Bakı İslam mədəniyyətinin paytaxtı kimi öz missiyasını uğurla başa çatdırdı

 

Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, bütövlükdə mədəniyyətimizə göstərdiyi qayğı müstəqil Azərbaycanımızın mədəni həyatında əsaslı yüksəlişə səbəb oldu. Bu gün ümummilli liderin əsasını qoyduğu müstəqil Azərbaycanın mədəniyyət siyasəti ölkəmizi yeni inkişaf yoluna çıxarmış cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyildir ki, Azərbaycan təkcə öz iqtisadi göstəriciləri ilə deyil, həm də mədəniyyət sahəsindəki nailiyyətləri ilə öyünə bilər.

 

Azərbaycan Avropa ilə Asiyanın qovuşacağında yerləşdiyi üçün onun mədəniyyəti də həm Qərbin, həm də Şərqin elementlərini özünə ehtiva edir. Müxtəlif dövrlərdəki qadağalara baxmayaraq ölkəmizdə İslam mədəniyyəti ənənələri uzun illər qorunub saxlanmış və bu gün də həmin dəyərlər inkişaf etdirilir, yeni nəsillərə çatdırılır. Qloballaşma dövründə Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə uğurla inteqrasiya olunur, ancaq müstəqil Azərbaycan dövləti öz mədəniyyət siyasətində milli mənəvi dəyərləri qoruyub saxlamaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir.

Bəşər mədəniyyətinə əhəmiyyətli töhfələr bəxş edən İslam mədəniyyəti getdikcə inkişaf edir, təkmilləşir. İSESKO üzvü olan islam dövlətləri bu gün öz mədəniyyətlərinin bir-birinə yaxınlaşması, inkişafı üçün əhəmiyyətli layihələri reallaşdırırlar. Söz yox ki, bu inkişafı sürətləndirmək məqsədi ilə hər il islam ölkələrindən birinin “İslam mədəniyyətinin paytaxtı” elan olunması da bu zərurətdən doğmuşdur. Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunması məhz Azərbaycanın islam mədəniyyəti ənənələrinə sadiqliyi ilə izah olunmalıdır. Bu qərar İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin 2007-ci il noyabrın 21-dən 23-dək Liviyanın Tripoli şəhərində “İslam dünyasında mədəniyyət siyasətləri: keçmişə əsaslanaraq gələcəyin formalaşdırılması” mövzusunda keçirilmiş V konfransında verilmişdir.

“İslam mədəniyyəti paytaxtları” proqramını təsdiq edən qətnamə İSESKO-nun təklifi ilə həmin ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ilin axırlarında Qətərin paytaxtı Dohada keçirilmiş III konfransında qəbul edilmişdir. Bu sənədə əsasən islam mədəniyyətinin paytaxtı İslam Konfransı Təşkilatına üzv olan ölkələrin şəhərləri arasından seçilir. Beləliklə Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam mədəniyyəti paytaxtı elan edilmişdir. Bakı isə sonradan seçilməsi nəzərdə tutulan islam mədəniyyəti paytaxtlarından biri olmuşdur.

Bu il fevralın 17-də Bakı İslam mədəniyyətinin paytaxtı elan edilməsinin açılış mərasimi oldu. Həmin tədbirdə möhtərəm Prezidentimiz və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı — İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri də iştirak edirdilər. Cənab Prezidentimiz İlham Əliyev Bakının mədəniyyət paytaxtı elan edilməsini böyük şərəf kimi qiymətləndirmişdir. Ölkə rəhbəri çıxışında demişdir: “Biz islam aləminin yaxın olmasına, İslam həmrəyliyinə çalışırıq. Buna böyük ehtiyac var”. AMEA- nın müxbir üzvü Nizami Cəfərov isə çıxışında bu tədbirin sivilizasiyalararası dialoqu daha da gücləndirəcəyini bildirmişdi.

Əlbəttə, burada İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman-əl Tüveycrinin fikrini də qeyd etmək lazımdır. O, demişdir: “Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi islam dünyasında mədəniyyətlərarası əlaqələri möhkəmlətmək üslubudur, çünki Bakı İslam dünyasında ən qədim şəhərlərdən biridir”.

Doğrudan da, Bakı İslam dünyasının qədim şəhərlərindəndir, bunu şəhərimizin qədim tarixi və mədəniyyət abidələri bir daha sübut edir. Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsindən sonra keçirilən 100-dən artıq tədbirdə iştirak edən xarici ölkələrin mədəniyyət xadimləri bu abidələrə heyranlıqla tamaşa edir, şəhərimizin mədəni həyatındakı yeniliklərlə maraqlanırdılar. Söz yox ki, bu tədbirlərin iştirakçısı olan xarici ölkə vətəndaşları Bakı haqqında, onun tarixi və mədəniyyət abidələri haqqında öz ölkələrində ətraflı məlumatlar verəcəklər.

Mən keçirilən tədbirləri sadalamaq fikrində deyiləm. Bu tədbirlər barədə vaxtaşırı mətbuatda, televiziyada məlumat verilib. Onu deyə bilərəm ki, tədbirlərin yüksək səviyyədə keçirilməsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müstəsna xidmətləri olmuşdur. Belə ki, cənab nazirin rəhbərliyi ilə keçirilən bu tədbirlərin sivilizasiyalar və mədəniyyətlərarası dialoqun daha da intensivləşməsində böyük rolu oldu.

Bir məsələni də qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizin İslam dünyasına inteqrasiyasında böyük xidmətləri olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr heç şübhəsiz ki, Bakının İslam mədəniyyətinə verdiyi töhfələri daha da artıraraq rəngarəngləşməsinə xidmət edir.

Oktyabrın 14-də Prezident İlham Əliyev “Bakı İslam mədəniyyətinin paytaxtı—2009” mədəniyyət ili çərçivəsində İKT-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən 6-cı konfransının nümayəndələrini qəbul etmişdir. Cənab Prezident bu tədbirlərin İslam həmrəyliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirmişdir. Dövlət başçısı qeyd edib ki, belə tədbirlər eyni zamanda təmsil olunan ölkələrin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində də vacib amildir. Cənab Prezident İKT-yə üzv ölkələrin beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə edən qərarların çıxarılmasında İslam ölkələrinin xidmətini xüsusi qeyd etmişdir. “Biz çalışırıq ki, bütün ölkələr kimi müsəlman dövlətləri ilə də münasibətlərimizi yüksək səviyyədə quraq, — deyən cənab Prezident mədəni əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar olduğunu bildirib. Dövlət başçımız İKT-yə üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən 16-cı konfransında qəbul olunan qərarların İslam birliyinin daha da möhkəmlənməsinə töhfə olacağına əminliyini bildirib.

“Bakı İslam mədəniyyətinin paytaxtı—2009” çərçivəsində keçirilən bu konfrans ilin ən əhəmiyyətli tədbiri oldu və bir neçə problemin çözülməsinə stimul verdi.

Onu qeyd edim ki, bəşər sivilizasiyaları arasında İslam sivilizasiyasının xüsusi veri olub. Ümumiyyətlə, İslamın geniş yayılmasını təkcə dini etiqad baxımından izah etmək düzgün olmazdı. İslamın yayılması həm də mədəni ənənə və elmlə bağlıdır. İslamda qələmə və yazıya and içilir. Bütün bunlar göstərir ki, İslamda elmə böyük əhəmiyyət verilib. İslamın mədəni göstəricilərindən biri də kitab mədəniyyətidir. Heç bir din haqqında bu qədər kitab yazılmayıb. Və bundan sonra da yazılacaq kitablar arasında Bakının indiki statusundan dolayı, ölkə paytaxtında keçirilmiş tədbirlər, görülmüş işlər Bakımızın adını islam mədəniyyəti tarixində əlahiddə yerə yazılacaqdır.

Bəli, bu gün artıq Bakının İslam mədəniyyətinin paytaxtı kimi 2009-cu ildə həyata keçirilən tədbirlərin nəticələri barədə danışmaq olar. Bir il ərzində keçirilən davamlı tədbirlər Azərbaycan mədəniyyəti tarixində məxsusi yer tutacağı şəksizdir. Biz bir daha sübut etdik ki, Azərbaycan islami dəyərlərə sadiqdir və bu dəyərlərin nəsillərdən-nəsillərə ötürülməsi ilə xalqımızın mədəniyyəti əsaslı şəkildə zənginləşmişdir.

Biz İslam dünyasının böyük mədəniyyət, elm xadimlərini yad etdik. Ölkəmizdə İslam ölkələrinin mədəniyyət günlərini keçirdik. Bu qarşılıqlı görüşlər mədəniyyətlərarası dialoqun inkişafına təkan verdi.

Bu gün Avropa ölkələri də belə tədbirlər keçirir. Heç şübhəsiz ki, bizim ölkəmiz də Avropa mədəniyyətinə inteqprasiya yolundadır. Biz Avropanın da mənəvi dəyərlərindən kifayət qədər bəhrələnirik və mədəni tədbirlərində fəal iştirak edirik. Bu yaxınlarda Azərbaycanın böyük rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə YUNESKO xətti ilə Parisdə keçirilən tədbirlər və digər beynəlxalq forumlar bunu bir daha təsdiq edir. Azərbaycan muğamı dünyanı fəth edir. Bunlar hamısı Mehriban xanım Əliyevanın müstəsna xidmətləridir.

Əlbəttə, həm Qərbə, həm də Sərqə mədəni inteqrasiya bizim ölkəmizin inkişafının strateji istiqamətlərindəndir.

Artıq mədəniyyət ilinə yekun vurmaq məqamı çatmışdır. Heydər Əliyev Sarayında bu münasibətlə keçirilən tədbirdə səslənən fikirlər Azərbaycan mədəniyyətinin İslam mədəni dəyərlərinə sadiqliyini bir daha təsdiq etdi.

Hər bir xalqı dünyaya tanıdan amillərdən biri həmin xalqın mədəniyyətidir. Ulu öndərin siyasi kursuna sadiq olan çox hörmətli Prezidentimiz Azərbaycan mədəniyyətinin inkişafı üçün hər cür şəraiti təmin etmişdir və yaxın gələcəkdə Azərbaycan öz mədəni nailiyyətləri ilə bütün dünyada daha da məşhurlaşacağı şəksizdir.

 

 

Əlikram ƏLİYEV,

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi

 

Xalq qəzeti.- 2009.- 19 dekabr.- S. 5.