Görmə qabiliyyətini itirmiş insanlar da informasiya texnologiyalarından istifadə edə bilirlər

 

Artıq ölkəmizdə informasiya texnologiyalarından geniş şəkildə istifadə olunur. Respublika Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində fəaliyyətimizin bütün sahələrində bu texnologiyalar bizim yaxın köməkçimizə çevrilmişdir. Bu gün hətta görmə qabiliyyəti zəif olan, eləcə də onu tamam itirmiş şəxslər belə bu texnologiyalardan yararlana bilirlər. Söz yox ki, bu problemin həllində Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olmuşdur. Məhz bu köməyin nəticəsində bu gün Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvləri kompyuter texnologiyalarından istifadə edə bilir, bununla da gözdən əlil insanların cəmiyyətə inteqrasiyası xeyli sürətlənir.

 

Hələ 2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalanmışdır. Həmin sənədi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti imzalamışlar. Sənədin imzalanma mərasimində Mehriban xanım çıxış edərək mühüm məqamlara toxunmuşdur. O, çıxışında konkret faktlara toxunaraq demişdir ki, hazırda Azərbaycanda 320 min əlil insan yaşayır, onlardan 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Əlbəttə, söhbət 2005-ci ildəki vəziyyətdən gedirdi. Mehriban xanım bildirmişdi ki, bu layihə həmin insanların cəmiyyətə inteqrasiyasına, onların informasiya-kommunikasiya vasitələri ilə bilik, məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, onların məşğulluğunun artırılmasına, ümumən bu insanların yaşayış tərzini yaxşılaşdırmağa xidmət edəcəkdir. Eyni zamanda, bu layihənin çox böyük uğurla nəticələnəcəyinə, əldə olunan təcrübənin kor və görmə qabiliyyəti zəif olan insanların imkanlarını genişləndirmək üçün hazırlanan yeni strategiyaya yardım göstərəcəyinə əmin olduğunu vurğulamışdı.

Artıq həmin layihənin imzalanmasından 4 ilə yaxın bir dövr keçib. Bu müddət ərzində həyata keçirilən tədbirlər bir daha sübut etdi ki, doğrudan da deyilənlər sadəcə sözdə qalmamış, həyatda öz real əksini tapmışdır.

Bir məsələni də qeyd etmək istəyirəm. İmzalanmış layihə BMT-nin Minilliyin bəyənnaməsində informasiya texnologiyalarının hamı üçün təmin olunması barədə götürülmüş öhdəliyə və Azərbaycan Hökumətinin İKT üzrə Milli Strategiyasına uyğun hazırlanmışdır.

Bu layihə üç mərhələdə həyata keçirilib. İlk mərhələdə kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə ehtiyaclarının müəyyən edilməsi, onlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə ayrıca proqram layihəsi hazırlamaq nəzərdə tutulurdu. Bu məqsədlə sorğular keçirildi, təcrübə mübadiləsi aparıldı, alınacaq avadanlıqların növləri müəyyənləşdirildi.

Sonra bu kateqoriyadan olan uşaqların təhsil almaları üçün model İKT sinfi yaradıldı. Bu siniflərdə kompyuter avadanlıqları quraşdırıldı, proqram təminatı lokallaşdırıldı, internetə çıxış təmin edildi, xüsusi təlim-tədris proqramı hazırlandı.

Sonrakı mərhələdə isə daha vacib işlər həyata keçirildi. Belə ki, audio-kitabxanalar, təlim mərkəzləri yaradıldı, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası yaradıldı. Bu studiyanın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli audiokitabların bərpası, internetə çıxış, informasiya-texnologiya əsaslı təlim kursları, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompyuter mərkəzi yaradıldı. Təlim kurslarında dərs deyəcək müəllimlərin, təlimçilərin hazırlığı kimi bir sıra işlər də həyata keçirildi.

Mehriban xanım bu işləri daim nəzarətdə saxlayır, layihənin reallaşmasına yaxından köməklik göstərirdi. 2007-ci il martın 15-də Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi layihəsi çərçsivəsində Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün respublika internat məktəbinə gələn Mehriban xanım Əliyeva burada görülmüş işlərlə tanış olmuşdur.

O vaxta qədər bu məktəbdə geniş zal elektron kitabxana üçün uyğunlaşdırılmış, Almaniya istehsalı olan 2 kompyuter dəsti alınıb quraşdırılmışdır. Bu komyuterlər xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış ən son model texnologiyadır. Uşaqlar üçün model İKT sinifləri yaradılmış, proqramın təminatı lokallaşdırılmış, internetə çıxışın təmin olunması və tədris-təlim proqramlarının hazırlanması, audiostudiya və kitabxananın fəaliyyəti təmin edilmişdir.

İndi burada Brayl şriftləri ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitab, kompyuterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək mümkündür. Eyni zamanda, musiqiyə qulaq asmaq, internetə girmək, məktublaşmaq, 100 min səhifəlik materialı yaddaşda saxlamaq, surətini çıxarmaq, SMS göndərmək olur.

Bu gün həmin texnologiyalarla işləməyi öyrədən mütəxəssislər də kifayət qədərdir. Onlar Almaniyadan dəvət olunmuş mütəxəssislərin köməyi ilə bu işləri mənimsəmiş, hətta bəziləri Almaniyada kurs da keçmişlər. Bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun böyük xidmətləri olmuşdur. Bizim cəmiyyət də bu layihənin reallaşdırılmasında öz imkanlarından istifadə edərək böyük işlər görmüşdür.

Bu layihə Bakıda həyata keçirilib. Ancaq bu gün İKT-dən gözdən əlillərin istifadəsi regionlarda da reallaşmaq üzrədir. Belə ki, Mehriban xanımın təşəbbüsü ilə Gəncə şəhərində də resurs mərkəzinin açılması nəzərdə tutulub. Artıq burada müəyyən işlər görülüb, layihə sənədləri hazırlanıb, yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılmışdir. Müasir standartlara cavab verən bu mərkəzdə də gözdən əlillərin informasiya texnologiyalarından istifadəsi reallaşacaq.

Naxçıvan şəhərində də belə bir mərkəzin yaradılması istiqamətində işlər gedir. Artıq bu mərkəzin binasının inşası üçün torpaq sahəsi ayrılmış, yaxın gələcəkdə onun inşasına başlanılacaqdır. Bu da onu göstərir ki, ölkədə gözdən əlil insanlara böyük diqqət var. 2005-ci ildən Heydər Əliyev Fondunun başladığı bu xeyirxah iş bu gün də yüksək səviyyədə davam etməkdədir. Yaxın gələcəkdə digər bölgələrdə də belə mərkəzlər yaradılacaq və bu da gözdən əlil insanların informasiya təminatının reallaşmasına imkan yaradacaq.

Bu gün, doğrudan da, gözdən əlillərin işlə təmin olunmasında, onların cəmiyyətə inteqrasiyasında böyük irəliləyişlər baş verir. Əgər gözdən əlil insan kompyuterlərdən istifadə edə bilirsə, istənilən məlumat əldə etməyi bacarırsa, deməli o cəmiyyətdə lazımlı adama çevrilir. Biz buna çox sevinirik. İndi MDB ölkələrində belə iri layihələr həyata keçirilmir. Bizdə başlanan bu təcrübə yəqin ki, gələcəkdə başqa ölkələrdə də tətbiq olunacaq. Ölkəmizin birinci xanımı olduqca xeyirxah bir missiyanı öz üzərinə götürmüş və hazırda onu uğurla davam etdirir.

İKT ölkədə prioritet sahə elan olunub. Baxın, möhtərəm Prezidentimiz cənab İlham Əliyev orta ümumtəhsil məktəblərinin kompyuterləşməsi ilə bağlı bir neçə sərəncam imzalayıb, artıq bu sərəncamlar reallaşır. Söz yox ki, gözdən əlillərin də informasiya texnologiyalarından bəhrələnməsi məhz ölkəmizdə bu istiqamətdə aparılan genişmiqyaslı işlərin nəticəsidir.

Biz bu gün kompyuter texnologiyalarından istifadə etməyi bacaran gözdən əlillər üçün rabitə kursları təşkil etmişik. Bunun mahiyyəti ondan ibarətdir ki, həmin insanlar artıq işlə təmin olunacaqlar və onlar rabitə sistemində fəaliyyət göstərəcəklər. Bu layihəyə uyğun olaraq hər il həmin kursları 20-25 nəfər bitirərək işə göndərilirlər.

Əlillərin əmək bazarına inteqrasiya olunmasında söz yox ki, onların informasiya texnologiyalarına yiyələnmələrinin çox əhəmiyyətli rolu vardır.

Cənab Prezidentimiz neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı fikirləri ölkəmizdə informasiya texnologiyalarının cəmiyyətin bütün sferalarına tətbiqi ilə bilavasitə bağlıdır.

Ölkədəki 30-40 min gözdən əlilin də bu texnologiyalara yiyələnməsi istiqamətində aparılan işlərin, həyata keçirilən layihələrin də əsasında məhz bu insanların cəmiyyətə inteqrasiyasını təmin etmək durur.

Gözdən Əlillər Cəmiyyəti dövlətimizin bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləyir, bu insanların əmək bazarlarındakı yerini möhkəmlətmək məqsədilə yeni layihələrin reallaşması istiqamətində məqsədyönlü iş aparır.

Bu layihələrin həyata keçirilməsində müstəsna xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya cəmiyyətimizin üzvləri adından dərin minnətdarlığımızı bildirir, ona Azərbaycanın inkişafı naminə geniş miqyaslı fəaliyyətində uğurlar arzulayırıq.

 

 

Səmyar ABDULLAYEV,

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin prezidenti

 

Xalq qəzeti.- 2009.- 2 dekabr.- S. 7.