara baxmayaraq, Naxçıvanın möhtəşəm və alınmaz qalaları monqol istilaları dövründə də öz tarixi müdafiə şöhrətini saxlamışdır. Qazan xanla (1295-1304) Baydu xan arasında vuruşlar gedən zaman Naxçıvan yenə də əlverişli sığınacaq rolu oynamışdır. Baydu xan xilas olmaq üçün Naxçıvana qaçaraq Əlincə qalasında gizlənmişdir. Onun hərbi rəisləri Çoban Quqaçar və Buqday Qazan xanın tərəfinə keçdilər, Baydu xan isə tutularaq edam edildi. Bundan sonra Naxçıvan Qazan xanın hakimiyyəti altında olmuşdur. Qazan xanın apardığı islahatlar nəticəsində XIII əsrin sonlarından etibarən digər Azərbaycan şəhərləri kimi Naxçıvan da bərpa olunur və tədricən dirçəlməyə başlayır. Bu dövrdə Naxçıvan öz əvvəlki şöhrətli vəziyyətinə qayıda bilməsə də, Elxanilər dövlətinin ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi tanınırdı.

Məhəmməd Naxçıvani və Həmdullah Qəzvininin məlumatlarına görə, bu dövrdə Naxçıvanda duz, mis istehsal olunur, misgərlik sənəti inkişaf edir, iri sənətkar emalatxanaları fəaliyyət göstərirdi. Monqol istilaları Naxçıvanın ticarət əlaqələrinə mənfi təsir göstərsə də, tam mane ola bilməmişdi. Qazan xanın 1303-cü ildə keçirdiyi pul islahatından sonra Hülakular dövləti ərazisində yaradılmış 75 zərbxanadan biri də Naxçıvanda idi. Naxçıvanda ticarət ildən-ilə genişlənirdi. Hülaku elxanları adından müxtəlif dəyərli sikkələr kəsilirdi. Əbu Səidin hakimiyyəti dövründə 1333-cü ildə Naxçıvanda ilk dəfə qızıl sikkə zərb edilmişdi. Əsasən isə gümüş dirhəmlər kəsilirdi.

XIV əsrin 30-cu illərində Hülakular dövləti feodallıqlara parçalandı. Bu dövrdə Naxçıvan müxtəlif feodal əmirlərinin döyüş meydanına çevrilmişdi. XIV əsrin 50-ci illərindən başlayaraq Naxçıvan Çobanilər, Cucilər, Cəlairilər, Müzəffərilər arasında əldən-ələ keçmişdir.

Çobanilər sülaləsindən olan Məlik Əşrəf (1344-1356) Cuci xanı Canıbəy tərəfindən təqib olunarkən Naxçıvana gələrək xəzinəsini Əlincə qalasında mühafizə etməyə başladı. Lakin 1356-cı ildə ələ keçdi və Təbrizdə edam edildi. Bundan sonra Cuci Canıbəyin qüvvələri Naxçıvanı tərk etdilər. Bu zaman Cəlairilər və Müzəffərilər Naxçıvana yiyələnməyə çalışırdılar. 1359-cu ildə Naxçıvan Müzəffəri hökmdarı Mübarizəddin Məhəmmədin hakimiyyəti altına keçdi. 1365-ci ildə isə Cəlairi Sultan Üveys (1356-1374) Naxçıvanı ələ keçirdi.

XIV əsrin 80-90-cı illərindən Azərbaycan və onun Naxçıvan regionu böyük fatehlər Toxtamış və Əmir Teymurun aramsız basqınlarına məruz qalmışdır. Ölkədə mövcud olan feodal pərakəndəliyi və daxili çəkişmələr xalqın yadellilərə qarşı mübarizəsini, demək olar ki, mümkünsüz edirdi.

Qızıl Orda xanı Toxtamışın qoşunları 1385-ci ildə on gün ərzində Təbriz və Marağa şəhərlərini qarət etdikdən sonra Mərəndi və Naxçıvanı taladı, buradan da Qarabağa üz tutdu. 1386-cı ildə Toxtamışın 90 minlik qoşunu yenidən Azərbaycana soxuldu, Naxçıvanı, Təbrizi, Mərəndi, Marağanı tutub qarət etdi. Teymur qoşunlarının hücumundan çəkinən Toxtamış Azərbaycan şəhərlərini, o cümlədən Naxçıvanı viran qoyaraq ölkəni tərk etdi. Bu vaxt Sultan Əhməd Azərbaycandan Bağdada çəkilərkən onun bir sıra əyanları yenə Əlincə qalasında sığınacaq tapdılar.

Əmir Teymurun qoşunları 1386-cı ilin payızında Naxçıvana basqın etdi. Əhali Şeyx Həsənin başçılığı altında düşmənə qarşı mübarizəyə qalxdı. Teymurun qoşunları naxçıvanlıların müqavimətini çətinliklə qıra bildi. Naxçıvanın Gərni və Sürməli istehkamları dağıdıldı. Şeyx Həsən tutularaq Əmir Teymurun hüzuruna gətirildi.

Teymurun qoşunları Əlincə qalasına hücum etsələr də, tuta bilmədilər. Qoşunlar Naxçıvandan Qarsa, oradan Tiflisə, sonra isə Şəki üzərinə hərəkət etdilər.

1387-ci ildə Teymur Qarabağda qışladıqdan sonra Göyçə gölünün sahilinə, sonra isə Mərəndə getdi. Oradan da Naxçıvana dönərək yenidən Əlincə qalasına hücum etdi.

Əlincə qalası Teymura qarşı bu mübarizədə axıra qədər alınmaz qaldı. Sultan Əhməd xəzinəsini, ailəsini və yaxın adamlarını qalada yerləşdirib onun müdafiəsini Əmir Altuna tapşırmışdı. Əmir Altunun ixtiyarında cəmi 300 igid döyüşçü vardı. Teymur üç gün dağın ətəyində gözlədikdən sonra qoşunun qalaya həmlə etməsi barədə əmr verdi. Ertəsi gün Teymur qoşunu ilə qala müdafiəçiləri arasında döyüş oldu. Teymurun döyüşçüləri qalanın aşağı səngərlərini ələ keçirib dağıtdılar, müdafiəçilər isə qalanın yuxarı hissəsinə çəkildilər. Teymur qalanı mühasirəyə aldı. Qala daxilindəki su ehtiyatı tükəndiyindən müdafiəçilər çətin vəziyyətə düşdülər. Onlar Teymurun yanına elçi göndərib danışıq aparmağa məcbur oldular. Teymur qalanın təslim olacağını yəqin edib qoşununu Əlincə qalasının ətəklərinə endirdi. Lakin bu zaman yağan güclü yağış qaladakı hovuzları su ilə doldurdu. Beləliklə, müdafiəçilər qalanı tərk etmədilər və düşmən Əlincəni ala bilmədi. Teymur qalanın mühasirəsini daha da möhkəmləndirib özü Naxçıvana çəkildi. Bundan sonra o, qaraqoyunlu Qara Məhəmmədə qarşı qoşun göndərdi. Ərzurumda və Ərzincanda qələbə əldə etdikdən sonra 1387-ci ilin yazında Muşdan keçərək Van və Vəstana gələn Teymur Urmiya və Marağa istiqaməti ilə Gilana getdi, ordan isə Səmərqəndə qayıtdı. Tezliklə Azərbaycanda xalq azadlıq hərəkatı baş qaldırdı. Sultan Əhməd və onun Əlincə qalasındakı əmirləri Teymurilərə qarşı mübarizə aparırdılar. Teymur Əlincə qalasının mühasirəsinə Məhəmməd Dərviş Bərlasın başçılığı ilə yeni qüvvələr göndərdi. Əlincənin müdafiə əzminin sındırılmadığını görən Teymur bir müddət sonra Sultaniyyəyə gedib xacə Ağbuğanın başçılığı ilə yeni qüvvələri Məhəmməd Dərvişin köməyinə göndərdi.

Dörd görkəmli sərkərdənin başçılığı ilə 40 min nəfərlik Teymur ordusu qalaya hücum etdi. Bu zaman Altunun başçılığı ilə qala müdafiəçilərindən kiçik bir dəstə təsadüfən qaladan bayıra çıxmışdı. Onlar geri qayıdarkən qala qapılarının düşmən tərəfindən tutulduğunu görüb teymurilərin üzərinə hücum etdilər. Düzgün mövqe tutan Altunun cəsur döyüşçüləri düşmənə böyük tələfat verdilər, dörd düşmən əmirinin ikisi öldürüldü. Altun isə öz dəstəsi ilə qalaya qayıda bildi.

Azərbaycanın əksər ərazilərinin teymurilər tərəfindən tutulmasına baxmayaraq, Əlincə qalası uzun müddət təslim olmadı. Qalanı tutumaq üçün Teymur oğlu Miranşahın Xorasandakı qoşununu da Azərbaycana gətirdi. Onun topladığı çoxsaylı qoşunun sağ cinahı Qarabağ Naxçıvan istiqamətindən Unik qalasına kimi, sol cinahı isə Həmədana qədər çatıdrdı.

1396-cı ildə Teymur qışı keçirdiyi Qarabağdan Ərdəbil-Sultaniyyə-Həmədan yolu ilə Səmərqəndə qayıtdı. Bu vaxt Miranşah Azərbaycanda, o cümlədən Naxçıvanda qarətlər, dağıntıllar törədir, xalq kütləsinin və yerli feodalların var-dövlətini, əmlakını talan edirdi. Azərbaycanda Miranşaha qarşı müqavimət və mübarizə genişlənirdi.

Əlincə qalasının mühasirəsinə rəhbərlik edən Sultan Səncər Şəki və gürcü qoşunlarının hucumu qarşısında mühasirə mövqelərini tərk edərək Təbrizə çəkilməyə məcbur oldu. Əlincənin mühasirəsi qısa bir müddətə aradan götürüldü. Bundan sonra qalanın müdafiəsi Seyid Əli və Hacı Salehə tapşırıldı. Miranşah oğlu Əbu Bəkri Əlincə qalasının üzərinə göndərdi. Qalanın ətrafında qanlı döyüşlər getdi. Şəki və gürcü döyüşçülərinin də iştirak etdiyi vuruşmada Miranşahın ordusu məğlub oldu.

1399-cu ildə Hindistan yürüşündən qayıdarkən böyük strateji əhəmiyyət daşıyan Əlincə qalasının hələ də alınmadığını eşidən Əmir Teymur dörd aydan sonra, həmin ilin payızında yenidən Azərbaycan üzərinə basqın etdi. Əlincə qalası Teymurun uzun illər apardığı müharibələr ərzində hələ də zəbt edə bilmədiyi yeganə istehkam olaraq qalırdı.

Teymur Əlincənin alınmamasından qeyzlənərək bu işin öhdəsindən gələ bilməmiş əmirləri cəzalandırdı. O, 1400-cü ilin yazında Gürcüstanı talan etdi, sonra Sivası, Misiri, Şamı, Hələbi, Mardini, Amidi və başqa bölgələri zəbt etdikdən sonra daha böyük qüvvə ilə yenidən Əlincəyə yollandı.

Bu arada Əlincənin müdafiəsinə rəhbərlik edən Sultan Tahir və əmir Altun arasında baş verən çəkişmələr nəticəsində qala, demək olar ki, müdafiəsiz qalmışdı. Beləliklə, 14 illik qəhrəmancasına mübarizədən sonra 1401-ci ildə Əlincə qalası Teymur qoşunları tərəfindən tutuldu. 1385-1401-ci illər ərzində Azərbaycanda on böyük vuruşma olmuşdu. Bunlardan dördü (1387, 1393, 1397, 1400-cu illərdə) bilavasitə Əlincədə, biri isə (1386) Naxçıvan şəhərində baş vermişdi. Əlincənin, eləcə də Azərbaycanın digər möhtəşəm qalalarının süqutunun əsas səbəblərindən biri daxili feodal çəkişmələri, qüvvələrimiz arasında birliyin olmaması idi.

Teymur Əlincəni alandan sonra Gürcüstana və Bağdada yürüşlər edib Təbrizə qayıdır. Buradan Naxçıvana gəlir, Əlincə qalasına qalxır. Tarixi mənbələr yazır ki, Əlincə qalasının əzəməti Teymuru heyran etmişdi.

Əmir Teymurun ölümündən sonra xələfləri arasında gedən çəkişmələr, ara müharibələri, eləcə də nəhəng imperiyanın bir çox ərazilərində, o cümlədən Azərbaycanda gedən xalq azadlıq hərəkatı nəticəsində teymurilər istila etdikləri torpaqlarda möhkəmlənə bilmədilər. Onlar 1407-ci ildə qaraqoyunlu Qara Yusif və onun müttəfiqi, Ərdəbil hakimi Əmir Rüstəm tərəfindən məğlubiyyətə uğradılaraq hakimiyyətlərini itirdilər.

Azərbaycanda teymurilərə qarşı xalq hərəkatında fəal iştirak edən hürufilərin rəhbəri, böyük mütəfəkkir Fəzlullah Nəimi 1394-cü ildə Miranşah tərəfindən Əlincə qalası yaxınlığında vəhşicəsinə edam edilmişdi. Nəiminin dəfn olunduğu Xanəgah türbəsi Əlincə qalasından şərqdə, Əlincəçayın sol sahilində yerləşir. Xalq arasında Şeyx Xorasani adı ilə məşhur olan bu türbə müqəddəs ziyarətgah sayılır.

1406-cı ildə Naxçıvan yenidən cəlairi Sultan Əhmədin hakimiyyəti altına keçdi. Bu dövrdə Əlincə qalası bərpa edildi.

1412-ci ildə Naxçıvan Qaraqoyunlu dövlətinin tərkibinə daxil oldu. Əlincə qalası bir müddət qaraqoyunlularla ağqoyunlular arasında gedən mübarizələrin meydanına çevrildi. 1491-ci ildə qaraqoyunlu sülaləsinin hakimiyyəti sona çatdıqdan sonra Naxçıvan Ağqoyunluların hakimiyyəti altına düşdü.

Naxçıvanda Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyəti dövrünə aid tarixi dəyərə malik çoxlu qoç hekyəlləri və qəbirüstü sənduqələr vardır. Bu qoç heykəlləri və sənduqələrin bir qisminin üzərində ərəb əlifbası ilə yazılmış kitabələr verilmişdir. Sənduqələrin çoxu adi daşdan, bəziləri isə ağ mərmərdən ustalıqla yonularaq hazırlanmış, üzəri nəbati naxışlarla bəzədilmişdir. Bu heykəl və sənduqələr qiymətli tarixi yadigarlar olmaqla bərabər həm də çox yüksək zövqlə yaradılmış dəyərli sənət əsərləridir.

 

 

Əliyev V.

 

Xalq qəzeti.- 2009.- 9 avqust.- S. 5.