31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

 

Dünya azərbaycanlılarının həmrəyliyi Heydər Əliyevin ən böyük arzularından biri idi

 

Azərbaycan xalqı 18-ci ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük qürur hissi ilə qeyd edir. Bu əziz günün tarixinə bir qədər ətraflı diqqət yetirək. 1988-ci il noyabrın 17-də tələbələrin təşəbbüsü ilə başlanan mitinq tezliklə xalq hərəkatına çevrildi. Ana torpağımıza uzanan xain əllər geri çəkilmək bilmir, bəd əməllərin və məkrlə yoğrulmuş çirkin niyyətlərin, yersiz iradların və amansız ittihamların ardı-arası kəsilmirdi.

 

1988-ci ilin əvvəllərində Ermənistanda yaşayan azərbaycanlılara, sözün əsl mənasında, divan tutulurdu. Qışın oğlan çağında ayaqyalın, başıaçıq meşələrə, dağlara qovulan, qar uçqunları altında qalan körpələrimizin, qız-gəlinlərimizin ah-naləsi eşidilmirdi...

...Mərkəzdəki Azərbaycana düşmən qrupların və daxildəki satqınların səyi nəticəsində azərbaycanlıların Qarabağdakı dədə-baba torpaqlarından köçürülməsi də həyata keçirildi, xalq hərəkatı içərisində təfriqə salındı. Nəticədə Azərbaycanın tarixi ərazisi olan Qarabağ itirildi. Bunun ardınca tarixi cinayət – 90-cı ilin Qanlı Yanvar qırğını baş verdi. Rus ordusunun Qorbaçovun başçılığı ilə Bakıda törətdiyi dəhşətli hadisəni bütün dünyaya bəyan etmək üçün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. Xarici jurnalistlərin qarşısında Heydər Əliyev SSRİ tarixində ilk dəfə olaraq o dövrki Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovu Azərbaycan xalqının qətlində ittiham etdi. Bu çıxışdan sonra isə Heydər Əliyev xalqının ağır və faciəli günlərində Vətənə dönməyi qərarlaşdırdı. Dağılmaqda olan imperiya Heydər Əliyevin şəxsiyyətinə və bu dahi insanın siyasi baxışlarına yaxşı bələd olduğu üçün onun öz doğma Vətəninə dönməsinə böyük maneələr törətməyə başladı. Amma bu dahi siyasətçi bütün maneələri dəf edərək Bakıya dönməyə müvəffəq oldu. Bu dövrdə öz çirkin əməllərini həyata keçirmək istəyənlər Heydər Əliyevin Bakıda siyasi fəaliyyətinə maneələr yaradır və onun ölkəni tərk etməsini istəyirdilər.

İyulun 22-də Heydər Əliyev doğma diyarı Naxçıvana gəldi. Həmin gün axşamüstü şəhərin baş meydanına toplaşan 80 min nəfərlik ümumxalq izdihamı onu böyük sevinclə salamladı.

Beləliklə, ömrünün bundan sonrakı dövrünü xalqı ilə birgə keçirməyi arzulayan ulu öndər Naxçıvanda yaşamağa başladı. 1990-cı ilin sentyabrında Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatı seçildi. Elə həmin vaxtdan Heydər Əliyevin siyasi fəaliyyətə qayıdışının birinci mərhələsi başladı.

Həmin il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası məhz Heydər Əliyevin sədrliyilə öz işinə başlayaraq xalqımız üçün taleyüklü, son dərəcə əhəmiyyətli qərarlar qəbul etdi. Muxtar respublika əhalisi, həmçinin Azərbaycan xalqı tərəfindən böyük sevinc və alqışla qarşılanan bu qərarlar o zamankı respublika rəhbərliyini, necə deyərlər, şoka salmış, SSRİ məkanında böyük əks-səda yaratmışdı.

Bu qərarlara əsasən, keçmiş Sovet İttifaqı tarixində ilk dəfə məhz Naxçıvanda muxtar respublikanın adından “sovet”, ”sosialist” sözləri çıxarıldı, MR Ali Soveti həmin gündən Ali Məclis adlandırıldı, ay-ulduzlu, üçrəngli bayrağımız 70 illik fasilədən sonra ilk dəfə yenidən parlament səviyyəsində qaldırılaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi.

O zaman Naxçıvan Muxtar Respublikası ağır vəziyyətdə idi, blokada şəraitində yaşayırdı. Ermənistanla 300 kilometrlik sərhəd boyu erməni silahlı qüvvələri SSRİ müdafiə nazirinin birinci müavini, ordu generalı Varennikovun başçılıq etdiyi rus qoşunları ilə birlikdə Naxçıvana qarşı işğalçılıq müharibəsi aparırdılar. Respublika rəhbəriyi və mərkəzi hakimiyyət Naxçıvanın təhlükəsizliyinə laqeyidlik göstərir, daşnakların təcavüzünə qarşı tədbirlər görmürdülər. Həmin dövrdə — 1989-cu il dekabr ayının 31-də Naxçıvan əhalisi və ziyalıları “sərhəd hərəkatı”na başladılar. Əhali Arazın o tayında yaşayan qohum-əqrabası və soydaşları ilə görüşmək məqsədilə sərhəd dayaqlarını söküb dağıtdı. Mərkəzin ən sərt tədbirlərinə baxmayaraq, naxçıvanlıların cəsarəti və dəmir iradəsi ilə 1989-cu ilin dekabr ayının 31-də bütün sərhədlər açıldı, insanlar görüşdülər. 70 il ”dəmir pərdələr" arxasında totalitar rejimdə yaşayan insanlar, nəhayət ki, bir-birinə qovuşdu, həsrətə son qoyuldu, yaxın qohumlar ünsiyyət yarada bildilər. Bu hadisə Azərbaycan milli tarixində ən böyük hadisə idi. Bu hadisələr zəminində dünya azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi üçün Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabr ayının 16-da hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında qərar verdi və onun rəsmiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Ali Sovetinə qanunvericilik təşəbbüsü ilə müraciət göndərdi. Çox təəssüf ki, bu qərar Heydər Əliyevin təşəbbüsü ilə qəbul edildiyi üçün o vaxtkı rəhbərliyin xalqın taleyinə göstərdiyi biganəlik üzündən kağız üzərində qaldı. Xalqın yekdil təkidi ilə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onun xüsusi səyləri nəticəsində dünya azərbaycanlılarını yaxınlaşdırmaq istiqamətində yeni mərhələ başlandı.

1991-ci il sentyabrın 3-də isə Naxçıvanda Ali Məclisin növbəti sessiyası keçirilən gün binanın qarşısında toplaşan minlərlə insanın və deputatların böyük əksəriyyətinin təkidi ilə Heydər Əliyev MR Ali Məclisinin sədri seçildi. Həmin gündən siyasi fəaliyyətə qayıdışın ikinci mərhələsi başlandı.

1991-93-cü illər ərzində muxtar respublikada böyük işlər görüldü. İri təyyarələri qəbul edə bilməsi üçün Naxçıvan aeroportunun yeni uçuş zolağı inşa edildi, İrana sadələşdirilmiş keçid təşkil olundu, Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid körpüsü” salındı, muxtar respublikanın müdafiəsini və təhlükəsizliyini təmin edən “Qars müqaviləsi” təzələndi, Türkiyə və İrandan elektrik enerjisi, müxtəlif ərzaq məhsulları alındı, nizami ordu quruculuğu həyata keçirildi. Bu illər ərzində Naxçıvan düşmən əhatəsində mətinliklə dayandı, döyüşdü, yaşadı, inkişaf etdi.

Bütün bunlar isə o illərdə Naxçıvanı gözlənilən fəlakətlərdən qorumaq missiyasını yerinə yetirən qeyrətli vətəndaşın, müdrik rəhbərin titanik fəaliyyəti, böyük səyləri və şəxsi nüfuzu hesabına əldə edilirdi.

Həmin dövrdə respublikada hərc-mərclik baş alıb gedirdi, torpaqlar işğal olunurdu, təsərrüfat, sənaye dağılmışdı. Ölkə, demək olar ki, parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Belə bir şəraitdə Azərbaycanın ziyalıları Naxçıvan Ali Məclisinin sədri, dünya şöhrətli, zəngin həyat təcrübəsinə malik Heydər Əliyevə müraciət etdilər: — Ulu öndər bir siyasi partiya yaratsın və bu siyasi partiyanın rəhbərliyini öz üzərinə götürsün. Beləliklə, 1994-cü il oktyabrın 24-də Heydər Əliyev ziyalıların çağırışına, müraciətinə öz müsbət cavabını verdi. Həmin ilin 21 noyabrında Yeni Azərbaycan Partiyası blokada şəraitində olan Naxçıvan şəhərində öz təsis konfransına yığışdı...

Partiyanın ilk sənədlərində möhtərəm Heydər Əliyevin belə bir müdrik kəlamı həkk olunmuşdu: “Yeni, müstəqil Azərbaycan uğrunda!” Bunun ardınca belə bir ifadə də vardı: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”. Onu da qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyası (YAP) tarixi zərurətdən yarandı. Ümummilli liderimiz Heydər Əliyevin başçılıq etdiyi YAP seçkilərdə böyük üstünlük qazanmaqla xalq arasında nə qədər böyük nüfuza malik olduğunu sübut etdi. Yeni qəbul edilmiş Konstitusiyada insan hüquqları ilə bağlı və demokratiyanın inkişafına stimul verən mühüm müddəalar öz əksini tapdı. Hakimiyyət bölgüsü prinsipi təsbit edildi. Ali qanunverici, ali icraedici və ali nəzarətedici hakimiyyət olmaqla demokratik idarəetmənin əsası olan üç hakimiyyət qolu yaradıldı. Bunun nəticəsidir ki, hazırda respublikamızda qırxdan çox siyası partya fəaliyyət göstərir. Cəmiyyətdə tutduğu mövqeyinə, siyasi nüfuzuna, yüksək intellektual səviyyəli kadr potensialına görə bu nəhəng partiya digər partiyalardan əsaslı surətdə fərqlənir.

...Ölkə rəhbərliyinə qayıdışının ilk günlərindən Heydər Əliyev zəkası və gərgin əməyi itirilmiş torpaqlarımızı geri qaytarmaq, ərazi bütövlüyümüzü təmin edib xalqımız üçün əmin-amanlığa və firavanlığa nail olmaq qayəsinə xidmət etmişdir.

Bütün bunları əldə etmək üçün Azərbaycana qüdrətli Milli Ordu, bunun üçün də güclü iqtisadiyyat lazım idi. Güclü iqtisadiyyatı əldə etmək üçün isə döyüş əməliyyatlarının dayandırılmasına, ölkənin nəfəs almasına, xalqın dinc quruculuğa qayıtmasına ehtiyac var idi... Ulu öndərimiz bu çətin işi reallaşdırdı...

Dövrdə dünya azərbaycanlılarını yaxınlaşdırmaq, onların birliyini və həmrəyliyini təmin etmək üçün ümummilli lider Heydər Əliyev dövlət səviyyəsində təsirli tədbirlərin görülməsini vacib vəzifə sayırdı. Bu vəzifəni reallaşdırmaq məqsədilə 2001-ci il mayın 21-də Bakıda Dünya Azərbaycanlılarının birinci qurultayının keçirilməsi haqqında fərman imzalayan ümummilli liderimiz elə həmin ilin 9-10 noyabrında bu tədbirin həyata keçirilməsinə nail oldu. O, yalnız rəmzi birlik gününü təyin etmədi, real birlik istiqamətində də ilk addımları reallaşdırdı.

Qurultayda iştirak etmək üçün dünyanın hər yerindən ölkəmizə gələn həmvətənlərimiz arasında idmançılar və idman xadimləri də az deyildi. Qurultayın gedişində fəaliyyət göstərən “Gənclik və idman” bölməsi öz işini MOK-un yeni inzibati binasında davam etdirdi. ABŞ, Almaniya, Danimarka, Latviya, Rusiya, Belarus, Ukrayna, Gürcüstan və eləcə də ölkəmizin tanınmış idman xadimləri bu tədbirdə iştirak edirdilər.

XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsil və idmanın inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi. 1970-1980-ci illərdə Heydər Əliyev böyük qətiyyət və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətinin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı. Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, idman, elm sahəsində ciddi iş aparılır, Azərbaycanın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi.

Heydər Əliyev böyük qürur və təəssübkeşliklə milli mənliyin prioritet məsələ olduğunu dövlət başçısı kimi bütün xalqa bəyan etdi: “Biz gərək milli mənliyimizi həmişə yüksəkdə saxlayaq. Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim həmişə məni bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə, istədiyim yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm. Ona görə milli mənliyimizi gərək itirməyək...”

Azərbaycan Respublikasının Prezidenti İham Əliyev təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. Dövlətimizin başçısı çıxışlarının birində demişdir:

“Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edirəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır.

Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivər açılmışdır. İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və mili-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir”.

Bütün bu nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin formalaşdırdığı siyasi kurs dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyev ümummilli liderimizin müdrik siyasi kursunu layiqincə davam etdirərək, Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə qeyri-adi fədəkarlıq nümunələri göstərir.

 

 

Dilqəm QULİYEV,

Azərbaycan Dövlət Bədən Tərbiyəsi

və İdman Akademiyasının prorektoru,

professor

 

Xalq qəzeti.- 2009.- 31 dekabr.- S. 8.