Ləyaqətli və şərəfli ömür yolu

 

Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur.

 

Sağlığında böyük hörmət-izzət sahibi olan, haqq dünyasına qovuşduqdan sonra çoxlarının xatirəsində kamil insan, sədaqətli dost, vətənpərvər ictimai-siyasi xadim, unudulmaz müəllim və qayğıkeş ailə başçısı kimi qalan belə insanlardan biri də Zakir Həsən oğlu Sərdarovdur. Cəmiyyətə xüsusi təqdimata ehtiyacı olmayan bu parlaq şəxsiyyət qəzavü-qədərdən cəmi 55 il ömür sürsə də, insanlığın zinəti sayılan saf və münis dəyərləri parlaq xarakterində yaşadıb, şəxsiyyətini, mənliyini, ad-sanını və həyat prinsiplərini qoruya bilib.

Antik yunan mütəfəkkiri Diogen bir dəfə günorta vaxtı əlində yanan çıraqla küçələri dolaşarkən, ətrafdakıların təəccüb və sual dolu baxışlarına cavab kimi “Əsl insan axtarıram”, – deyir. Xalqımız qədim zamanlardan daxilən zəngin, nəcib, xeyirxah və mərd insanları ilə qürur duyub, onları özünün milli sərvəti sayıb. Bu insanlar xalqın zəngin mənəviyyatını, əxlaqını parlaq şəxsiyyətlərində qoruyub, həyatda kişi kimi yaşamaq, ad qoymaq üçün insana ləyaqət və şərəf hissinin yetərli olduğunu sübuta yetiriblər. Uzun illər jurnalistika sahəsində çalışaraq qələminin qüdrəti ilə publisistika zivrəsinə yüksələn, milli tariximizin sanballı araşdırıcılarından biri kimi elmdə sözünü deyən, Milli Məclisin deputatı statusunda layiqli xidmətilə seçilən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti vəzifəsində gəncliyin nurlu sabahına çalışan Zakir Sərdarov də məhz belə kişilərdən idi. Çağdaş tariximizin ən çətin, taleyüklü dövründə Azərbaycanın nicatını, xilas yolunu haqlı olaraq Heydər Əliyev dühasının böyük siyasətə qayıdışında – yenidən hakimiyyət olimpinə yüksəlməsində görən məşhur “91-lər”in sırasında adı daim ehtiramla çəkilən Zakir Sərdarov ləyaqətli və şərəfli ömür yolu, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə onu tanıyanların qəlbində silinməz iz qoyub.

Hər bir şəxsiyyət üzləşdiyi amansız mühitdən də əvvəl məhz ailə ocağında yetişir, formalaşır, gələcək həyat yolunu müəyyənləşdirməyə çalışır. İnsan xarakterinin formalaşmasında onun doğulub boya-başa çatdığı, suyunu-çörəyini daddığı, havasını udduğu ana təbiətin də rolu az deyil. Müdriklərimiz əbəs yerə “ot kökü üstə bitər” deməyiblər. Hələ yetkinlik yaşından Zakir Sərdarovun boya-başa çatdığı halal ailə, əhatə olunduğu saf mühit onu məhz kişi kimi yaşamağa, ömrü ləyaqətlə başa vurmağa, daim haqqa, ədalətə tapınmağa, mübariz olmağa məhkum edib. 1943-cü il dekabrın 31-də qədim yurd yerimiz olan Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Yanıqtəpə kəndində qulluqçu ailəsində anadan olan Zakir Sərdarovun cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişməsində ilk növbədə valideynlərinin böyük rolu olub. Ailəsini dolandırmaq üçün hər bir əziyyətə qatlaşan atası Həsən kişi el arasında mərdliyi, sözünə bütövlüyü, yüksək insani keyfiyyətləri ilə tanınıb. Tanınmış Əfəndilər nəslindən olan anası Züleyxa xanım isə Azərbaycan qadınına xas isməti, namusu, ailəcanlılığı nəcib xarakterində cəmləyib.

Milli təfəkkür, milli kök, ulularımızdan ərmağan qalmış əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan saf ailə mühitində aldığı tərbiyə sadə zəhmət adamları olan valideynlərinin xeyir-duası daxilindəki humanizm, xalqa məhəbbət, vətənpərvərlik və fitri istedadla çulğaşaraq Zakir Sərdarovun şərəfli mübarizələrə hazırlayıb. Sadə olduğu qədər də zəngin və mənalı ömür yolu, erkən yaşlarından məqsədə çatmaq uğrunda göstərdiyi prinsipiallıq, çətinliklərə mərdliklə sinə gərmək bacarığı onu yaxından tanıyanlarda xoş hisslər doğurur. Yeniyetməlik yaşlarında ata itkisi kimi acı taleyi yaşamalı olsa da, həyat yolunu düzgün müəyyənləşdirən gənc Zakir əzmlə məqsədlərinə doğru addımlayıb, iti və parlaq zəkası, kamil və bütöv xarakteri ilə yaşadığı illərin fırtınalarından üzüağ çıxıb.

Yaşa dolduqca həyatın qəribəlikləri, bəzən də haqsızlıqları ədalət axtarışında olan nəcib insanlar kimi, onu da dünyanın əbədi sualları ilə üz-üzə qoyub. Bu sualların cavabını humanitar elmlərdə axtaran Zakir Sərdarovun gələcək həyat yolu, peşə seçimi də məhz onun Azərbaycanın dünəni, bugünü və gələcəyi ilə bağlı saf və təmiz düşüncələrindən rişələnib. Orta məktəbi uğurla başa vuraraq 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub. Bir tərəfdən tələbəlik dövrünün ehtiyacları, digər tərəfdənsə daxilindən saf çeşmə tək çağlayan yaradıcılıq həvəsi elə tələbəlik illərindən onu dövrü mətbuata üz tutmağa sövq edib. Əmək fəaliyyətinə də məhz bu illərdə “Xəzər dənizçisi” qəzetində başlayıb. Bu illərdə onun müxtəlif mətbuat orqanlarında təkcə gənclik əzmi ilə qələmə aldığı məqalələri deyil, yüksək poetik ruh və yaradıcı enerji ilə ərsəyə gətirdiyi şeir, hekayə və povestləri də çap edilib.

Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir il Salyan rayonunda müəllim işləyən Zakir Sərdarov bənzərsiz və maraqlı pedaqoji aləmə qovuşaraq həyatını bu yola sərf etmək istəyini tam yəqinləşdirsə də, sözə, qələmə sadiqliyini qoruyub saxlayıb. Böyük arzular sorağı ilə yenidən şəhərə dönərək 1969-1971-ci illərdə Azərəbaycan Jurnalistlər İttifaqında əbədi işçi, eyni zamanda Bakı Bədən Tərbiyəsi Texnikumunda müəllim işləyib. 1971-1984-cü illərdə “Gənc müəllim” qəzetinin redaktoru vəzifəsində yüksək şövqlə yazıb-yaradıb, söz sənətkarlığında vətəndaş mövqeyi, insan amili, xalq mənafeyi hər zaman öndə dayanıb. Zakir Sərdarov publisistikasını oxuculara sevdirən ən başlıca amil isə onun mövzu çevrəsinin, toxunduğu mövzuların xalq ruhuna yaxınlığı, jurnalist yaradıcılığı üçün mühüm cəhət olan ahəngdar üslubu, dəsti-xətti olub. Onun peşəkar qələmindən, həyat gerçəkliklərinə dərin yaradıcı baxışından doğulan söz həvəslə oxunmaqla yanaşı, insanları düşündürüb, nəticə çıxarmağa sövq edib.

1971-ci ildən məzunu olduğu Azərbaycan Pedaqoji Universitetində pedaqoji fəaliyyətə başlayaraq ömrünün sonunadək qəlbinin odunu və hərarətini, ömrünün ən qaynar illərini gənc nəslin yüksək ali təhsil almasına, təlim-tərbiyəsinə, maariflənməsinə həsr edib. Bu ali təhsil ocağında pedaqoji fəaliyyətə böyük həvəslə girişən, öz üzərində ciddi şəkildə işləyən, biliklərini günü-gündən zənginləşdirən Zakir Sərdarov pedaqogika sahəsində yeni söz deməyə də ehtiyac duyub. Daxilindən gələn bu tükənməz enerji gənc pedaqoqun taleyini bu dəfə elm sahəsi ilə sıx şəkildə bağlayıb – Zakir müəllim yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi kimi üzərində səylə çalışdığı dissertasiya işini 1982-ci ildə müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini alıb. Həmin institutun baş müəllimi, daha sonra isə dosenti olub. Elmi işini əzmlə davam etdirərək müxtəlif arxivlərdə milli tariximiz üçün son dərəcə dəyərli faktları, sənədləri uzə çıxarıb. Bunların əsasında 3 kitab, 150-dən artıq elmi məqalə qələmə alıb. Düzgün və obyektiv qənaətlərə, dərin mühakiməyə, tədqiqatçı fəhminə əsaslanan əsərləri həm də onun yüksək vətənpərvərliyindən, tarix elminə dəyərli töhfə vermək istəyindən irəli gəlib.

Əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır. Bu nəcib keyfiyyət məşhur ingilis alimi Karleylin kəlamında çox dəqiq ifadə olunub: “Həyat, əslində iddialardan əl çəkmək anından başlayır. Sən öz ididalarını sıfra bərabər et və onda bütün dünya sənin ayaqların altında olacaqdır”. Bu mənada, Zakir Sərdarov da həyat amalını maddiyyata sahib olmaq kimi dar məqsədlər üzərində qurmayan, cəmiyyətin intibahına, mənəvi yüksəlişinə çalışan, müstəqil düşüncəsi, azad dünyagörüşü ilə seçilən nurlu insan kimi xatırlanır. Tanınmış pedaqoqun ürəyinin hərarətindən, gözünün nurundan, zəkasının kamilliyindən neçə-neçə tələbəyə, tədqiqatçıya pay düşüb. O, yüksək əxlaqi keyfiyyətləri, təmənnasızlığı, insanlara qayğıkeş münasibəti, sadəliyi, təvazökarlığı, prinsiplərinə sadiqliyi ilə daim ətrafındakıların yüksək rəğbətini, ehtiramını qazanıb. Siyasi dəyərlərin zamanla harmoniyasını vaxtında duymaq bacarığı milli-mənəvi dəyərlərə bağlılıq, alicənablıq, mərhəmətlilik kimi keyfiyyətlər onun ictimai obrazını tamamlayıb.

Əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Mənəvi dünyasının, vicdanının səsi Zakir Sərdarovu yalnız özü üçün yaşamağa, əhatə olunduğu dövrün, mühitin nöqsanlarına, qüsurlarına göz yummağa, etinasız yanaşmağa qoymayıb. O, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik nümayiş etdirməyib. Əsl ziyalılara xas tərzdə dövrünün ictimai-siyasi hadisələrinə laqeyd olmayıb, fəaliyyətinin bütün mərhələlərində məhz Azərbaycanın gələcəyini düşünüb.

Ötən əsrin 80-ci illərinin sonlarını çoxlarımız qəlb ağrısı ilə xatırlayırıq. Uzun illər süfrəmizin ətrafında yallanan, çörəyimizi yeyib bizə xəyanət yolunu tutan bədnam qonşularımızın cəfəng Qarabağ iddialarına vətənpərvər tarixçi mövqeyi ilə tutarlı cavab verən, elmi yazıları, məqalələri ilə erməniləri ifşa edən dəyərli ziyalılardan biri də məhz Zakir Sərdarov idi. Tarixçi-alim ermənilərin Qarabağa və digər ərazilərimizə çar Rusiyası dövründə köçürüldüyünü, habelə İrəvanın əzəli Azərbaycan torpağı olduğunu konkret faktlara əsaslanaraq ortaya qoyur, habelə bədnam qonşularımızın azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı, terror aktlarını açıb göstərirdi.

Haqq dünyasına qovuşmasından sonra işıq üzü görmüş “Heydər Əliyev və milli mübarizə tariximiz” kitabının ön sözündə Zakir müəllim ürək yanğısı ilə yazır: “Torpaqlarımızın bölünməsinin, xalqımızın parçalanmasının əsasını qoymuş “Gülüstan” və “Türkmənçay” müqavilələri imzalandıqdan sonra mərhələ-mərhələ etnik və mənəvi soyqırımı aksiyalarına məruz qalmışıq. İrandan və Türkiyədən köçürülən yüz minlərlə ermənini imperiyanın cənub sərhədlərində yerləşdirməklə möhkəmlənməyə çalışan çar Rusiyası 1828-ci ildə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarında “erməni vilayəti” deyilən inzibati ərazi vahidi varatdı. Bu vilayətin yaradılmasından sonra xəstə şüurun məhsulu olan “Böyük Ermənistan” ideyasının təbliği daha da gücləndi. Həmin dövrdən etibarən bu uydurma dövlətin yaradılmasına hazırlıq məqsədilə Azərbaycan torpaqları ermənilər tərəfindən zəbt olunmağa başladı, erməni tarixi total şəkildə saxtalaşdırıldı, onların Qafqazda aborigen etnos olması barədə uydurma tezis ortaya atıldı”.

Şübhəsiz, Vətəni sevmək hələ tam vətənpərvərliyə dəlalət etmir. Zərurət anında gərək bu sevgini xalq və dövlət yolunda təmənnasız xidmətə çevirməyi də bacarasan. 80-ci illərin sonuna doğru Azərbaycanın milli müstəqilliyinə qovuşması prosesinə əsaslı təkan verən milli azadlıq hərəkatında fəal şəkildə iştirak etmiş Zakir Sərdarov həm də zamanın nəbzini iti fəhmi, yüksək intellekti və parlaq zəkası ilə tutan, siyasi gerçəklikləri obyektiv dəyərləndirməkdən çəkinməyən ziyalılardan idi. Sonrakı mərhələdə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər göstərdi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində yaşanan sarsıntı və təlatümlər həm də bu reallığı təsdiqlədi ki, yalnız fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşə malik lider milli müstəqilliyi qorumaq və yaşatmaq kimi ağır missiyanın öhdəsindən gələ bilər. Belə bir şəraitdə xalqın aparıcı ziyalıları haqlı olaraq çıxış yolunu ulu öndər Heydər Əliyevin fəal siyasi səhnəyə qayıtmasında, böyük öndərin rəhbərliyi altında hakimiyyət uğrunda sivil mübarizə aparacaq siyasi təşkilatın yaradılmasında görürdülər.

Azərbaycanın düçar ola biləcəyi fəlakətlərin qarşısının vaxtında alınması məqsədi ilə xalqın sağlam qüvvələrinin ümummilli lider Heydər Əliyevin ətrafında birləşmək niyyəti yalnız bir qrup ziyalının deyil, respublikamızın bütün bölgələrində, şəhər və kəndlərində ayrı-ayrı vətəndaşlar, müxtəlif sosial qruplar arasında eyni zamanda başlanmışdı. İlk dövrlərdə kortəbii başlanan dağınıq fəaliyyət getdikcə daha mütəşəkkil xarakter almış və yeni partiyanın yaradılması üçün ulu öndər Heydər Əliyevə yazılı müraciət edilməsi zərurətini doğurmuşdu. Məhz belə bir ağır dövrdə – 1992-ci ilin oktyabrın 16-da Zakir Sərdarov da daxil olmaqla, 91 nəfər nüfuzlu Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın çağdaş tarixinə “91-lər”in müraciəti” kimi daxil olmuş həmin sənəd bütövlükdə xalqın arzu və istəyinin ifadəsi idi. Azərbaycanın ən görkəmli və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi təşkilata – Yeni Azərbaycan Partiyasına rəhbərlik etmək xahiş olunurdu. Müraciətə böyük ümidlərlə imza atmış Zakir Sərdarov çıxışlarında və məqalələrində uzaqgörənliklə bildirirdi ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.

Azərbaycan müstəqilliyinin ağır dövrünü çoxdan arxada qoyub. İndiki zamanda ən fərqli siyasi mövqelər içindən düzgün olanı seçmək vətəndaşlarımız üçün qətiyyən çətindik doğurmur. Bütün reallıqların göz önündə dayandığı bu günlərdə hadisə və proseslərə münasibətdə yanılma ehtimalı da yoxdur. Fəqət, bizi bu günlərə gətirən yollar heç də enişsiz-yoxuşsuz, kəşməkəşsiz olmayıb. Respublikamız müstəqillik qazandıqdan sonra ölkədə cərəyan edən ictimai-siyasi proseslərin mahiyyəti öz mürəkkəb xarakterinə və daxili ziddiyyətlərinə görə böhranlı vəziyyət yaratmış, mövcud şəraiti düzgün qiymətləndirmək, onun sosial məzmununu dəqiq müəyyənləşdirmək ən böyük suala çevrilmişdi. Və bu suala cavab tapmaq missiyası da məhz Zakir Sərdarov kimi cəsarətli, ləyaqətli, vətənpərvər insanların üzərinə düşürdü. O, ilk növbədə, özü üçün bu suala vaxtında cavab tapmış, ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqlik xəttini seçmişdi. Zakir Sərdarov əqidəli insan kimi bu siyasi kursa yüksək sədaqəti, habelə Vətənə, dövlətə layiqli xidməti ilə ümummilli liderin də yüksək etimadını, rəğbətini qazanmışdı.

Siyasi baxışlarında hər zaman sabit və prinsipial olan Zakir müəllim ümummilli liderin siyasi kursunu dönmədən müdafiə edərək Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu prosesinə layiqli töhfəsini verməyə çalışıb. Ulu öndərin siyasi fəaliyyətinə YAP-ın yaradıcılarından və fəallarından biri kimi daim fəal dəstək verən, dövlətçilik maraqlarının keşiyində dayanan Zakir Sərdarovun “Əliyevçilik–Azərbaycançılıq” məqaləsi ideya məzmunu, poetik ruhu ilə insanı təsirləndirir, lider amilinin xalqın taleyindəki əvəzsiz roluna bir daha parlaq işıq salır: “XX əsrin yetişdirdiyi görkəmli siyasi və dövlət xadimləri arasında Heydər Əliyev kimi çətin, mürəkkəb, amma şərəfli həyat yolu keçmiş ikinci bir tarixi şəxsiyyət təsəvvür etmək çətindir. Zəngin həyat yolunun elmi təhlili aydın göstərir ki, o, bütün varlığını şüurlu şəkildə Azərbaycana və azərbaycançılığa həsr etmişdir. Bəlkə də buna görədir ki, Heydər Əliyev xalqın qəlbində heykəlləşmişdir. Antey torpağdan güc alan kimi, Heydər Əliyev xalqından, Vətənindən güc alır. Millət atası ilə gücü birləşən millət əzəmətli, daha qüdrətli və məğlubedilməz olur”.

Əqidəsinə, amalına sadiq, sözübütöv, mərd insan olan Zakir Sərdarov son dərəcə cazibədar auraya, pozitiv enerjiyə malik idi. Tanınmş ziyalı ətrafındakı insanlarla xoş rəftarı, ünsiyyət bacarığı, yüksək mədəniyəti, tələbkarlığı, prinsipiallığı, gələcəyə yüksək inam hissi ilə diqqəti cəlb edirdi. Yaxından tanıyanlar Zakir müəllimə böyük hörmət və rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş və yaradıcı şəxsiyyət kimi qəbul edirdilər. Bu ictimai rəğbətin bariz nümunəsi olaraq Zakir Sərdarov 1996-cı il fevralın 14-də 26 saylı birinci Nəsimi seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçildi.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Zakir Sərdarov deputatlıq fəaliyyətinə ilk gündən seçicilərə layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı. Yeni Azərbaycan Partiyasının xalqın mənafeyi naminə irəli sürdüyü təklif və ideyaların reallaşmasında, mütərəqqi ruhlu qanunların hazırlanmasında və qəbulunda fəallıq göstərdi. İnsan hüquqları komissiyasının üzvü kimi daim seçicilərinin hüquq və mənafelərinin keşiyində dayanıb, imkanı daxilində onların hər müraciətinə böyük həssaslıqla, ürək yanğısı ilə yanaşdı. Zakir Sərdarov Milli Məclisdə seçicilərini qayğılandıran, narahat edən problemləri dəfələrlə səsləndirir, aidiyyəti qurumları bu problemlərin həllinə çağırırdı. Eyni zamanda, cəmiyyətdə baş verən proseslərə adekvat reaksiyası, Milli Məclisdə müzakirə olunan müxtəlif məsələlərə konkret, aydın münasibəti ilə seçilən Zakir müəllim yüksək insani keyfiyyətləri ilə deputat həmkarlarının da nüfuzunu qazanmışdı.

Hər bir şəxsiyyətin kamillik səviyyəsi təkcə qarşıya qoyduğu nəcib amal və məqsədlərdə, saf niyyətlərdə deyil, həm də özündən sonra layiqli davamçılar yetişdirmək əzmində ifadə olunur. Zakir Sərdarov ictimai-siyasi, elmi fəaliyyəti ilə kamil və yetkin şəxsiyyət olmaqla yanaşı, həm də son dərəcə qayğıkeş və diqqətcil ailə başçısı idi. İxtisasca pedaqoq olan ömür-gün yoldaşı Leyla xanımla birgə böyüdüb boya-başa çatdırdığı, cəmiyyət üçün layiqli vətəndaş kimi yetişdirdiyi iki oğul, iki qız övladı ata ocağının mənəvi ruhunu – Zakir Sərdarov şəxsiyyətinin ucalığını əməllərində qoruyur.

Böyük qızı Xatirə xanım valideynlərinin yolunu davam etdirərək ömrünü pedaqogikaya bağlayıb. Kiçik qızı Züleyxa xanım həkim kimi insanlara şəfa verməyə, xəstələrin dadına yetməyə çalışır. Oğlanları – Vüsal və Vüqar Sərdarovlar isə fəaliyyətlərini daxili işlər orqanları ilə bağlayaraq ictimai asayişin və dövlətçiliyin, vətəndaşların hüquq və mənafeyinin qorunmasında yaxından iştirak edirlər. Onlar Zakir Sərdarov ocağının təmsilçiləri olduqlarını bir an belə unutmur, dövlətə, xalqa layiqli xidmət göstərməklə, atalarının ruhunu şad etməyə çalışırlar.

Böyük insanlar böyük amalları hədəf seçirlər. Bəli, Zakir Sərdarov da qarşıya qoyduğu saf və ülvi məqsədlərlə əsl ziyalı və insan idi. Azərbaycanı daim firavan görmək istəyir, böyük ürəyi dövlətə, xalqa layiqli xidmət əzmi ilə döyünürdü. Fəqət, atalarımız “Sən saydığını say, gör fələk nə sayır”, – deyiblər. Bu alicənab insanın, ləyaqətli atanın, alovlu vətənpərvərin mənalı ömür teli məhz dünyaya göz açdığı ayda – 1999-cu il dekabrın 14-də qırıldı. Torpağa, yurda, xalqa vurğun ürəyi həmişəlik susdu...

Əbədiyyətə qovuşduğu tarixin 10-cu ildönümündə yalnız bir həqiqətlə təsəlli tapırıq: əgər belə ləyaqətli, vicdanlı ziyalılar həyatda yaşamasaydılar, Azərbaycanın nə keçmişi, nə bu günü, nə də işıqlı gələcəyi olardı. O, Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə, vicdanla, kişi kimi yaşadı, özündən sonra ad qoyub getdi. İnsan üçün ən əziz nemət olan həyatını xalqına fəda etmiş Zakir Sərdarovun əziz xatirəsi xalqının qəlbində daim yaşayacaqdır.

 

 

Nizami CƏFƏROV,

Milli Məclisin mədəniyyət

məsələləri daimi komitəsinin sədri,

əməkdar elm xadimi

 

Xalq qəzeti.- 2009.- 9 dekabr.- S. 7.