Türkdilli dövlətlər qloballaşma

 prosesindən kənarda qala bilməzlər

 

Türkdilli dövlətlərin birliyinin, heç olmasa mənəvi vahidliyinin bərpası zaman-zaman nəsillərin arzusu olub. Ancaq bu arzuların reallaşdırılması üçün müəyyən zəmin SSRİ-nin dağılmasından sonra yarandı. Əsrlər uzunu bir-birindən ayrı düşmüş, tarixin amansız sınaqları qarşısında minbir faciə və fəlakətdən keçib gəlmiş türkdilli xalqlar, nəhayət, XX əsrin sonu-XXI əsrin əvvəllərində yaxınlaşmaq, yenidən əlaqələr qurmaq imkanı qazandılar. Keçmiş SSRİ ərazisindəki 5 türk dövlətinin, Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin bir-birinə daha sıx bağlanması istiqamətində ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Məhz onun böyük səyləri nəticəsində Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri yüksək səviyyəyə çatmışdır. Hazırda həmin kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir.

İstanbulda Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması istiqamətində atılmış ilk addım xüsusi qeyd olunmalıdır. Həmin toplantıda gələcəkdə görüləcək çox böyük işin təməli qoyuldu. Türkdilli dövlətlər arasında inteqrasiya prosesinin hazırkı vəziyyəti barədə siyasi şərhçi Yasin Qaraməmmədli ilə söhbət etdik.

- Yasin müəllim, son illərdə türk dövlətlərinin yaxınlaşması prosesi güclənib. Necə bilirsiniz, hazırkı beynəlxalq şəraitdə bunun üçün yaxşı zəmin mövcuddurmu?

- Müasir dövrün ən başlıca xüsusiyyəti çox geniş spektrdə qloballaşmadır. Maddi, siyasi, hərbi, daha böyük mənada ümummədəni səviyyədə qloballaşma gedir. Türk dövlətləri, harda yaşamasından asılı olmayaraq türk xalqları da bu prosesdən kənarda qala bilməzlər.

Yadınızdadırsa, 1991-ci il dekabrın 21-də Almatıda SSRİ-nin yaradılması haqqında müqavilə de-yure qüvvədən salındıqdan sonra onun tərkibindəki 12 dövlətin (Baltikyanı ölkələr daha əvvəl müstəqillik qazanmışdı) müstəqilliyinin tanınması, onların beynəlxalq hüququn subyektinə çevrilməsi o qədər də ciddi maneə ilə rastlaşmadı. Bundan sonra Azərbaycanın, eləcə də Mərkəzi Asiyadakı türk dövlətlərinin sürətli müstəqilləşmə prosesi başladı və bu, Türkiyə də daxil olmaqla türkdilli dövlətlərin inteqrasiyası kimi aktual bir məsələni ortaya çıxardı. Düzdür, SSRİ dövründə bu dövlətlər arasında müəyyən əlaqələr vardı, ancaq son dərəcə nisbi idi.

Amma müstəqillik dövrü problemin iki istiqamətdə daha asan həllinə kömək etdi. Birincisi, türkdilli dövlətlərin özləri müstəqillik qazanmışdı və problemlərini Moskva vasitəsilə deyil, özləri birbaşa həll etməli idilər. İkincisi, ictimai sistemin dəyişməsi, keçmiş sovet respublikaları olan bu dövlətlərin bazar münasibətlərinə keçməsi ictimai-iqtisadi fərqi aradan qaldırdı. Bax, bu, yaxınlaşmanı mümkün və zəruri edən ən mühüm amildir. Bununla da türkdilli dövlətlərin ilk inteqrasiyası başladı və 1992-ci ildə türkdilli dövlət başçılarının birinci İstanbul toplantısı baş tutdu.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu proses yeni sanbal kəsb elədi, ona iqtisadi zəmin yarandı. 1994-cü il 20 sentyabr müqaviləsi və Azərbaycan neftinin Ceyhan limanına nəqli əlaqələrə yeni iqtisadi məzmun gətirdi. Eyni zamanda, mədəni əlaqələr də davam etdi. Nəhayət, ötən il Bakıda türk dövlət və cəmiyyətlərinin qurultayı keçirildi və həmin qurultayda Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi iqamətgahı İstanbulda olmaqla türkdilli dövlət başçılarının katibliyinin yaradılması ideyası qəbul edildi. Həmin qurultayda türk dövlətləri parlament assambleyasının yaradılması ideyası da konkret vəzifə kimi qarşıya qoyuldu.

- Artıq bu günlərdə türk dövlətləri parlament rəhbərlərinin iştirakı ilə assambleyanın yaradılması istiqamətində ilk görüş keçirildi. Bu, dövlətlərimizin inteqrasiyasına hansı töhfələri verə biləcək?

- Bəli, bu günlərdə İstanbulda keçirilən parlament rəhbərlərinin sammiti həmin ideyanın gerçəkləşməsi yolunda çox sanballı addımdır. Ümumiyyətlə, hazırda bu inteqrasiya istiqamətində bir çox sahələrdə təşkilatlanma işi gedir. Dövlət başçıları katibliyi də bu işin tərkib hissəsidir. Qanunverici məclislərin əlaqəsinin yaradılması və vahid assambleya (məclis) formalaşdırılması məsələsi də vacibdir. Beynəlxalq təcrübəyə nəzər salaq: Avropa İttifaqının, ATƏT-in, Avropa Şurasının parlament assambleyaları var. Belə bir assambleya türk dövlətləri üçün də vacibdir. Bu, həmin ölkələrin qanunvericilik əsaslarının yaxınlaşdırılmasına gətirib çıxaracaq. İkincisi və daha vacibi, dövlətlərin öz aralarında əməkdaşlığın yeni, müasir formalarına keçilməsində beynəlxalq hüquqi baza yaratmasıdır.

Bu gün assambleyanı əhatə edən məkanda (güman edək ki, digər türkdilli dövlətlər - Tatarıstan, Başqırdıstan və digərləri də hansısa formada, assosiativ qaydada, yaxud müşahidəçi kimi, bu məkana qoşula bilər) beynəlxalq hüquqi baza yaradılmalıdır. Məsələn, Aİ-də üzv ölkələr arasında viza rejiminin, gömrük maneəsinin aradan qaldırılması, kapitalın, insanın, əmtəələrin sərbəst hərəkəti üçün şərait yaradılır. Hesab edirəm ki, qanunvericilik bazasının bu xətti hazırlansa, türkdilli dövlətlərin əlaqəsi son dərəcə genişlənər, miqyaslı olar, hər birinin tərəqqisinə böyük kömək göstərər.

- Özbəkistan və Türkmənistan parlamentlərinin sədrləri İstanbul toplantısında iştirak etmədilər. Bu, təsadüf idi, yoxsa..?

- Əlbəttə, hazırda türkdilli dövlətlər arasında əlaqələr genişdir, spektri müxtəlifdir. İqtisadi əlaqələr hazırda Azərbaycanla Türkiyə arasında daha güclüdür. Qazaxıstanın Azərbaycan və Türkiyənin iştirakçı olduğu bir sıra layihələrə qoşulması məsələsi reallaşır. Bunun artıq müqavilə əsası var. Türkmənistan, Özbəkistan, yaxud Qırğızıstanın bu prosesdə iştirak dərəcəsi ilk növbədə onların iqtisadi potensialından, digər tərəfdən siyasi oriyentasiyasından asılıdır. Başqa bir amili də mütləq nəzərə almaq lazımdır. Bu da dövlətlərin milli mənafeyi ilə istər regional, istər qlobal inteqrasiya prosesləri arasında yaranan ziddiyyətdir. Bunsuz dövlətlərin xarici siyasət meylini, əməkdaşlıq istiqamətini başa düşmək mümkün deyil. Bu halda başa düşmək olar ki, Türkmənistan və Özbəkistanın İstanbul sammitində parlament rəhbərləri səviyyələrində təmsil olunmamalarının səbəbi nədir. Bu məsələdə Rusiya amilini nəzərə almaq lazımdır. Həmin amil hər halda işləkdir. İkincisi, hər belə inteqrasiya prosesində dövlətlərin daxili birliyinə müsbət amillə yanaşı, mənfi cəhətlərin təsirini də nəzərdən qaçırmaq olmaz.

Yadınızdadırsa, 1992-ci ildə İstanbuldan qayıdanda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə rus jurnalistləri belə bir sual verdi ki, indi Türkiyə ilə münasibətlər güclənir, daha Rusiya ilə əlaqələr soyuyacaqmı? O zaman Nazarbayev çox diplomatik cavab verdi: “Bizim bütün türk xalqlarında bir məsəl var: yaxın qonşu uzaq qohumdan yaxşıdır” və bununla da Rusiyanın qısqanclığını aradan qaldırmış oldu.

Artıq keçmiş SSRİ ərazisindəki türk dövlətləri 17 ildir ki, müstəqildir. Belə bir şəraitdə yəqin ki, onların öz xarici siyasətlərini müstəqil şəkildə qurmağa təpərləri çatar. Ona görə də hesab edirəm ki, Özbəkistan və Türkmənistanın da bu prosesə qoşulması yaxın gələcəyin söhbətidir. Gələn il Bakıda assambleyanın ikinci toplantısı keçirilməlidir və çox ümid edirəm ki, orda həmin ölkələr də təmsil olunacaq. Onda bizim qarşılıqlı münasibətlərimiz həqiqi bərabərlik, həqiqi qardaşlıq, həqiqi dostluq məcrasında inkişaf edər, mənəvi birliyimiz möhkəmlənər.

- Ümumtürk dilinin hazırlanması ilə bağlı vəziyyət nə yerdədir?

- Türkdilli dövlətlərin əməkdaşlığının intensivləşdirilməsi məsələsində başqa cəhətlər də var. Bunlardan biri ortaq dilin yaradılması məsələsidir. Bu məsələ ilə bağlı keçən il Bakıda keçirilmiş qurultayda müəyyən razılaşma əldə olundu. Düzdür, ortaq dil yaratmaq asan məsələ deyil. Necə edəsən ki, dil ortaq olsun? Bu, necə həll olunasıdır? Açığını deyim ki, bu məsələ hələ lazımınca dərk olunmayıb. Ona görə də real addımlar atılması son dərəcə çətindir. Yəni süni dilmi yaratmaq, hansısa dilə üstünlükmü vermək? Hələ bu aydınlaşmayıb. Bundan əlavə, ümumi televiziya, Türk Akademiyası kimi ideyalar ağlabatandır, real görünür. Yəni belə təşəbbüs sahələri var, onlardan bəziləri artıq yetişib, həllini gözləyir, bəziləri isə hələ yetişməlidir.

- Bizim Qarabağ problemimiz var. Necə bilirsiniz, türkdilli dövlətlərin inteqrasiyası bu məsələnin həllinə müsbət təsir göstərə bilərmi?

- Türkdilli dövlətlər inteqrasiya prosesində yalnız öz qurumlarını yaratmaqla iştirak etmirlər. Onlar əslində İslam Konfransı Təşkilatının, BMT-nin, ATƏT-in, Avropa Şurasının üzvüdürlər. Müəyyən fikir birliyi yaratmaq üçün meydan nə qədər istəsəniz genişdir. Bunun üçün ayrıca bir təşkilatın yaranmasını gözləməyə ehtiyac da yoxdur. Təki o fikir birliyinin özü olsun.

Yadınızdadırsa, ümummilli lider Heydər Əliyev 2001-ci il fevralın 23-24-də Milli Məclisdə Qarabağ probleminin həlli ilə bağlı müzakirələr təşkil etmişdi və orada etiraf etdi ki, bizi beynəlxalq aləmdə Türkiyədən başqa heç kim müdafiə etmir, hətta türkdilli Mərkəzi Asiya dövlətləri də. Bu fakt var. Onların bu sahədə fəallaşmasına ehtiyac duyulur.

Amma İKT-də müəyyən qərarlar qəbul edilib. 1996-cı ilin dekabrında Cakartada xarici işlər nazirlərinin sammitində Ermənistan təcavüzkar dövlət kimi tanınıb, onunla əlaqələr kəsilib. Bununla belə, bəzi türkdilli dövlətlər Ermənistanla əlaqələri davam etdirir, Türkmənistan bu ölkəyə qaz satır, özü də ucuz qiymətə. Ona görə də bu məsələdə daha çox mənəvi birlik amili qabardılmalıdır. Heç olmasa, bir qədər milli kökə, soykökünə nəzər salmaq lazımdır. Əlbəttə, müasir dövlətlər hər halda siyasi qurumdur, inzibati vahiddir, beynəlxalq münasibətlərin subyektidir, hər birinin öz milli mənafeyi, iqtisadi, siyasi mənafeyi var, bunların həyata keçirilməsi zərurəti var, bu vəzifələrin həyata keçirilməsində onları dəstəkləyən qüvvələrin müxtəlifliyi məsələsi var. Bunların hamısını nəzərə almaq lazımdır. Təkcə türklük, türkdillilik məsələsi azdır. Bundan başqa, mənafelərin köklü bağlılığına ehtiyac var. Bu baxımdan hesab edirəm ki, hazırda türkdilli dövlətlər arasında üç güclü bağ var: Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti. Bunların hər üçü vasitəsilə Mərkəzi Asiya dövlətlərinin beynəlxalq aləmə çıxış imkanı genişlənir. Bu yolda da canlı işlək bağlar iqtisadi, mənəvi mənafelərlə birləşəndə gələcəyə nikbin yanaşmağa əsas olur.

 

Söhbətləşdi: Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.-2008.-4 dekabr.-S.2.