Bakı Dövlət Universiteti inkişafının yeni mərhələsini yaşayır

 

Bakı Dövlət Universiteti Azərbaycan ali təhsil müəssisələrinin flaqmanı kimi həm ölkəmizdə, həm də beynəlxalq aləmdə özünəməxsus nüfuza malik tədris ocaqlarındandır. Xalqımızın ümummilli lideri Heydər Əliyev başda olmaqla yüzlərlə tanınmış siyasətçi, elm, ədəbiyyat xadimi məhz bu möhtəşəm bilik, ziya məbədinin məzunlarıdır. Qafqazda və Yaxın Şərqdə bu qəbildən olan ilk ali təhsil ocağı kimi fəaliyyət göstərən BDU hazırda dünyanın ən nüfuzlu universitetləri ilə yaxından əməkdaşlıq edir. Ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə özünüidarə (muxtariyyət) statusu veriləndən sonra ölkənin lider ali məktəbi daha böyük inkişaf yolu keçmişdir.

Yarandığı gündən mütərəqqi ictimai düşüncənin əsas mərkəzi olmuş Bakı Dövlət Universitetinin milli təhsil sistemindəki müstəsna yeri və rolu, milli kadr hazırlığı prosesinə əvəzsiz töhfələri bu gün ölkə rəhbərliyi səviyyəsində də layiqincə qiymətləndirilir. Son illərdə ali məktəblərə qayğı siyasətinin mühüm tərkib hissəsi olaraq universitetin hərtərəfli inkişafına xüsusi diqqət yetirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi bunu bir daha təsdiqləyir. 2008-2009-cu dərs ili qarşısında universitetin yeni tədris korpusunun istifadəyə verilməsi də ölkə rəhbərliyinin qayğısı nəticəsində mümkün olmuşdur. Uzun illərdən bəri tikintisi yarımçıq qalmış bu tədris korpusunun qısa müddətdə və müasir tələblər səviyyəsində inşası, eyni zamanda, universitetin cəmiyyət həyatındakı müstəsna roluna verilən yüksək dəyərin ifadəsidir.

BDU-nun yeni istifadəyə verilən tədris korpusunun inşasına hələ 1991-ci ildə başlanılsa da, sonradan maliyyə problemləri üzündən burada işlər dayandırılmışdı. Lakin son illərdə açılan yeni fakültələr, kafedralar, elmi-tədqiqat institutları və digər bölmələr, o cümlədən tələbələrin sayının artması yeni korpusun tez bir zamanda istifadəyə verilməsi zərurətini yaratmışdı. Bu zərurət nəzərə alınaraq 2006-cı ildə tədris korpusunda yenidən inşaat işlərinə başlanılmış, həmin il dövlət büdcəsindən 600 min manat, 2007-ci ildə 2,5 milyon manat vəsait ayrılmışdır. 2008-ci il mayın 20-də dövlət başçısı tərəfindən imzalanmış “Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamla Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisinə 4,6 milyon manat vəsaitin ayrılması isə inşaat işlərinin uğurla yekunlaşmasına zəmin yaratmışdır. Sonuncu sərəncamın nəticəsi olaraq yeni tədris korpusunun az bir müddətdə istifadəyə verilməsi mümkün olmuş, universitetin tədris şəraiti, maddi-texniki bazası əsaslı dərəcədə gücləndirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin müasir standartlara cavab verən tədris korpusunun açılış mərasimində iştirakı və dərin məzmunlu nitq söyləməsi bu ali təhsil ocağının tarixində əlamətdar hadisələrdən birinə çevrilmiş, yeni dərs ili ərəfəsində professor-müəllim heyətində və çoxsaylı tələbə kollektivində ruh yüksəkliyi doğurmuşdur. Dövlət başçısı təntənəli mərasimdəki çıxışı zamanı Azərbaycanın ali təhsil sistemində özünəməxsus yeri, nüfuzu, sanbalı ilə seçilən Bakı Dövlət Universitetinin fəaliyyətinə bir daha yüksək dəyər vermiş, onun inkişafına bundan sonra da lazımi diqqət ayrılacağını vurğulamışdır: “Bu gün universitetin yeni, gözəl korpusu açılır və bu münasibətlə də sizi ürəkdən təbrik edirəm. Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanmasında çox böyük işlər görmüşdür.

Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır”.

Yenilikçilik, məqsədyönlülük, islahatçılıq Bakı Dövlət Universiteti rəhbərliyinin xarakterik xüsusiyyətlərindəndir. Vaxtilə BDU-nun müəllimlərinə yaşayış binasının tikintisi üçün yer ayrılsa da, yerində avtomobil təmiri obyekti inşa edilən, torpaq sahəsinin uzun illərin mübarizəsindən, məhkəmə çəkişmələrindən sonra geri alınması, sökülən obyektin yerində alimlər üçün yaşayış binasının inşası bu prinsipiallığa bariz nümunə kimi göstərilə bilər.

Bakı Dövlət Universiteti bu gün yüksək ixtisaslı kadrlar hazırlamaqla yanaşı, həm də 117 kafedranı, 300-dən çox əməkdaşı olan 35 elmi-tədqiqat laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən elmi araşdırmalar həyata keçirən əzəmətli elmi mərkəzdir. Universitetin sürətli inkişafını təmin edən amillərdən biri də onun beynəlxalq əlaqələrinin ildən-ilə genişlənməsidir. Hazırda BDU postsovet məkanının 100-dən artıq universiteti bir araya gətirən Avrasiya universitetləri, Xəzəryanı ölkə universitetləri, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyalarının üzvüdür. Eyni zamanda, BDU M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Ortadoğu Teknik Universiteti, Nitsa Sofiya - Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Dövlət Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində səmərəli əməkdaşlıq edir.

Bu cür səmərəli əməkdaşlıq əlaqələrini təmin edən ən başlıca amil, şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət strategiyası, dünyanın bir sıra dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə münasibətlərin gündən-günə inkişaf etdirilməsi, respublikanın beynəlxalq nüfuzunun möhkəmlənməsi faktıdır. Bu gün Azərbaycana səfər edən dünyanın ən tanınmış siyasi xadimlərinin, müxtəlif ölkələrin dövlət başçılarının, ayrı-ayrı beynəlxalq təşkilatların rəhbərlərinin Bakıda üz tutduqları əsas ünvanlardan biri də məhz BDU-dur. Eyni zamanda, universitetdə təhsil alan tələbələrin, məzunların da səsi dünyanın ən müxtəlif ölkələrindən eşidilir.

Hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər var: BDU-da əsas məqsəd gələcəyin vətənpərvər, dövlətçi, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. Bu məqsədi düzgün dərk edən universitet rəhbərliyi qarşıdakı məqsədə çatmaq üçün strateji istiqamətləri də dəqiq müəyyənləşdirmiş, bu yöndə səyləri səfərbərliyə almışdır. Bu gün universitetimiz gələcəyin yetkin gəncliyini formalaşdırmaq üçün əzmkarlıqla işləyir, xalqımızın sabahı naminə layiqli vətəndaşların, savadlı kadrların hazırlanması üçün tədris və təhsilin keyfiyyətini günü-gündən gücləndirməyə çalışır. Azərbaycan Prezidentinin qarşıya qoyduğu tələbləri həyata keçirmək üçün sivil dünyanın ən mütərəqqi yeniliklərinin BDU-ya gətirilməsi, bu yeniliklərin Azərbaycanın elm, təhsil sahəsində tətbiqi də onu düşündürən başlıca məsələlərdəndir. Bir neçə gündən sonra 90 yaşı tamam olacaq Bakı Dövlət Universiteti öz inkişafının bir çox mərhələləri üçün Heydər Əliyev qayğı və diqqətinə minnətdardır.

Ziyalılıq elə zirvədir ki, bu ucalığa qovuşaraq milyonların ömür yolunu nura boyamaq, nəcib, xeyirxah və müdrik əməllər sayəsində taleyin xoş qismətini bölüşmək heç də hamıya nəsib olmur. Mənəvi dəyər və ölçülərin yad təsirlərə məruz qaldığı indiki qloballaşma dövründə zəngin mənəvi keyfiyyətləri, saf həyat idealı, şəxsiyyətinin bütövlüyü ilə fərqlənən kamil insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha aydın duyulur. Məhz belə şəxsiyyətlərin sayəsində xalq özünün inkişaf yolunu düzgün müəyyənləşdirir, cəmiyyətin idarə olunmasında müsbət harmoniya qorunur. Belələri xalqının mütərəqqi inkişafı, maariflənməsi naminə əzmlə çalışmağı özünün başlıca həyat kredosu sayır və bu yolda yüksək əzmkarlıq göstərirlər. Bu xüsusiyyətlər həm də onları şəxsiyyət kimi başqalarından fərqləndirərək, bütövlükdə cəmiyyət üçün örnəyə çevirir. Bakı Dövlət Universiteti xalqımızın və tariximizin bütün dövrlərini incəliklə öyrənən və gələcəyimizi ustalıqla quran minlərlə alim, ziyalı yetişdirmişdir. Onların bir çoxu bu gün universitetimizdə çalışırlar. Belə seçilmiş insanların dərk edilmiş məsuliyyətə əsaslanan əməli fəaliyyəti həm də onların mənalı həyat yolunu, cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Xalqımız həyatını gənclərin maariflənməsi, cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməsi, intellektual sabahı yolunda əzmlə çalışmış belə nurlu ziyalıları ilə daim fəxr duymuş, elmi-intellektual gələcəyi naminə onları qorumuş, özünün milli sərvəti saymışdır. Şərəfli ömür yolu, elmə səmimi bağlılığı və vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə xalqımızın rəğbətini qazanmış belə şəxsiyyətlərdən biri də ulu öndər Heydər Əliyevin böyük etimad göstərərək Bakı Dövlət Universitetinə rektor təyin etdiyi akademik Abel Məhəmmədəli oğlu Məhərrəmovdur.

Onun istər Bakı Dövlət Universitetinin rektoru, istərsə də Milli Məclisin deputatı kimi fəaliyyəti ilə ümumxalq mənafeyini daim önə çəkməsi, milli-mənəvi dəyərlərə, dövlətçilik ideallarına sadiqlik nümayiş etdirməsi, humanizmi və insanpərvərliyi məhz ilk gənclik illərindən bu ali məktəbdə mükəmməl həyat dərsi alması ilə bağlıdır. Görkəmli alimin ictimai və siyasi fəaliyyətinin hər bir səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsil ziyalı və şəxsiyyət obrazını tamamlayır.

Ömür yolunun 35 ilini peşəkar elmi fəaliyyətə həsr etmiş alim özünü mahir tədqiqatçı kimi təsdiqləmiş, gərgin və prinsipial yaradıcı axtarışları ilə fundamental elmlər sahəsində mütərəqqi yeniliklərin müəllifinə çevrilmişdir. Bu gün həm də Bakı Dövlət Universitetinin rektoru kimi məsul vəzifəni layiqincə daşıyaraq sayı minlərlə ölçülən müəllimlər ordusunun önündə gedən, dövlətçiliyə, xalqa və Prezidentə sədaqətli xidməti özünə borc bilən akademikin elmi və pedaqoji fəaliyyətinin ayrı-ayrı pillələrində qələmə aldığı onlarla sanballı kitab və monoqrafiya nəinki ali məktəb tələbələri, hətta yetkin tədqiqatçılar üçün də zəngin mənbə rolunu oynayır.

Hər bir istedadlı ziyalının formalaşmasında, peşəkarlıq zirvəsinə ucalmasında istedad, bilik, yaradıcı proseslə yanaşı, onun yaşadığı mühit də öz sözünü deyir. Uşaqlıq illərindən yüksək ziyalı diqqəti və qayğısı ilə əhatə olunmuş, halal zəhməti başı üstündə görən valideynləri onu daim düzgün yola istiqamətləndirmişlər. Prinsipiallıq, məqsədə doğru inamla irəliləmək əzmi də ona ziyalılıq zirvəsinə ucalmış valideynlərindən keçmiş ali keyfiyyətlərdəndir.

Uzun illər məktəb direktoru kimi çalışan, Qərbi Azərbaycanda maarifçilik hərəkatının önündə gedən atası Məhəmmədəli müəllim zəhmətsevərliyi, ictimai fəallığı, sadəliyi və qətiyyəti ilə həmkəndlilərinin böyük rəğbətini qazanmışdır. Vətənpərvər ziyalı bütün ömrünü tarixi torpaqlarında yaşayan soydaşlarımızın maariflənməsinə, yüksək təhsil almasına həsr etmişdir. Ermənistanın azərbaycanlılar yaşayan kəndlərində ana dilində məktəblər açan, həmin məktəblərdə azərbaycanlı kadrların çalışmasını təmin edən vətənpərvər ziyalının bu inadlı səyləri daşnakların qısqanclığı və sərt təpkisi ilə qarşılansa da, heç bir təzyiqdən çəkinməyən Məhəmmədəli müəllim maarifpərvər missiyasını davam etdirmişdir. Onun misilsiz xidmətləri sayəsində bir sıra 8 illik məktəblər 10 illik məktəblərlə əvəz olunmuş, erməni şovinistləri Azərbaycan dilində yeni məktəblərin açılmasına mane ola bilməmişlər. Məhz belə müəllimdən əsl nümunə götürən Abel özünün fitri istedadı ilə təhsildə fərqlənərək 1966-cı ildə orta məktəbi qızıl medalla başa vurmuş, Bakı Dövlət Universitetinə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək kimya fakültəsinə daxil olmuşdur.

1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Üzvi kimya” ixtisası üzrə əyani aspiranturaya qəbul olmuş, gərgin elmi tədqiqatlarını uğurla yekunlaşdıraraq 1976-cı ildə akademik N.S.Zefirovun rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə etmişdir. Gənc alimin namizədlik dissertasiyası Rusiyanın görkəmli alimləri tərəfindən yüksək qiymətləndirilmiş, elmi səviyyəsi ilə yanaşı, praktik əhəmiyyəti də xüsusi qeyd edilmişdir.

Moskvada qalıb çalışmaq təklifləri ilə razılaşmayan azərbaycanlı məzun 1976-cı ildən Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1991-ci ilədək BDU-da müxtəlif məsul vəzifələrdə çalışmış, elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirmişdir. 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1993-cü ildən 1999-cu ilin yanvar ayınadək BDU-nun kimya fakültəsinin dekanı vəzifəsində işləmiş, 1998-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və respublikamızda 200-dək elmi məqalə dərc etdirmiş, 20-dən artıq ixtiraya imza atmışdır. Bir sıra beynəlxalq konqreslərdə, o cümlədən ABŞ, Rusiya, Macarıstan, İran, Bolqarıstan, Yaponiya və digər ölkələrdə mühazirələrlə çıxış etmişdir. 1995 – 1997-ci illərdə Ali Attestasiya Komissiyasının qərarı ilə yaradılmış namizədlik və doktorluq müdafiə şuralarının sədri olmuşdur.

Müəllim və tələbələrimiz fəxr edirlər ki, Bakı Dövlət Universitetini təmsil edən bu alim 1999-cu ildə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin “XX əsrin 2000 görkəmli alimi” kataloquna daxil edilərək ötən yüzilliyin ən görkəmli alimlərindən biri hesab edilmiş, eləcə də “Beynəlxalq miqyasda ilin adamı” elan olunmuşdur. 1999-cu ildə Abel müəllim Azərbaycanda elm və təhsilin inkişafında nailiyyətlərinə görə akademik Yusif Məmmədəliyev adına mükafat və medalla təltif olunmuş, 11 fevral 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 2007-ci ilin aprelində AMEA-nın həqiqi üzvü seçilməklə də elmin ən uca pilləsinə yüksələ bilmişdir.

Vaxtilə Şeyx Məhəmməd Xiyabani yazırdı ki, ictimai-siyasi həyata laqeydlik ölümə bərabərdir. Əsl ziyalı üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə malik olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Bu mövqe isə çox hallarda öz yolunu müəyyənləşdirmək üçün ziyalı sözünə ehtiyacı olan vətəndaşlar üçün mayak rolunu oynayır. Bunlara nəzərən qətiyyətlə deyə bilərik ki, haqqında söz açdığımız alim ictimai-siyasi fəaliyyətinin bütün mərhələlərində məhz Azərbaycanın gələcəyini düşünmüş, əsil ziyalılara xas tərzdə dövrünün ictimai-siyasi hadisələrinə laqeyd olmamışdır.

Azərbaycan təbəddülatlar dövrünü çoxdan arxada qoymuşdur və belə bir şəraitdə fərqli mövqelər içindən düzgün olanı seçmək, əsil həqiqəti üzə çıxararaq ona inanmaq vətəndaşlarımız üçün artıq o qədər də çətinlik doğurmur. Bütün reallıqların göz önündə dayandığı bizim günlərdə hadisə və proseslərə münasibətdə yanılma ehtimalı yoxdur. Lakin bizi bu günlərə gətirən yollar heç də enişsiz-yoxuşsuz, kəşməkəşsiz olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə cərəyan edən ictimai-siyasi proseslərin mahiyyəti öz mürəkkəb xarakterinə və daxili ziddiyyətlərinə görə böhranlı vəziyyət yaratmış, mövcud şəraiti dəqiq qiymətləndirmək, onun sosial məzmununu dəqiq müəyyənləşdirmək ən böyük suala çevrilmişdi. Və bu suala cavab tapmaq missiyası da məhz bu qəbildən olan cəsarətli ziyalıların üzərinə düşürdü. O, ilk növbədə, özü üçün bu suala vaxtında cavab tapmış, başqalarını da öz qənaətinin düzgünlüyünə inandıraraq onları düzgün yola dəvət etmişdi. Həmin dövrdə tanınmış ziyalılarımız Azərbaycanın xilası baxımından ən düzgün mövqeyi – ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqlik xəttini seçmişdi. Bu gün Bakı Dövlət Universitetinə rəhbərlik edən akademik də 1993-cü ilin əvvəllərindən taleyini Yeni Azərbaycan Partiyası ilə bağlayaraq yaşadığı rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş, insanlar arasında geniş maarifləndirmə, təbliğat işi aparmışdı. Son 15 ildə bütün ziyalılarımız kimi o da siyasi baxışlarında hər zaman sabit və prinsipial olmuş, ümummilli liderin siyasi kursunu dönmədən müdafiə edərək Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu prosesinə öz töhfəsini vermişdir.

Yüksək elmi səviyyəsini və idarəçilik keyfiyyətlərini nəzərə alan ulu öndər Heydər Əliyev 1999-cı il yanvarın 11-də Abel Məhərrəmovu BDU-nun rektoru vəzifəsinə təyin etmişdir. Belə bir deyim var ki, hər hansı vəzifə insanın həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Əsil ziyalı kimi nəcib xarakterə malik olan yeni rektor vəzifə kürsüsünə insanlara layiqli xidmət vasitəsi kimi yanaşdığını BDU-ya rektorluğu illərində tam sübuta yetirmişdir. Onun islahatlara meyilliliyi, işgüzarlığı, çevik idarəçi olması kadr seçimində heç zaman yanılmayan ulu öndər Heydər Əliyev tərəfindən daim yüksək dəyərləndirilmiş, layiq olduğu yüksək qiyməti almışdır. Son illərdə universitetdə təhsilin məzmun və formaca yeniləşdirilməsi prosesinə başlanılmış, aparıcı ölkələrin təcrübəsinin mənimsənilməsi istiqamətində müəyyən addımlar atılmışdır. Nəticədə universitetdə ictimai fəallıq artmış, gənclərin BDU-nun elmi həyatında və idarəçiliyindəki rolu yüksəlmişdir. Eyni zamanda, beynəlxalq aləmdə Bakı Dövlət Universitetinin mövqeləri möhkəmlənmiş, universitetin elmi-pedaqoji kadrlarının beynəlxalq elmi konfranslarda və simpoziumlarda iştirakı həm keyfiyyət, həm də kəmiyyət baxımından artmışdır.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, keyfiyyətli təhsil, ilk növbədə, nizam-intizamdan, qaydalara uyğun davranış normalarından başlanır. Bu gün həmin normalar BDU-da mühüm keyfiyyət faktına çevrilmiş, yaradılan dəmir intizam, tədrisin keyfiyyətinə gündəlik nəzarət fəaliyyətin səmərəliliyini xeyli dərəcədə artırmışdır. Universitetdə hökm sürən işgüzar ab-hava, elmi yaradıcılıq mühiti, müasir maddi-texniki baza, komfort şərait çoxsaylı kollektivin də böyük rəğbəti ilə qarşılanır. Qısa müddətdə gerçəkləşdirilən bu tədbirlərin canlı şahidi olan BDU-nun professor-müəllim heyəti, tələbələr quruculuq və inkişaf təşəbbüslərini alqışlayır və dəktəkləyirlər.

Azərbaycan elminin, təhsilinin inkişafına, dövlətimizin sabahı üçün layiqli mütəxəssislərin hazırlanmasına çalışan akademik 2005-ci ilin noyabrından daha bir çətin missiyanı da üzərinə götürmüşdür. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə Yasamal rayon seçicilərinin böyük etimadını qazanaraq deputat seçilmişdir. Milli Məclisin elm və təhsil komissiyasının üzvü kimi akademik bu gün müstəqil Azərbaycanda həyata keçirilən demokratik islahatların qanunvericilik bazasının hazırlanması işində, qanunların təkmilləşdirilməsində səylərini əsirgəmir. Parlament seçkiləri zamanı ona etimad göstərmiş vətəndaşların sosial qayğıları, onların üzləşdikləri problemlər də BDU rektorunun daimi diqqətindədir.

Ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində inkişaf edən BDU bu gün həm də milli ideologiyamızın formalaşması, genişləndirilib inkişaf etdirilməsi və təbliği sahəsində böyük fəallıq nümayiş etdirir. Bu təhsil müəssisəsində ulu öndərimiz Heydər Əliyevin mənəvi irsinin, fövqəlbəşər şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması mühüm vəzifə kimi qiymətləndirilmişdir. Bu gün universitetdə fəaliyyət göstərən “Heydər Əliyev muzeyi” bu istiqamətdə ciddi araşdırmalar aparır. Ulu öndərin həyatının şərəfli səhifələrinin dolğun şəkildə ictimaiyyətə göstərilməsi, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasının təbliği və bu konsepsiyadan irəli gələn vəzifələrin tələbələrə aşılanması yönündə mühüm işlər görülür.

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi, ölkənin sosial-iqtisadi nailiyyətlərinə görə bütün dünyada liderə çevrilməsi, regionların inkişafı, insanların maddi-rifah halının yaxşılaşdırılması, Azərbaycanın taleyüklü məsələlərinə xüsusi həssaslıqla yanaşılması və bütün problemlərin xalqın arzuladığı formada həlli Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin və tələbələrinin də istəyini əks etdirir. Cəmiyyətin parlaq bir hissəsi olan Bakı Dövlət Universiteti bu siyasətə dəstəyini heç zaman əsirgəməyəcək, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rifah yolunda addımlamaqdan daim qürur duyacaqdır.

 

Məhəmməd İMANLI,

hüquq elmləri doktoru,

professor  

 

Xalq qəzeti.-2008.-21 dekabr.- S.4.