Dünya azərbaycanlıları vahid ideya və məqsəd ətrafında sıx birləşmişlər

 

Hər bir müstəqil dövlətin beynəlxalq nüfuzu və qüdrətini müəyyənləşdirən amillərdən biri də ölkə hüdudlarından kənarda formalaşdırılan diaspor və lobbi fəaliyyətinin səviyyəsidir. Bu mənada ölkəmizin inkişaf və tərəqqi yolundan, beynəlxalq aləmdəki əlaqələrinin möhkəmləndirilməsində və daha da inkişaf etdirilməsində dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində azərbaycançılıq amalını daşıyan soydaşlarımızın da payı var. Milli birlik, vətəndaş birliyi olmadan tərəqqiyə, əmin-amanlığa, firavanlığa nail olmaq mümkün deyil.

Bunun üçün isə ilk növbədə dünyanın müxtəlif ölkələrində, tarixi Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, fikir, əməl birliyinin yaradılması, möhkəmləndirilməsi çox böyük əhəmiyyət kəsb edir. Əqidəsindən, dünya görüşündən asılı olmayaraq, Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal uğrunda birləşməsi, həmrəylik nümayiş etdirməsi müasir dövrün tələbidir. Milli birlik, həmrəylik nümayiş etdirmədən heç nəyə nail olmaq mümkün deyil. Müstəqil dövlətimizin daxili və xarici siyasət sahəsində zaman-zaman əldə etdiyi uğurlar xaricdə yaşayan soydaşlarımızın milli şüurunu, özünüdərkini, torpağa bağlılığını gündən-günə möhkəmləndirmişdir. Lakin bütün bunlara baxmayaraq, dünya azərbaycanlılarının bir araya gəlməsi, daha sıx həmrəylik yaratmaq ideyasının əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Dünya azərbaycanlılarının birliyi, həmrəyliyi ideyası ulu öndər Heydər Əliyevin doğma Vətənimizlə bağlı ardıcıl olaraq qəlbində yaşatdığı, zaman keçdikcə reallığa çevirdiyi ən vacib məsələlərdən biri idi. Böyük tarixi şəxsiyyət ilk dəfə 1992-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən dünya azərbaycanlılarının həmrəylik və birlik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olmuşdur. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmiş, həmin günün hər il bütün ölkə miqyasında dövlət bayramı kimi qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırmışdır. 1993-cü ildə yenidən siyasi hakimiyətə gələn ulu öndər xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməsi, doğma Vətənlə əlaqələrinin genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlamış, onların problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün dövlətin imkanlarını səfərbər etmişdir.

Dünya azərbaycanlılarının vahid ideya və məqsəd ətrafında birləşməsi, mütəşəkkil və çevik diasporun, güclü lobbinin yaradılması üçün görülmüş tədbirlər, qəbul olunmuş qərarlar və qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi Azərbaycançılıq ideologiyasının uğurla həyata keçirilməsinə stimul yaratmışdır. Məhz bu uğurlar nəticəsində Azərbaycançılıq ideologiyası ümummilli məna kəsb etməyə başlamış, disporların inkişafının konseptual əsaslarını müəyyənləşdirən amilə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və sərəncamı ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayı xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin ümumi məqsəd, vahid Azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmişdir. Bununla da diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulmuşdur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli birlik və həmrəylik hisslərinin, duyğularının güclənməsi, onların ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməsi üçün geniş imkanlar yaranmışdır. Dünya azərbaycanlılarını, diasporlarını birgə fəaliyyətə, sıx əməkdaşlığa çağıran ulu öndər öz dəyərli tövsiyələrini vermiş, bu yolda bilik və bacarığını əsirgəməmişdir. Dünya azərbaycanlıları qarşısında duran vəzifələr aydın və dəqiq müəyyənləşdirilmişdir. Onların diqqətinə çatdırılmışdır ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ilk növbədə öz milli kimliklərini dərk və hifz etməli, Azərbaycan dilini, mədəniyyətini, adət-ənənələrini, tarixini yaşatmalı, inkişaf etdirməlidir. Bu, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin mühüm şərti hesab olunmuşdur. Ulu öndər digər dünya azərbaycanlılarının doğma Vətən Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsini, bu əlaqələrin hüquqi, siyasi və ictimai və mədəni-mənəvi əsaslarının gücləndirilməsini də mühüm vəzifə kimi qurultay iştirakçılarının qarşısına qoymuşdur. Azərbaycan diasporlarının təşkilatlanması, Vətənlə əlaqələrinin möhkəmləndirilməsi üçün ümummilli lider Heydər Əliyev sözün həqiqi mənasında gərgin fəaliyyət göstərmiş, azərbaycanlıların həmrəyliyi ideyasını ictimai təşəbbüslərdən və arzulardan əməli iş səviyyəsinə qaldırmış, dövlət siyasətinin ən mühüm istiqamətlərindən birinə çevirmişdir. Diasporlarla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin etmək üçün 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında imzalanmış fərman irəliyə doğru atılmış qətiyyətli addım oldu. “Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul olunması isə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərini və hüquqi prinsiplərini müəyyən etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə bilavasitə diaspor problemləri ilə məşğul olan dövlət orqanının təsis edilməsi və müvafiq qanunun qəbul olunması dünya azərbaycanlılarının, diasporların təşkilatlanması prosesini daha da sürətləndirmiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması işinə təkan vermişdir.

Ümummilli liderin daxili və xarici siyasətini özünəməxsus şəkildə layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev prezidentlik fəaliyyəti dövründə dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi, güclü Azərbaycan diasporunun və lobbisinin yaradılması məsələlərini daim diqqət mərkəzində saxlamış, bu prosesin daha da təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsini prioritet vəzifə kimi qarşıya qoymuşdur. Dövlət başçımız çoxsaylı səfərləri zamanı həmin ölkələrdə fəaliyyət göstərən və yaşayan soydaşlarımızla görüşmüş, onları dinləmiş, azərbaycanlı icmaların təşkil etdikləri forum və tədbirlərdə iştirak etmişdir. Möhtərəm Prezidentimiz bununla azərbaycançılıq ideyalarının uğurla davam etdirildiyini və inamla həyata keçirildiyini təsdiq etmişdir. Dövlət başçıimızın diaspor quruculuğu sahəsində apardığı ardıcıl , davamlı və məqsədyönlü işlərin nəticəsi olaraq Amerika, Avropa, Asiya və Şimali Afrikanın ayrı-ayrı ölkələrində yüzə yaxın yeni azərbaycanlı icması yaradılmış, bununla da xarici ölkələrdəki soydaşlarımızı birləşdirən təşkilatların sayı 300-ü ötmüşdür. Bir ölkə daxilində fəaliyyət göstərən ayrı-ayrı icma və qurumların tədricən vahid mərkəzdə birləşməsi prosesi davam etdirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ilin mart ayının 16-da keçirilmiş Dünya Azərbaycanlılarının II qurultayı diasporların birləşməsi və lobbilərin fəaliyyətinin daha da gücləndirilməsi işinə sanki təkan verdi. Qeyd edək ki, ikinci qurultay tarixi məzmununa və ictimai əhəmyyətinə görə birinci qurultaydan bir çox cəhətləri ilə fərqlənirdi. Bu fərqlərdən ən əsası Azərbaycanın müstəqil dövlət olaraq keçdiyi inkişaf yolu ilə bağlıdır. Diaspor quruculuğu sahəsində qarşıya çıxan problemlərin həllində II qurultay böyük əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, Dünya Azərbaycanlılarının II qurultayı daha böyük rezonans doğurmuşdur. Qurultaya dünyanın müxtəlif ölkələrindən ümumilikdə 1231 nümayəndə seçilmişdir. 49 xarici ölkədən 593 nümayəndənin iştirak etdiyi qurultay dünya ölkələrinin diqqət mərkəzində olmuşdur. Çünki bu tədbirə qatılanlar yaşadıqları ölkələrin ictimai-siyasi iqtisadi və mədəni həyatının müxtəlif sahələrində fəal iştirak edən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alimlər, ziyalılar, ictimai-siyasi xadimlər, iş adamları müxtəlif ölkələrin parlament təmsilçiləri Azərbaycanı sevən, onun inkişafını və tərəqqisini arzulayan insanlar idi. Qurultayda geniş, əhatəli və dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev diasporların fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Biz çox şadlıq ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar o ölkələrin həyatında, iqtisadiyyatında çox mühüm rol oynayırlar və demək olar ki, artıq çox möhkəm mövqelərə malikdirlər. Eyni zamanda, hesab edirəm ki, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında da çox mühüm rol oynamalıdırlar. Çünki buna bütün imkanlar var. Müstəqil Azərbaycan Respublikası bütün ölkələrlə çox işgüzar, səmərəli münasibətlər qurmaqdadır. Belə olan halda, əlbəttə ki, bunu gündəlik həyatda hiss edirlər. Mənim müxtəlif ölkələrə çoxsaylı səfərlərim çərçivəsində, demək olar ki, həmişə Azərbaycan diasporu ilə görüşlərim, açıq söhbətlərim olubdur. Mən həmişə qeyd etmişəm, bu gün də demək isrəyirəm ki, Azərbaycan dövlətinin möhkəm olması dünyada yaşayan azərbaycanlıların da mövqeyini möhkəmləndirir”.

Qurultay zamanı məlum oldu ki, ümumdünya türk diasporu ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müəyyən addımlar atılmış, bir sıra məsələlərdə iki qardaş ölkə diasporunun eyni mövqedən çıxış etməsi, birgə aksiyalar keçirməsi təmin edilmişdir. Qurultay nümayəndələri Azərbaycan Prezidentini əmin etmişlər ki, beynəlxalq təşkilatların rəhbərlərinə, ayrı-ayrı ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, bütün tərəqqipərvər insanlara müraciət edərək, Azərbaycan xalqının üzləşdiyi tarixi ədalətsizliyin aradan qaldırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn prinsiplərinə uyğun həll edilməsi üçün ardıcıl səylər göstərməyə çağıracaqlar.

Son illər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın mövqelərinin beynəlxalq qurumlar və dünyanın inkişaf etmiş ölkələri tərəfindən dəstəklənməsi göz qabağındadır. Azərbaycan Prezidentinin uğurlu daxili və xarici siyasətinin və diasporlarla görüşləri zamanı dəyərli tövsiyələrinin nəticəsi olaraq bu gün Ermənistan dünyada artıq işğalçı dövlət, Azərbaycan isə sülhsevər dövlət kimi tanınıb. Diaspora quruculuğunun əsas istiqamətləri dövlət başçısı İlham Əliyevin ölkə diplomatlarının iştirakı ilə Xarici İşlər Nazirliyində keçirdiyi sonuncu müşavirədə də bir daha irəli sürüldü. Azərbaycan Prezidenti həmin müşavirədə demişdir: “Xaricdə yaşayan azərbaycanlılar bu və digər məsələlərdə səfirliklərə öz köməyini göstərə bilərlər. Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz , bir tərəfdən onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar. Həm icra orqanlarında, həm qanunvericilik orqanlarında, həm də biznes sahəsində, onların mövqeləri daha da güclənsin. Yəni bu, bizim vəzifəmizdir. Eyni zamanda, onlar da öz doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər. Ona görə də səfirliklər xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqədə olmalıdırlar və xaricdə yaşayan soydaşlarımızla işlər daha yüksək səviyyədə qurulmalıdır”.

Dünya Azərbaycanlılarının II qurultaynıın nəticələri, bu ali forumun qəbul etdiyi qərarların ümumi məzmunu Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanması üçün ideoloji baza rolunu oynayıb. Qurultayın sənədlərində öz əksini tapmış təklif və tövsiyələrə uyğun olaraq 2006-cı ildə keçirilmiş Dünya azərbaycanlı ziyalıların forumun xarici öklələrdə yaşayan azərbaycanlı ziyalılarının, iş adamlarının, ictimai siyasi xadimlərinin, mədəniyyət və incəsənət xadimlərinin dövlətimizə bağlılığını, eyni zamanda Azərbaycan Prezidentinin ətrafında sıx birləşməsinin təsdiqi olmuşdur. Həmçinin Azərbaycan diasporunun fəaliyyətində yeni əlaqələrin əsası qoyulmuş müxtəlif icmaların daha yaxından əməkdaşlığı üçün zəmin yaratmışdır. 2007-ci ilin martında Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və türk diaspor təşkilatı rəhbərlərinin I forumu türkdilli xalqların yaddaşında tarixi hadisə kimi qalmışdır. Forumda “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”, “Bakı Bəyannaməsi” və digər zəruri sənədlər qəbul edilmişdir. Həmin il möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilməsi də böyük siyasi hadisə kimi dəyərləndirmişdir. Qurultayda türkdilli xalqlar arasında bütün sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsi məsələsi geniş müzakirə olunmuş və mühüm əhəmyyətli qərarlar qəbul olunmuşdur. Bununla yanaşı, ölkəmizə dost münasibət bəsləyən insanlarla əməkdaşlığın genişləndirilməsi, güclü Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində də bir sıra yadda qalan tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biri də bu ilin martında Berlin şəhərində Azərbaycan və Türk Diaspor Təşkilatlarının Əlaqələndirmə Şurasının illik iclasının keçirilməsi olmuşdur. Həmin iclasda qardaş ölkə diasporları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi barədə müzakirələr aparılmışdır.

Xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlət başçımızın gördüyü işlər təqdirəlayiqdir. Bu məqsədlə Rusiya Federasiyasının müxtəlif regionlarında, habelə Dağıstan Respublikasında və Gürcüstanda yaşayan soydaşlarımızın vəziyyətini öyrənmək üçün bir sıra mühüm əhəmiyyətli tədbirlər görülmüşdür. Ötən dövrün ən çox yaddaqalan hadisələrindən biri də Azərbaycan Prezidentinin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində müstəqil dövlətimizin qarşısında yeni vəzifələr qoymuşdur. Diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları ilə müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir.

Diasporlarla əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə bu il dekabrın 18-də Bakıda “Azərbaycan-Şərqin dünyaya açılan qapısı” mövzusunda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının keçirdiyi tədbirdə daha bir əhəmiyyətli hadisə qeydə alınmışdır. Həmin tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası layihəsi əsas kimi qəbul edilmişdir. “Diaspor təşkilatlarının Konstitusiyası” adlandırılan bu sənəd Azərbaycan dövlətinin və xalqının milli maraqlarının müdafiəsində dünya azərbaycanlılarının fəal iştirakını təmin etməyi qarşıya məqsəd qoyub. Bununla yanaşı xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi Vətənin mənafeləri naminə vahid amal ətrafında birləşmək əzmini və iradəsini ifadə edən, bu birliyin ideoloji sosial fəlsəfi, siyasi və mənəvi aspektlərini müəyyənləşdirən, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu türkçülük və avropaçılıq meyllərini özündə birləşdirən ideoloji konsepsiyadır.

Xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, onların cəmiyyətə inteqrasiyasının təmin olunması, diasporlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi Azərbaycançılıq ideologiyasının geniş şəraitdə təbliği qarşıda duran mühüm vəzifələrdəndir. Bu vəzifələrin layiqincə yerinə yetirilməsinə heç bir şübhə ola bilməz.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.-2008.-31 dekabr.- S.8.