Azərbaycan Milli Kitabxanası ötən ili uğurla başa vurdu

 

2008-ci il M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası üçün yubiley ili kimi əlamətdar olmuşdur. Milli Kitabxana məhz ötən il yaradılmasının 85 illik yubileyini yüksək səviyyədə qeyd etmişdir.

Hörmətli Prezidentimiz İlham Əliyevin yubiley iştirakçılarına və qonaqlara ünvanladığı təbrik məktubunda elmimizin və mədəniyyətimizin inkişafında Milli Kitabxananın rolunu yüksək qiymətləndirərək, onun hər bir azərbaycanlı, hər bir alim, hər bir ziyalı üçün qürur yeri olduğunu qeyd edərək kollektivin bütün üzvlərinə uğurlar arzulamışdır.

Eyni zamanda dövlət başçısının 17 noyabr 2008-ci il tarixli sərəncamları ilə Milli Kitabxananın inkişafında xüsusi xidmətləri olan, uzun müddət oxuculara xidmət işində fəal iştirak edən 11 nəfər işçiyə ölkənin yüksək mükafatlarının - fəxri adların və medalların verilməsi də yubiley təntənələrinə xüsusi rövnəq vermiş oldu, təntənələri daha da canlandırdı.

Milli Kitabxananın 85 illik yubileyi təntənələrini tarixə çevirən amillərdən biri də yubiley günlərində eyni zamanda iki beynəlxalq konfransın - Türkdilli Ölkələrin Milli Kitabxanaları direktorlarının II konfransının və “Avrasiya Kitabxanalar Assambleyası” Qeyri-Kommersiya Əməkdaşlıq Təşkilatının X ümumi iclasının Bakı şəhərində keçirilməsi idi.

Bakıda keçirilən türkdilli ölkələrin Milli Kitabxanaları direktorlarının II konfransında türkdilli ölkələrin milli kitabxanalarının toplu elektron kataloqunun tərtibi, vahid portalın təşkili, türkdilli ölkələrin milli kitabxanalarında mühafizə olunan əlyazmalarının kataloqunun nəşri və tammətnli elektron versiyasının yaradılması məsələləri müzakirə olunmuşdur.

“Avrasiya Kitabxanalar Assambleyası” Qeyri-Kommersiya Əməkdaşlıq Təşkilatının X ümumi iclasında isə MDB ölkələrinin milli kitabxanalarının toplu elektron kataloqların və tammətnli elektron resursların, analitik elektron məlumat bazalarının yaradılması, birgə regional kitabxana layihələrinin həyata keçirilməsi və s. məsələlər müzakirə olunmuşdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Kitabxanasının hər iki konfransda müzakirə olunan məsələlərdə fəal iştirakı qloballaşan informasiya cəmiyyəti quruculuğu şəraitində bütün iş proseslərinin müasir dövrün tələblərinə uyğun yenidən qurulması və modernləşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasında, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqində geniş imkanlar açacaqdır.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin və yubileyə dəvət almış qonaqların iştirakı ilə Milli Kitabxanada 8 adda sərginin - “Heydər Əliyev Milli Kitabxanamızda”, “Tariximizdən səhifələr”, “Azərbaycan xarici mətbuatda”, “Musiqi tariximizin qızıl fondundan”, “85 il xalqın xidmətində”, “Kitabxanamızın inciləri”, “Azərbaycanın kitab abidələri”, “Əməkdaşlarımızın yubiley töhfələri” açılışı olmuşdur.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev Milli Kitabxananın tarixində yubiley mərasiminin ilk dəfə belə təntənəli keçirildiyini, digər ölkələrdən bu qədər qonağın iştirak etdiyini xüsusi vurğulamışdır.

2008-ci ildə Milli Kitabxananın fəaliyyətinin əsas istiqamətini kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə oxuculara kitabxana xidmətinin müasir tələblərə uyğun qurulmasını təmin etmək, oxuculara və istifadəçilərə virtual rejimdə xidmət göstərmək üçün elektron kitabxananın və elektron kataloqun məlumat bazasının genişləndirilməsini təşkil etmişdir.

Hazırda Milli Kitabxananın fondunda 4 508 626 nüsxə ədəbiyyat saxlanılır. “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan kitablardan 4, qəzet və jurnallardan isə 2 pulsuz məcburi nüsxə alır və onların əsasında milli mətbuatın arxiv fondunu yaradır. 2008-ci ildə kitabxanaya 25 672 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Bunun 11 548 nüsxəsi kitab, 14 124 nüsxəsi isə digər sənədlərdir.

İl ərzində kitabxananın daimi oxucularının sayı 37 185 nəfər, virtual oxucuların (saytdan istifadə edənlər) sayı 98 447 nəfər, virtual sifarişin xidmətlərindən istifadə edənlər 260 nəfər, elektron kataloqdan istifadə edənlər isə 43 458 nəfər olmuşdur.

Elektron resursların yaradılması şöbəsi 2008-ci ildə 26 960 adda Azərbaycan, rus və digər dillərdə olan ədəbiyyatın biblioqrafik göstəricisini yaratmış, 60 504 nüsxə ədəbiyyatı elektron kataloqun məlumat bazasına daxil etmişdir. Ümumiyyətlə, bu günə kimi 207 876 nüsxə ədəbiyyat elektron kataloqa daxil edilmişdir.

Ötən il Azərbaycan ədəbiyyatının arxivi şöbəsindən 1990-1994-cü illəri əhatə edən 3501 adda ədəbiyyat məlumat bazasına daxil edilmişdir. 2008-ci ilin iyun ayından Azərbaycan və rus dillərində olan dissertasiyaların biblioqrafik yazıları məlumat bazasına daxil edilməyə başlanmışdır. Hazırda 5303 adda dissertasiyanın biblioqrafik yazısı və 6654 nüsxəsi haqqında məlumat elektron kataloqun məlumat bazasına daxil edilmişdir.

Elektron kataloq vasitəsilə ABŞ-ın Konqres və Rusiyanın Dövlət Kitabxanası ilə biblioqrafik yazı mübadilələri aparılır. Oxucu Milli Kitabxananın saytı vasitəsilə birbaşa bu kitabxanaların elektron kataloqlarında axtarış apara bilir.

İl ərzində kitabxananın saytının (www.anl.az) Elektron kitabxana səhifəsində “Elektron versiyası hazırlanmaqda olan kitablar” başlıqlı bölmə yerləşdirilib. Burada elektron versiyası hazırlanmaqda olan kitabların siyahısı və onların qısa annotasiyası verilir.

Zəmanəmizin görkəmli siyasi xadimi və nüfuzlu lideri, Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev cənablarının 85 illik yubileyi ərəfəsində onun bütün çıxışları, nitqləri, bəyanatları, fərmanları, sərancamları, məktub və müsahibələri daxil edilmiş “Müstəqilliyimiz əbədidir” adlı 24 cildlik külliyyatının elektron versiyası da daxil olmaqla “Heydər Əliyev irsi”, elektron versiyası CD variantı oxuculara təqdim olunmuşdur. Eyni zamanda “Mir Cəlal Paşayev irsi” adlı materialların elektron versiyası və CD variantı, “klassiklərimiz” silsiləsindən Azərbaycanın dahi şairləri Nizami Gəncəvinin “Xəmsə”si, qəzəllləri və onun haqqında müasirlərimizin yazdıqları, şairin əsərlərində işlənən aforizmlər və s. daxil olmaqla “Nizami Gəncəvi irsi”, Məhəmməd Füzulinin 6 cildlik seçilmiş əsərlərindən ibarət olan “Füzuli irsi”, görkəmli Azərbaycan şairi, yazıçısı və dramaturqu Hüseyn Cavidin 5 cildlik əsərlərindən ibarət “Hüseyn Cavid irsi”, “Görkəmli şəxslərin həyatı” silsiləsindən “Heydər Əliyev” və “İlham Əliyev: bioqrafiya davam edir” kitablarının elektron versiyaları və CD variantı hazırlanıb Elektron kitabxananın oxucularının istifadəsinə verilmişdir.

Ümumiyyətlə 270 kitabın tam mətni, 56 adda dövri mətbuat materialı elektron kitabxanada öz əksini tapmışdır. Hazırda bu iş müəlliflərlə razılaşdırılmaqla davam etdirilir.

2008-ci ilin mart ayından kitabxananın saytında “Virtual sifariş” bölməsi yaradılmışdır. Bu bölmə oxuculara məsafədən sifariş (virtual) xidmətini təklif edir. Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan İNTERNET vasitəsilə kitab, jurnal və qəzet sifariş edə bilir.

Ölkədaxili kitab mübadiləsi şöbəsinə cari ildə 41 198 nüsxə kitab daxil olub ki, bunlardan 22 500 nüsxə Mədəniyyət və Turizm Nazirliyinin xəttilə, 9 600 nüsxə kitab Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə çap olunan kitablardır.Milli Kitabxana Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezidentlik fəaliyyətindən bəhs edən rus və ingilis dilində Moskvada nəşr olunmuş “İlxam Aliev: Otkrıtıy mir” kitabını respublikanın 72 Mərkəzləşdirilmiş Kitabxana Sisteminə və dünyanın 62 ölkəsinin Milli Kitabxanasına göndərilmişdir.

2008-ci ildə Analitik elektron məlumat bazasının təşkili şöbəsi dövri mətbuat materiallarından Azərbaycana dair və ümumi xarakterli məqalələrin 20 mindən artıq analitik-biblioqrafik yazısını elektron kataloqun məlumat bazasına daxil etmişdir. Artıq dekabr ayından başlayaraq milli kitabxanaya daxil olan 100-ə yaxın Azərbaycan və rus dillərində əsas qəzet və jurnalların tam elektron mətni olan məqalələr elektron məlumat bazasına daxil edilir.

2008-ci ildə artıq bir ənənə halını almış VIII Bakı Kitab bayramı da keçirilmişdir. 2000-ci ildən Gənc Yazarlar Birliyi ilə birgə keçirilən bu tədbir kitabxanaçıların, naşirlərin, kitabsevərlərin və oxucuların bayramına çevrilmişdir. VIII Bakı Kitab bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 90, eləcə də xalq yazıçısı Mir Cəlalın (Paşayevin) 100 illiyinə həsr olunmuşdu. M.F.Axundov adına Milli Kitabxana “2007-ci ilin kitabxanası” nominasiyasına layiq gorülmüşdür.

2008-ci ildə Milli Kitabxananın nəşriyyat fəaliyyəti də səmərəli olmuş, 41 adda, 42 buraxılışda biblioqrafiya, biblioqrafik məlumat kitabı, metodik vəsait, metodik tövsiyələr nəşr edilmişdir. Çap olunan bütün vəsaitlər respublikanın MKS-nə və Bakı şəhər kitabxanalarına vaxtında və operativ surətdə çatdırılmışdır.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri də genişlənmişdir. 3 ölkənin milli kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanmışdır. Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinə 621 nüsxə ədəbiyyat daxil olmuşdur. Eyni zamanda beynəlxalq kitab mübadiləsi xətti ilə xarici ölkələrin Milli kitabxanalarına onların sorğuları əsasında 619 nüsxə, ölkədaxili kitab mübadiləsinin xətti ilə isə 1041 kitab göndərilmişdir. İl ərzində cəmi 1 629 kitab xarici ölkə kitabxanalarına göndərilmişdir.Kitabxananın işçiləri Fransa Milli Kitabxanasının dəvəti ilə kitabların digitallaşdırılmasına dair kollokviumda iştirak etmək və 2007-ci ilin mayinda Parisdə imzalanmış “Azərbaycan Milli Kitabxanası ilə Fransa Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum”un icrası ilə əlaqədar tədbirlər müəyyənləşdirmək məqsədilə dekabrın 9-dan 12-dək Paris şəhərində ezamiyyətdə olmuşlar.

Sentyabr ayının 12-də Milli Kitabxanada Rusiya Dövlət Kitabxanasının Elektron Dissertasiya fondunun virtual oxu zalının açılış mərasimi olmuşdur. Açılış mərasimində Rusiya Dövlət Kitabxanasının baş direktoru Viktor Vasilyeviç Fyodorov iştirak etmişdir. Virtual oxu zalının köməyi ilə oxucular Rusiya Dövlət Kitabxanasının 350 min nüsxədən artıq dissertasiya və avtoreferatının tam elektron mətnindən istifadə etmək imkanı əldə etmişlər.

Kitabxananın fəaliyyəti il ərzində kütləvi informasiya vasitələrində - müxtəlif televiziya və radio kanallarında, mətbuatda geniş işıqlandırılmışdır. 2008-ci ildə kitabxananın əməkdaşları tərəfindən dövri mətbuat səhifələrində 99 material dərc olunmuşdur.

2009-cu ildə Bakı şəhəri islam mədəniyyətinin paytaxtı elan olunmuşdur və bu çərçivədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu il fevralın 19-da islam ölkələrinin mədəniyyət və turizm nazirliklərinin nümayəndələrinin iştirakilə Milli Kitabxanada keçiriləcək kitab təqdimatı ilə tədbirlərə start veriləcəkdir. Aprel ayının 20-21-də isə Bakıda Milli Kitabxanada İslam Ölkələri Milli Kitabxanaları Direktorları Şurasının II konfransı keçiriləcəkdir. Bu beynəlxalq konfransda 15 islam ölkəsinin milli kitabxana direktorlarının iştirakı gözlənilir.

Bütün bunlar mədəniyyətimizin əsas qollarından biri olan kitabxana işinə göstərilən dövlət qayğısı nəticəsində mümkün olmuşdur. Milli Kitabxana bundan sonra da öz işini müasir tələblərə uyğun olaraq qurmağa çalışacaq, kitabxanada ən müasir texnologiyalardan istifadə üçün imkan yaradacaqdır.

 

 

Kərim TAHİROV,

 M.F.Axundov adına Azərbaycan

 Milli Kitabxanasının direktoru,

 əməkdar mədəniyyət işçisi 

 

Xalq qəzeti.-2009.-5 fevral.-S.7.