Müzəffər Ağazadə 70

 

Müdriklik zirvəsində

 

İnsan varlığının sirri özü üçün yaşamaqda deyil, insanlar üçün yaşamaqdadır

 

Bir lampa yandırsan işıq az olar,

Yüz lampa yandırsan yaddaşda qalar...

 

Ömür sürət qatarına bənzəyir. Yaşadığı illər nə qədər uzun olsa da, insanın dünyaya gəlməsi ilə getməsi arasında məsafə çox az görünür. Lakin bu zaman kəsiyini elə yaşamalısan ki, keçdiyin yol səndən sonra gələnlərə bir məktəb, bir örnək olsun. Əgər insan öz həyatını mənalı yaşamaq istəyirsə, bu amala ailə məhəbbəti və xalq istəyi ilə bərabər fəaliyyət göstərdiyi sahədə işıqlı əməlləri ilə nail ola bilər. Və cəmiyyətdəki yüksək nüfuzu da bura əlavə etsək, deməli məqsədinə çatmısan.

Belə mənalı ömür sahiblərindən biri də həyatının 70-ci baharını arxada qoyan, məhkəmə orqanlarında 40 ildən yuxarı hakim işləyən, keçdiyi yollarda Məmməd Xələfov, Abdulla İbrahimov, Sabir Kərimov, Ramazan Rəcəbli, Hüseyn Talıbov, Hacıbala Sadıqov, Oqtay Maqsudov, Vidadi Həşimov, Nəriman Hüseynov və Mənsur İbayev kimi ölkənin tanınmış hüquqşünasları ilə yolları birləşən Müzəffər Ağazadədir.

Yorulmaz əməyi ilə gənc həmkarlarına nümunə göstərən, çətin məqamlarda məsləhətləri və iş təcrübəsi ilə gənc həmkarlarının köməyinə çatan peşəkar hakim Müzəffər Ağazadə bu gün də qanunlar mexanizminin cəmiyyətdə keyfiyyətli və hərtərəfli formalaşmasına öz töhfəsini verməkdədir. Böyük yunan alimi Sokratın belə bir sözü var: Hakimdə dörd zəruri keyfiyyət olmalıdır. O, səbr və nəzakətlə dinləməli, ağıllı cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. Bu dörd zəruri keyfiyyəti özündə cəmləşdirən Müzəffər Ağazadə ona göstərilən etimadı həmişə doğrultmuş, xüsusi ədalət mühakiməsinin həyata keçirilməsi kimi çətin və məsuliyyətli işin öhdəsindən ləyaqətlə gəlmiş, bu sahədə bilik və bacarığını əsirgəməmişdir. Bu səbəbdən də işlədiyi rayonlarda ictimaiyyətin dərin hörmətini qazanmış, həmin rayonlarda partiya komitəsinin plenum üzvü, rayon sovetinin deputatı olmuşdur. Səmərəli fəaliyyətinə, o cümlədən, hüquqi biliklərin təbliğinə görə SSRİ və Azərbaycan SSR Ədliyyə Nazirliklərinin, Respublika Bilik Cəmiyyətinin fəxri fərmanlarına, Əməkdar hüquqşünas fəxri adına layiq görülmüş, Tərəqqi medalı ilə təltif edilmişdir.

Bakı şəhər Oktyabr Rayon (Yasamal) Məhkəməsində fəaliyyətə başlayan Müzəffər Ağazadə 1967-1970-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Hüquq Komissiyasının Məhkəmə Ekspertizası İnstitutunda (indiki Məhkəmə Ekspertizası Mərkəzi) və Respublika Ali Məhkəməsinin nəzarət şöbəsində baş məsləhətçi kimi çalışıb. 1970-1976-cı illərdə Daşkəsən Rayon Məhkəməsinin hakimi, 1976-1987-ci illərdə Bərdə, 19871990-cı illərdə isə Ağdam Rayon Məhkəməsinin sədri işləyən M.Ağazadə hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində çalışır.

M. Ağazadənin hakimlik fəaliyyəti respublikanın gənc hakimləri üçün bir məktəbdir. O, öz peşəsinə yaradıcı yanaşaraq mövcud qanunların təcrübədə tətbiqi zamanı onları heç vaxt mexaniki surətdə qəbul etməmiş və bu qanunların təkmilləşdirilməsi istiqamətində təcrübəsini əsirgəməmişdir. Cinayət və cinayət prosessual qanunların təkmilləşdirilməsi ilə bağlı dövri mətbuatdakı çıxışlarında M.Ağazadənin irəli sürdüyü məsələlərin bəziləri artıq qanunvericilikdə dəyişiklik etmək yolu ilə öz həllini tapmışdır.

O, Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə əsasən qanunvericilik təşəbbüsü hüququna malik olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Milli Məclisə təqdim etdiyi bir çox qanun layihələrinin və Konstitusiya Məhkəməsinə qanunların şərhi ilə əlaqədar verilən sorğuların müəllifidir. Bu təcrübəli hakimin iştirakı ilə cinayət və cinayət prosessual qanunlarının məhkəmələr tərəfindən tətbiqi mexanizmi barədə çoxsaylı təkliflər hazırlanaraq Ali Məhkəmənin Plenum müzakirəsinə çıxarılmışdır. O, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin şərhinin hazırlanmasının iştirakçılarından biridir. Cinayət və cinayət prosessual qanunvericiliklə bağlı M.Ağazadənin bir sıra maraqlı fikirləri və təklifləri 2000-ci ildə Hüquq Ədəbiyyatı nəşriyyatı tərəfindən nəşr olunmuş Cinayət və cinayət prosessual qanunlar haqqında hakimin düşüncələri adlı kitabında öz əksini tapmışdır.

M.Ağazadə hüquq elmləri namizədi elmi dərəcəsi almaq üçün yazılan onlarca dissertasiyaya rəy vermişdir. ABŞ, Çexiya, Almaniya və digər ölkələrdə keçirilən simpozium və seminarlarda Azərbaycan Respublikası Ali Məhkəməsini ləyaqətlə təmsil edən hakim gənc hüquqşünaslar üçün uzun illərdən bəri Ədliyyə Nazirliyinin tədris kursunda hazırkı Ədliyyə Akademiyasında, Respublika Prokurorluğunun Tədris Mərkəzində hakimlər və dövlət ittihamçıları ilə keçirilən seminar məşğələləri aparır. Təcrübəli hakim M.Ağazadə indi də öz zəngin təcrübəsini gənc hüquqşünaslarla paylaşmaqda davam edir. Vəkillərin ixtisas komissiyasının üzvü kimi bu quruma daha savadlı və bacarıqlı kadrların qəbul edilməsinə kömək göstərir.

Cəmiyyətin inkişaf prosesinin tələblərinə uyğun olaraq qanunlar toplusunun və onların işləmə mexanizminin də daim təkmilləşdirilməsi zərurəti meydana çıxır. Təbii ki, bu proses də öz növbəsində iş təcrübəsindən qaynaqlanır. Ona görə də tanınmış hüquqşünaslarımızın uzun illər topladığı zəngin təcrübələrinə böyük ehtiyac var. Bunu hüquq sahəsində işləyən bütün hüquqşünaslar bilir və onlar M.Ağazadənin biliyindən səmərəli istifadə edirlər. Qeyd edək ki, M.Ağazadə ölkədə uzun illər məhkəmə orqanlarında çalışan, yəni 52 il iş təcrübəsinə malik çox az hakimlərdən biridir.

Ömrünün müdriklik zirvəsini yaşayan bu insana 1972-ci ildən tanıdığım ən yaxın dostum, ləyaqətli insan Müzəffər Ağazadəyə həyatda və səmərəli fəaliyyətdə xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.

 

 

Ənvər SEYİDOV,

hakim, yazıçı

 

Xalq qəzeti.- 2009.- 29 dekabr.- S. 6.