Dövlət qulluğunun sosial xarakteri

 

Dövlət qulluğu müasir dövlətin vacib təsisatlarından biridir. Dövlət öz vəzifələrini dövlət qulluğu vasitəsilə həyata keçirir. Dövlət qulluğu isə sosial təsisat kimi dövlət siyasətinin başlıca məzmununu təşkil edən əhalinin həyat səviyyəsinin yüksəldilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının, milli təhlükəsizliyinin təmin olunması məsələlərində mühüm rol oynayır. Azərbaycanda da dövlət idarəetməsi sahəsində aparılan islahatlar, dövlət aparatının özünün və dövlət qulluqçularının rolunun dəyişdirilməsi və təkmilləşdirilməsi obyektiv tələbatdan irəli gəlir. Ona görə də dövlət aparatı funksiyalarının səmərəsinin artırılması, dövlət qulluqçularının peşəkarlığının yuksəldilməsi, həmçinin, bütövlükdə dövlət qulluğunun yeni aspekt və problemlərinin elmi cəhətdən dərindən öyrənilməsi zərurəti yaranmışdır. Bu işlərin görülməsi Aərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetində 2008-ci ilin yekunlarına və ölkəmizin 2009-cu ildə inkişafına dair qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqdakı çıxışında bir daha qeyd olunmuşdur. Cənab Prezidentin müəyyən etdiyi mühüm prioritetlər - düşünülmüş siyasət, milli maraqlar, demokratik islahatlar, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının rifah halının yüksəldilməsi, sözsüz ki, dövlət qulluqçularının fəaliyyətinin əsasını təşkil edəcəkdir. Bunları nəzərə alaraq, dövlət qulluğunun sosial xarakterinin, sosial təbiətinin, sosial təsisat kimi bəzi xüsusiyyətlərinin araşdırılması diqqətimizi cəlb etmişdir.

Bir sıra tədqiqatçıların fikrincə, dövlət qulluğu sosial təsisat kimi son nəticədə vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına, onların təhlükəsizliyi və layiqli həyatı üçün əlverişli şəraitin yaradılmasına yönəlmiş dövlətə qulluq edən şəxslərin birgə fəaliyyətinin tarixən qərarlaşmış, dayanıqlı təşkilatlanma formasıdır. Dövlət qulluqçularının xüsusi fəaliyyət sahəsi kimi dövlət qulluğu, hakim sinfin siyasi iradəsini reallaşdıran mexanizm olmaqla dövlətin immanent elementi kimi onunla birlikdə meydana gəlmişdir. Siyasi hakimiyyət üçün dövlət funksiyalarını həyata keçirməyə qadir olan xüsusi idarəetmə aparatının mövcudluğu obyektiv zərurətə çevrilərək dövlət qulluğunun yaranmasına səbəb oldu. Bu məqsədlə ümumi kütlədən xüsusi qrupun ayrılması, peşəkar fəaliyyətə hazırlanması, ona müəyyən imtiyazların verilməsi, həmin qrupun dövlət siyasətinin reallaşdırılmasının etibarlı alətinə çevrilməsi lazım idi. M.Veberin fikrincə, siyasi hökmranlığın xarici təzahürünün ifadəsi olan idarəetmə qərargahı hökmrana 2 vasitə ilə bağlıdır: maddi maraqla və sosial şərəflə (sayğıyla). Hakim siniflə ümumi maraqları üst-üstə düşən, maddi nemətlərin bölüşdürülməsində xüsusi yer tutan bu qərargah dövlət funksiyalarının həyata keçirilməsində təsirli vasitə olur. Onun yaranması ilə dövlət qulluğunun idarəçilik mexanizmi kimi meydana gəlməsi tələbatı əməli surətdə həll olunur. Şübhəsiz, az və ya çox dərəcədə yetkinləşmiş dövlət qulluğu dövlətçiliyin inkişafının elə bir mərhələsində ortaya çıxır ki, hakimiyyət və idarəetmə aparatı arasında, yəni siyasi vəzifələr tutanlar və dövlət qulluğu sistemində öz vəzifələrini peşəkarlıqla yerinə yetirənlər arasında əhəmiyyətli bölgü baş verir. Bu zaman siyasi hakimiyyət daxili və xarici siyasətin hazırlanması funksiyasını, idarəetmə aparatı isə bu siyasətin reallaşdırılması funksiyasını həyata keçirir. Beləliklə, dövlət qulluğu əmək bölgüsünün nəticəsi olaraq əməyin xüsusi növü kimi, eyni vaxtda dövlətə xidmət edənlərin ixtisaslaşmış fəaliyyət sahəsi kimi meydana gəlir. Aydındır ki, dövlət qulluğu dövlətin təbiətindən, ona xas olan siyasi rejimdən asılıdır, başqa sözlə, dövlət qulluğunun inkişaf tarixi onun sosial təbiətinin dövlətin xarakterindən asılılığını göstərir, hətta, dövlət qulluqçularının sosial-sinfi tərkibi ilə müəyyən olunur. Lakin hakimiyyətə gələn heç bir sinif cəmiyyətin digər təbəqələrinə arxalanmadan dövləti idarə edə bilməz. Tarixi təcrübə göstərir ki, yalnız demokratik cəmiyyətlərdə dövlət qulluğu əhalinin bütün təbəqələri üçün yetərli olur. Belə ki, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununda vətəndaşların dövlət qulluğuna qəbulu üçün bərabərlik prinsipi təsbit olunmuşdur. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qulluğu irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq 16 yaşına çatmış ölkə vətəndaşları hesabına formalaşır (maddə 27.1.). Cəmiyyətdə müxtəlif təsisatlar fəaliyyət göstərir.

Dövlət qulluğuna yanaşmalarda iki mövqe xüsusən seçilir:

- institusional, yəni hüquq institutu ilə sıx əlaqədə olan sosial təsisat kimi baxılır; bu təsisat “siyasi” rəhbərin şəxsi deyil, bütün xalqın maraqlarına xidmət edir. Dövlət qulluğu yalnız ona xüsusi hüquqi xarakter verən hüquq əsasında qurulduqda sosial funksiyasını həyata keçirmiş olur;

- fəaliyyət növü kimi yanaşmaya görə isə dövlət qulluğu dövlət orqanlarının səlahiyyətlərinin təmin edilməsi üzrə peşəkar fəaliyyətdir və siyasi xarakter daşıyır.

Bu yanaşmalar bir-birini tamamlayaraq, dövlət qulluğunun təsisat kimi mahiyyətinin yetərincə anlaşılmasına kömək edir. Önəmli odur ki, içtimai-hüquqi təsisat kimi dövlət qulluğunda çalışanlar yalnız dövlət orqanlarının səlahiyyətlərini deyil, dövlətin sosial funksiyasını da yerinə yetirirlər.

Dövlət qulluğu mürəkkəb sosial hadisə olmaqla dövlət qulluqcularının peşəkar fəaliyyət sferası kimi özündə, demək olar ki, cəmiyyətdəki bütün təsisatların aspektlərini cəmləşdirir. Belə əlaqələndirmənin mexanizmi struktur-funksional xarakter daşıyır və dövlət qulluğuna arxalanan dövlətə müəyyən sosial və iqtisadi siyasətin həyata keçirilməsinə imkan verir. Mənəvi sfera institutları ilə qarşılıqlı fəaliyyət göstərərək dövlət qulluğu müəyyən nisbətdə kütləvi informasiya vasitələrinə və ictimai rəyə də əsaslanır.

Müasir ictimai sistemlərin sosial strukturunun vacib elementi olan vətəndaş cəmiyyəti institutlarının dövlət qulluğu ilə əlaqələrinin əhəmiyyətini önə cəkmədən onun sosial xarakterini bütövlükdə üzə cıxarmaq mümkün deyil. Vətəndaş cəmiyyəti institutları əhalinin ictimai özünütəşkiletməsinə, özünütənzimləməsinə olan tələbatları ilə şərtlənmişdir. Bu institutların sosial əhəmiyyəti ondadır ki, bunlar dövlətdən asılı olmadan mövcuddur, yəni dövlət şüurlu olaraq onları idarə etməməyi qərarlaşdırıb. Buna görə də dövlət qulluğunun həmin institutlarla əlaqəsi vasitəli xarakter daşıyır. Vətəndaş cəmiyyəti institutlarının normativ-hüquqi bazasını yaradaraq, dövlət bütün institutlar tərəfindən qanunçuluğun icrasına dövlət qulluğu vasitəsilə nəzarət edir. Vətəndaş cəmiyyəti institutları isə öz növbəsində dövlət və onun orqanlarının fəaliyyətinə sosial nəzarət funksiyasını həyata keçirir. Belə qarşılıqlı təsirlər nəticəsində cəmiyyətin quruluşu və fəaliyyətinin demokratik xarakteri təmin olunur.

İctimai strukturun elementi kimi dövlət qulluğu sosial təsisatlara xas olan xüsusiyyətlərə malikdir. Belə ki, dövlət qulluğu yalnız özünə məxsus peşəkar fəaliyyət sferasını təmsil edir, dövlət orqanlarının səlahiyyətlərini xalqın iradəsi vasitəsilə reallaşdıran sosial toplu kimi çıxış edir, dövlət və vətəndaş arasında əlaqələndirici vəsilə olaraq vətəndaş hüqüq və maraqlarını müdafiə etməyi üzərinə götürmüşdür. Ölkəmizdə buna Azərbaycan Respublikası Konstitusiyasının “insan və vətəndaş hüquqlararının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir” maddəsini misal göstərə bilərik.

İctimai hadisə kimi dövlət qulluğu ictimai əlaqə və münəsibətlərin özünəməxsus əksetmə forması, humanistlik dərəcəsinin, cəmiyyətdə kök salmış qeyri-formal qayda, norma və davranış nümunələrinin göstəricisidir. Bundan əlavə, dövlət qulluğunu etik sistem kimi də xarakterizə etmək olar. Ona görə ki, vətəndaşların hüquqi şüurunu formalaşdıraraq, özü əxlaqi dəyərlərin daşıyıcısı olmaqla, dövlət qulluqçularını və vətəndaşları əxlaq normalarına riayət etməyə istiqamətləndirir, formal və qeyri-formal qaydaların yerinə yetirilməsinə ictimai nəzarəti gücləndirir.

Dövlət qulluğunun sosial təbiəti, mahiyyəti və təyinatı onun fəaliyyətinin müvafiq xarakterini də müəyyən edir. Əgər sosial təsisat kimi dövlət qulluğunun əsas məqsədi vətəndaş cəmiyyəti və dövlətin maraqlarına xidmətdirsə, missiyası cəmiyyətin effektiv dövlət idarəetməsi tələbatının ödənilməsidir. Sirr deyil ki, bəzən dövlət qulluğunun sosial xarakterində deformasiya, qulluqçuların fəaliyyətinin gözdən düşmə hallarına gətirib çıxardan disfunksiyalar baş verir. Bu cür situasiyaların düzəlməsi, qarşılıqlı münasibətlərin normallaşması, sonda isə sabitləşməsi sosial şəraitlə müəyyən olunur. Dövlət güclü sosial yönümlü siyəsəti həyata keçirdikdə bu mümkün olur. Böyük ictimai dayaq olduqda, belə siyasət dövlət qulluğunu nəcibləşdirir, sabitliyi pozan intizamsızlıq, tapşırıqların yerinə yetirilməməsi, fəaliyyətsizlik, səhv qərarların qəbulu, nəzarətsizlik, dezinformasiya və s. faktların qarşısının alınmasına kömək edir.

Dövlət qulluğunun başlıca funksiyası, onun məğzi - dövlətə qulluq etmək, dövlət və cəmiyyət, dövlət və onun vətəndaşları arasında dayanıqlı əlaqəni yaratmaq, öz fəaliyyətində əməli surətdə demokratik prinsipləri realizə etmək, vətəndaş cəmiyyətinin genişləndirilməsinə şərait yaratmaq, peşəkar idarəetmə fəaliyyəti vasitələri ilə onun özünüidarə motivasiyasını inkişaf etmək, ictimai institutlara maksimal dərəcədə idarəetmə funksiyalarını ötürməkdədir. Belə olduqda, vətəndaşların sərbəst həyat və yaradıcılıqları yalnız hüquq əsasında deyil, eləcə də xalqın mənəvi, əxlaqi prinsip və dəyərləri əsasında realizə olunur.

Dövlət qulluqçularının faəliyyətinin sosial xarakteri dövlət qulluğu funksiyalarının məsuliyyətlə yerinə yetirilməsində təzahür edir. Bəzi funksiyaların sosial mahiyyətini acan məqamları nəzərdən kecirək.

Dövlət qulluğunun sosial təşkilatlanma funksiyası qulluqçuların peşəkarlığı, səriştəliyi, qulluğun təşkil edilməsinin bütün səviyyələrinin uzlaşdırılması, müasir idarəetmə texnologiyalarından, qabaqcıl təcrübədən istifadə edilməsi vasitəsilə özünü büruzə verir. Buna görə, dövlət qulluğu təşkilatlanma nümunəsi olmalı və digər institulara nizamlayıcı təsir göstərməlidir. Təşkilata xas olan sinergetik xüsusiyyətə görə, bu funksiya dövlət siyasətinin daha səmərəli həyata keçirilməsinə kömək edir.

Sosial kommunikasiya funksiyası dövlət və vətəndaşın qarşılıqlı əlaqələrinin qaydaya düşməsinə, bilavasitə onların üz-üzə gəlməsinə imkan yaradır. Dövlət qulluğu ictimai rəyin, müxtəlif dövlət aktlarına vətəndaşların münasibətinin öyrənilməsinə, yerli regional xüsusiyyəti nəzərə almaqla, dövlət siyasətinin reallaşmasına şərait yaradır. Hazırda dövlət idarəetməsində sosiologiyanın imkanlarından aktiv və müntəzəm istifadə etməyə ehtiyac duyulur. Əks əlaqənin təsirli vasitəsi olan sosial qiymətləndirmənin idarəetmə mexanizminə daxil edilməsi dövlət qulluqçularının vətəndaş cəmiyyətinə, insanların gözləmə və maraqlarına hansı dərəcədə yönəlməsinin göstəricisi olmaqla, problemlərin vaxtında həllini təmin edər.

Müasir dövrdə rolu əvəzsiz olan sosial informasiya funksiyası bir tərəfdən vətəndaşların dövlət qulluqçularına olan inamını möhkəmləndirir, digər tərəfdən isə dövlət qulluqçularının öz vəzifə borclarının yerinə yetirilməsinə sosial məsuliyyətini artırır.

Nəzarət funksiyası sosial mahiyyətinə görə vacib funksiyadır. Dövlət qulluğu çərçivəsində idarəetmə nəzarəti, yəni daxili nəzarət, mövcud situasiyanı izləmək, qəbul edlmiş qərarları korrektə etmək, idarəetmə fəaliyyətini optimallaşdırmaq üçün imkan yaradırsa, dövlət orqanlarının fəaliyyətinə sosial nəzarət isə, yəni xarici nəzarət, vətəndaş cəmiyyəti institutlarının fəallığını, əks əlaqənin keyfiyyətini yüksəldir, işin nəticələrinə görə qulluqçuların cəmiyyətə hesabat verməsini şərtləndirir.

Dövlət və vətəndaş institutları arasında qarşılıqlı əlaqənin təşkilində tənzimləmə funksiyasının praktiki əhəmiyyəti böyukdür. Bu funksiyanın sosial əsası cəmiyyətin maraqları, vətəndaşın hüquq və azadlıqları ilə müəyyən olunur, hüquqi əsası isə dövlət qulluqçularının özbaşınalığı hallarının qarşısını alır. Dövlət qulluqçularının fəaliyyəti cəmiyyətdəki tələbatlarına, xarakterinə uyğun gəlmədikdə onların xidməti rolunun əhəmiyyəti aşağı düşür. Bu da funksiyaların ümumiyyətlə simvolik, ritual fəaliyyətə çevrilməsinə gətirib çıxarır.

Dövlət qulluğunda tərbiyə funksiyası həlledici yer tutur. Çünki o, bütün əlçatan forma və metodlar ilə vətəndaşların şüurunda sülh və əmin-amanlığı, xeyir və ədaləti, vətənə məhəbbəti, layiqli dövlət qulluqçularına, cəmiyyətin humanist dəyərlərinə hörməti möhkəmləndirir.

Göründüyü kimi, dövlət qulluğunun nizamlayıcı rolunu möhkəmləndirən funksiyalar vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına, rifah halının yaxşılaşdırılmasına, qanuni tələblərinin ödənilməsinə, vətəndaş ləyaqətinin qorunmasına yönəlmişdir.

Dövlət qulluğunun sosial xarakteri əhəmiyyətli dərəcədə təkcə qulluqçuların peşəkarlığı deyil, həm də onların şəxsi keyfiyyətləri, vətəndaş mövqeyi, yüksək əxlaqı, idarəetmə qərarlarının qəbulu və reallaşdırılması ilə müəyyən olunur. Belə ki, dövlət qulluğu insandan təmənnasızlığı, subyektiv məqsədlərindən keçə bilməsini, qulluq vəzifələrinin məmnunluqla yerinə yetirilməsini tələb edir. Dövlət qulluğunun hüquqi xarakterini nəzərə alaraq, böyük mütəfəkkirlərin qeyd etdiyi kimi, qulluqçular tərəfindən öz vəzifələrinin peşəkarcasına həyata keçirməsini qanun qüvvəsinin təzahürü kimi qəbul etmək olar ki, bundan da vətəndaşların rifahı və hökumətə inamı asılıdır. Burada söhbət ciddi problem olan idarəetmə münasibətləri problemindən gedir. Əslində, dövlət qulluğunun sosal xarakteri məhz idarəetmə münasibətlərinin keyfiyyəti ilə cox bağlıdıır. Bütövlükdə idarəetmə münasibətlərinin demokratikləşməsi prosesində bürokratik hallara rast gəlinsə də, dövlət qulluğunun cəmiyyətin maraqlarına uyğun inkişaf meylləri get-gedə artmaqdadır.

Son illərdə Azərbaycanda cəmiyyət tərəfindən dövlət qulluğunun fəaliyyətində sosial yönümlülüyün, əhalinin sosial yeniləşməsinin təmin olunması güclənir. Deməli, dövlət qulluğu funksiyalarının optimallaşması, bunların dəyişilən sosial standartlar və sosial xidmətlərin keyfiyyətinin yüksəlməsi əsasında təzələnməsi, innovasiya və fərdi sektorun təcrübəsindən istifadə olunması zərurəti yaranır. Bu da dövlət qulluqcularını fəallıqlarını artırmağa, əhalinin tələbatlarına maksimal dərəcədə yaxınlaşmağa, işgüzarlıq və novatorluğu stimullaşdırılmağa səfərbər edəcək.

Dövlət və vətəndaş cəmiyyəti arasında əlaqələndirici vasitə rolunu oynayan dövlət qulluğu ictimai sistemin demokratik inkişaf mərhələsində cəmiyyətin həyat və fəaliyyətini təmin etməklə yanaşı, dövlət qulluqçularının siyasi iradəsini, sosial iradəsini və sosial məsuliyyətini formalşdırmağa qadir olmalıdır. Başlıcası, ölkənin inkişaf strategiyasının və burada insanın, sosial şəxsiyyətin müəyyənedici rolunun başa düşülməsidir. İnsanın maraqlarını, bəlkə də ilk növbədə onun mənzil-məişət, mədəni və başqa sahələrdə olan maraqlarını realizə etmədən, sosial proseslərin mahiyyətini və məzmununu təşkil edən insan resurslarını ictimai məqsədlər naminə realizə etdirmək,xüsusən də inkişaf etmək mümkün olmayacaq.

Beləliklə, dövlət qulluğu özünün sosial məkanını formalaşdırmış olur ki, bu da cəmiyyətdə məhsuldar əməkdaşlığı, məqsədlərə nail olmanı, qarşılıqlı zənginləşməni, sosial və hüquq məsuliyyətinin artırılmasını təmin edir, onun sosial xarakterinin hərtərəfli üzə çıxmasına zəmin yaradır. Dövlət qulluğunun cəmiyyətin maraqlarına uyğun sosial inkişaf meylləri ölkədə baş verən sosial-iqtisadi dəyişikliklərin təsirli alətinə çevrilməklə cəmiyyət üçün zəruri islahatların həyata keçirilməsini sürətləndirəcək.

 

 

Flora AĞAYEVA,

 Azərbaycan Respublikasının Prezidenti yanında

 Dövlət İdarəçilik Akademiyasının fəlsəfə və sosial

psixologiya kafedrasının dosenti, fəlsəfə elmləri namizədi

 

Xalq qəzeti.-2009.-4 fevral.-S.4.