Heydər Əliyev: “ Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”

 

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

 

1991-ci ildə dövlət müstəqilliyimizi yenidən bərpa edəndə çoxlu problemlərlə üzləşdik. Bunun bir səbəbi ölkəyə naşı, səriştəsiz, milli təəssübkeşlikdən uzaq adamların rəhbərlik etməsi idisə, digər səbəbi dünyada yaşayan azərbaycanlılar arasında əlaqələrin olmamasıydı. Ümummilli liderimizin qeyd etdiyi kimi, sovetlər birliyində yaşadığımız illərdə bu əlaqələr mümkün olmurdu, buna imperiya siyasəti imkan vermirdi.

— Azərbaycanda müstəqilliyin ilk illərindən diaspor quruculuğu aktuallıq kəsb etməyə başlasa da, bu taleyüklü vəzifənin həyata keçirilməsinə dövlət tərəfindən xüsusi diqqət göstərilməsi məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etdi və xaricdə yaşayan azərbaycanlılarla dövlət səviyyəsində sistemli iş aparılmağa başlandı. Ümummilli liderimizin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvan Ali Məclisi 31 Dekabr—Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması barədə qərar qəbul etdi və bu tarixi günün bütün ölkə ərazisində bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırdı.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının milli birlik və həmrəylik günü kimi qeyd etdiyi bu bayram Azərbaycan xalqına mənsubluq, milli-mənəvi dəyərlərimizin təbliği, tarixi Vətənə bağlılıq, soydaşlarımızın yekdillik və mütəşəkkilliyinin gücləndirilməsi ideyalarını təcəssüm etdirir. Azərbaycanlıların həmrəyliyi və birliyi ideyası artıq bütün dünyada yaşayan soydaşlarımızın düşüncəsinə hakim kəsilmiş, dövlət siyasətimizin prioritet istiqamətlərindən biri səviyyəsinə yüksəlmişdir. Yaşadıqları ölkələrdə soydaşlarımızın təşkilatlanması, azərbaycanlı icmalarının fəaliyyətinin genişlənməsi, tarixi Vətənlə əlaqələrinin güclənməsi istiqamətində son illərdə həqiqətən çox iş görülüb. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızın sosial-iqtisadi maraqlarının müdafiəsi, beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqlarının qorunması üçün zəruri tədbirlər görür. Ayrı-ayrı ölkələrdə azərbaycanlıların icma və cəmiyyətləri vahid mərkəzlər ətrafında birləşir, ictimai-siyasi həyata onların təsiri artır. Soydaşlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin milli mədəniyyətimizin təbliğində, təcavüzkar erməni millətçilərinin ideoloji təxribatlarının ifşa olunmasında getdikcə daha fəal rol oynayırlar.

Bu, danılmaz faktdır ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi ümummilli lider Heydər Əliyevdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyasının müəyyənləşdirilməsi də ulu öndərin xidmətidir. Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyadır. Ümummilli lider dünya azərbaycanlılarını mahiyyəti öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən bəhrələnməklə hər bir insanın inkişafını təmin etməkdən ibarət olan bu ideya ilə silahlanaraq, müstəqil Azərbaycan dövləti ətrafında birləşməyə çağırırdı. Ulu öndərimiz xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayır, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşırdı. Ümummilli lider xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdi.

Ulu öndərin təşəbbüsü və himayəsi ilə 2001-ci il noyabrın 9—10-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I qurultayı xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması baxımından tarixi dönüş nöqtəsi oldu. Məhz həmin tədbirdən sonra dünyanın hər yerində Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti genişləndi, Azərbaycan dövlətinin diaspor quruculuğu istiqamətində səyləri gücləndi. Ümummilli lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə” fərman imzaladı. 2002-ci ildə Milli Məclisdə qəbul olunmuş “Xarici ölkələrdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında” qanun xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirdi.

Ümummilli liderimiz Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I qurultayında demişdir: “Biz hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir”.

Müstəqilliyimizin ilk illəri dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi olmadığı üçün Azərbaycan həqiqətlərinin, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində ölkəmizin haqlı tələblərini müdafiə edənlər də yox idi. Erməni diasporları bütün dünyada antiazərbaycan təbliğatını genişləndirirdilər. Azərbaycan diasporları olmadığı üçün tək-tək azərbaycanlıların mübarizəsi isə elə bir səmərə vermirdi. Beləliklə, ölkəmiz təbliğat işində ermənilərə uduzurdu.

Böyük siyasi xadim Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbləri ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdandan sonra bu istiqamətdə işləri genişləndirdi. Hansı ölkəyə səfərə gedirdisə, orada azərbaycanlılarla görüşür, ölkəmizdə gedən hüquqi, demokratik dövlət quruculuğu haqqında məlumat verir, onları azərbaycançılıq ideyası ətrafında birləşməyə çağırırdı. Etiraf edək ki, dünyaya səpələnmiş azərbaycanlıların çoxu bu ideyadan kənarda idi, tarixi Vətənləri ilə elə ciddi maraqlanmırdılar, ya da heç əlaqə belə saxlamırdılar. Bu isə Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında ciddi problemlər yaradırdı.

Böyük siyasi xadim Heydər Əliyev bir dəfə Amerikada olarkən orada yaşayan azərbaycanlılarla görüşündə onlara ciddi irad tutdu ki, ermənilər harada doğulmasından, harada yaşamasından asılı olmayaraq, həmişə Ermənistanı düşünürlər, çünki ermənidirlər. Ancaq azərbaycanlıların biri deyir mən İranda doğulmuşam, o biri deyir Turanda doğulmuşam. Nə fərqi var harada doğulmusan, azərbaycanlısansa Azərbaycan haqqında düşünməlisən... Ümummilli liderimizin məqsədi, məramı belə idi. Dünya azərbaycanlılarının təşkilatlanması üçün nə lazımdır edirdi. Eyni zamanda, azərbaycanlıların yaşadıqları ölkələrdə dövlət orqanlarında təmsil olmaları üçün səylərini artırmağa çağırırdı.

Beləliklə, böyük öndərin səyi nəticəsində bu istiqamətdə çox iş görüldü. Nəhayət, qeyd etdiyimiz kimi, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda 1105 nümayəndə, o cümlədən dünyanın 36 ölkəsindən 403 nümayəndə iştirak edirdi. İlk dəfə idi ki, dünyanın bu qədər ölkəsində yaşayan azərbaycanlıların nümayəndələri tarixi Vətənlərində bir araya gəlirdilər.

Hər bir dövlətin daxili və xarici siyasəti, ictimai-siyasi və sosial-iqtisadi sahədə fəaliyyəti onun ideologiyasının üzərində qurulur. Əgər bu ideologiya — milli ideologiya yoxdursa, onda həmin xalqın nəinki dünyada, heç daxilində də həmrəyliyinə, milli birliyinə nail olmaq mümkün deyil. Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində bu ideologiya yox idi, hər şey kor-koranə inkişaf edirdi. Odur ki, xarici ölkələrdə yaşayan azərbaycanlılar da tarixi Vətənləri üçün nəsə etmək istəyirdilərsə də, heç nəyə nail ola bilmirdilər, çünki daxildəki qaragüruhçular buna şərait və imkan vermirdilər. Məsələn, hakimiyyətə yiyələnmiş, ancaq siyasətdə naşı olan bu təsadüfi adamlar həmin azərbaycanlıların faktiki yaşadıqları dövlətin ünvanına elə ittihamlar ünvanlayırdılar ki, həmin şəxs küsüb getməli olurdu. İstəsəydi də tarixi Vətəninin naminə həmin ölkədə heç nə edə bilməzdi.

Müstəqillik dövründə Azərbaycanın milli ideologiyası ilk dəfə Yeni Azərbaycan Partiyasının nizamnaməsində əksini tapdı. 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 6-cı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda ümummilli liderimiz Heydər Əliyevin nitqi, demək olar ki, bu məsələnin üzərində quruldu. Daha doğrusu, həmin nitq Azərbaycanın milli ideologiyasının əsaslarının şərhinə həsr olundu. Dövlətçilik, milli-mənəvi dəyərlər, bəşəri dəyərlər bizim milli ideologiyamızın əsaslarıdır. Bu dəyərlərin əsasını isə azərbaycançılıq təşkil edir. Yəni hər biri özlüyündə azərbaycançılıq anlayışına xidmət edir. Ümummilli liderimiz Dünya Azərbaycanlılarının I qurultayında da demişdir: “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimilyasiya prosesi də var. İnsanlar — mən azərbaycanlılar haqqında danışıram — gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".

Dünya azərbaycanlılarının qurultayını keçirməkdə də məqsəd bu idi. Azərbaycan ilə dünyada yaşayan soydaşlarımızla əlaqələri möhkəmləndirmək, dünya azərbaycanlılarının həmrəyliyini genişləndirmək, inkişaf etdirmək, birliyinə nail olmaq idi məramı. Ancaq bu sahədə inkişafı yeni mərhələyə yüksəltmək zəruri məsələ idi. Eyni zamanda, bu, ümummilli liderimizin azərbaycançılıq ideyasını inkişaf etdirmək, zənginləşdirmək idi. Odur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi ilə bağlı 2006-cı il fevralın 8-də xüsusi sərəncam imzaladı. Bu tarixi sənəd dünyaya səpələnmiş soydaşlarımızın milli birliyini inkişaf etdirmək, möhkəmləndirmək yolunda yeni mərhələnin başlanması demək idi. 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II qurultayında dünyanın 49 ölkəsindən seçilmiş 1218 nümayəndə və 388 qonaq iştirak edirdi. Azərbaycanın dünyəvi bir dövlət kimi formalaşması xaricdə yaşayan hər bir azərbaycanlının istəyidir, arzusudur. Çünki Azərbaycanın inkişaf etmiş demokratik ölkələr arasında yeri möhkəmləndikcə xaricdə yaşayan azərbaycanlıların da nüfuzu artır, həm də sözü keçir. O, tarixi Vətənlərinin naminə bir iş görəndə, onun haqqını müdafiə edəndə də sözükeçərli olur. Çünki o, terrorçu, despot, insan hüquqlarının tapdandığı bir dövləti yox, hüquqi, demokratik, insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsini həyata keçirilən, dini tolerantlıq mövcud olan bir ölkəni, bir dövləti müdafiə edir. Demokratik ölkələrdə isə belə müdafiə dəstəklənir. Sözümüz ondadır ki, Azərbaycan dövləti dünyaya səpələnmiş soydaşlarımızdan öz tarixi Vətənlərini müdafiə etməkdə köməksiz qoymur. Əksinə, onların həmin ölkələrdə birliyinə, inkişafına, dövlətin idarəetmə orqanlarına yüksəlməsində zəruri köməyi və yardımları edir. Digər tərəfdən, xaricdə yaşayan soydaşlarımız Azərbaycan dövlətinə getdikcə daha çox güvənir, bilir ki, heç vaxt arxa-dayaqsız qalmayacaq.

Xarici ölkələrdə Azərbaycan diasporlarının yaranması, onların tarixi Vətənləri ətrafında təşkilatlanması bütünlüklə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləridir. Bu, böyük öndərimizin səyi, rəhbərliyi ilə 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayı ilə yeni mərhələyə qədəm qoydu. Bu, tarixi bir qurultay idi. Konkret fəaliyyət proqramı qəbul edildi. Milli birliyi və milli həmrəyliyi genişləndirmək və möhkəmləndirmək üçün konkret vəzifələr müəyyənləşdirildi. İkinci qurultaya qədər xeyli iş görüldü. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələri genişləndi. Artıq Azərbaycan dünyada öz haqqını müdafiə etməyə qadir, güclü, qüdrətli, nüfuzlu bir dövlətdir. Regionda heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşmır. Xarici ölkələrdə isə Azərbaycan diasporları getdikcə güclənir, nüfuzu artır, həmin dövlət tərəfindən tanınır, onların rəyləri ilə hesablaşırlar. Bu isə, özü-özlüyündə həm onların, həm də Azərbaycanın nüfuzunu artırır. Ancaq bu inkişaf, bu təşkilatlanma, milli həmrəylik və birliyin möhkəmlənməsi ardıcıl olaraq davam etdirilməlidir.

2006-cı il martın 16-da keçirilən Dünya Azərbaycanlılarının II qurultayı I qurultaydan keçən dövrə yekun vurdu, yeni vəzifələr müəyyən etdi. Dünya azərbaycanlılarının tarixi Vətənləri ətrafında birləşməsi yeni mərhələyə qədəm qoydu. Bu, ümummilli liderimiz Heydər Əliyevin ideyalarının inkişafı, arzularının gerçəkləşməsiydi. Böyük öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev azərbaycançılıq ideyasını, milli ideologiyamızı qətiyyətlə, böyük uzaqgörənliklə inkişaf etdirir, onun daha səmərəli olması üçün təsirli tədbirlər həyata keçirir. Əlbəttə ki, cənab İlham Əliyevin bu səyləri ali bir mərama xidmət edir. Ümummilli liderimiz bu məramı dünya azərbaycanlılarına müraciətlə belə qiymətləndirmişdir: “Müstəqil Azərbaycan həmişə sizin dayaq yeriniz olacaq, pənah gətirdiyiniz yer olacaqdır və təbiidir ki, Azərbaycanda biz də sizi özümüzün elçiləri hesab edirik, sizə çox ümidlər bəsləyirik, sizə arxalanırıq, sizi özümüzə dayaq hesab edirik. Müstəqil Azərbaycan dövləti gənc olduğu kimi, Azərbaycanın həmrəyliyi də, dünya azərbaycanlılarının birliyi də, müxtəlif ölkələrdəki Azərbaycan icmaları da gəncdir. Ancaq indi biz yeni bir mərhələyə keçmişik. Biz formalaşırıq, müstəqilliyimiz möhkəmlənir, xarici ölkələrdə yaşayan azərbaycanlılar daha sürətlə təşkilatlanır və bizim hamımız birlikdə azərbaycançılığı yaşadacağıq, daimi edəcəyik, əbədi edəcəyik”.

Dünya Azərbaycanlılarının II qurultayında Azərbaycan Prezidenti cənab İlham Əliyev isə nitqində ötən dövrdə görülən işləri qiymətləndirməklə, qarşıda duran vəzifələrə də toxundu: “Dünyada yaşayan soydaşlarımız təşkilatlanır, yaşadıqları ölkələrin həyatında daha da fəal rol oynayırlar. Əlbəttə ki, bu, həm onların mövqelərini möhkəmləndirir, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının mövqeyini gücləndirir, əhəmiyyətini artırır. Biz çox şadıq ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar o ölkələrin həyatında, iqtisadiyyatında çox mühüm rol oynayırlar və demək olar ki, artıq çox mövqelərə malikdirlər. Eyni zamanda, hesab edirəm ki, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında da çox mühüm rol oynamalıdırlar. Çünki buna bütün imkanlar var. Müstəqil Azərbaycan Respublikası bütün ölkələrlə çox işgüzar, səmərəli münasibətlər qurmaqdadır. Belə olan halda, əlbəttə ki, xaricdə yaşayan azərbaycanlılar da bunu öz gündəlik həyatında hiss edirlər.

Mənim müxtəlif ölkələrə çoxsaylı səfərlərim çərçivəsində, demək olar ki, həmişə Azərbaycan diasporu ilə görüşlərim, açıq söhbətlərim olubdur. Mən həmişə qeyd etmişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan dövlətinin möhkəm olması dünyada yaşayan azərbaycanlıların da mövqeyini möhkəmləndirir".

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ulu öndərin azərbaycançılıq ideologiyası milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamağa, dünya azərbaycanlılarını vahid Vətən, vahid amal ətrafında toplamağa yönəlmiş fəlsəfi dünyagörüşüdür və bu dünyagörüşündən irəli gələn, Azərbaycan dövlətinin öz vətəndaşları ilə yanaşı, həm də bütün dünya azərbaycanlılarının vətəni olması ideyasını uğurla həyata keçirir. Cənab Prezident indiki və gələcək dövr üçün dövlətin və vətəndaşların vəzifələrindən danışarkən soydaşlarımızın doğma vətənləri ilə hüquqi, mədəni, mənəvi əlaqələrinin möhkəmləndirilməsinin zəruri olduğunu qeyd edir. Dövlət başçısı xaricdə və yaxud ölkədə yaşamağından asılı olmayaraq, hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını dövlətin başlıca vəzifəsi hesab edir.

Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə Azərbaycanın irəliyə doğru atdığı hər bir addım, qazandığı uğur dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırır, onların müstəqil dövlətimizə inamını artırır, Azərbaycan Respublikasının milli maraqları ətrafında daha sıx birləşmələri üçün zəmin yaradır. Cənab Prezident ilk gündən bəyan edib ki, hər bir dövlətin xarici siyasətinin uğuru onun formalaşdırdığı diaspor və lobbinin imkanlarından bilavasitə asılıdır və məhz buna görə də, diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi qiymətləndirir və bu fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini önə çəkir. Dövlət başçısı milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv çatdırılması üçün xaricdə yaşayan soydaşlarımızın qarşısında mühüm vəzifələr qoyur, onların təşkilatlanması, mütəşəkkil fəaliyyət göstərmələri ilə bağlı tövsiyələr verir. İlham Əliyevin iştirakı ilə Bakıda Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi də diaspor quruculuğu sahəsinə xüsusi diqqətin göstəricisidir. Bu qurultaydan sonra ölkəmizdə 1993-cü ildən başlanan diaspor quruculuğu siyasəti yeni mərhələyə qədəm qoydu.

Xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin daha da gücləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmiş Prezident İlham Əliyev hesab edir ki, diaspor quruculuğu istiqamətində qazanılmış nailiyyətlərin, qarşıda duran vəzifələrin vaxtaşırı müzakirəsinə böyük ehtiyac var. Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsindən məqsəd də diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi problemləri, yaşadıqları ölkələrin iç siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət idi. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edildi, bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrinin gücləndirilməsi məsələləri xüsusilə önə çəkildi, əsas istiqamətlərdə fəaliyyət strategiyası müəyyənləşdirildi.

 

 

Vahid İMANOV

 

Xalq qəzeti.-2008.-31 dekabr.- S.5.