Ümumbəşəri mənəvi dəyərlərin təbliği mərkəzi

 

Heydər Əliyev Fondunun yerinə yetirdiyi missiyalar barədə bəzi mülahizələr

 

...Yaşadığımız XXI əsr bəşər tarixinə qloballaşma, inteqrasiya və informasiya texnologiyaları proseslərinin geniş vüsət aldığı bir dövr kimi daxil olmuşdur. Belə bir zamanda — 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan Heydər Əliyev Fondu — bu çox zəngin elm, maarif, mədəniyyət mərkəzi qısa zaman kəsiyində özünün sosial, siyasi, mədəni və mənəvi sahələrdə qazandığı görkəmli nailiyyətlərlə bütün dünyanı heyran qoymuşdur.

Bu fondun prezidenti YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, ölkəmizin birinci xanımı Mehriban Əliyevanı böyük azərbaycançılıq ideologiyasından doğan milli məfkurəmizin alovlu tədqiqatçısı, təbliğatçısı və mükəmməl bilicisi hesab etmək olar.

Zamanın yaratdığı əlverişli şərait nəticəsində dövlətlərarası, ölkələrarası əlaqələr daim genişlənir. Mədəniyyətlər arasında sərhədlər saflaşır, planet vətəndaşları bir ölkədən digərinə daha sərbəst gedib-gələ bilirlər. Bu, zamanın mahiyyətindən, təbiətindən irəli gələn proses olmaqla yanaşı, onların məskunlaşdığı ölkələrin, vətəndaşı olduğu dövlətlərin birləşdikləri ictimai qurumların da üzərinə çox mühüm vəzifə, missiya qoyur. Belə ictimai birliklərin titanik fəaliyyəti bütün dünyanın sağlam zəkalı, məntiqi düşüncə sahiblərini heyran edir.

Keçmiş SSRİ dövründə Azərbaycan demək olar ki, heç bir nüfuzlu beynəlxalq təşkilatın üzvü deyildi. 1991-ci ildə öz müstəqilliyini qazandıqdan, xüsusilə 1993-cü ildə ulu öndərimiz Heydər Əliyev qədirbilən xalqımızın güclü dəstəyi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ölkəmiz çoxsaylı, nüfuzlu beynəlxalq qurumların, birliklərin və təşkilatların üzvü oldu, Avropa Birliyi, Şimali Atlantika Bloku (NATO) ilə çox sıx əməkdaşlığa başladı. Bunun nəticəsi olaraq Azərbaycanda müxtəlif nüfuzlu beynəlxalq miqyaslı təşkilatlar, assosiasiyalar, birliklər, fondlar və s. fəaliyyət göstərir.

Dünyada mövcud olan qeyri-hökumət təşkilatlarının aparıcı növlərindən müstəqil Azərbaycan Respublikasında da beynəlxalq hüquq normalarına uyğun olaraq yaradılıb və bu gün də yaradılır. Bunlar ekoloji məsələlərlə, insan hüquqları ilə, təhsillə, gender problemləri ilə və s. məşğuldurlar. Buraya fəaliyyətlərinin məqsədi əsasən əvəzsiz, təmənnasız xeyriyyəçilikdən və həmin prinsiplərdən irəli gələn məqsədlərdən ibarət olan xeyriyyə təşkilatları da aiddir. Bu gün müstəqil Azərbaycanda elə xeyriyyə təşkilatları, qurumları var ki, onlar nəinki ölkəmizin daxilində, hətta, onun hüdudlarından çox-çox uzaqlarda da xeyriyyəçilik kimi ali missiya ilə məşğul olurlar. Buna əyani, nümunəvi misal olaraq Heydər Əliyev Fondunu, “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunu, habelə digərlərini göstərmək olar.

Heydər Əliyev Fondu İslam Respublikası olan Pakistanın zəlzələdən çox böyük zərər çəkmiş regionlarının birində nümunəvi məktəb binaları kompleksi tikib istifadəyə vermişdir. Bu fondun Rusiya Federasiyasında — Moskvada, həmin bu ölkənin ikinci böyük şəhəri olan Sankt-Peterburqda nümayəndəlikləri fəaliyyət göstərir. Həri iki nümayəndəliklərin rəhbəri Leyla xanım Əliyevadır. Bu nümayəndəliklər çox yaxşı fəaliyyət göstərir, ölkələrarası dostluq və əməkdaşlığın möhkəmləndirilməsində böyük rol oynayırlar. Müstəqil Azərbaycanın Rusiya Federasiyası ilə qarşılıqlı sosial-iqtisadi, ictimai-siyasi, mədəni və mənəvi sahələrdə münasibətlərini yaxşılaşdırmaq üçün çox böyük faydalı və səmərəli işlər görülməsində də nümayəndəlik səmərəli fəaliyyət göstərir.

Ulu öndərimiz Heydər Əliyevin hərtərəfli titanik fəaliyyətinin, xüsusilə onun 1982-ci ildən 1987-ci ilə qədər SSRİ kimi nəhəng dövlətin ali rəhbərlərindən biri — Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi çox məsul və şərəfli vəzifədə çalışdığı illərdə yaratdığı parlaq nümunələr örnək kimi fondun nümayəndələrinin fəaliyyətində öz geniş əksini tapmışdır. Bu işlər ardıcıl olaraq davam etdirilir.

Müstəqil Azərbaycanın iqtisadi imkanları və qüdrəti artdıqca, ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olduqca, məmləkətimizin vətəndaşlarının həyat tərzi yüksəldikcə və dövlət rəhbərliyi tərəfindən səmərəli, faydalı, məqsədyönlü, uğurlu xarici və daxili siyasətin aparılması davam etdirildikcə ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda xeyriyyəçilik işləri görən bu fondun beynəlxalq miqyasda nüfuzu durmadan artır.

Müasir dövrdə, qloballaşan dünyada heç bir xalq, hər hansı bir millət və ya dövlət bir-birindən təcrid olunmuş halda, qapalı şəkildə yaşaya, fəaliyyət göstərə və mövcud ola bilməz. Bunu nankor, bədnam, təcavüzkar, işğalçı qonşumuzun — Ermənistan Respublikasının timsalında daha yaxşı və aydın şəkildə görmək olar. Ermənistanın müstəqil Azərbaycana qarşı haqsız, ədalətsiz tələblər, dövlət səviyyəsində apardığı torpaq iddiası, etnik təmizləmə siyasəti, onun yaratdığı uydurma, qondarma Dağlıq Qarabağ problemi bu ölkəni bütün qlobal məsələlərdən, regional layihələrdən tamamilə kənarda qoyubdur. Nəticə göz qabağındadır. Ermənistan əhalisi, o cümlədən Azərbaycandan — Dağlıq Qarabağdan həmin ölkəyə köçən ermənilər də qeyd olunan respublikanı tərk edərək dünyanın müxtəlif regionlarına səpələnmişlər.

Müasir dövrdə müstəqil Azərbaycanda xeyriyyəçiliyin inkişafının milli konsepsiyası Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın müəllifliyində öz dərin və geniş əksini tapmışdır. Həmin konsepsiyada sosial siyasətin çox mühüm bir sahəsi kimi xeyriyyəçilik sisteminin qurulmasının əsas istiqamətləri öz həqiqi ifadəsini tapmışdır. Bu baxımdan Heydər Əliyev Fondunun timsalında bu siyasətin məğzi Azərbaycan cəmiyyətinin üç sektorunda — dövlət, biznes və qeyri-kommersiya sektorunda öz geniş əksini tapmışdır.

Mehriban xanım Əliyeva bu fondla yanaşı, “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fonduna da çox böyük bacarıq və səriştəliklə rəhbərlik edir.

1995-ci ildə Mehriban xanım Əliyeva tərəfindən yaradılmış “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondu ümumbəşəri mənəvi dəyərlərlə zəngin olan milli mədəniyyətimizin inkişafına çox böyük töhfələr və ərmağanlar vermişdir. Qədim və zəngin ənənələrə malik xalqımızın maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması, eləcə də bütün dünyaya yayılmasında çox böyük və mühüm rol oynayan “Azərbaycan-İrs” jurnalının nəşrə başlamasını da son dərəcədə təqdirəlayiq tarixi fakt kimi də qeyd etmək zənnimizcə yerinə düşərdi. Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən bu jurnalda qısa zaman kəsiyində qədim və zəngin mədəniyyətimizin, dünya miqyaslı, şöhrətli tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinin vacibliyi, zəruriliyi ilə bilavasitə bağlı çoxsaylı bədii, elmi və publisistik məqalələr dərc olunmuşdur.

“Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondu bir ictimai-iqtisadi və siyasi qurumdan mahiyyətcə və köklü şəkildə fərqlənən digər bir ictimai quruma keçid dövründə, üstəlik də nankor qonşumuzun — Ermənistanın qondarma, uydurma Dağlıq Qarabağ probleminin yaratdığı çətinliklər dövründə milli mədəniyyətimizin üzləşdiyi taleyüklü məsələləri, qarşıda duran başlıca məqsəd və vəzifələri doğru-düzgün müəyyənləşdirərək onların müsbət həlli istiqamətində ardıcıl, təsirli, kompleks tədbirlər hazırlayıb həyata keçirmişdir. Ötən çox qısa zaman kəsiyində, yəni beş il müddətində musiqi təhsilli, gələcək nəsillərin maariflənməsi, ümumiyyətlə ümumxalq, ümumdövlət və mühüm strateji əhəmiyyət kəsb edən təhsil işi hər iki fondun — Heydər Əliyev Fondunun və “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunun xüsusi diqqət mərkəzində olmuş və olmaqdadır.

Azərbaycanın dünya şöhrətli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması” siyahısına İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunun çoxcəhətli fəaliyyətinin təqdirəlayiq məqamları kimi heç zaman unudula bilməz.

Mehriban xanım Əliyevanın dünya mədəni irs klassikasının nadir incisi olan Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bilavasitə bağlı titanik fəaliyyəti onun mənəvi dəyərlərlə nə dərəcədə sıx bağlılığının əyani, canlı təsdiqi və sübutudur. 2005-ci ilin avqust ayında unikal şəhərimiz olan Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması və çox qısa zaman kəsiyində onun istifadəyə verilməsi adı çəkilən fondun ümumbəşəri səpkili, mahiyyətli milli mədəniyyətimizin ən nadir incilərinin təbliği məsələsinin önəmli yer tutduğunu göstərir.

2004-cü ilin may ayının 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə onun xatirəsinin əbədiləşdirilməsi haqqında möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı 10 mart 2004-cü il tarixli fərmanına əsasən Heydər Əliyev Fondunun yaradılması ölkəmizin, xalqımızın və dövlətimizin tarixində çox əlamətdar hadisə oldu.

2004-cü ilin may ayının 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günündə paytaxtımızın Azneft meydanı yaxınlığında Heydər Əliyev Fondunun təntənəli açılış mərasimi keçirilmişdir. Bu fond Heydər Əliyevin siyasi məfkurə fəlsəfəsinin əbədi səciyyəsini əks etdirmək zərurəti, qloballaşan dünyada ulu öndərimizin azərbaycançılıq ideologiyasının ölkəmiz üçün tarixi əhəmiyyətini qeyd etmək niyyəti və onun yaratdığı milli dövlətçilik ideyalarını gələcək nəsillərə daim aşılamaq amalı ilə yaradılmışdır. Fondun ən başlıca məqsədi müasir, müstəqil Azərbaycanın xilaskarı, onun mahir qurucusu olan Heydər Əliyevin zəngin ideya-nəzəri irsinin yaşadığımız Yer planetinin bütün vətəndaşlarına və konkret olaraq Azərbaycan insanına öyrədilməsini, ölkəmizin hərtərəfli tərəqqisi və Azərbaycan xalqının rifahı naminə ondan daha səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasına xidmət edən geniş miqyaslı proqramların müvəffəqiyyətlə həyata keçirilməsini dəstəkləməkdən, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq məfkurəsinin və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bilavasitə bağlı olan əhəmiyyətli işlərin aparılmasına lazımi kömək göstərməkdən ibarətdir.

Bundan savayı, Heydər Əliyev Fondu müstəqil Azərbaycan Respublikasının iqtisadi qüdrətinin artırılmasına xidmət edən layihələrin gerçəkləşdirilməsində fəal iştirak etmək, xalqımızın maddi-rifah halının yüksəldilməsinə dəstək vermək, ölkədə çox məhsuldar qüvvə olan dünyəvi elm, təhsil, mədəniyyət, səhiyyə, idman, xüsusilə də ümumbəşəri mənəvi dəyərlərlə zəngin olan islam şüurunun təkamül yolu ilə inkişafını təmin edən layihələrə yardımçı olmaq, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması ilə bilavasitə bağlı kompleks tədbirlərin uğurla həyata keçirilməsinə yardım etmək kimi əhəmiyyətli fəaliyyət dairəsinə daxil etmişdir. Fondun nəzdində ölkəmizdə sosial-iqtisadi, ictimai-siyasi, mədəni və mənəvi həyatın müxtəlif sahələrini təmsil edən mütəxəssislərdən ibarət Ekspert Şurası fəaliyyət göstərir. Şuranın başlıca məqsədi fondun rəhbərliyi tərəfindən qəbul olunan qərarların böyük və xüsusi səmərəliliyini təmin etməkdir. Fondun nəzdində müxtəlif istiqamətlərdə 22 struktur bölməsi fəaliyyət göstərir:

— nümayəndəliklər, hüquq, mühasibatlıq, humanitar proqramlar departamenti, mədəniyyət və turizm, sosial siyasət, təhsil, gəlirlər və idman, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqə, hüquqi və fiziki şəxslərlə əlaqə, kütləvi informasiya, işlər, insan resursları, ümumi, protokol, analitik informasiya, təbliğat və tədqiqat, mühafizə və s. bu kimi şöbələr və bölmələri misal göstərmək olar.

Fondun prezidenti Mehriban xanım Əliyeva 1982-ci ildə Bakıdakı 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

Mehriban xanım Əliyeva 2004-cü ilin avqust ayının 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki böyük xidmətlərinə görə YUNESKO-nun xoşməramlı səfiri fəxri adına layiq görülmüşdür. O, 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən “İlin qadını” adına, həmin ilin iyununda ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə verdiyi sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeninə layiq görülmüşdür.

Sivilizasiyalararası və dinlərarası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin islam aləmində görülən görkəmli işlərə böyük dəstəyinə görə Mehriban xanım Əliyeva 2006-cı ilin sentyabrında İSESKO-nun İslam Konfransı Təşkilatının üzvü olan 60-a yaxın dövlətin təmsil olunduğu beynəlxalq mədəni-humanitar qunrum olan İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının xoşməramlı səfiri adına layiq görülmüşdür.

Mehriban xanım Əliyevanın təşəbbüsü və İSESKO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” adlı beynəlxalq Bakı forumu çox böyük uğurla keçmişdir. O, həmin forumdakı dərin məna, məzmun və mündərəcə kəsb edən nitqində demişdir:

“Azərbaycan Böyük İpək yolu üzərində yerləşən ölkə kimi tarix boyu yüksək tolerantlıq mühiti yaşamışdır. Bu, həm mədəniyyətimizdə, həm də cəmiyyətimizdə dərin iz qoymuşdur. İndi də bizim cəmiyyətdə belə bir tolerantlıq ab-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolik kilsəsi və sinaqoq, provoslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dialoq əsas dəyərlərin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir. Bu, təkcə tarixin ayrı-ayrı məqamları deyil.

Bu il biz yeni katolik məbədi açmışıq. Tarixi əhəmiyyət daşıyan məscid və kilsələrin bərpası ilə yanaşı, yenilərini də tikirik. Ümidvaram ki, Bakı forumu gələcəkdə ənənəvi şəkil almaqla, sivilizasiyaların faydalı dialoqundan formalaşmasına dair hər birimizin öz ideya və məqsədlərimizi həyata keçirmək üçün imkan yarada bilər”.

Əlbəttə, Heydər Əliyev Fondunun — zəngin ideyaların təbliğinin həqiqi mərkəzinin digər çoxcəhətli, titanik fəaliyyətinə dair daha ətraflı bəhs etmək olardı. Barəsində qeyd etdiyimiz fondun fəaliyyəti, bir qəzet və jurnal məqaləsinin imkanları çərçivəsinə sığmayan cild-cild neçə-neçə kitabın mövzusu ola bilər. Təsadüfi deyildir ki, bu mərkəzin çox qısa zaman kəsiyindəki fəaliyyətini elmi tədqiqata cəlb edən, icraçı direktoru Anar Ələkbərov “Heydər Əliyev Fondunun timsalında Azərbaycanın fond siyasəti” mövzusunda siyasi elmlər namizədi alimlik dərəcəsi almaq üçün çox böyük uğurla dissertasiya müdafiə etmişdir.

 

 

Gülbahar ƏLİYEVA

 

Xalq qəzeti.-2009.-26 avqust.-S.2.