Beynəlxalq təcrübəyə əsaslanan milli vergi sistemi təkmilləşdirilməkdədir

 

Son illər Azərbaycanın vergi sisteminin modernləşdirilməsi və təkmilləşdirilməsi, vergi xidmətinin müasir standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli işlər görülmüş, vergi qanunvericiliyinin və vergi inzibatçılığının müasir tələblər baxımından qurulması istiqamətində önəmli addımlar atılmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən səmərəli iqtisadi siyasət nəticəsində bu gün ölkəmizdə müasir vergi sistemi qurulmuş və təkmilləşdirilməkdədir.

 

Azərbaycan Respublikasının vergi sisteminin son illərdə əldə etdiyi uğurlardan biri onun beynəlxalq vergi sisteminə inteqrasiya etməsi və vergi sahəsində islahatçı ölkələr qrupuna daxil olmasıdır. Bu, ilk növbədə, Azərbaycanın beynəlxalq aləmdə daha çox tanınması və getdikcə artan nüfuzu ilə, digər tərəfdən isə Azərbaycanda keçirilən vergi islahatları və bu islahatlardan əldə olunan uğurlarla bağlıdır.

Vergitutma sahəsində dünyada gedən proseslər və bir çox dövlətlər tərəfindən, əsasən də inkişaf etmiş dövlətlər tərəfindən aparılan islahatlar göstərir ki, vergi ödəyiciləri arasında münasibətlərin artıq qarşılıqlı etibarlılıq və partnyorluq əsasında qurulması ən mühüm hədəflərdən biridir. Eyni zamanda, vergirtutuma sahəsində davam edən inkişaf vergi inzibatçılığının təkmilləşdirilməsi, bununla yanaşı, vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl etmə xərclərinin azaldılması üçün müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişlənməsi zərurətini yaradır. Bu baxımdan, Azərbaycanın vergi sistemi müasir informasiya texnologiyalarının tətbiqi, vergi ödəyicilərinə xidmət, insan resurslarının inkişafı və vergi inzibatçılığında yeni idarəetmə standartlarının tətbiqi baxımından mühüm nailiyyətlər əldə etmişdir. Belə ki, elektron hökumətin yaradılması istiqamətində ən mühüm layihələrdən biri olan və vergi sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində həyata keçirilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vergi orqanlarının fəaliyyətini avtomatlaşdırmaqla, çevik və səmərəli vergi siyasətinin aparılması üçün texnoloji dəstəyi təmin etmişdir.

Vergi ödəyicilərinə göstərilən xidmətlər, xüsusilə elektron xidmətlər genişlənməkdədir. Vergi bəyannamələrinin elektron formatda tətbiq edilməsi bu sahədə atılan mühüm addım hesab edilir və vergi ödəyicilərinin əməl etmə xərclərinin azaldılmasına şərait yaradır. Artıq sadələşdirilmiş vergi ödəyicilərinin 74 faizi, ƏDV ödəyicilərinin 94 faizi vergi bəyannamələrini elektron formatda təqdim edirlər.

Vergilərə dair zəruri məlumatların təqdim edilməsi məqsədilə MDB məkanında ilk olaraq Azərbaycanda yaradılan Vergilər Nazirliyinin 195 telefon xidmətinə edilmiş müraciətlərin dinamikası bu xidmətin kifayət qədər vacib olduğunu göstərir. Eyni zamanda, Vergilər Nazirliyinin azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən internet saytı vergi ödəyiciləri ilə interaktiv ünsiyyətin qurulmasına şərait yaratmışdır.

Xatırladım ki, 1 yanvar 2008-ci il tarixdən ölkəmizdə ƏDV üzrə vahid depozit hesabının tətbiqinə başlanılmışdır ki, bu da ƏDV-nin hərəkəti və əvəzləşdirilməsi, habelə, ƏDV üzrə dövlət büdcəsinə ödənişlə bağlı vergi ödəyicilərinin bütün əməliyyatları üzrə vergi orqanları tərəfindən səmərəli nəzarət həyata keçirməyə imkan yaratmışdır.

Növbəti ildən artıq elektron vergi hesab-fakturalarının tətbiqinə başlanacaqdır və bu sistemin tətbiqi vergi hesab-fakturaların dövriyyəsinə nəzarəti kifayət qədər təkmilləşəcəkdir. Eyni zamanda, nağd pul əməliyyatlarına vergi nəzarətinin gücləndirilməsi məqsədilə nəzarət-kassa aparatlarına məsafədən ötürmə qurğularının (GPRS) quraşdırılmasına başlanacaqdır.

Bu nailiyyətlərin əldə olunmasında ölkə Prezidenti, cənab İlham Əliyevin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi mühüm rol oynamışdır. Bu proqramm çərçivəsində üç il ərzində beş əsas strateji istiqaməti əhatə edən 39 irimiqyaslı tədbir reallaşdırılmışdır. Bu Proqramın reallaşdırılması nəticəsində güclü nəzarəti həyata keçirməyə imkan verən vergi inzibatçılığının formalaşdırılmasına nail olunmuş, daha səmərəli və funksional əsasda fəaliyyət göstərən yeni idarəetmə sistemi qurulmuşdur.

Eyni zamanda, ölkə Prezidentinin sərəncamı ilə Vergilər Nazirliyi tərəfindən 2008-ci ildən sahibkarlığın inkişafının sürətləndirilməsi və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipi üzrə həyata keçirilməyə başlamışdır. Bununla bağlı, qeydiyyat prosedurları xeyli sadələşdirilmiş, qeydiyyat müddəti hüquqi şəxslər üçün üç günə (fiziki şəxslər – iki günə) qədər azaldılmış, bunun nəticəsində 2008-ci ildə qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin sayı 2007-ci ilə nisbətən 30 faiz artmışdır.

Dövlət qeydiyyatının “bir pəncərə” prinsipi ilə tətbiqinin müvəffəqiyyətlə həyata keçirilməsi beynəlxalq maliyyə təşkilatları tərəfindən yüksək qiymətləndirilmiş, bu yenilik ötən il qeydiyyat sahəsində dünyada aparılmış ən uğurlu islahat hesab edilərək, “Celebrating Reform 2008” hesabatına daxil edilmişdir.

Qeyd etmək lazımdır ki, Vergilər Nazirliyi milli vergi sisteminin təkmilləşdirilməsi və modernləşdirilməsi məqsədilə digər ölkələrin təcrübələrinin öyrənilməsinə, həmin ölkələrin vergi orqanları, həmçinin beynəlxalq və regional təşkilatlarla işgüzar əlaqələrin qurulmasına və mövcud əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verir.

Hazırda Avropa İttifaqına üzv olan ölkələrin, Müstəqil Dövlətlər Birliyi iştirakçıları olan ölkələrin, eyni zamanda, ABŞ, Türkiyə, Sinqapur və bir sıra digər ölkələrin vergi orqanları ilə qurulmuş qarşılıqlı işgüzar əlaqələr genişlənməkdədir.

Xarici dövlətlərin vergi sistemlərinin, tətbiq etdikləri yeniliklərinin və qabaqcıl təcrübələrinin öyrənilməsi məqsədilə Vergilər Nazirliyinin nümayəndə heyətləri ABŞ, Birləşmiş Krallıq, Fransa, İrlandiya, Danimarka, Türkiyə, Macarıstan, Çexiya, Estoniya, Ukrayna, Polşa, İsveç, Niderland və digər ölkələrin vergi orqanlarında işçi səfərlərdə olmuşlar.

Milli vergi sisteminin əldə etdiyi nailiyyətlər və həyata keçirilən mütərəqqi layihələr, eyni zamanda, bu uğurların daha fəal şəkildə təbliğ edilməsi və digər ölkələrin vergi orqanları ilə əməkdaşlığın genişləndirilməsi artıq həmin ölkələrin vergi orqanlarının marağını Azərbaycana cəlb etməkdədir.

Son illərdə İrlandiya, Qazaxıstan, Ukrayna, Qırğızıstan, Türkiyə, Çexiya, Moldova, Avstriya, Niderland, Tacikistan və Estoniya nümayəndə heyətləri Vergilər Nazirliyində səfərdə olmuşlar. Bu səfərlər zamanı vergi inzibatçılığı, “bir pəncərə” prinsipinin tətbiqi, ƏDV depozit hesabı, vergi əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi sistemlərinin tətbiqi və digər sahələrlə bağlı müxtəlif təqdimatlar keçirilmiş, qarşılıqlı təcrübə mübadiləsi olmuşdur.

Bununla yanaşı, xarici dövlətlərin vergi orqanları ilə qurulmuş əməkdaşlığın hüquqi bazası genişlənməsi istiqamətində aparılan işlər davam etməkdədir. Artıq Fransa, Çexiya və Estoniyanın vergi administrasiyaları ilə əməkdaşlığa dair memorandumlar imzalanmış, eyni zamanda, Böyük Britaniya, İrlandiya, Litva, Latviya və Macarıstanın vergi orqanları ilə analoji sənədin imzalanması üçün müvafiq işlər həyata keçirilir.

Vergi sahəsində nüfuzlu beynəlxalq qurumlarla geniş əməkdaşlıq edilir. Bu baxımdan Vergilər Nazirliyinin üzv olduğu Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA) ilə əməkdaşlıq xüsusilə qeyd edilməlidir.

Vergilər Nazirliyi 2002-ci ildə bu təşkilata üzv olmaqla Avropa ölkələri daxilində gedən vergi məsələlərinə dair ümumi proseslərdə yaxından iştirak etmək imkanı əldə etmişdir, bu isə öz növbəsində milli vergi sistemini təkmilləşdirmək və müasirləşdirmək üçün çox vacib rol oynamaqdadır.

Digər tərəfdən bu təşkilatın işində iştirak Azərbaycana bir sıra ətraf ölkələrlə müqayisədə, digər sahələrdə olduğu kimi, vergilər sahəsində də “daha irəlidə getmək” kimi mühüm bir üstünlük verir və bu üstünlükdən səmərəli istifadə edilməyə çalışılır.

Vergilər Nazirliyi İOTA-nın ümumi fəaliyyətində, işçi qrupların işində və müxtəlif mövzulara dair keçirilən seminarlarda fəal iştirak edərək, bu iştirakdan maksimum faydalanmağa çalışır.

İOTA ilə səmərəli əməkdaşlığın nəticəsi olaraq 2007-ci ilin may ayının 16-18 tarixlərində İOTA-nın “Vergi ödəyicilərinə xidmət və tədris” işçi qrupunun iclası Bakı şəhərində keçirilmişdir. Eyni zamanda, təşkilatın 2010-cu ilin İş Proqramına əsasən, “ƏDV fırıldaqçılığının aşkarlanması və qarşının alınması” işçi qrupunun növbəti iclasının 2010-cu ilin 15-17 sentyabr tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulur.

Belə tədbirlərin Azərbaycanda keçirilməsi çoxsaylı ölkələrin nümayəndələrinin vergi sistemi ilə yanaşı ölkəmizlə, onun sürətlə artan inkişafı, eyni zamanda, mədəniyyəti və tarixi ilə yaxından tanış olmağa imkan yaradır.

Eyni zamanda, Vergilər Nazirliyi təşkilatın fəaliyyətində də mühüm rol oynamağa başlamışdır. Belə ki, Vergilər Nazirliyi İOTA-nın 2008-2012-ci illər üzrə Strategiyasının hazırlanması məqsədilə təşkilatın İcra Şurasının Qərarı ilə yaradılan Strateji işçi qrupuna daxil edilmişdir.

2009-cu ildə keçirilən təşkilatın 13-cü Baş Assambleyasında iştirak edən nümayəndə heyətimiz ölkəmizdə tətbiq olunan “ƏDV-nin depozit hesabı” barədə geniş təqdimat keçirmiş və bu təqdimat böyük marağa səbəb olmuşdur.

Bununla yanaşı, Vergilər Nazirliyi MDB üzv olan dövlətlərin vergi orqanları rəhbərlərinin Koordinasiya Şurasının (KSRNS) və vergi təhqiqatları orqanlarının Koordinasiya Şurasının (KSONR) işində də fəal iştirak edir.

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq davam etdirilir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mütəmadi görüşlər, birgə tədbirlər və layihələr keçirilməkdədir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT - OECD) ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir və bu əməkdaşlıq beynəlxalq əlaqələrin prioritet sahələrindən biridir. Vergi işçiləri İƏİT tərəfindən keçirilən qlobal forumlarda, peşəkar səviyyənin artırılması məqsədilə İƏİT tərəfindən Ankara Çoxmilli Vergi Mərkəzində müxtəlif mövzularda keçirilən seminarlarda və digər tədbirlərdə fəal iştirak edirlər.

İslam Ölkələrinin Vergi Orqanları Assosiasiyası (ATAİC) ilə əməkdaşlığın genişlənməsi məqsədilə aparılan işlər davam etdirilməkdədir.

Mühüm istiqamətlərdən biri də Avropa Kommersiya Qeydiyyatçıları Forumu (EFCR) ilə əlaqələrin yaradılmasıdır. Vergilər Nazirliyinin nümayəndələri biznesin qeydiyyatı sahəsində nüfuzlu beynəlxalq qurumu olan EFCR-nin fəaliyyəti ilə tanış olmaq məqsədilə qurumun cari ilin iyun ayında keçirilən XII illik Konfransında iştirak etmişdir.

Bu təşkilatla yaxından əməkdaşlıq kommersiya hüquqi şəxslərin qeydiyyatı sahəsində digər ölkələrdə aparılan işlərlə yaxından tanış olmaq, xarici ölkələrin bu sahə üzrə aidiyyəti orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsi və qeydiyyatla bağlı prosedurların bundan sonra da təkmilləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Milli iqtisadiyyatın dinamik inkişafına uyğun olaraq bu gün vergi sisteminin də qarşısında yeni vəzifələr durur. Dünyada iqtisadi şəraitin sürətlə dəyişməsi, həmçinin regional və beynəlxalq müstəvidə investisiyaların cəlb olunması üçün rəqabət qabiliyyətli iqtisadi sistem yaratmaq istiqamətində gedən proseslər ölkəmizin vergi sistemini də buna hazır olmağa vadar edir.

Bu baxımdan ölkəmizin Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul olunan Fəaliyyət Planı xüsusi önəm kəsb edir. Bu Plan bir çox sahələrin, o cümlədən vergi sisteminin inkişaf istiqamətlərinin Avropa İttifaqının əsas prinsiplərinə və vergi qanunvericiliyində ümumi qəbul olunmuş standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.

Vergilər Nazirliyi bu Fəaliyyət Planından irəli gələn öhdəliklərin həyata keçirilməsi, həmçinin vergi sisteminin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyən edən iki mühüm sənəd qəbul etmişdir. Bunlar “Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin strateji istiqamətləri” və “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyalarının istifadə imkanlarının genişləndirilməsi” haqqında konsepsiyalardır.

Qeyd olunan konsepsiyaların həyata keçirilməsi üçün qəbul edilən Strateji Plan vergi orqanları qarşısında yaxın üç ildə bir sıra mühüm tədbirlərin həyata keçirilməsini müəyyən edir ki, bu da vergi orqanlarına bir çox strateji məqsədlərə nail olmağa imkan verəcəkdir. İlk növbədə, Azərbaycanın vergi qanunvericiliyinin Avropa İttifaqının vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması prosesi davam etdiriləcəkdir. Digər tərəfdən, vergidən yayınma hallarının qarşısının alınması, bu sahədə vergi inzibatçılığının az riskli vahid sistem kimi formalaşdırılması təmin ediləcəkdir. Vergi ödəyicilərinə göstərilən xidmətlərin daha da yaxşılaşdırılması və məlumat əldə etmək imkanlarının genişləndirilməsi, vergi orqanlarının fəaliyyətində şəffaflıq səviyyəsinin artırılması məqsədilə daxili nəzarət mexanizminin təkmilləşdirilməsi də məqsəd olaraq ortaya qoyulmuşdur.

Bütün bunlarla yanaşı, milli vergi qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması istiqamətində Avropa İttifaqının texniki yardım alətləri olan TAİEX və TVİNİNQ proqramları çərçivəsində bir sıra layihələrin reallaşdırılması da nəzərdə tutulmuşdur.

Sözügedən proqramlar Avropa İttifaqının əhatəsinin genişləndirməsi üçün səmərəli hesab edilən və eyni zamanda Avropa Qonşuluq Siyasəti ilə əhatə olunan dövlətlərdə tətbiq edilən yardım alətləridir. Bu proqramlar Avropa İttifaqına yaxın olan dövlətlərdə və üzvlüyə namizəd olan dövlətlərdə Aİ-nın tələblərinin səmərəli şəkildə tətbiq edilməsi üçün hazırlanan texniki yardım mexanizmidir. Artıq bununla bağlı cari ildə Avropa İttifaqının ekspert missiyalarının ölkəmizə səfərləri keçirilmişdir.

Belə ki, Fəaliyyət Planında nəzərdə tutulan milli vergi qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması kimi prioritet istiqamətin təmin edilməsi məqsədilə cari ildə TAİEX proqramı çərçivəsində ekspert missiyası təşkil edilmişdir. Ekspert missiyası zamanı milli qanunvericiliyimizin Aİ prinsiplərinə uyğunluğuna dair müqayisəli formatda müzakirələr aparılmış, milli vergi qanunvericiliyinin, xüsusilə dolayı vergilər üzrə qanunvericiliyin Aİ ümumi prinsiplərinə və əsas tələblərinə uyğunlaşması istiqamətində inkişaf etdiyi bildirilmiş, bu sahədə işlərin davam etdirilməsi tövsiyə edilmişdir.

Vergilər Nazirliyi nəzarət sisteminin əsasını təşkil edən audit yoxlamalarının keyfiyyətinin artırılması və vergidən yayınma risklərinin azaldılması məqsədilə Avropa İttifaqının yardım aləti olan TVİNİNQ proqramı çərçivəsində elektron audit sisteminin tətbiq edilməsi layihəsi üzrə prosesə başlamışdır. Belə ki, Avropa İttifaqlarının ekspertlərinin ölkəmizə səfərləri çərçivəsində artıq elektron audit sisteminin tətbiqinə dair Tvinninq Fişinin (layihə təfsiri sənədi) son layihəsi hazırlanmışdır. Layihənin icrasına 2010-cu ilin sonlarında başlanması nəzərdə tutulur və hesab edirik ki, layihə həyata keçirildiyi təqdirdə vergi xidməti olduqca mühüm bir texniki yardım almış olacaqdır ki, bu da son nəticədə ölkəmizdə elektron audit sisteminin tətbiqinin sürətləndirilməsinə xidmət edəcəkdir.

Azərbaycanda elektron auditinin tətbiqi ilə əlaqədar hazırda bir çox inkişaf etmiş ölkələrin e-audit sahəsində təcrübəsi öyrənilir və bu sistemin tətbiqi üçün fəaliyyət planı hazırlanır. Əlbəttə, bu uzun sürən bir proses olacaqdır və onun reallaşdırılması üçün çoxlu işlər görülməlidir.

Vergitutma sahəsində dünya ölkələrilə qurulan münasibətlərin mühüm bir istiqaməti “Gəlir və əmlak vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması” haqqında sazişlərin imzalanmasıdır. İkiqat vergitutmanın aradan qaldırılması barədə beynəlxalq sazişlər əlverişli investisiya mühitinin yaradılmasına birbaşa təsir göstərir, vergidən yayınma hallarının qarşısının alınması məqsədilə vergi orqanları arasında qarşılıqlı yardım göstərilməsi üçün əlavə imkanlar yaradır.

Hazırda Azərbaycan Respublikası ilə 39 dövlət arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlər imzalanmışdır. Bundan başqa, 15-dən artıq ölkə ilə analoji sazişlər imzalanmağa hazırdır və ya saziş layihələrinin razılaşdırılması üzrə danışıqlar aparılır.

Digər dövlətlərin ölkəmizin vergi sahəsində əldə etdiyi uğurlara olan marağı, təcrübə mübadiləsi üçün etdikləri səfərlər belə söyləməyə əsas verir ki, Azərbaycanın vergi sistemi tarixi baxımdan qısa müddət ərzində mütərəqqi beynəlxalq təcrübəni öyrənməklə onu milli vergi sistemində tətbiq etmiş, vergi inzibatçılığının modernləşdirilməsi baxımından əhəmiyyətli irəliləyişlər əldə etmişdir.

Bu gün dünyada həyata keçirilən ümumi vergi siyasəti strategiyasının əsas istiqaməti vergilərin könüllü ödənilməsinin artırılmasıdır. Bu isə ilk növbədə, vergi orqanlarının vergidən yayınmanın qarşısını almaq üçün texnoloji imkanlarını nümayiş etdirən qabaqlayıcı tədbirləri həyata keçirmək imkanlarının tam təmin edilməsi və vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşməsi ilə bağlıdır. İnkişaf etmiş xidmətin mövcudluğu vergi ödəyicilərini bəyannamələri könüllü təqdim etməyə və vergiləri könüllü ödəməyə keçidə stimullaşdırır.

Bu baxımdan, möhtərəm Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi və beynəlxalq inteqrasiya siyasətinə uyğun olaraq, Azərbaycanın vergi sisteminin inkişafı sosial ədalət və milli iqtisadiyyatın rəqabətliliyinin təmin edilməsi prinsiplərinə cavab verən, aydın başa düşülən və icra edilə bilən vergi öhdəlikləri sisteminin qurulmasına, vergi ödəyiciləri üçün qlobal məlumat xidmətinin möhkəmləndirilməsi və müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, peşəkar vergi inzibatçılığının qurulmasına istiqamətlənmişdir.

 

 

Natiq QASIMOV,

vergilər nazirinin müavini,

iqtisad elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2009.- 18 dekabr.- S. 3.