Müstəqil Azərbaycan dövlətinin qurucusu

 

 

Xalqların milli inkişaf yolunun banisinə çevrilən fenomen liderlər həm də böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin etmişlər. Belə siyasi liderlər dövlət hakimiyyətini ölkənin, sadəcə, bugünkü mənafeyi baxımından deyil, həm də gələcək mənafeyi baxımından təşkil etməyə, dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq optimal dövlət modeli yaratmağa nail olmuşlar. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi-praktik prinsiplər əsasında müəyyənləşdirmişdir.

 

Ulu öndərin əbədiyyətə qovuşmasından ötən 6 illik zaman kəsiyi bu fenomen şəxsiyyətin milli dövlətçilik tariximizdəki yerini və rolunu daha obyektiv dəyərləndirmək imkanı verir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir.

Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Xalqımız tarixən milli dövlət qurmaq uğrunda davamlı mübarizə aparsa da, yalnız ötən əsrin sonlarında uzunmüddətli istiqlal mübarizəsinin məntiqi yekunu olaraq bu arzusuna qovuşmuşdur. Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etmişdir. Həmin aktda Azərbaycan xalqının eyni zamanda idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüququ təsbit olunmuşdur. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdır.

Dövlət müstəqilliyinin ilk illərində – 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi adi hüququndan danışmaq belə mümkün deyildi.

Cəmiyyətin fəal zümrəsi olan gənclərin müxtəlif vasitələrlə bu siyasi oyunlara, qanunsuz silahlı qruplaşmalara cəlb edilməsi, məkrli tədbirlərin həyata keçirilməsində “siyasi alət” kimi istifadə olunması meyilləri xüsusən narahatlıq doğururdu. Faktiki olaraq müxtəlif silahlı qruplara bölünən, parçalanan Azərbaycan gəncliyinin enerjisindən o illərdə dövlət və dövlətçiliklə bağlı praktiki məqsədlər üçün deyil, konyunktur maraqlar naminə istifadə edilirdi.

Ayrı-ayrı siyasi partiyaların qanunsuz silahlı birləşmələrə malik olmaqla dövlətin o zamankı rəhbərliyinə tabe olmaması nəticəsində hakimiyyət böhranının dərinləşməsi ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərini həyata keçirmələri üçün münbit şərait yaranmışdı. Şimalda “Sadval” hərəkatı açıq fəaliyyətə başlamış, cənubda isə qondarma “Talış-Muğan Respublikası” yaradılmaqla Azərbaycanın bütün cənub bölgəsinin faktiki olaraq respublika ilə əlaqəsi kəsilmişdi. Qondarma “sərhəd” yaradılmış, qondarma “dövlət”in hakimiyyət orqanları belə yaradılaraq vəzifəli şəxslər təyin edilmişdi. Respublikanın bütün cənub bölgəsi de-fakto Azərbaycan Respublikasının yurisdiksiyasından çıxmışdı. Hakimiyyətdə olan qüvvələr isə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı heç bir əməli tədbir görmək iqtidarında belə deyildi. Ermənistanla sərhəddə Azərbaycan torpaqlarının müdafiəsi, sadəcə, taleyin ümidinə buraxılmışdı.

Azərbaycanda xaos və anarxiya hökm sürürdü. İqtisadiyyat dağıdılmış, insanların yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşmüş, cinayətkarlığın səviyyəsi maksimum həddə çatmışdı. Qarabağda döyüşmək üçün ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər belə, həbsdən azad edilərək silahlandırılmışdı. Bu “ağıllı” hərəkətin acı nəticələrini aradan qaldırmaq üçün sonrakı dövrdə hüquq-mühafizə orqanları bir neçə il gərgin işləməli oldular.

Həmin vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü parlament seçkilərini keçirməyi də lazım bilmədi, Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi üçün cəhd belə etmədi. Çünki hakimiyyətdə olanlara qanun lazım deyildi. Özlərini demokratik qüvvə hesab edən və demokratik şüarlarla hakimiyyətə gələn bu qüvvələrin yüksək dövlət vəzifəsi tutan şəxsləri jurnalist döyməkdən, televiziyanın canlı efirində xuliqanlıq etməkdən belə çəkinmədilər.

Bütün bunlar ona görə baş verirdi ki, həmin vaxt Azərbaycanda de-fakto dövlət yox idi. Respublikamızın coğrafi ərazisində Azərbaycan Respublikası adlı dövlət de-yure mövcud olsa da, BMT tərəfindən tanınsa da, faktiki olaraq Azərbaycanda xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, ərazi bütövlüyünün əsaslı şəkildə pozulması, qonşu dövlətlərlə münasibətlərin maksimum səviyyədə pisləşməsi, insan hüquqlarının kobud pozuntusu, hakimiyyətdə olanların səriştəsizliyi, bacarıqsızlığı, demokratiyanın boğulması kimi əlamətlərlə xarakterizə olunan hakimiyyətsizlik, dövlətsizlik idi. Azərbaycanda dövlət deyil, dövlət adı ilə fəaliyyət göstərən “siyasi özfəaliyyət dərnəyi” qabiliyyətində olan bir qurum vardı.

1993-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhərində xalqın dəstəyindən tamamilə məhrum olmuş mərkəzi hakimiyyətə qarşı baş qaldırmış hərbi qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın kulminasiya həddinə yetişməsi idi. Faktiki olaraq bəzi xarici qüvvələrin də dəstəklədiyi bu silahlı qiyam Azərbaycanın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək ərəfəsində, xalq isə vətəndaş müharibəsinin astanasında idi.

Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təmini istiqamətində ciddi addımlar atılmışdır. Ulu öndərin bu mərhələdə Azərbaycan üçün ən böyük xidməti isə onun de-fakto müstəqil dövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi olmuşdur. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır.

Ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çevrilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması ulu öndər Heydər Əliyevə dövlət quruculuğu istiqamətində praktik addımlar atmağa imkan vermişdir. Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü önə çəkmiş, bu sahədə ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib saymışdır. Ümummilli lider neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulmuşdur. “Əsrin müqaviləsi”nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir.

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmış, ölkədə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olunmuşdur. Ulu öndərin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” deyimi Konstitusiyanın 1-ci maddəsində təsbit edilmişdir.

Əsas Qanunun qəbulu Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət ideallarına sadiqliyini bir daha təsdiqləməklə, onun beynəlxalq aləmdə daha yaxından tanınmasına, ikitərəfli və çoxqütblü əməkdaşlığının dərinləşməsinə də real imkanlar açmışdır. İlk milli Konstitusiyamızda xarici siyasətin, beynəlxalq əlaqələrin konseptual xarakterinin, məqsəd və vəzifələrinin aydın şəkildə əksini tapması da məhz ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Dövlətin idarəetmə sisteminin əsasını təşkil edən Konstitusiyanın 10-cu maddəsinə görə, Azərbaycan başqa dövlətlərlə və beynəlxalq aləmlə münasibətlərini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur.

Bu prinsipləri rəhbər tutan Azərbaycanın 1996-cı ildən Avrostrukturlara inteqrasiya prosesi sürətlənmiş, nəticədə Avropa Şurası Parlament Assambleyası Bürosunun qərarı ilə respublikamıza 1996-cı il iyunun 28-dən təşkilatda “xüsusi qonaq statusu” ilə təmsil olunmaq imkanı yaradılmışdır. Bu, milli qanunvericiliyin Avropa standartlarına yüksəlməsinə, təşkilatla əlaqə və dialoqun intensivləşməsinə daha geniş imkanlar açmışdır. Eyni zamanda ulu öndər Heydər Əliyevin 8 iyul 1996-cı il tarixli “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında”, 20 yanvar 1998-ci il tarixli “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, habelə 14 may 1999-cu il tarixli “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında” sərəncamları Avropa Şurasına üzvlük üçün tələb olunan hüquqi-siyasi prosedurların sürətlə keçilməsinin işlək mexanizmlərini hazırlamağa imkan vermişdir.

Azərbaycanın hüquqi dövlət və humanizm ideallarına sadiqliyini təsdiqləyən daha bir mühüm hadisə isə Avropa Şurasına üzvlüyə qədər ölüm hökmünün tamamilə ləğvi olmuşdur. Təşkilatın 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı Protokolunda da ölüm hökmünün yolverilməzliyi birmənalı əksini tapmışdır. 1996-cı ilin mayında Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən yuxarı olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmiş, eyni zamanda ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir. Ulu öndər insanları bağışlamaqla dövlətin, onun rəhbərinin vətəndaşlara humanist münasibətini daim önə çəkmişdir. 1996-2003-cü illərdə 32 əfv fərmanının, 8 amnistiya aktının imzalanması da deyilənləri bir daha təsdiqləyir. Bəzi iddiaların əksi olaraq ölüm cəzasının ləğvi, amnistiya və əfv fərmanlarının imzalanması ciddi tərbiyəvi məzmun kəsb edərək, ağır və xüsusilə ağır cinayətlərin sayının azalmasına gətirib çıxarmışdır. 1993-ci ildən ölüm cəzası üzərində moratoriumun qoyulması, 1995-ci ildə əfv komissiyasının bərpası, 1998-ci ilin 10 fevralında ölüm cəzasının tam ləğvi isə ulu öndərin daxilən yüksək humanizm, insanpərvərlik kimi keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir.

1996-2000-ci illərdə respublikamız insan hüquq və azadlıqlarının, habelə demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Bütün bunların nəticəsi kimi 1996-cı ildən Avropa Şurasında “xüsusi qonaq statusu” ilə təmsil olunan Azərbaycan 2001-ci ilin 17 yanvarında qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilmişdir. 2001-ci il dekabrın 25-də respublikamızın qanunverici orqanı olan Milli Məclis “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etməklə demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün əsas hüquq və əsas azadlıqların təminatına yüksək sadiqlik nümayiş etdirmişdir. 15 aprel 2002-ci il tarixdə ratifikasiya sənədi depozitə edilmək üçün Avropa Şurasının Baş Katibinə təqdim olunmuş, bununla da ölkə vətəndaşlarının Avropa İnsan hüquqları Məhkəməsinə müraciət etmək imkanı reallaşmışdır.

Konstitusiyanın qəbulu və Avrostrukturlara inteqrasiya prosesi Avropa ölkələrində hamılıqla qəbul edilmiş standartlara və normalara uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual Məcəllənin, habelə məhkəmə-hüquq sistemi ilə bağlı yeni qanunların hazırlanmasının da uğurlu əsasını qoymuşdur. Ulu öndər Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli fərmanı ilə yaradılmış Hüquq İslahat Komissiyası bu və digər qanunların təkmil beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını təmin etmişdir. Komissiya tərəfindən hazırlanmış “Məhkəmələr və hakimlər haqqında” 10 iyun 1997-ci il tarixli, “Konstitusiya Məhkəməsi haqqında” 21 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası qanunları, habelə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında” və 1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” fərmanları insan hüquq və azadlıqlarının təminatına xidmət edən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində yeni səhifə açmışdır.

BMT-nin 1985-ci il 29 noyabr tarixli qətnaməsi ilə bəyənilmiş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsipləri”ndə və başqa beynəlxalq sənədlərdə təsbit olunmuş normaları hüquqi baxımdan özündə əks etdirən “Məhkəmələr və hakimlər haqqında” qanunda hakim vəzifəsinə seçkilərin test üsulu ilə, şəffaf və obyektiv prosedur əsasında aparılması zəruri tələb kimi qarşıya qoyulmuş, bu fakt məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi baxımından ciddi siyasi iradə nümayişi olmuşdur. Qanun əsasında yaradılaraq hakimiyyətin hər üç qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni müstəqil qurum – Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Şura hakimlərin obyektiv və ədalətli əsaslarla seçilməsi üçün tədbirlər görmüş, 2000-ci ildə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq hakim vəzifəsinə seçkilərin test üsulu ilə keçirilməsi isə məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi baxımından müsbət təcrübənin formalaşmasına yaxşı imkanlar açmışdır.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 fevral tarixində imzaladığı “Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanla insan hüquqlarının təminatı yönümündə həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq şəkildə müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixdə təsdiq etdiyi “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” isə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmışdır. Dövlət Proqramında əksini tapmış İnsan hüquqları üzrə Azərbaycan Respublikasının Müvəkkili təsisatının (ombudsman) yaradılması, respublikamızın insan hüquqları ilə bağlı mühüm beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi və digər mühüm məsələlər ötən illərdə uğurlu həllini tapmışdır.

Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum olmuşdur. Bu memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir.

Ümumiyyətlə, respublikamızda üçpilləli məhkəmə sisteminin formalaşdırılması, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil institutunun yaradılması, vətəndaşlara Konstitusiya Məhkəməsinə və Avropa İnsan Hüquqları Məhkəməsinə birbaşa müraciət imkanının verilməsi, Azərbaycan Konstitusiyasında ilk dəfə 2002-ci il 24 avqust tarixdə insan hüquqlarına dövlət təminatını gücləndirən mütərəqqi əlavə və dəyişikliklərin edilməsi, respublikamızın mühüm beynəlxalq konvensiyalara qoşulması ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu siyasətinin ən qabarıq məqamları kimi diqqəti çəkir.

Ulu öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini yeni dövrün tələblərinə uyğun davam etdirən dövlət başçısı İlham Əliyev ötən 6 ildə ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Cənab İlham Əliyevin qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması, insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı kimi çıxış etməsi həm də onun zəngin mənəviyyatından irəli gəlir. Bunun nəticəsi olaraq respublikamızda demokratik proseslər sürətləndirilmiş, qanunçuluq bütün səviyyələrdə möhkəmləndirilmiş, sosial ədalət meyarına riayət olunmuş, hakimiyyət bölgüsü prinsipləri qorunmuş, hüquq-mühafizə orqanlarında dövrün tələblərinə cavab verən islahatlar aparılmış, siyasi mühitin liberallaşdırılması istiqamətində davamlı addımlar atılmışdır. Son 6 ildə insan hüquq və azadlıqlarının daha etibarlı təmini baxımından “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi haqqında” 3 sentyabr 2004-cü il tarixli, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 19 yanvar 2006-cı il tarixli, “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında”, “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 28 iyul 2007-ci il tarixli, “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” 27 iyul 2007-ci il tarixli, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” 13 dekabr 2007-ci il tarixli fərman və sərəncamları xüsusi vurğulamaq olar.

İnsan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təmini baxımından 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan ümumxalq referendumunun keçirilməsini xüsusi vurğulamaq lazımdır. Ümumxalq referendumunda ciddi ictimai dəstək almış yeniliklər hüquqi baxımdan Konstitusiyanın bir çox normalarını yeni dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyaraq, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində dövlətin məsuliyyətini artırmış, onun üzərinə bir sıra yeni hüquqi öhdəliklər qoymuşdur. Referendumda ictimai dəstək almış hüquqi yeniliklər 1948-ci il tarixli “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nə, 1950-ci il tarixli “İnsan Hüquqları üzrə Avropa Konvensiyasına” 1966-cı il tarixli “Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”a, 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyanın və s. müddəalarına tam uyğun olmaqla, ölkənin milli qanunvericiliyinin beynəlxalq hüquq, prinsip və normaları ilə uzlaşdırılmasına yönəlmişdir.

Müasir dövrdə demokratiyanın inkişafı, qanunçuluğun təminatı, insan hüquq və azadlıqlarının qorunması həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir. Respublikamızın iqtisadi imkanları genişləndikcə, Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Son illərdə respublikamızın hüquqi dövlət quruculuğu sahəsində fəaliyyət imkanlarının genişlənməsi, ilk növbədə, dinamik iqtisadi uğurlarla şərtlənir. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi, Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyində söz sahibinə çevrilməsi, ölkəyə xarici investisiya axınının sürətlənməsi, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, regionların tərəqqisi, cəmiyyətdə işgüzar maddi fəallığın pozitiv nəticələri ölkənin maliyyə imkanlarının artmasında özünü göstərir.

İqtisadi sahədə keçid dövrünün başa çatması, dövlətçilik sütunlarının möhkəmlənməsi respublikamızda demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə və liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun genişləndirilməsini ciddi tələb kimi önə çıxarır. Respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə və qəbul edilməsinə daha yaxşı imkanlar yaranmışdır. Əminliklə demək olar ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi çoxşaxəli siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsini təmin edən mühüm amillərdən biri də son 6 ildə ölkədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmini məqsədilə atılan addımlar olmuşdur.

Bütün bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində əsasını qoyduğu siyasət bu gün uğurla davam etdirilir. Respublikamız hazırkı qlobal iqtisadi böhran şəraitində belə, sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramları həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Heydər Əliyev ideyalarından qaynaqlanan bu siyasət gələcəkdə daha böyük uğurlara imza atacaq.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2009.- 13 dekabr.- S. 3.