Yaxşı mütəxəssis biznesdə uğurun yarısıdır

 

Azərbaycanda turizm sənayesi genişləndikcə bu sahədə çalışan kadrlara ehtiyac sürətlə artır. Bu da kadr hazırlığını günün aktual problemlərindən birinə çevirir. Məhz bunları və ölkənin turizm potensialının artdığını nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 il əvvəl Turizm İnstitutunun yaradılması haqqında sərəncam imzaladı. Maraqlıdır, görəsən ötən bu müddətdə nə kimi işlər görülüb? Bu və digər suallara cavab almaq üçün Turizm İnstitututunun rektoru tarix elmləri namizədi Cəfər Cəfərova müraciət etdik.

 

Cəfər müəllim, məncə görülən işlər haqqında danışmaq vaxtı çatıb. İstərdim əvvəlcə Turizm İnstitutunun əsas missiyası, məqsəd və vəzifələri barədə məlumat verəsiniz?

Ümumiyyətlə, turizm sənayesi Azərbaycanın qeyri-neft sektorunda strateji istiqamətlərdən biri kimi qəbul olunur. Bu istiqamətin inkişafının əsas şərtlərindən biri peşəkar kadr hazırlığı olduğundan 2006-cı ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu institutun yaranması haqqında sərəncam imzaladı və elə həmin vaxtdan da mən bu institutun rektoru təyin olundum.

İşə başlayarkən ayrılan bir binadan başqa heç nə yox idi. Məqsəd aydın idi, ancaq onu həyata keçirmək üçün bir çox problemlər tez bir zamanda həllini tapmalı idi. İlk növbədə normal təhsil strukturu yaradılmalı idi. Elə bir struktur ki, bu həm konkret bir sahə üzrə öz işlərini görə bilsin, həm də bu müəssisə dünyada gedən təhsil prosesləri, ilk növbədə isə turizm təhsil prosesləriylə uzlaşa bilsin.Bu səbəbdən də yarandığı gündən, hətta ondan da əvvəl, bu işin təşəbbüsçülərinin düşüncəsinə görə, institut beynəlxalq təhsil strukturları ilə əməkdaşlıqda inkişaf edə biləcək bir qurum olmalı idi. Elə də oldu. Yeni yaradılmasına baxmayaraq, bizim artıq indiki partnyorlarımız Avstriyanın Krents Tətbiqi Elmlər Universitetinin prezidenti, rektoru Bakıya gəldi və biz faktiki olaraq mövcud olmayan universitet adından ikili diplomla bağlı danışıqlara başladıq. Bu danışıqlar təxminən bir il çəkdi və bir ildən sonra biz bu sənədi imzaladıq. Azərbaycanda ilk ikili diplom verən bir proqram Azərbaycan Turizim İnstitutunda reallaşdı. Bu, bir neçə məqamdan bizim üçün çox əhəmiyyətli oldu, əvvəla dediyim o standartlara nail olmaqdan ötrü çox böyük əhəmiyyəti oldu. Digər tərəfdən isə ali məktəbin özünün populyarlaşmasına səbəb olan amillərdən biri kimi öz əhəmiyyətini biruzə verdi.

Turizmin bütün dünyada əhəmiyyətli və aparıcı sənaye sahələrindən biri olduğunu nəzərə alaraq, biz də Azərbaycanın ümumi inkişafında bu sektorun rolunu artırmaqdan ötrü lazımi kadrların, ekspertlərin hazırlanması üçün əlimizdən gələni edirik. Birincisi, beynəlxalq təhsil proqramlarının tətbiqi yoludur ki, bunu qeyd etdik. İkincisi, biz ali məktəbi yalnız tədris strukturu kimi deyil, həm də turizm sahəsində tədqiqat mərkəzi kimi görürük. Artıq institutun nəzdində yaradılmış tədqiqat və inkişaf mərkəzi çoxsaylı layihələr həyata keçirib. Bunlar həm yerli, həm də beynəlxalq təşkilatların dəstəyi və onlarla əməkdaşlıq şəraitində həyata keçirilib. Biz eyni zamanda birbaşa ali məktəbin işinə aid olmasa da turizm sənayesinin digər mərhələlərində, ali məktəb təhsili tələb eləməyən sahələrdə də işlərin aparılmasına çalışırıq. Bununla da biz turizmin inkişafının bu mərhələlərinə də müəyyən dəstək olmaq fikrindəyik. Doğrudur, indi yeni peşə məktəbləri yaradılmaqdadır. Ancaq bu uzunmüddətli prosesdir və bu sahəyə ehtiyac çox olduğundan güman edirik ki, Azərbaycanın bu sahə üzrə əsas təhsil müəssisəsi olan bir qurum kimi üzərimizə böyük məsuliyyət düşür. Missiyamız, şübhəsiz, Azərbaycanı bir turizm ölkəsi kimi təqdim etməkdən ötrü zəruri olan kadr potensialını hazırlamaqdır.

Mütəxəssis hazırlığının əsas istiqamətləri hansılardır? Azərbaycanın turizm sənayesinin hansı kadrlara daha çox ehtiyacı var?

Turizm sənayesi bir neçə baza üzərində dayanır. Turizm sənayesi deyəndə, biz xüsusilə qonaqpərvərlik sənayesini nəzərdə tuturuq. Otel biznesi, turizm şirkətləri, turizmin işini təşkil edən qurumlar, onların fəaliyyəti, nəqliyyat xidmətlərinin göstərilməsi və s. Bundan sonra isə artıq onun ayrı-ayrı istiqamətləri üzrə xüsusi maraq turizmi var. Etiraf etməliyik ki, hazırda turizm sənayesi üçün hazırlanmış, təhsil görmüş kadrlar yox dərəcəsindədir. Amma Azərbaycanın turizm sənayesində çalışan mütəxəssislərin böyük əksəriyyəti böyük təcrübəyə malikdirlər, onlar bu sahədə püxtələşiblər. Lakin xüsusi turizm təhsili olmaması səbəbindən, biz onları tam turizm mütəxəssisi adlandırmaqda çətinlik çəkirik. Ona görə mən güman edirəm ki, bu il bizim institutu bitirəcək ilk məzunlarımız 1-2 il ərzində turizm sənayesində öz yerlərini tutandan sonra burada əhəmiyyətli irəliləyişlərə nail ola biləcəyik. İnstitut 3 ixtisas üzrə 200 tələbə ilə fəaliyyətə başlamışdı. Sonrakı illərdə onların sayı çoxaldı və bu gün bizim 9 ixtisas üzrə 1100 tələbimiz var. Bu ixtisaslara turizmdə menecment, turizm marketinqi, turizm və sosial mədəni xidmətin təşkili, mədəni turizm, bələdçi hazırlığı, idman turizmi bura dağçılıq, ekstremal turizm daxildir. Bu, bizim ənənəvi olaraq kurort işinin təşkili adlandırdığımız, dünyada isə Spa turizmi deyilən turizmdir ki, artıq bu il ixtisaslar sırasına əlavə olunub. Bir fakültəmiz 5 kafedramız var və burada, 200-ə yaxın müəllim və inzibati işçi çalışmaqdadır.

Bu missiyanı yerinə yetirmək üçün hansı resurslarınız var?

Əlbəttə bu gün ilk növbədə maddi və intellektual resurslardan söhbət gedə bilər. Biz dövlət büdcəsindən maliyyələşən bir qurum kimi əsasən mədəniyyət və turizm nazirliyinin büdcəsindən maliyyələşirik. Büdcədən kənar vəsait hesabına müəllimlərə əlavə əmək haqqı, mükafatlar vermək imkanımız var. Yeri gəlmişkən onu da deyim ki, çalışırıq maksimum dərəcədə həmin büdcədənkənar vəsaiti ancaq bu istiqamətə yönəldək. Təbii ki, fəaliyyət göstərdiyimiz bina normal fəaliyyət üçün kifayət deyil. Artıq institutun kontingenti artır. Nazirliyin rəhbərliyi gələcəkdə institutun ayrıca bir ərazidə yerləşdirilməsi ilə bağlı məsələlərlə məşğuldur. Əsas diqqət böyük bir ərazinin ayrılması və orda şəhərciyin tikilməsinə yönəlib. Ancaq ona gəlib çatana qədər mövcud binamızın üstündə yüngül konstruksiyalı bir mərtəbənin də tikilməsi yolu ilə hələlik ehtiyacımızı qismən də olsa ödəyə bilirik.

İntellektual potensiala gəldikdə isə, bu bizim ən ağrılı və çətin yerimizdir. Əslində işə başlayan kimi biz müxtəlif şəbəkələr qəzetlər, radio, televiziya, dost-tanış vasitəsilə bizə yaxşı, səviyyəli kadrlar lazım olduğu fikrini yaydıq və bununla da xeyli sayda müraciətlər oldu. Onların içərisindən biz ən bacarıqlılarını və layiqlilərini seçib işə götürdük. Lakin kollektivin və ayrı-ayrılıqda kafedraların, inzibati heyətin formalaşması prosesi hələ də davam edir. Əslində bu o qədər də asan bir proses deyil və bu müddət ərzində, nələrəsə nail olmuşuq. Mən hesab edirəm ki, yaxşı bir kollektivimiz formalaşıb, ancaq bununla belə, yenə də arzuladığımız səviyyəyə hələ ki çatmamışıq. Təbii burada bir neçə obyektiv səbəblər var. Ali məktəbin büdcəsi o qədər imkan vermir ki, dünyanın aparıcı təhsil müəssisələrində təhsil almış insanları birbaşa işə cəlb edək. Deyək ki, kənarda təhsil alan azərbaycanlılar çox şirkətlərdə, digər müəssisələrdə çalışırlar. Ancaq yenə də oralarda çalışaraq gəlib saat hesabı bizdə dərs demək, sadəcə müəllimlik etmək arzusunda olan insanlar var. Bundan başqa bizim aparıcı, zamanında fəaliyyətləri olmuş, böyük təcrübəyə malik müəllimlərimiz də var, ancaq əsas kontingentimiz yenə də cavanlardır. Çoxları əmək fəaliyyətinə buradan başlayıb. Biz düşünürük ki, onların köməyi ilə daha çox işlərə nail olmaq mümkündür. Onlar buranın ab-havasını götürürlər, burada olan mənəvi mühitə uyğunlaşırlar, özləri o formada, o çərçivədə formalaşırlar, buranın tələblərinə uyğun olaraq inkişaf edirlər. Çoxlu sayda əməkdaşlarımızı beynəlxalq layihələr çərçivəsində xarici ölkələrə göndəririk. 5 aylıq, 10 aylıq, 20 aylıq müddətində xaricdə olan və artıq qayıtmış əməkdaşlar, hazırda xaricdə aparıcı təhsil müəssisəsində olan müəllimlərimiz var ki, onlar öz təcrübələrini bura gətirirlər. Bundan başqa, bizdə bir neçə beynəlxalq ekspert çalışır. Almaniyadan, İsveçrədən, BMT-də uzun müddət çalışmış insanlar, Amerikadan olan müəllimlər vardır ki, onlar bizdə yalnız dərs deməklə kifayətlənmirlər, onların sadəcə burada olması həm də burada o yerlərin mühitinin formalaşmasına kömək edir. Məsələn, Amerikadan olan bir ingilis dili müəlliməmiz var ki, o həm bir qrupda dərs deyir, həm də burada müəllimlərimizə, 3 səviyyədən ibarət ingilis dili dərsləri keçir. Bizim müəllimlərimiz də çox böyük həvəslə bu dərslərə gedirlər. Çünki, hamı başa düşür ki, ingilis dilini bilmədən müasir dünyada baş çıxarmaq mümkün deyildir.

Beynəlxalq ekspert, 20-30 il beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə olmuş bir şəxs indi rektorun müşaviri vəzifəsində çalışır və eyni zamanda bizim beynəlxalq qrupda Azərbaycan Avstriya turizm proqramında oxuyan uşaqlara dərs deyir. Yaxud, bir zamanlar Almaniyada rəhbər vəzifələrdə çalışmış bir xanım, burada ekoloji turizm üzrə mütəxəssisdir və təkcə ekoloji turizm məsələsi ilə yox, ümumiyyətlə bizim Azərbaycan-Almaniya təhsil müəssisələri arasında bir körpü rolunu oynayır. Eyni zamanda, uşaqlara alman dili dərsi deyir, bizim alman dili müəllimlərilə vaxtaşırı məşğələlər aparır. Bu imkanlar bizdən xüsusi, əlavə vəsait ayrılmasını tələb etmir. Ancaq mövcud, daxili imkanlar hesabına səviyyənin artırılmasına imkan verir.

Digər tərəfdən beynəlxalq proqram bizim üçün çox əhəmiyyətlidir. Hazırda Avstriyanın Krents Universitetinin müəllimi bu dəqiqə bizim siniflərdə dərslər keçir. Bu qrupların dərsləri ümumiyyətlə ingilis dilində keçirilir. Mən bir də onu demək istəyirəm ki, əvvəla gənclərin entuziazmı burada yaradılmış o mənəvi-psixoloji mühit, digər tərəfdən bu əzmkarlıq, uşaqların öyrənmək istəyi bunları stimullaşdırır.

Tələbələrin təcrübi hazırlığı barədə nə deyə bilərsiniz? Bu istiqamətdə görülən işlərin, tədbirlərin dairəsini genişləndirmək planlarınız varmı?

Tələbələrin təhsil prosesində bir təcrübə smestri var. Onlar bu smestrdə təcrübə yerində olur və istəyirlər ki, özlərinin 30 kredit ballarını toplasınlar. Təcrübə smestrlərindən başqa, istənilən tətil müddəti tələbələr üçün təcrübə qazanmaq imkanıdır. Bu tətillər zamanı onlar otellərdə, turizm şirkətlərində mövsümi işə düzəlir, həm təcrübə toplayır, həm pul qazanır, həm də nəzəri biliklərini təcrübədə tətbiq edirlər.

Birinci il 30 tələbənin xaricə göndərilməsinə nail olduq. İkinci il onların sayı 40 nəfərə çatdı. İsraildə, Türkiyədə təcrübə keçmiş tələbələrin işindən daim razılıq almışıq. Şübhəsiz təcrübəyə çox böyük diqqət veririk, çünki bu təcrübə olmadan turizm üzrə mütəxəssis hazırlamaq mümkün deyil.

Yəni biz özümüzü klassik universitetlər kimi yox, tətbiqi yönümlü bir ali məktəb olaraq görürük.

Tədris prosesində innovasiya texnologiyalarından necə istifadə olunur?

Azərbaycan Turizm İnstitutu yarananda biz bir dilemma qarşısında qaldıq. İnstitutu yaradaq sonra Boloniya prosesinə keçək, yoxsa birbaşa bununla fəaliyyətə başlayaq. Müzakirələrdən və məsləhətləşmələrdən sonra qərara gəldik ki, nə qədər çətin olsa da elə bu prinsip və qaydalarla fəaliyyətimizi quraq. Bu mənada institutumuz respublikada Boloniya prosesini tətbiq edən ilk ali məktəb sayıla bilər. Amma bu daim təkmilləşmə tələb edən bir proses olduğu üçün bu günə qədər davam edir.

İnnovasiya ikitərəfli bir məsələdir: münasibət və texnologiyaların tətbiqi. Onu deyim ki, proseslərə yeni düşüncə tərzi ilə yanaşma bizdə fəaliyyətimizin bütün sahələrində öz əksini tapıb. Bunun bir istiqaməti olan beynəlxalq əməkdaşlıqdan söhbətimizin əvvəlində danışdım xarici əməkdaşlıq pəncərəsi, Avropa Birliyinin proqramı, onun çərçivəsində 16 universitetlə əlaqələr. Yəni qarşılıqlı şəkildə məhsuldar bir iş qurulub.

İkinci bir tərəfdən müasir texniki vasitələrin tətbiqi. Hazırda bizim 3 kompyuter laboratoriyamız var. Ötən il ayrıca bir elektron təhsil mərkəzi yaratmışıq. Otaqların projektorlarla təchiz olunması prosesinə başlamışıq. Bu gün 10 otaqda bu var. Daha on otağı da təchiz etmək imkanı var və bu iş gedir. Güman edirəm gələn il biz bunu tam başa çatdıracağıq. Tədris materiallarının hamısının elektron variantının internet texnologiyaları vasitəsilə tələbələrə çatdırılmasına çalışırıq. Bu müasir təhsil sisteminin qurulmasında çox əhəmiyyətli rol oynayacaq, son dərəcə vacib bir işdir. Əslində müasir təhsili bunsuz təsəvvür etmək mümkün deyil.

Bildiyimiz qədər, bu il ilk buraxılışınız olacaq və bu da institut üçün daha bir qayğının artması deməkdir; Məzunların işlə təmin olunması. Bu istiqamətdə hansı planlarınız, layihələriniz var?

Əslində ali məktəblərin reytinq göstəricilərində məzunların iş tapmaq, yüksək əməkhaqqı ilə işləmək imkanları əhəmiyyətli göstəricilərdən biridir. Bununla bağlı, bizi də qayğılandırır ki, hazırladığımız məzunlar hara üz tutacaq, harada çalışacaqlar, karyeralarını necə quracaqlar. Ona görə də institutumuzda bir karyera mərkəzinin yaradılmasını düşünürük və yəqin ki, onu da reallaşdıracağıq.

Ancaq buna qədər turizm sənayesi ilə qurduğumuz əlaqələrdən istifadə edəcəyik. Bir-iki ay bundan əvvəl turizm sənayesinin 100-ə yaxın şirkəti məşğulluq mərkəzinin köməyi ilə öz iş imkanları haqqında bizim institutda məlumatlar yerləşdiriblər. Xüsusi elektron avadanlıqda yerləşdirilən bu məlumatlarla hər bir tələbənin tanış olmaq imkanları var. Təcrübə keçən tələbələrimizin xeyli hissəsi artıq həmin müəssisələrin daimi yardımçı işçilərinə çevriliblər. Onları işə götürənlər ağıllı adamlardır və bilirlər ki, nəzəri biliklər toplamış bu tələbələr müəyyən bir dövrdən sonra əsl peşəkarlara çevriləcəklər. Ona görə indidən onları müəssisələrinə bağlamağa çalışırlar. İndi yaxşı mütəxəssis biznesdə uğurun yarısıdır. Mən qəti əminəm ki, bizim məzunlar kənarda qalmayacaq və öz ixtisaslarına uyğun iş tapacaqlar.

Sizə uğurlar...

Sağ olun.

 

 

Söhbəti qələmə aldı: İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2009.- 20 dekabr.- S. 5.