Dövlət Neft Şirkətinin beynəlxalq reytinqi artır

 

Son illər regional enerji layihələrinin reallaşmasında əsas tərəfdaşlardan biri kimi yaxından iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti artıq həm də transmilli, beynəlxalq səviyyəli bir quruma çevrilmişdir. Ötən müddətdə xarici şirkətlərlə qurulan işbirliyi Azərbaycan neft sənayesinin lideri olan ARDNŞ-ə lazımi təcrübə qazandırmışdır. Ölkə Prezidenti İlham Əliyevin Dövlət Neft Şirkətinin müasir tələblərə cavab verən modern, çevik və güclü bir quruma çevrilməklə bağlı tövsiyəsinə uyğun olaraq hazırda şirkətin strukturu beynəlxalq standartlara uyğunlaşdırılır, idarəetmənin səmərəliliyi artırılır.

 

Dövlət Neft Şirkətinin beynəlxalq səviyyəli, modern bir quruma çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər isə istər ölkə daxilində, istərsə də dünya miqyasında şirkətin etibarını artırır, onun reytintiqini yüksəldir. Artıq ARDNŞ beynəlxalq arenada səmərəli fəaliyyəti ilə diqqəti cəlb edir. Belə ki, şirkət modern, çevik və rəqabətədavamlı qurum kimi beynəlxalq miqyasda tanınmaq üçün xarici ölkələrdə müəssisələr, nümayəndəliklər açır, həmin qurumlar vasitəsilə həyata keçirilən irimiqyaslı layihələrdə yaxından iştirak edir.

Məlum olduğu kimi, Türkiyənin ən iri neft-kimya müəssisəsi sayılan “Petkim” şirkətinin idarəçiliyi “SOCAR-Turcas-İnjaz” alyansı tərkibində ARDNŞ-ə verilmişdir. Xatırladaq ki, adı çəkilən holdinq etilen, polietelin, polivinilxlorid, akrilonitril və s. kimya məhsullarının istehsalını həyata keçirir. Adı çəkilən məhsullar isə əsasən Türkiyə bazarında satılır. Hazırda əsas hədəf əlavə sərmayələr hesabına şirkətin Türkiyə bazarındakı payını 40 faizə çatdırmaqdır. Bu məqsədlə artıq bir sıra layihələrin reallaşdırılmasına start verilmişdir. Belə ki, holdinqin xammalla fasiləsiz və etibarlı təchizatını təmin etmək məqsədilə ARDNŞ öz ortaqları ilə birlikdə “Petkim”in nəzdində yeni neft emalı zavodunun layihələndirmə işlərinə başlamışdır. Həmin zavodun istifadəyə verilməsi isə öz növbəsində “Petkim”in istehsal imkanlarını artırmaqla yanaşı, ARDNŞ-ə məxsus neft məhsullarının Türkiyə bazarına daha sürətlə daxil olmasına imkan yaradacaq.

Ötən həftə isə Petkim" yeni sosial proqramın icrasına start vermişdir. Dövlət Neft Şirkətinin socar.az saytının məlumatına görə, dekabrın 12-də ARDNŞ-in idarəçiliyində olan “Petkim” neft-kimya kompleksi və Ege Orman Vəqfinin birgə təşəbbüsü ilə Türkiyənin İzmir vilayətinin Foca bölgəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyacaq “Dostluq və Xatirə” xiyabanının salınması aksiyasına başlanılmışdır. Xatırladaq ki, həmin ərazidə əvvəllər meşə olmuş, lakin ötən il baş vermiş yanğın nəticəsində ciddi ziyan çəkmişdir. Burada xiyaban salınması haqqında yaxınlıqda yerləşən “Petkim”lə Vəqf arasında protokol oktyabrın 19-da imzalanmışdır. Sahəsi 75 hektar ərazini əhatə edəcək xiyabanda ümumilikdə 11 min ağacın əkilməsi planlaşdırılır. Gələcək illərdə bu ərazinin genişləndirilməsi və ağacəkmə aksiyalarının sosial proqramlar çərçivəsində davam etdirilməsi nəzərdə tutulur. Tədbirdə ARDNŞ-in məsul şəxsləri də iştirak etmişlər. Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, İstanbuldakı baş konsul Səyyad Salahlı, İzmir və Əliağa bölgələrinin rəsmiləri də dekabrın 12-də keçirilmiş tədbirə qatılmışlar. Qeyd edək ki, Socar-TURCAS-İnjaz alyansı “Petkim”in 51 faizlik səhm paketinə 2007-ci ildə sahib olmuşdur. Bu arada ARDNŞ növbəti beynəlxalq reytinqin alınması istiqmətində daha bir mühüm addım atmışdır. Belə ki, ötən həftə ARDNŞ-in baş ofisində Dövlət Neft Şirkətinə “Moody’s” beynəlxalq agentliyi tərəfindən reytinqin verilməsi ilə əlaqədar agentliyin nümayəndələri üçün təqdimat mərasimi keçirilmişdir. İlk olaraq “Moody’s” beynəlxalq agentliyinin məsul əməkdaşı Viktoria Maisuradze ARDNŞ-ə reytinq verilməsi üzrə qrupun üzvləri adından təqdimat üçün yaradılmış gözəl şəraitə görə minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, şirkətin nümayəndələri ilə indiyədək keçirilmiş görüşlər agentliyin təmsilçilərində müsbət rəy yaratmışdır. Qonaq bundan sonrakı mərhələdə əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini vurğulamışdır.

Təqdimat mərasimini giriş sözü ilə açan ARDNŞ prezidenti Rövnəq Abdullayev qonaqları salamlayaraq, şirkətin Azərbaycan iqtisadiyyatındakı əhəmiyyətindən danışmış, ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynadığını bildirmişdir. O qeyd etmişdir ki, ARDNŞ 100 faiz dövlət şirkəti olsa da, kommersiya qurumu kimi fəaliyyət göstərir. Şirkətin fəaliyyət istiqamətlərindən, son illərdə əldə etdiyi nailiyyətlərdən, iştirak etdiyi iri miqyaslı beynəlxalq layihələrdən geniş söhbət açan R. Abdullayev bu sırada xarici ölkələrdə həyata keçirilən investisiya layihələrini qeyd etmişdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas iştirakçılardan birinə çevrildiyini vurğulayan şirkət prezidenti bu baxımdan həyata keçirilən regional layihələrdə ARDNŞ-in Azərbaycan dövlətini təmsil etdiyini nəzərə çatdırmışdır. ARDNŞ-ə təklif edilən bütün layihələrin diqqətlə öyrənildiyini deyən şirkət prezidenti daha risksiz və gəlirli layihələrə üstünlük verildiyini bildirmişdir. Şirkətin bu il yeni strukturlarda kəşfiyyat və qazma işlərinə start verdiyini deyən R. Abdullayev qeyd etmişdir ki, görüləcək işlər nəticəsində yaxın dövrdə Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatlarının həcmi daha da artacaqdır. Ötən il “Fitch Ratings” beynəlxalq agentliyi, bu il isə “Moody’s”lə reytinq alınması üzrə müqavilələrin bağlandığını, cari ilin sentyabrında “Fitch Ratings” tərəfindən beynəlxalq reytinq alındığını diqqətə çatdıran Rövnəq Abdullayev “Moody’s” təmsilçilərinin ARDNŞ-in göstəriciləri ilə tanış olduqdan sonra şirkətə müvafiq reytinq veriləcəyinə əminliyini ifadə etmişdir.

Sonra ARDNŞ İqtisadiyyat və Uçot İdarəsinin birgə layihələr şöbəsinin rəisi Ənvər Qasımov “Moody’s” təmsilçiləri üçün ARDNŞ-in strukturunu, törəmə şirkətlərini, istehsal göstəricilərini, iştirak etdiyi layihələri əks etdirən slaydlar vasitəsilə geniş təqdimat keçirmişdir. O, ARDNŞ-in regionda qabaqcıl şirkət kimi fəaliyyətindən, maliyyə göstəricilərindən ətraflı bəhs etmişdir. Xatırladaq ki, təqdimat mərasimində ARDNŞ-in vitse-prezidentləri, müvafiq idarələrin rəisləri, “Moody’s” beynəlxalq agentliyinin analitiki Yekaterina Lipatova, ARDNŞ-ə konsaltinq xidmətləri göstərən Siti Bankın məsul əməkdaşı Vasili Tenqayev iştirak etmişlər. Qeyd etmək lazımdır ki, beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə öncə sözügedən şirkətin beynəlxalq reytinqi nəzərdən keçirilir. Reytinq özündə şirkətin iqtisadi gücünü əks etdirir. Hazırda dünyada reytinqin verilməsi üzrə üç Amerika şirkəti - “Fitch Ratings”, “Moody’s” və “Standard and Poor’s” liderlik edir. Cari ildə “Fitch Ratings” agentliyi tərəfindən ARDNŞ-ə reytinqin verilməsi və “Moody’s” beynəlxalq reytinq şirkəti ilə görüş və təqdimatın keçirilməsi Dövlət Neft Şirkətinin transmilli şirkətə çevrilməsi istiqamətində növbəti mühüm addım kimi dəyərləndirilə bilər.

Şirkətin tərkibindəki qurumların fəaliyyəti də beynəlxalq standartlara uyğunlaşdırılır. Onu da qeyd edək ki, qloballaşan dünyada fəaliyyət sahəsindən asılı olmayaraq bütün müəssisələr yeni texnika və texnologiyaların tətbiqi vasitəsi ilə daim inkişaf etmək, yalnız daxili bazarda deyil, eyni zamanda dünya bazarında da rəqabət qabiliyyətinə malik olmaq istiqamətində yollar axtarır. Bunun üçün dünyanın qabaqcıl ölkələrindəki müəssisələrdə İSO seriyalı idarəetmə sistemlərinin tətbiqi məqsədəuyğun addımlardan sayılır. Bu günlərdə ARDNŞ-in Qaz İxrac İdarəsində idarəçilik sisteminin dünya standartlarına uyğunlaşdırılması zərurətini nəzərə alaraq fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun təşkil edilməsi, işin keyfiyyətinin artırılması, texniki sənədlərin təkmilləşdirilməsi məqsədilə İSO 9001:2008 (idarəetmə sistemi), İSO 14001:2004 (ətraf mühitin idarəetmə sistemi) və OHSAS 18001:2007 (əməyin mühafizəsi və təhlükəsizliyinin idarəetmə sistemi) beynəlxalq standartlarının tətbiqi üçün görülmüş işlər öz bəhrəsini vermişdir. Məlumat və hesabatlar tərtib olunduqdan sonra idarədə beynəlxalq nəzarət auditi keçirilmiş, aparılan audit yoxlamalarının nəticəsi olaraq Qaz İxrac İdarəsi BUREAU VERİTAS agentliyi tərəfindən İSO 9001:2008, OHSAS 18001:2007 və İSO 14001:2004 beynəlxalq sertifikatlara layiq görülmüşdür. Bu sertifikatların qazanılması ilə ARDNŞ-in Qaz İxrac İdarəsinin beynəlxalq fəaliyyət imkanları genişlənəcəkdir. Göründüyü kimi, idarə təsis olunmasından az müddət keçməsinə baxmayaraq öz fəaliyyətinin yeni mərhələsinə qədəm qoyur.

Yeri gəlmişkən, beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və son nəticədə iqtisadiyyatımızın daha da güclənməsinə xidmət edir. Məhz buna görə də son illər ARDNŞ-in idarə və müəssisələrində sözügedən istiqamətdə mühüm işlər görülür. Aparılmış məqsədyönlü işlərin nəticəsidir ki, artıq şirkətin struktur vahidlərinin böyük bir hissəsi sertifikatlaşdırılmışdır. İSO sertifikatlarına yiyələnmək istiqamətində işlər isə intensiv olaraq davam etdirilir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 15 dekabr.- S. 3.