Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində tədbir keçirilmişdir

 

Dünən Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasında Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinin təşəb-büsü və təşkilatçılığı ilə respublikamızın bir sıra qabaqcıl mədəniyyət işçisinin mükafatlandırılma mərasimi keçirildi.

 

Tədbiri Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova açaraq bildirmişdir ki, bu tədbirin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyiliyi Günü və Yeni il bayramı ərəfəsinə təsadüf etməsi rəmzi məna daşıyır. Belə ki, Respublika Komitəsi ənənəvi olaraq hər il ölkəmizin elm, təhsil, mədəniyyət, mətbuat və s. humanitar sahələrdə çalışan ziyalılarını, qabaqcıl işçilərini, həmkarlar ittifaqı fəallarını şəxsi və kollektiv yubileylər, digər əlamətdar hadisələr münasibəti ilə təbrik edir.

C.Səttarova daha sonra məlumat vermişdir ki, bu il ölkəmizin qocaman dövri nəşrlərindən biri olan Xalq qəzetinin 90 yaşı tamam olur. Bu qəzet uzun onillər boyu mətbuatımızın yolgöstərənlərindən, flaqmanlarından biri olmuş və əvvəlki dövrlərdə olduğu kimi, müstəqillik illərində də öz nüfuzunu, sanbalını, yüksək peşəkarlığını, əqidə mətinliyini və ən başlıcası, dövlətçiliyimizə sədaqətlə xidmət etmək qayəsini parlaq şəkildə qoruyub saxlayır. C. Səttarova dərin məmnuniyyət hissi ilə Xalq qəzetinin bir qrup əməkdaşına Respublika Komitəsinin Fəxri fərmanlarını və pul mükafatlarını təqdim etdi.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə bu günlərdə 80 yaşını qeyd etmiş Bakı Xoreoqrafiya Məktəbinin bir qrup müəllimi, S. Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru, xalq artisti Səfa Həsənov, 21 saylı Leopold və Mstislav Rostropoviçlər adına Bakı Musiqi Məktəbinin müəllimləri İlham Ağayev və Vladislav Kuznetsov Respublika Komitəsinin Fəxri fərmanları və pul mükafatlarına layiq görülmüşdür. Komitə sədri mükafata layiq görülənləri təbrik etmiş, onlara əmək fəaliyyətlərində daha böyük uğurlar arzulamışdır.

Tədbirdə eləcə də Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Lənkərandakı internat evinə müasir kompyuter dəsti hədiyyə olundu.

Sonda Xalq qəzetinin redaksiyasının həmkarlar itifaqı komitəsinini sədri Ruslan Rəfizadə və digər təltif olunanlar göstərilən diqqət və qayğıya görə Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə dərin minnətdarlıq və təşəkürlərini bildirdilər.

 

 

M.ABDULLAYEV

 

Xalq qəzeti.- 2009.- 22 dekabr.- S. 11.