Ümummilli liderimizin siyasi kursu uğurla

davam edir, ideyaları gerçəkləşir

 

Ümummilli liderimiz Heydər Əliyev insan ömrünün mənasını belə dəyərləndirirdi: “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”. Böyük öndərimizin bənzərsiz ömür yolu öz kəlamında deyilən bu şərtləri çox real əks etdirir. Bu ömür hər birimiz üçün örnəkdir. Son 500 illik tariximizə nəzər salanda görürük ki, bu əsrlərdə Vətənimiz üçün heç kəsin edə bilmədiyini ümummilli liderimiz edib.

Tarixi-xronoloji inkişaf baxımından sübut olunub ki, ümummilli liderimizin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövr intibah dövrüdür və bugünkü uğurlu inkişafımızın təməli o illərdə qoyulub. Elə buna görə də XX əsrin 70-ci illərini və 80-ci illərinin birinci yarısını Azərbaycanın “qızıl dövrü” adlandırırıq. Həmin illərdə respublikamızda həyata keçirilən böyük işlərə nəzər salanda heyrətlənməyə bilmirsən. İmperiya siyasətinin qarşısında ölkəmizdə aparılan islahatlar bizə deməyə əsas verir ki, Azərbaycan rəhbəri Kremlin səlahiyyət sahiblərindən qat-qat ucadaydı, ağıl və zəka cəhətdən yüksəkdə dayanırdı. Yoxsa, Azərbaycanda vüsət alan inkişafa Moskva heç cür göz yuma bilməzdi. Yüzlərlə, minlərlə fakt var ki, kimliyindən, mövqeyindən asılı olmayaraq imperiya siyasətinə nəinki qarşı çıxanlar, ondan narazılar amansızcasına məhv ediliblər. Bəs, bunların hamısını yaxşı bilən böyük öndərimiz nədən başladı?

Çıxışlarının birində ulu öndərimiz bunu belə açıqlayıb: “DTK-da işləyərkən çox şey görmüşdüm. Moskvanın birtərəfli, türk millətlərini əsarətdə saxlamaq siyasəti olduğunun ilk gündən şahidi oldum. Daxilən buna qarşı üsyan etsəm də, həyatda buna imkan yox idi. Azərbaycan KP MK-nın birinci katibi işləyərkən Moskvaya qarşı çıxmağım, toqquşmağım mümkün deyildi. Moskva bütöv bir imperiya siyasətini tətbiq edirdi. Əgər onların əleyhinə çıxsa idim, həm bunun bir əhəmiyyəti olmayacaqdı, həm də Əliyev ölkədəki digər katiblər kimi məhv ediləcəkdi.

Yavaş-yavaş mən də xalqımın, doğma millətimin milli hisslərini oyatmağa başladım. Xalqın milli istəklərini, Azərbaycan türkçülüyünün milli oyanışını, silkinməyini reallaşdırmaq arzusunda idim.

Bu işləri Moskvaya hiss etdirmədən, onu narahat etmədən görmək istəyirdim. Moskvada sovet ideologiyasına daha yaxından bələd oldum. Fikirlərim get-gedə daha da duruldu, aydınlaşdı. Moskvada xarici dünyanı həm daha açıq, həm də yaxından öyrənmək imkanı əldə etmişdim".

İmperiya dövründə bu vəzifələri yerinə yetirmək asan məsələ deyildi. Milli hissləri oyatmaq millətin yaddaşını bərpa etmək demək idi. Doğrudur, bu məsələlər ilk növbədə filosofların, tarixçilərin, filoloqların, yazıçı və şairlərin işidir. Ancaq tarixdən bilirik ki, belə ziyalılarımızın taleyi çox acınacaqlı olub. Ancaq bu dəfə şərait başqa idi. Belə ziyalılarımızın himayədarı Heydər Əliyev vardı.

Bu faktdır ki, ötən əsrin 70-ci illərinə qədər Azərbaycan geridə qalmış aqrar bir respublika idi. Üstü də, yerin təki də çox zəngin olan ölkənin insanları ehtiyac içində yaşayırdılar. Zavod və fabriklərdə səhərdən-axşama kimi çalışan minlərlə adam mənzil növbəsində dayanmışdı. Ancaq yaşayış binalarının tikintisi ikinci dərəcəli iş kimi heç kimi düşündürmürdü. Ulu öndər respublikada yeni müəssisələrin tikintisini önə çəkməklə, yaşayış massivlərinin salınmasına da start verdi. Heydər Əliyev SSRİ hökumətinin elə bir iclası, toplantısı olmazdı ki, orada Azərbaycanda aqrar sahənin, sənayenin, tikintinin və digər sahələrin inkişaf etdirilməsi üçün məsələ qaldırmasın, onları inandırıb hansısa bir planın reallaşdırılmasına nail olmasın.

Azərbaycan kəndlərində vəziyyət daha acınacaqlı idi. Xüsusən ucqar dağ kəndlərində normal yaşayış üçün şərait yox idi. Həmin kəndlərə yollar çəkilməyə başlandı. Məktəblər, uşaq bağçaları, tibb məntəqələri tikildi. Susuz səhralara su çəkildi, körpülər salındı. Taxılçılıq, pambıqçılıq, heyvandarlıq, quşçuluq, üzümçülük inkişaf etdirildi. Respublikanın elə bir guşəsi yox idi ki, orada tikinti-quruculuq işi getməsin. Bakıda, Sumqayıtda, Gəncədə, Şirvanda və digər şəhər və rayonlarda yeni yaşayış binaları tikildi, mikrorayonlar salındı.

Təbii ki, həmin illərdə Sabirabad da geridə qalmış, aqrar bir rayon idi. Ulu öndər rayonun iqlim şəraitini, insanların zəhmətsevərliyini düzgün qiymətləndirdi. Pambıqçılığın, taxılçılığın və heyvandarlığın inkişafı üçün çox böyük proqramlar həyata keçirməyə başladı. Ümummilli lider respublikanı kəndbəkənd gəzir, problemləri, mövcud resursları öyrənir, yeni inkişaf yolları müəyyən edir, təsirli tədbirlər həyata keçirirdi. Həmin illərdə ən çox səfər etdiyi rayonlardan biri Sabirabad idi, 16 dəfə olmuşdu burada. Ən çox sadə adamlarla, ziyalılarla, ağsaqqallarla görüşərdi, onları dinləyərdi. Elə məsələlər olurdu ki, yerindəcə tədbir görərdi.

Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin göstərişi ilə rayon başdan-başa qazlaşdırıldı. Əhalinin əbədi problem saydığı içməli su məsələsi həll edildi. Otuz kənddə yeni orta məktəb binası inşa edildi. Rayon mərkəzində müasir məktəb, xəstəxana, möhtəşəm mədəniyyət sarayı tikildi. O cümlədən, bu işlər kəndlərdə də davam etdirildi, yollar salındı, yeni su, işıq, qaz xətləri çəkildi.

Həmin illərə qədər insanlar Kür çayını bərə ilə keçirdilər. Bəzən saatlarla gözləməli olurdular. Elə olurdu ki, bərə günlərlə təmirə dayanırdı. Bu problemi Heydər Əliyev həll etdi. Kür çayı üzərindən üç körpü saldırdı. Bununla da rayonun əsas problemlərindən biri həllini tapdı.

Bir dəfə ulu öndər Sabirabada səfəri zamanı kənd sakinləri ona bildirdilər ki, şəxsi təsərrüfatlarında bol nar məhsulu yetişdirirlər. Narın yetişməsi pambıq yığımı ilə eyni dövrə düşdüyündən məhsul zay olub gedir. Ümummilli lider dərhal göstəriş verdi. Rayon meşə təsərrüfatının ərazisində 8 hektar ərazi bataqlıq, qamışlıq idi. Ümummilli liderin göstərişi ilə həmin yer quruduldu və Nar şirəsi zavodu inşa edildi. Tədricən bura genişləndi, böyük bir qəsəbəyə çevrildi, hündürmərtəbəli binalar inşa edildi.

Yeri gəlmişkən, onu da qeyd edim ki, ötən əsrin 80-ci illərinin sonlarında və 90-cı illərin əvvəllərində biz bu qəsəbədə yeni binalar inşa etmişdik. Fərqanə və Xocalı hadisələrində qaçqın düşənlərin bir qismini həmin binalarda yerləşdirdik. İndi onlar bizim müəssisədə çalışırlar.

Onu da qeyd edim ki, müstəqilliyimizin ilk illəri — xaos və anarxiya dövrü biz fəaliyyətimizi qismən də olsa qoruyub saxladıq. Ümummilli liderimiz 1993-cü ildə hakimiyyətə qayıdandan sonra fəaliyyətimizi yenidən qura bildik. O cümlədən, rayonumuz yeni inkişaf yoluna qədəm qoydu, əvvəlki şöhrətini qaytardı.

Ümummilli liderimiz birinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə müstəqil dövlət üçün zəruri olan bütün işləri gördü. Ancaq təəssüflər olsun ki, müstəqilliyimizin ilk illəri hakimiyyəti zəbt edən manqurtlar, xalqına, Vətəninə düşmən kəsilənlər, yalnız şəxsi mənafeyini düşünənlər ölkəni xarabalığa çevirdilər. Təsəvvür edin ki, Heydər Əliyevin başladığı, ancaq yarımçıq qalmış işlər necə var, eləcə də qaldı. Ümummilli lider başladığı, ancaq yarımçıq qalmış çox işlərini 1993-cü ildə hakimiyyətə qayıdandan sonra başa çatdırdı. Azərbaycanı çox sürətli inkişaf yoluna çıxartdı. Güclü bir dövlət qurdu.

Qarabağ münaqişəsi xalqımızın böyük oğlu Heydər Əliyev SSRİ rəhbərliyindən gedəndən sonra başladı. Əlbəttə ki, bu işdə ermənilərlə M.Qorbaçovun “ittifaqı” əsas rol oynadı. Nə qədər ki, Heydər Əliyev vəzifədə idi, ermənilər Qarabağ məsələsini qaldırmağa ürək eləmirdilər. Vəzifədən uzaqlaşdırılandan sonra da onu nəzarətsiz qoymurdular. Həyatı daim təhlükədəydi. Ancaq 20 Yanvar müsibətindən bir gün sonra özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyub, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn Heydər Əliyev Azərbaycan və SSRİ rəhbərliyini ifşa edən bəyanatla çıxış etdi.

1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbləri ilə Naxçıvandan Bakıya gəldi. Bu, tarixi qayıdış idi. Əgər bu qayıdış olmasaydı, kim bilir, taleyimiz necə olacaqdı. Bəlkə də, Azərbaycanın parçalanması planı başa çatdırılacaqdı.

Bəli, Heydər Əliyevin hakimiyyətə qayıtması tarixi zərurət idi. Yoxsa dövlətçilik məhv olacaqdı. Azərbaycan parçalanacaq, bir daha onun müstəqil olması ümidi də itiriləcəkdi. Bu dahi şəxsiyyət ilk növbədə dövlətin idarə edilməsində səviyyəsizliyə son qoydu. Dövlətçiliyin qorunması, möhkəmləndirilməsi üçün ən zəruri tədbirləri gördü. Ölkənin hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunu tutduğunu bəyan etdi və bu istiqamətdə islahatlara başladı.

1993-cü ildə respublikada kriminogen vəziyyət çox ağır idi. Hətta DİN, prokurorluq orqanları da kriminogen ünsürlərlə dolmuşdu. Ordu yox idi: ayrı-ayrı adamlara tabe olan silahlı dəstələr meydan sulayırdı. Onlar çoxlu cinayətlər törətmişdilər. Odur ki, könüllü tərk-silah olunmaq istəmirdilər. Belə dəstələrin ram edilməsinə iki ildən çox bir müddətdə gərgin əmək sərf edildi. Qanunsuz hərbi birləşmələr ləğv edilib, ordu quruculuğuna planlı şəkildə başlanıldı.

Ölkədə işsizlik baş alıb gedirdi. Kənd təsərrüfatı sahəsi dağılmışdı. Zavod və fabriklər işləmirdi. Çünki keçmiş iqtisadi əlaqələr qırıldığından xammal əldə etmək çətin idi. Digər tərəfdən, istehsal edəcəyimiz məhsulların alıcıları da yox idi. Dünya bazarında bu məhsullar rəqabətə tab gətirə bilməzdi. Odur ki, böyük öndər özəlləşdirməyə start verdi. Torpaq, kolxoz və sovxozların əmlakı camaata paylandı. Tədricən bütün sahələrdə işlər öz qaydasına düşməyə başladı.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu, ümummilli liderimizin yeni neft strategiyasına başlaması idi. Ölkənin əvvəlki rəhbərlərinin siyasi savadsızlığı, səriştəsizliyi, xalq, Vətən mənafeyinə əks siyasət aparmaları nəticəsində incik düşmüş, artıq Azərbaycana əks mövqedə duran ölkələrlə əlaqələr bərpa olundu, onlar “Əsrin müqaviləsi”nin tərəfdaşına çevrildilər. Bu, bir tərəfdən ölkəmizin iqtisadi inkişafına geniş imkanlar açdı, digər tərəfdən respublikamızın təhlükəsizliyinin qarantına çevrildi. Beləliklə, on ildə Azərbaycan 40-50 ilin inkişaf yolunu keçdi, güclü bir dövlətə çevrildi. Odur ki, hər birimiz fəxrlə, qürurla müasir Azərbaycanımızı “Heydər Əliyevin Azərbaycanı” adlandırırıq.

Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi on ildə respublikamız bütün sahələrdə inkişaf etdi, güclü dövlətə çevrildi. Güclü iqtisadiyyatımız, nizami ordumuz var. Tarixi baxımdan qısa vaxtda belə böyük işlərə nail olmaq dostlarımızı da, düşmənlərimizi də heyrətdə qoydu. Xalqımız isə yekdilliklə böyük dövlət qurucusu Heydər Əliyevi xilaskar, ümummilli lider kimi qəbul etdi.

Bu gün həmin siyasi kurs cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bölgələr kimi Sabirabad da inkişaf edir, gözəlləşir, abadlaşır. İnsanlar daha firavan yaşayırlar. Bütün bunlar ulu öndərin arzuları, ideyaları idi. Bu gün onların hamısı həqiqətə çevrilir.

 

Əlabbas ŞIXƏLİYEV,

“Sabirabad-Konserv”

ATSC-nin sədri 

 

Xalq qəzeti.-2008.- 14 dekabr.- S.5.