Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyi tamam oldu

 

Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Bakı Xoreoqrafiya Məktəbi respublikamızda balet və xalq rəqsi sahəsində ixtisaslı artist kadrları hazırlayan yeganə tədris müəssisəsidir.

 

Opera teatrının balet truppası üçün milli balet artistləri hazırlamaq məqsədilə yaradılmış kiçik studiyadan Bakı Xoreoqrafiya Məktəbinə qədər böyük inkişaf yolu keçmiş bu sənət ocağı 80 il ərzində yüzlərlə yüksək ixtisaslı kadr hazırlamışdır.

Azərbaycan baletinin təşəkkülündə misilsiz xidmətləri olmuş Qəmər Almaszadə ilk təhsilini Bakı Xoreoqrafiya Məktəbində almış, milli xoreoqrafiya məktəbinin parlaq simalarından olan Leyla Vəkilova, Konstantin Bataşov, Xumar Zülfüqarova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Vladimir Pletnev, Çimnaz Babayeva, Vitali Axundov, Afaq Məlikova, Mədinə Əliyeva, Təranə Muradova və onlarla tanınmış rəqqas məhz bu məktəbdə sənətə yiyələnmişlər.

Bakı Xoreoqrafiya Məktəbində Tamilla Şirəliyeva, Yusif Qasımov, Tamilla Məmmədova kimi respublikanın görkəmli balet və xalq rəqs ustaları pedaqoji iş apararaq, gənc nəslə xoreoqrafiya sənətinin sirlərini öyrədir, onları klassik və xalq rəqsinin incəliklərinə yiyələndirirlər.

Məktəbin yetirmələri respublikanın aparıcı teatrlarının rəqs truppalarında, müxtəlif rəqs kollektivlərində xoreoqraf, artist kimi çalışır, tədris müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olurlar. Bakı Xoreoqrafiya Məktəbinin məzunları ABŞ, Almaniya, Çin, İsrail, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan və s. ölkələrin nüfuzlu teatrlarında və təhsil ocaqlarında çalışaraq Azərbaycan xoreoqrafiya məktəbini uğurla təmsil edirlər.

Zəngın ənənələrə malik Bakı Xoreoqrafiya Məktəbinin yubileyində iştirak etmək üçün bir çox xarici ölkələrdən Ц Rusiya, Belarus, Gürcüstan, İtaliya, Moldova, Ukrayna, Türkiyə, Albaniyadan tanınmış balet ustaları, xoreoqraflar gəlmişlər. Yubiley tədbirində TÜRKSOY beynəlxalq təşkilatının nümayəndəsi Əflatun Nemətzadə, Neapol San Karlo Teatrının direktoru Cüzeppe Karbone, Moldovanın xalq artisti Yuri Qorşkov, Moldovanın əməkdar incəsənət xadimi Yuri Madan, Rusiyanın əməkdar incəsənət xadimi, professor Lyudmila Kolençenko, Rusiyanın xalq artisti, professor Valeri Anisimov, Rusiya Xoreoqrafiya Assosiasiyasının üzvü, tanınmış tənqidçi Aleksandr Maksov, Ukraynanın əməkdar incəsənət xadimi Sergey Şvets, Tbilisi Xoreoqrafiya Məktəbinin direktoru Zviad Bakradze başqaları iştirak edirlər. Bakı Xoreoqrafiya Məktəbinin məzunları, QİTİS Rusiya Teatr Sənəti Akademiyasının dekanı, Rusiyanın Azərbaycanın əməkdar artisti, Beynəlxalq Pedaqogika Akademiyasının akademiki, fəlsəfə doktoru, professor Vitali Axundov, SSRİ Belarus Respublikasının xalq artisti, Belarus Dövlət Mükafatı laureatı, professor Valentin Yelizarov, İtaliyada УAzəriФ Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, УOrizonФ Rəqs Məktəbinin dosenti Mais Nuriyev, Latviya Milli Operasının solisti, beynəlxalq müsabiqə laureatı Ülvi Əzizov da qonaqlar sırasında idi.

Tədbirdə çıxış edənlər bu məktəbin keçdiyi tarixi yoldan, onun Azərbaycan xoreoqrafiya sənətinin inkişafındakı rolundan danışdılar. Sonda Xoreoqrafiya Məktəbi məzunları qonaqların iştirakı ilə bədii proqram göstərildi.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 16 dekabr.- S. 7.