Dəlmə bağları

 

“Ermənistan” adlandırılan — Qərbi Azərbaycan torpaqlarında xalqımıza məxsus yüzlərlə abidələrimiz var. Xarici ölkələrin Ermənistanda olan jurnalistlərinin qələmə aldığı məlumatlarla, foto, kino görüntüləri ilə tanış olanda görürük ki, ermənilər abidələri ya erməniləşdirib, ya da ümumiyyətlə yerlə-yeksan ediblər. Onlar işğal etdikləri Dağlıq Qarabağ ərazilərindəki maddi-mədəniyyət abidələrimizi də belə “qətlə” yetiriblər.

 

XX əsrdə dünya dövlətlərinin gözü qarşısında qədim yurd yerlərimiz işğal olundu. Bu işğalın ən dəhşətli tərəfi odur ki, Qərbi Azərbaycan torpaqlarında “Ermənistan” adlı erməni dövləti yaratdılar. Bununla işğalçının ürəyi soyumadı. İndi də Azərbaycanın Qarabağ ərazisində ikinci bir erməni dövləti yaratmaq niyyətindədir. Hər iki ərazilərimizdən qovulan, deportasiya olunan soydaşlarımızın sayı indiki Ermənistanın erməni əhalisinin sayı qədərdir.

Ermənilər, biz azəri türklərinin varlığını danırlar və bizim torpaq, vətən, dövlət haqqımızı tanımaq istəmirlər. Ermənilər yaşamadıqları yerin sahibinə, sakininə çevriliblər.

Müasir elm torpağın analizi nəticəsində onun hansı mənbədən yarandığını sübuta yetirir. Qərbi Azərbaycan, eləcə də, Qarabağ torpaqlarında bir qarış yer-torpaq belə erməni qanından yaranmayıb. Onların bu torpaqlarla heç bir fiziki və mənəvi bağlılıqları yoxdur.

Qərbi Azərbaycandakı abidələrimizi sübut kimi bir tərəfə qoysaq, İrəvan şəhərinin kənarında, Zəngi çayının sahilində əcdadlarımızn saldığı “Dəlmə bağları” şahidlik edər ki, bu yerlər bizimdir — Azərbaycan türklərinindir. Hələ Qərbi Azərbaycanın yeddi mahalındakı abidə bağların söyləyəcəklərini demirik. “Dərə bağın”, “Abbas bağları”nın sinəsində nə qədər deyəcək sözləri var.

Hər dəfə erməni-türk, Azərbaycan münasibətlərini yazıya alanda fikirləşmişik ki, ermənilər bu yazıya necə münasibət bəsləyəcək. Uzun illər İrəvan şəhərində yaşayan və məsul vəzifələrdə çalışmış, indi dünyada olmayan bir ziyalımızın sözüdür: — “Sən Allah, cavanlara təbliğ elə zərrəcə təhrif etmədən soyqırım, deportasiya, milli münasibətlərə aid məqalələr yazsınlar”.

Qayıdaq mətləbə. İrəvan şəhərindəki “Dəlmə bağları” barəsində məqaləni ilk dəfə Cəlil Məmmədquluzadə 1902-ci ildə “Kaspi” qəzetində yazıb: “İrəvan müxbirimizdən” adlı məqaləni yazarkən Mirzə Cəlil İrəvan-Dairə məhkəməsində tərcüməçi-dilmanc vəzifəsində işləyirdi. Sadə dildə qələmə alınmış məqalə İrəvan şəhərinin kimə məxsus olması barədə ən tutarlı faktdır. Mirzə Cəlil yazır: — “Dəlmə-İrəvan şəhərinin kənarında, şəhərin cənub-qərbində Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə Dəlmə arxı ilə suvarılan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevər yerli tatarlar (azərbaycanlılar) salmışdır. Həmin bağları salmaq üçün onlar vaxtilə əllərində bel əkdikləri meyvə ağaclarının və üzüm tənəklərinin üstə çox alın təri axıtmışlar ki, bu əkinləri nəvə-nəticələri üçün yadigar qoyub getsinlər. Zəhmətsevər insanların işi öz gözəl bəhrəsini verdi: bir zamanlar daşlı, kəsəkli, bomboş yer olan dəlmənin hər yerində hazırda şəhərin bəzəyi olan qəşəng bağlar əmələ gəldi. Lakin, təəssüf ki, əzəldən bu bağların sahibi olan... adamlar həmin bağları öz qabarlı əllərində saxlaya bilmirlər.

Bizim bələdiyyə idarəsinin hələ çoxdan dəlmə bağlarında gözü vardı, lakin bu barədə qəti bir tədbir görmək ona heç cür müyəssər olmurdu, axı doğrudan da olmaz ki, əldə heç bir əsas olmadan gəlib bağ sahiblərini öz bağlarından qovub çıxarasan. “Ürəyim yanır, amma əlimdən bir iş gəlmir”. Məhkəmə yolu ilə iddiaya başlamaq da mənasız idi: əldə heç bir sübut və sənəd olmadığına görə, işi udmaq ağlabatan deyildi. Yeni torpaqlar uğrunda qızğın iş getdiyi, şəhər tərəfindən müsəlman qəbristanlığının da bir otlaq kimi şəhərin ərazisinə daxil etmək məsələsi ətrafında mübahisə başladığı zaman vəziyyət belə idi".

Səlnaməçilər yazır ki, İrəvan şəhərinin və quberniyanın inzibati, idarəetmə orqanlarında, o cümlədən, şəhər bələdiyyəsində işləyənlərin əksəriyyəti ermənilər, ruslar, qismən az sayda azərbaycanlılar idi. Rus-erməni üsul-idarəsi bilərəkdən Azərbaycan türklərini öz vətənlərinin idarə edilməsindən kənarlaşdırırdılar.

Məzmununu və üsul-idarəsini dəyişməyən rus imperiyası nəhayət 1930-cu ildə İrəvan şəhərinin adını dəyişib “Yerevan” formasında rəsmiləşdirdi. Niyə İrəvan şəhərinin adı dəyişdirildi?...Dəlmə bağlarının sonrakı taleyi necə oldu? ...Bu kimi sualların cavabını vermək üçün tarixə üz tutmaqdan savayı əlacımız qalmır.

XVII əsrdə yaşayıb-yaratmış görkəmli türk coğrafiyaşünası Evliyə Çələbi bir yaşayış məntəqəsi kimi İrəvanın XV əsrdə salındığını yazır: “Hicri 810 (1407-08)-cu ildə Əmir Teymurun tacirlərindən Xacə xan adlı tacir Rəvan torpağına qədəm qoyduqda çox münbit, məhsuldar torpaq görür. Gündən-günə düyü əkini hesabına varlanaraq bu böyük kəndin (şəhərin) əsasını qoyur.

XVII əsr fransız səyyahı Jan Şarden İrəvan şəhəri haqqında yazır: “İrəvan böyük şəhərdir, onun çox böyük hissəsi alağlardan və üzümlüklərdən ibarətdir. O, hər tərəfdən bağlarla əhatə edilmiş, düzənlikdə yerləşir. Şimal-qərb tərəfdən Zəngi, cənub-qərb tərəfdən Qırxbulaq çayları axır”.

Görkəmli ədəbiyyatşünas, maarifçi Firudin bəy Köçərli yazır: “İrəvan qədim şəhərlərdən birisi hesab olunur. Bu şəhərin binası və təmiratı Zəngi adlanan çayın sol kənarında vaqe olubdur. Şəhərin bir hissəsi çuxurdadır. Şimali-qərbi və şimali-şərqi tərəfdən şəhər əhatə olunubdur uca təpələr ilə, amma cənub və qərbi-cənub tərəfləri açıq və düz yerlərdir ki, orda gözəl bağ, bağça və mənzərələri vardır”.

Salnaməçilər yazır ki, 1679-cu ildə iyunun 4-də baş verən zəlzələ nəticəsində İrəvan şəhəri yerlə-yeksan olmuşdu. Ölənlərin hamısı müsəlman qaydasında dəfn olunmuşdur.

Rəsmi sənədlərdə qeyd olunub ki, 1980-ci ildə İrəvan şəhərinin bir milyon qırx min nəfər əhalisi olub. 1988-ci ilin qanlı hadisələrindən sonra Ermənistan hökuməti soydaşlarımızı öz dədə-baba torpaqlarından dövlət səviyyəsində deportasiya etdi. Otuz dörd rayonumuz və İrəvan şəhəri hesabına gəlmə ermənilər Ermənistan respublikası yaratdılar.

Dünyaya səpələnmiş, Azərbaycanımızın müxtəlif bölgələrində bina salmış qərbi azərbaycanlı soydaşlarımızın yaraları qaysaq bağlamır. Onların qibləgahı yenə İrəvandı, Qərbi Azərbaycandı.

Tanrının varlığına inandığımız kimi inanırıq: beş gün tez, beş gün gec biz o torpaqlara qayıdacağıq. İşğal olunmuş torpaqlarımız erməni ruhuna yaddır. Dədələrimizin alın təri ilə suvarılan Abidə Bağlar — “Dəlmə bağları” yadellilərə bar gətirməz.

 

 

Vüqar TAPDIQLI

 

Xalq qəzeti.- 2009.- 20 dekabr.- S. 7.