Heydər Əliyev ideallarına sədaqət nümunəsi

 

Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə dünyaya bəxş etdiyi nadir şəxsiyyətlərdəndir. Gənclik illərində dövlət təhlükəsizlik orqanlarında çalışaraq böyük təcrübə toplayan, sosialist cəmiyyətinin anatomiyasına dərindən bələd olan Heydər Əliyev tezliklə həm rütbə, həm də nüfuz etibarı ilə yüksələrək Sovet dövlətinin rəhbərlərindən birinə çevrilir. 1969-cu ildən başlayaraq Azərbaycana rəhbərlik etdiyi illərdə özünün qətiyyəti, prinsipiallığı, idarəçilik səriştəsi, xalqı və ölkənin maddi ehtiyatlarını səfərbər etmək qabiliyyəti ilə SSRİ rəhbərlərini heyran qoyur. Beləliklə, şəxsən Y. V. Andropovun təkidi ilə Heydər Əliyev Moskvaya, Sovet dövlətinin rəhbərliyinə gətirilir. Çox-çox sonralar bəlli oldu ki, sən demə, bu, əslində rəsmi Moskvanın çökmək ərəfəsində olan imperiyanı xilas etmək cəhdlərindən biri imiş.

 

Heydər Əliyev Moskvada da özünün tükənməz enerjisi və işgüzarlığı ilə digər hökumət rəhbərlərindən seçilirdi. Bunun nəticəsidir ki, qısa zaman kəsiyində onun nəzarətində olan sahələrdə nizam-intizam möhkəmləndi, istehsalat və xidmət göstəriciləri sürətlə yaxşılaşmağa başladı. Əfsuslar olsun ki, onun bu uğurları, dövlət xadimi kimi nüfuzunun durmadan artması, başda M.Qorbaçov olmaqla, Kreml rəhbərlərini və onların erməni dəmtutanlarını getdikcə daha artıq qıcıqlandırırdı. Beləliklə, Heydər Əliyevin hakimiyyətin zirvəsinə doğru gedən yolunun qarşısını kəsmək üçün Moskvada və erməni diasporunun güclü olduğu digər mərkəzlərdə çirkin planlar qurulurdu. Təəssüf ki, “sapı özümüzdən olan bəzi baltalar”da bu oyunlara cəlb olunmuşdu. Nəticə etibarı ilə bir para naqiş insan öz kreslosunu qorumaq xatirinə Heydər Əliyevi güdaza verdi. Amma Heydər Əliyevin misilsiz xidməti və zəhməti olan bu dövlətin başında durmaq onlara da nəsib olmadı. Yəni, əslində Heydər Əliyevin siyasi arenadan getməsi ilə sovet dövləti də çökdü, onun yerində yeni-yeni müstəqil dövlətlər yarandı.

Heydər Əliyev hakimiyyətdən kənarlaşdırılsa da, xalqdan ayrı düşmədi. Qədirbilən xalqımız siyasi burulğanların tüğyan etdiyi ən çətin məqamlarda belə öz liderini hər cür təhlükələrdən qorumağı bacardı və onu yenidən siyasi hakimiyyətin zirvəsinə gətirdi.

Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın sosial-iqtisadi, hərbi, siyasi və mədəni həyatının son dərəcə böhranlı bir dövründə baş verdi. O günlər, sözün tam mənasında, bir dövlət olaraq Azərbaycanın taleyinin həll olunduğu günlər idi. Dünyanın böyük güc mərkəzləri növbəti dəfə Azərbaycanı parçalamaq, bir dövlət olaraq onun varlığına vermiş olduqları xitam qərarını reallaşdırmaqda idilər.

Bir tərəfdən böyük güc mərkəzlərinin silahlandıraraq üstümüzə qısqırdığı Ermənistanla müharibə, bəzi bölgələrdə baş qaldıran separatizm meyilləri, bunlarla eyni vaxtda daxili siyasi qüvvələrin parçalanaraq ölkəni vətəndaş müharibəsi həddinə çatdırması — 90-cı illərin əvvəllərində Azərbaycanda real durum məhz bu cür idi. Belə bir ekstremal şəraitdə ölkəni düçar olduğu böhranlı vəziyyətdən xilas etməyin yeganə düzgün yolunu xalq özü müəyyən etdi. Məhz xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev səbrlə, təmkinlə, özünün siyasi təcrübəsi, dövlət idarəçiliyi səriştəsi və son dərəcə incə diplomatik manevrləri sayəsində qısa zaman kəsiyində ölkədə vətəndaş həmrəyliyinə, cəbhədə atəşkəsə və nəhayət, separatçı ünsürlərin bir-birinin ardınca ifşa olunmasına nail oldu. “Əsrin müqaviləsi” imzalandı, Azərbaycan Avropa və Asiyanı birləşdirən fəal nəqliyyat dəhlizinə çevrildi. Bu isə o demək idi ki, həmin layihələrdə iştirak edən dövlətlər, ən azı, indən belə Azərbaycanda davamlı siyasi sabitlik olmasında maraqlı olacaqdır.

Heydər Əliyev özünün son dərəcə müdrik qərarları ilə Azərbaycanı təkcə parçalanmaqdan və bir dövlət kimi məhv olmaqdan deyil, həm də dünyada təklənməkdən xilas etdi. Məhz onun siyasəti nəticəsində Azərbaycan az vaxt içərisində bir çox dövlətlərlə müttəfiq və ya tərəfdaş ölkəyə çevrildi.

Ulu öndərin Vətən, xalq Böyük Türk dünyası qarşısındakı xidmətləri barədə çox deyilib, çox yazılıb. Amma bu deyilənlər və yazılanlar onun çox nəhəng xidmətlərinin olduqca cüzi bir hissəsidir. Heydər Əliyevin atdığı addımların, qəbul etdiyi qərarların hamısı ölkəmizin və xalqımızn xoş və firavan gələcəyinə hesablanıb. Odur ki, xalqımız gələcəyə doğru irəlilədikcə Heydər Əliyev ideyalarının nurundan daha artıq faydalanacaqdır. Azərbaycan xalqı ulu öndərin bu xidmətlərini görür, bilir və son dərəcə yüksək qiymətləndirir. Heydər Əliyevə olan ümumxalq məhəbbətinin mayasında da elə bu gerçəklik durur. Bu gün Azərbaycanın hər bir guşəsində Heydər Əliyev ideyalarının bəhrələrini görürük. Bəli, ulu öndər özü cismən bizimlə bir arada deyilsə də, onun ideyaları və idealları daim bizimlədir. Bu ideya və ideallar Azərbaycanın gələcəyini düşünən hər kəs üçün getdikcə daha artıq şölələnməkdə olan nurlu bir məşəldir.

Bu günlərdə xidməti işimlə bağlı növbəti dəfə Xaçmaz rayonuna getmişdim. Tamamilə başqa bir mövzuda yazı başlamaq niyyətində idim. Amma inanın, hansı küçədən keçdimsə, hansı yaşayış məntəqəsinə getdimsə, kimlərlə ünsiyyətdə oldumsa hər yerdə ümummilli liderə sonsuz sevgi, məhəbbət və ehtiram gördüm. Elə bu yazını da məhz həmin təəssüratların qəlbimə diktəsi ilə qələmə aldım. Güman edirəm, ümummilli liderimizlə bağlı Xaçmazda gördüklərim və eşitdiklərim ümumilikdə Əliyevsevərlər üçün də maraqlı ola bilər.

Əvvəlcə Xaçmaz şəhərindəki Heydər Əliyev parkında oldum. Bəri başdan deyim ki, şəhərin mərkəzi hissəsi olduğundan burada həmişə çoxlu insan olur. Günortaüstü və axşam isə parkda insan əlindən tərpənmək olmur. Bu dəfə də belə idi. Çox o tərəf, bu tərəfə dolaşdıqdan sonra oturacaqlardan birində özümə yer edə bildim. İki nəfər ağsaqqalın söhbətinə qulaq şahidi oldum. Son illər Xaçmazda görülmüş abadlıq və quruculuq işlərindən danışırdılar. Hiss edəndə ki, onların söhbəti mənim üçün də maraqlıdır, ağsaqqallardan biri üzünü mənə tərəf çevirərək müzakirə etdikləri məsələni xırdalamağa başladı:

— Son zamanlar Xaçmazda həyata keçirilən tikinti, abadlıq və quruculuq işləri barədə danışırıq. Ola bilsin ki, siz yerli adam deyilsiniz, ona görə də dəyişiklikləri hiss etməyə bilərsiniz. Həqiqətən Xaçmaz çox dəyişib. Bu gördüyünüz park, küçə və meydanların çoxu təzə salınıb, qalanları da əsaslı şəkildə yenidən qurulub. Bax, elə Heydər Əliyev küçəsini götürək. Son iki-üç il ərzində həmin küçə tam dəyişib. Orada şəhər bələdiyyəsi, şahmat məktəbi və əlillərin bərpa mərkəzi üçün yeni inzibati binalar, süni örtüklü idman meydançası və tennis kortu tikilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, habelə “Azərenerji”nin Enerji-Nəzarət İdarəsinin regional strukturları da bu küçədə yerləşirlər. Onların əksəriyyəti üçün yeni və yaraşıqlı ofislər tikilib. Təbiidir ki, ayrı-ayrı küçələr və yaşayış massivləri abadlaşdıqca əhalinin güzəranı da yaxşılaşır...

Bu yerdə söhbətə mən də müdaxilə edirəm:

— Digər rayon və şəhərlərimizdə də iri miqyaslı tikinti, abadlıq və quruculuq işləri görülməkdədir.

Bayaqdan sadəcə başını tərpətməklə həmsöhbətinin dediklərini təsdiqləyən o biri ağsaqqal dərhal sözümü kəsir:

— Onları biz də bilirik. Televiziyada görürük, gedib-gələnlərdən eşidirik. Azərbaycan xalqı bunların hamısı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. Ölkəni parçalamaqdan xilas edən də, dinamik inkişaf yoluna çıxaran da o oldu. Onun müəyyən etdiyi yol və inkişaf strategiyası Azərbaycana bundan sonra da yeni-yeni uğurlar bəxş edəcəkdir. Başda hörmətli Prezidentimiz İlham Əliyev olmaqla onun yetişdirdiyi bacarıqlı və işgüzar kadrlar Vətənimizin daha da qüdrətlənməsi, Heydər Əliyev ideallarının çiçək açması üçün əllərindən gələni edirlər.

Söhbətimizin bu yerində bir dəstə məktəbli qarşımızdan keçib ulu öndərin parkdakı abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, Heydər Əliyev muzeyinə getdi. Ağsaqqal həmsöhbətim şagirdləri bir- bir təpədən dırnağadək seyr edərək: — Allah bu gəncləri qorusun, bax beləcə hər gün dəstə-dəstə gələrək ulu öndərin abidəsini ziyarət edirlər, muzeylə tanış olurlar, — dedi.

Bir azdan ağsaqqal həmsöhbətlərimlə xudahafizləşərək mən də Heydər Əliyev muzeyinə getdim. Məlumat üçün bildirim ki, 2005-ci ilin may ayından fəaliyyət göstərən muzey bu ilin mart-aprel ayları ərzində əsaslı şəkildə təmir olunaraq yenidən qurulub, ulu öndərin həyat və fəaliyyətini əks etdirən yeni-yeni eksponatlarla daha da zənginləşdirilib. Müzeyin direktoru Könül Əsgərova bütün bunlar barəsində bizə də ətraflı məlumat verdi:

— Muzeyimizdə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 500-dən çox nadir foto, sənəd və digər qiymətli eksponatlar saxlanılır. Muzeyimizin Xudat və Yalamadakı filiallarında da olduqca nadir sənəd və materiallar mühafizə olunur. Foto və sənədlərin bir qismi ulu öndərin Xaçmaz səfərlərinə aiddir. Məlumat üçün bildirim ki, o, 1981, 1983 və 1998-ci illərdə üç dəfə Xaçmaz rayonunda olub, ictimaiyyət nümayəndələri ilə görüşüb, söhbət edib, iqtisadiyyat və mədəniyyəti inkişaf etdirmək, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaqla bağlı müvafiq tapşırıq və tövsiyələr verib. Bütün bunların əsasında isə hökumət səviyyəsində Xaçmazın inkişafına yönələn bir sıra qərarlar qəbul olunub. Xaçmaz ictimaiyyəti də ulu öndərin rayonumuza olan diqqət və qayğısını daim minnətdarlıq hissi ilə yad edir. Rayonumuzda onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən tədbirlər də elə xaçmazlıların ulu öndərə və onun ideallarına olan sadiqliyinin bariz göstəricisidir.

— Könül xanım, bayaq biz parkda ağsaqqalarla söhbət edərkən muzeyə məktəblilərdən ibarət bir qrup gəldi.

— Hə, akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı orta məktəbin X sinif şagirdləri idi. Ümumiyyətlə, məktəblilər tez-tez muzeyimizdə olurlar. Rayondakı 122 məktəbin, demək olar ki, əksəriyyətinin müəllim və şagirdləri Heydər Əliyev muzeyində olublar. Məlumat üçün onu da bildirim ki, 26 iyul 2005-ci il tarixdə ölkə Prezidenti cənab İlham Əliyev də muzeyimizdə olub və xatirə kitabına öz ürək sözlərini yazıb. Deyilənlərə onu da əlavə edim ki, muzeyimiz nəinki Azərbaycanın digər rayon və şəhərlərindən, habelə dünyanın bir çox ölkələrindən gələn qonaqların da böyük marağına səbəb olub. Amerika, İran, Rusiya, Yaponiya, Koreya və digər ölkələrdən olan qonaqların da muzeyin xatirə kitabında ulu öndərlə bağlı olduqca səmimi, həm də dəyərli qeydləri var.

Heydər Əliyev muzeyinin Xudat şəhər filialının direktoru Aqil Əlisultanov və Yalama kənd filialının direktoru Liana Xanməmmədova da muzeyi ziyarət edən insanların, o cümlədən xarici ölkə vətəndaşlarının Heydər Əliyev dühasına olan sonsuz hörmət və ehtiramından ürəkdolusu danışdılar.

Xaçmazda olarkən bizə onu da bildirdilər ki, rayondakı 122 məktəbin hamısında xüsusi zövqlə bəzədilmiş Heydər Əliyev guşələri fəaliyyət göstərir. Həmin guşələrdə ulu öndərin ömür yolunun və siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən minlərlə foto material və digər qiymətli sənədlər saxlanılır. Xaçmaz şəhər 2 saylı orta məktəbdə və peşə liseyində isə Heydər Əliyev muzeyləri fəaliyyət göstərir.

2 saylı orta məktəbdə bizi ilk qarşılayan məktəbin direktoru Zübail Yaqubov oldu. Bizi öz otağına dəvət etdi. Biz isə məktəbdəki Heydər Əliyev muzeyi ilə və onun yaradıcısı Cavad Mehmanovla tanış olmaq arzusunda olduğumuzu bildirdik. Direktor bizi ikinci mərtəbəyə qaldırdı. Cavad müəllim muzeyin otaqlarından birində tarix dərsi aparırdı. Ona mane olmadan muzeyin digər guşələri ilə tanış olduq. Zəng vurulanda Cavad müəllim də gəlib çıxdı və muzey barədə bizi ətraflı məlumatlandırdı:

— 1962-ci ildən pedaqoji fəaliyyətlə məşğulam, tarix fənni tədris edirəm. Bu muzeyin yaradılmasına 2002-ci ildə başlamışam. Əvvəllər cəmisi bir otaqdan ibarət olan muzey indi 200 kvadratmetr sahəni əhatə edir. Çalışırıq tarix dərslərini muzeydə keçək. Bu, gənc nəslin Heydər Əliyev nümunəsində tərbiyə olunması baxımından çox əhəmiyyətlidir.

İllər keçdikcə, ulu öndərin cismən aramızda yoxluğunu duyduqca onun Azərbaycanın, bütövlükdə Türk dünyasının dünəni, bu günü və gələcəyi naminə xidmətlərinin indiyədək bildiyimizdən qat-qat artıq olduğunu daha aydın hiss edirik. Bu səbəbdən də yaşından, təhsilindən, ictimai mövqeyindən və siyasi mənsubiyyətindən asılı olmayaraq, əliyevçilik ruhunda tərbiyə almış hər kəs Heydər Əliyevi daha dərindən tanımaq, çoxşaxəli əməli fəaliyyətini daha əhatəli şəkildə öyrənmək məqsədilə onun əsərlərini və barəsində yazılanları təkrar-təkrar oxumağa, ulu öndərin ömür yolundan bəhs edən bədii və sənədli filmlərə təkrar-təkrar baxmağa özündə bir daxili tələbat hiss edir. Amma Heydər Əliyev məktəbi elə bir zəngin mənəvi xəzinədir ki, onu kitablara və filmlərə yerləşdirmək olmaz. Heydər Əliyevi daha dərindən duymaq, onun xidmətləri və dahilərə xas olan insani keyfiyyətlərinə daha yaxından bələd olmaq üçün həm də onun yetişdirdiyi kadrları tanımaq, onunla bir yerdə çalışmış insanları dinləmək gərəkdir. Belə insanların biri də Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevdir. Azərbaycanda hər kəs çox yaxşı bilir ki, Şəmsəddin müəllim son dərəcə sadiq əliyevçidir. Ulu öndərin Naxçıvanda yaşadığı və muxtar respublikanın Ali Məclisinə rəhbərlik etdiyi illərdə o, MR Nazirlər Sovetinin sədri kimi daim ulu öndərin yanında olub, bilavasitə onun özündən tapşırıq və göstərişlər alıb, onların icra vəziyyəti barədə şəxsən özünə məruzə edib. Bir sözlə, Şəmsəddin müəllim Heydər Əliyev barəsində xatirələrlə dolu canlı bir kitabdır. Şəmsəddin müəllimdən ulu öndərimizlə bağlı eşitdiyim bir çox xatirələrə indiyədək heç bir mətbuatda, heç bir kitabda rast gəlməmişəm. Məsələn, Şəmsəddin müəllim danışır ki, ulu öndər Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə adətən, bazar və bayram günlərində bütün vəzifəli şəxslərə istirahət etməyi, ailə qayğıları ilə məşğul olmağı tövsiyə edirdi. Özü isə bir gün belə istirahət etmirdi. Hətta işıq və istiliyin olmadığı qarlı-şaxtalı qış günlərində belə gecədən xeyli keçənədək iş yerində olurdu. Təbiidir ki, bunu görən vəzifəli şəxslər hər cür ekstremal anlarda belə öz liderinin yanında olmağa, onun tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirməyə çalışırdılar.

— Naxçıvanın blokadada olduğu o çətin illərdə Bakıdan, demək olar ki, heç bir kömək almırdıq. Amma Heydər Əliyevin kiçik bir “zapiskası” ilə İrandan, Türkiyədən Naxçıvana ərzaq və digər zəruri məhsullarla dolu maşın karvanları gəlirdi. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər o illərdə Heydər Əliyevin şəxsi nüfuzu və qonşu dövlətlərin rəhbər şəxsləri ilə yaxın dostluq münasibətləri olmasaydı, Naxçıvan əhalisinin böyük bir qismi aclıq və səfalətdən məhv olardı.

Şəmsəddin müəllim bu sözlərdən sonra bir qədər fikrə getdi və yenidən yadına düşən daha bir xatirə danışdı:

— Adamlar Naxçıvanın hər tərəfindən gəlib tikinti-materialı istəyirdilər. Bizim isə nə ehtiyatımız, nə fondumuz, nə də pulumuz vardı. Belə bir məqamda Heydər Əliyevin naxçıvanlı iş adamlarından birini kiçik bir “zapiska” verərək Moskvaya, meşə və ağac emalı sənayesi nazirinin qəbuluna göndərdi. Aradan 12-15 gün keçər-keçməz taxta-şalbanla dolu vaqonların qabağı açıldı. Düz, bir ay Rusiyanın müxtəlif guşələrindən Naxçıvana taxta-salban göndərildi. Biz də ulu öndərin tapşırığı ilə bütün ehtiyacı olanlara material payladıq.

Söhbətimizin şirin yerində icra başçısına zəng gəldi. Qısa telefon danışığından sonra Şəmsəddin müəllim sakit tərzdə, — çox əla, indi özüm də gəlirəm, — deyərək telefonu qapatdı. Sonra da üzünü mənə tutaraq, — müavinim Azər müəllim idi, Yalamadakı Heydər Əliyev parkında ağac əkininin gedişi barədə məlumat verirdi. İndi gedib özüm də baxacağam.

Yolboyu Heydər Əliyevlə bağlı bir-birindən maraqlı və ibrətamiz xatirələrinin davamını eşitmək arzusu ilə mən də onunla Yalamaya gedəsi oldum. Məlumat üçün bildirim ki, rayon mərkəzindən 50 kilometr aralıda olan Yalama Azərbaycanın şimal istiqamətində olan ən ucqar sərhəd kəndlərindəndir. Yolboyu Heydər Əliyevlə bağlı olan bir neçə maraqlı xatirə danışan Şəmsəddin müəllim sonda Azərbaycan-Dağıstan dostluq əlaqələri üzərində xüsusi olaraq dayandı:

— Doğrusu, mən Xaçmaza gələnədək bilmirdim ki, Heydər Əliyevi Dağıstanda da bu dərəcədə sevirlər. Ulu öndərə məhəbbət və ehtiram əlaməti olaraq hər il doğum günü ilə bağlı təntənələrdə iştirak etmək məqsədilə Dağıstandan rayonumuza yüksək vəzifəli hökumət adamlarından ibarət nümayəndə heyəti gəlir. Heydər Əliyevin anım günlərində Mahaçqala və Dərbənddə silsilə tədbirlər keçirilir. Azərbaycan və Dağıstan xalqları arasındakı dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək sahəsindəki xidmətlərini əbədiləşdirmək məqsədilə keçən il sərhəd kəndi olan Yalamada 1,2 hektar ərazidə Heydər Əliyev parkı saldıq və orada ulu öndərin adını daşıyan muzey tikdik. Yalamada genişmiqyaslı abadlıq və quruculuq işləri apardıq. İndi Yalama 3-5 il əvvəlki Yalama deyil. Görənlər onu tanımır. Bax, budur Heydər Əliyev ideallarının təntənəsi!

Xalqımız öz liderinin növbəti anım gününü ölkəmizin bütün sahələrdə dinamik inkişafı şəraitində qeyd edir. Bu inkişaf, hər şeydən, öncə məhz ulu öndərin müəyyən etdiyi, əsasını qoyduğu və dönmədən həyata keçirdiyi uğurlu daxili və xarici siyasət xəttinin bəhrəsi kimi dəyərləndirilməlidir. Heydər Əliyevin ən böyük arzusu azad suveren və müstəqil Azərbaycan qurmaq idi. O, həyatı boyu bu nəcib amal uğrunda mübarizə aparıb. Qoy, ulu öndərin ruhu şad olsun. Çünki dünya möhtərəm Prezidentimiz İlham Əliyevin təbirincə desək, “Heydər Əliyevin şah əsəri olan” Azərbaycanı nəinki təkcə azad, suveren və müstəqil ölkə kimi, həm də bütün sahələrdə sürətlə inkişaf edən və parlaq gələcəyi olan sülhsevər bir ölkə kimi tanıyır.

 

 

Q.CƏFƏROĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 12 dekabr.- S. 7.