Azərbaycan polisi dövlətçiliyin və

asayişin keşiyində mətanətlə dayanmışdır

 

Cinayətkarlığa qarşı uğurlu mübarizə nəticəsində kriminal hadisələrin sayı ilbəil azalır

 

Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin bizim daxili işlər orqanları əməkdaşlarının xidmətinə verdiyi bu qiymət hər zaman, hər birimiz üçün fəaliyyət simvoludur. Milli dövlətçiliyimizi xilas edən və əbədiləşdirən ulu öndər cəmiyyətin bütün sahələri kimi daxili işlər orqanlarının fəaliyyətinə də daim diqqət və qayğı göstərmiş, eyni zamanda, bizdən intellektual səviyyə, peşəkarlıq, ən başlıcası milli dövlətçiliyə, Vətənə sədaqət tələb etmişdir. Əgər mən indi yazsam ki, biz ulu öndərin qarşımıza qoyduğu vəzifələri tamamilə yerinə yetirmişik, yəqin ki, bu təvazökarlıqdan uzaq olardı. Amma bir həqiqət var ki, Heydər Əliyev təkcə bizdən deyil, ümumiyyətlə, dövlət qurumlarında çalışan hər kəsdən nə tələb edirdisə, mütləq tələblərin yüksək səviyyədə yerinə yetirilməsinə nail olurdu. Bir zabit kimi fəxr və iftixar hissi ilə deyə bilərəm ki, 1993-cü ilin yayından etibarən Azərbaycan polisi milli dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkədə ictimai-siyasi sabitliyin insanların hüquq və azadlıqlarının qorunmasında ulu öndərimizin köməkçisi olmuşdur.

Bizim üçün diqqət çəkən və daxilən bir iftixar hissi yaradan başqa məqam da var. Belə ki, ümummilli liderimizin siyasi kursunun ən layiqli davamçısı olan ölkə Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev də polis orqanlarının fəaliyyətinə məhz eyni münasibəti göstərir. Belə ki, Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 89-cu ildönümünə həsr edilmiş tədbir keçirilərkən cənab Ali Baş Komandan öz nitqində bizə inamını ifadə etdi, etimad göstərdiyini söylədi, tövsiyələr verdi və eyni zamanda, qarşımıza çox böyük və konkret vəzifələr qoydu: “Polis işçiləri xalqla birbaşa təmasda olan insanlardır. Ona görə də bu, mənim əsas tələbimdir: Həm qətiyyət olmalıdır, çox böyük peşəkarlıq olmalıdır, həm də polis işçiləri özlərini çox mədəni şəkildə aparmalıdırlar. Belə olan halda siz Azərbaycan xalqının daha da böyük rəğbətini qazanacaqsınız”. Elə buradaca qeyd edim ki, cənab İlham Əliyevin bu il oktyabrın 15-də yenidən Azərbaycan xalqının rəğbətini, dəstəyini və etimadını qazanması təkcə respublikamızda deyil, bütün dünyada yaşayan soydaşlarımızın sevincinə və məmnunluğuna səbəb olmuşdur. Amalı xalqa və dövlətə xidmət olan hər kəsin bu şəkildə dəstəklənməsi tam təbii və ədalətli bir addımdır.

Məhz ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyevin bu illər boyu göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanda polis sistemi ən peşəkar, intellektual səviyyəli bir quruma çevrilmişdir. Azərbaycan polisi isə bu diqqəti doğma Azərbaycana, onun dövlət rəhbərinə — Ali Baş Komandana sadiqliyi ilə doğruldaraq cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminində, daxili sabitliyin qorunması sahəsində qanunla müəyyən edilmiş vəzifələrini layiqincə yerinə yetirir. Ölkə rəhbərliyinin DİO-na olan gündəlik diqqət və qayğısı, habelə xidmətin müasir tələblərə uyğun təşkilinə dair qəbul etdiyi mühüm qərarlar şəxsi heyətin potensial səviyyəsini artırmış, onların sosial müdafiəsini, yaşayış və iş şəraitini, struktur qurumların maddi-texniki bazasını köklü surətdə yaxşılaşdırmışdır.

Təkcə bunu qeyd etmək kifayətdir ki, son bir ildə ictimai asayişin nümunəvi qorunması, bu sahədə operativliyin daha da artırılması məqsədilə nazirimiz, general-polkovnik Ramil Usubovun göstərişi əsasında Sumqayıt Şəhər Polis İdarəsinin PPXT-na 15 ədəd, növbətçi hissələri idarəetmə xidmətinə 1 ədəd “Fiat-Dobla” markalı, DÜPŞ-nə 11 ədəd “Folsvaqen-Passat” markalı müasir, xüsusi vasitələrlə təchiz olunmuş xidməti maşınlar verilmişdir. Bundan əlavə, müvəqqəti saxlama təcridxanası üçün 2 ədəd müasir standartlara uyğun xüsusi avtomobil və kriminalistik təhqiqatlar bölməsi üçün 1 ədəd kriminalist laboratoriya maşını ayrılmışdır ki, bu da xidmətin keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı əməkdaşların bu sahədə məsuliyyətini də artırmışdır. Ümumilikdə, son bir ildə Sumqayıt Şəhər Polis İdarəsinin müxtəlif xidmət sahələri üçün 29 ədəd avtomobil alınmışdır.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2008-ci ilin mart ayında Sumqayıt şəhərində vətəndaşların qəbulu zamanı idarənin xidməti fəaliyyəti ilə də maraqlanmış, öz tələb və tövsiyələrini bildirmişdir. DİN-nin rəhbərliyinin göstərişi əsasında ayrılmış maliyyə vəsaiti hesabına Sumqayıt Şəhər Polis İdarəsinin və ərazi polis bölmələrinin inzibati binalarında, əməkdaşların iş otaqlarında təmir işləri aparılmış və onların iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə otaqlara müasir tipli mebel dəstləri alınmışdır. Həmçinin, nazirimizin göstərişi əsasında vətəndaşların müraciətlərinin vaxtında qəbul olunaraq baxılmasının operativliyinin təşkili məqsədi ilə “102" xidməti zəng mərkəzi yaradılmışdır ki, bu da müasir texnikanın polisin fəaliyyətində tətbiqinin müsbət təzahürüdür.

Dövlətin və nazirliyin diqqət və qayğısına cavab olaraq Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları öz işlərini müvafiq normativ sənədlərin tələbləri əsasında quraraq şəhərdə ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə və onun profilaktikası sahəsində səy və bacarıqlarını əsirgəməyərək, bu sahədə müəyyən nailiyyətlər əldə etmişdir. Nəticədə, 2008-ci ildə qeydə alınmış 827 cinayət hadisəsindən 694 fakt üzrə cinayət işinin istintaqı başa çatdırılaraq məhkəməyə göndərilmişdir ki, bu da 92,7 faiz təşkil edir. Qeydə alınmış cinayətlərdən 258-i şəxsiyyət əleyhinə, 261-i iqtisadi sahədə, 263-ü ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 5-i korrupsiya, 5-i isə insan alveri ilə bağlı olan cinayətlər olmuşdur. Cari ilin hesabat dövründə 96 ağır və xüsusilə ağır cinayət hadisəsi qeydə alınmış, onlardan 70-nin (82,4 faiz) açılması təmin edilmişdir. Yetkinlik yaşına çatmayanlar tərəfindən 21 cinayət, odlu silahla törədilən 2 cinayət hadisəsi baş vermişdir.

Əməkdaşlarımız tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 2006-cı ildən Bakı və Sumqayıt şəhərlərində kabel oğurluğu ilə məşğul olan cinayətkar qrupun ifşa olunması təmin edilmişdir. 2006-2008-ci illərdə törədilmiş 16 cinayət faktı üzrə ümumi uzunluğu 2500 metrdən artıq elektrik kabellərinin və müxtəlif elektrik avadanlıqlarının oğurlanması ilə məşğul olan Yengibar Yusifovun 5 nəfərdən ibarət cinayətkar dəstəsi tutularaq cinayət məsuliyyətinə cəlb olunmuşdur. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində uzun müddət Sumqayıt şəhəri və Hacıqabul rayonu ərazisində mal-qara oğurluğu ilə məşğul olan Tərtər rayon sakini Rövşən Muxtarov və Beyləqan rayon sakini Səfiyan Əsədovdan ibarət cinayətkar dəstə tutularaq məsuliyyətə cəlb olunmuşdur. Yola saldığımız ildə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları idarənin digər xidmət sahələrinin əməkdaşları ilə birlikdə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 136 cinayət faktı aşkar etmiş və nəticədə 9 kiloqram 006.82 qram ümumi çəkidə narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. Cari ilin əvvəlindən törədilmiş cinayət hadisələri nəticəsində vətəndaşlara və dövlətə vurulmuş 348.500 manat ziyandan 271.892 manatının ödənilməsi təmin olunmuşdur.

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən bir sıra profilaktiki tədbirlər həyata keçirilmiş və il ərzində 48.481 yol hərəkəti pozuntusu faktı aşkar edilərək 38.424 sürücü barəsində inzibati protokol, 5.699 sürücü haqqında isə yerində cərimə tətbiq edilmişdir. Ümumi aşkarlanmış 0.839 (22,9 faiz) kobud qayda pozuntusundan 2390-ı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən sürücülər olmuşdur.

Ümumiyyətlə, 2008-ci il ərzində Sumqayıt şəhərində keçirilən kütləvi-mədəni tədbirlər zamanı xüsusən, dövlətimiz və xalqımız üçün böyük əhəmiyyət kəsb edən prezident seçkiləri ərəfəsində və seçkilər günü ictimai asayişin qorunması yüksək səviyyədə təmin edilmişdir.

Qeyd edim ki, müasir dünyanın əsas tələblərindən biri də ölkə əhalisinin ümumi vətəndaşlıq sənədləri ilə təmin edilməsi məsələsidir. Azərbaycanın hər yerində olduğu kimi, Sumqayıtda da bu tədbir yüksək səviyyədə həyata keçirilir. Bu il İdarənin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsi tərəfindən 21352 vətəndaşa vəsiqə paylanmışdır. 1794 xarici ölkə vətəndaşının Sumqayıt şəhərində müvəqqəti yaşamağa gəlməsi ilə əlaqədar isə onlara əcnəbilərin şəxsiyyət vəsiqəsi verilmişdir.

2008-ci ildə Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyəti tərəfindən əhalidə saxlanılan qanunsuz silah və sursatların yığılması sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, əhalidə qanunsuz saxlanılan 4 ədəd avtomat, 6 ədəd ov tüfəngi, 4 ədəd müxtəlif markalı tapança, 2 ədəd qaz tapançası, 3 ədəd pnevmatik tüfəng, 1 ədəd fişəngatan tapança, 9 ədəd avtomat darağı, 18 ədəd əl qumbarası, TT və “Makarov” tapançaları üçün 3 ədəd sandıq, 2 ədəd tüstü şaşkası və 1588 ədəd müxtəlif çaplı patron götürülmüşdür. Bu, ölkədəki ictimai-siyasi sabitliyin qorunması üçün çox zəruri olan bir addımdır. Eyni zamanda, ictimai asayişin və ictimai təhlükəsizliyin qorunması sahəsində Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyəti tərəfindən səmərəli tədbirlər həyata keçirilmişdir. Xüsusilə də ölkəmiz və xalqımız üçün önəmli olan 15 oktyabr prezident seçkiləri qabağı və seçkilər günündə görülmüş səmərəli tədbirlər nəticəsində ictimai asayişin qorunması yüksək səviyyədə təşkil edilmiş və bu günlərdə heç bir hüquqa zidd hərəkətlər qeydə alınmamışdır.

Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi ərəfəsində şəxsi heyət tərəfindən kütləvi idman və mədəni tədbirlər həyata keçirilmiş, şəhər ziyalıları və DİO-nun veteranları ilə gənc əməkdaşların görüşləri təşkil olunmuşdur. Bu ilin iyul ayının 2-də “Kimyaçılar” mədəniyyət sarayında şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və yerli hüquq-mühafizə orqanları işçilərinin iştirakı ilə bayram tədbiri keçirilmişdir. Tədbirdən öncə ulu öndərin abidəsi önünə əklillər və gül dəstələri qoyularaq idarənin şəxsi heyətinin sıra addımları ilə abidənin önündən təntənəli keçidi təşkil olunmuşdur.

Sonda bir daha qeyd etmək istərdim ki, Sumqayıt şəhərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı vətəndaşların konstitusion mənafeyinin yüksək səviyyədə qorunması, kriminogen duruma nəzarət olunması Sumqayıt polisinin fəaliyyətində ən prioritet vəzifədir. Biz bu gün öz işimizdə, fəaliyyətimizdə dönüş yaratmaq, neqativ halları aradan qaldırmaq əzmindəyik. Möhtərəm Prezident İlham Əliyevin,daxili işlər naziri general-polkovnik Ramil Usubovun qayğısına, diqqətinə öz işimizlə cavab verəcəyik.

Yeri gəlmişkən bildirim ki, cənab nazir Ramil Usubov bizim — yəni hər bir polis nəfərinin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçərək mühüm təsisat kimi formalaşmış və təşkilati cəhətdən möhkəmlənmiş daxili işlər orqanları bu gün — Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətini daha da təkmilləşdirib, nailiyyətlərini artırıbdır”. Bu, bizə böyük etimaddır.

Ölkəmizdəki ictimai sabitliyin qorunması hər bir vətəndaşımız üçün vacib məsələ, dövlətimiz üçün isə milli inkişaf strategiyasının təməl prinsipidir. Ulu öndər Heydər Əliyevin bizə əmanəti olan bu sabitliyi qorumaq Azərbaycan polisi üçün həm də böyük və şərəfli vətəndaşlıq borcudur. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi altında inamla, böyük sürətlə inkişaf yolunu keçən respublikamızda, o cümlədən Sumqayıt şəhərində təhlükəsizliyin, ictimai asayişin, vətəndaşlarımızın konstitusion hüquqlarının qorunması bundan sonra da böyük əzmkarlıqla təmin olunacaqdır.

 

Mehdi HÜMBƏTOV,

Sumqayıt Şəhər Polis İdarəsinin

rəisi, polis polkovniki 

 

Xalq qəzeti.-2008.-25 dekabr.- S.9.