Beynəlxalq konfransda uşaqların ailələrə verilməsi sahəsində görülən və qarşıda duran vəzifələr müzakirə olunmuşdur

 

Dekabrın 15-də Bakıda “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində “2009-cu ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

 

Əvvəlcə konfrans iştirakçıları “Sevinciniz uğurumuzdur” filminə baxmışlar.

Təhsil işçilərinin, dövlət qurumları nümayəndələrinin, Milli Məclis deputatlarının, beynəlxalq ekspertlərin iştirak etdikləri konfransı təhsil naziri Misir Mərdanov açaraq, ötən müddətdə proqram çərçivəsində həyata keçirilən tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.

Nazir demişdir ki, ümummilli lider Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində qoyduğu ənənələr Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Son illər ölkə iqtisadiyyatının dinamik inkişafı, sosial sahəyə diqqətin artırılması, regionların inkişafı, yoxsulluq səviyyəsinin minimuma endirilməsi hər bir ailənin sosial rifahının yaxşılaşdırılmasına və uşaqların hüquqlarının qorunmasına yönəlmiş proqramların həyata keçirilməsinə əlverişli şərait yaratmışdır.

Bildirilmişdir ki, proqram çərçivəsində “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” pilot layihəsi hazırlanmışdır. Təhsil , Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF tərəfindən layihənin birgə həyata keçirilməsi üçün razılaşma əldə edilmişdir.

Layihənin məqsədi seçilmiş pilot rayonlarda uşaqların bioloji və alternativ ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi, risk qrupuna daxil olan uşaqların müəssisəyə düşməsinin qarşısının alınması üçün onların müdafiəsinin təmin edilməsidir. Bu məqsədlə cari ilin iyul-avqustunda uşaqların müdafiəsi ilə bağlı vəziyyətin araşdırılması, sosial xəritənin hazırlanması məqsədi ilə pilot rayonlar seçilən Bakının Əzizbəyov və Suraxanı rayonlarında sorğular keçirilmiş, səfərlər edilmiş və məlumatlar toplanmışdır. Hazırda təhlil əsasında bu rayonların sosial xəritəsi hazırlanır.

Nazir vurğulamışdır ki, cari ilin aprelində hökumət tərəfindən təsdiq edilmiş dövlət uşaq müəssisələrinin transformasiya üzrə baş planına əsasən, müəssisələrin transformasiyası həyata keçirilir, uşaqlar üçün alternativ xidmətlər yaradılır. Həyata keçirilən tədbirlər nəticəsində 9 uşaq müəssisəsi ümumtəhsil məktəbinə çevrilmişdir. Hazırda 46 dövlət uşaq müəssisəsində 10 min 54 uşaq təlim-tərbiyə alır. Onlardan 3 min 960 nəfəri müəssisədə gecələyir, 6 min 94-ü isə gecəni ailəsi ilə keçirərək müəssisədə yalnız təhsil alır.

Təhsil Nazirliyi aztəminatlı ailələrdən olan və sağlamlıq imkanları məhdud uşaqların rifahının yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası, təhsilə cəlb edilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində də müvafiq tədbirlər həyata keçirir. Risk qrupuna daxil edilən və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Bərdə şəhərindəki internat məktəbin, Əzizbəyov rayonundakı valideyn himayəsindən məhrum uşaqlar üçün respublika yardımçı internat məktəbin, Sabunçu rayonundakı 11 nömrəli xüsusi internat məktəbin nəzdində reabilitasiya-inkişaf mərkəzləri yaradılmışdır. Həmin mərkəzlərin binaları Təhsil Nazirliyi tərəfindən yenidən qurulmuş və əsaslı təmir edilmiş, inkişafetdirici təlim materialları, reabilitasiyayönümlü avadanlıqla təchiz olunmuşdur. 2010-cu ildə də bu tipli mərkəzlərin açılması nəzərdə tutulmuşdur.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard konfransda müzakirə olunan mövzu ilə bağlı fikir, mülahizə və təkliflərini bildirmişlər.

“Uşaqların ailələrə dönüşü layihəsi ilə bağlı Türkiyənin təcrübəsi”, “Maliyyənin səmərəli xərclənməsi: islahatlara doğru”, “De-institusionalizasiya və icma əsaslı alternativ xidmətlər: Avropa təcrübəsi və transformasiya planının yerlərdə icrası” mövzularında təqdimatlar olmuşdur.

Sonra müzakirələr aparılmış, təkliflər irəli sürülmüşdür.

 

 

Xalq qəzeti.- 2009.- 16 dekabr.- S. 4.