Rastropoviç festivalının gündəliyi

 

Ustadın şagirdinin ustad dərsi

 

Xəbər verdiyimiz kimi, dekabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında III Beynəlxalq Mstislav Rastropoviç festivalının təntənəli açılış mərasimi keçirilmişdir. Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Mstislav Rastropoviç fondunun birgə təşkil etdiyi festivalın əsas məqsədi M.Rastropoviçin vətəni olan doğma Bakımızda dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir.

Festival günlərində Azərbaycan musiqiçiləri ilə yanaşı, Yeni Rusiya Dövlət Simfonik Orkestri və digər tanınmış musiqi kollektivləri və solistlərin çıxışları da nəzərdə tutulub. 7 gün davam edəcək festival çərçivəsində şəhərimizin qonaqları Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Filarmoniyasında, M.Rastropoviçin ev muzeyində və digər tədbirlərdə iştirak edəcəklər.

Belə tədbirlərdən biri də L. və M. Rastropoviçlər adına 21 saylı 11 illik musiqi məktəbində M.Rastropoviçin tələbəsi, Yeni Rusiya Dövlət Simfonik Orkestrinin solisti, Çaykovski adına müsabiqənin laureatı məşhur violençelçalan David Gerikasın gənc istedadlara verdiyi Ustad dərsi oldu. Tədbiri giriş sözü ilə məktəbin direktoru Rafiq Əzizov açaraq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO -nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ənənəvi olaraq hər ilin dekabrında Rastropoviç adına beynəlxalq festivalın doğma Bakımızda əsl musiqi bayramı kimi keçirilməsini xüsusi qeyd etdi.

Daha sonra dünya şöhrətli musiqiçi gənc ifaçıları dinləmiş, onlara öz dəyərli məsləhət və tövsiyələrini vermişdir. David Gerikkasın üç saatadək davam edən ustad dərsi, yəqin ki, uzun müddət məktəb kollektivinin, gənc musiqiçilərimizin yaddaşından silinməyəcək. Tədbirin sonunda tamaşaçıların xahişi ilə David Gerikkas özünün sevdiyi lirik bir əsərin ifası ilə görüşü sona yetirdi.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2009.- 12 dekabr.- S. 12.