Gəncədə səhiyyəyə inam tibbi xidmətin səviyyəsindən başlanır

 

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə son illər həyata keçirilən iri miqyaslı işlər qədim Nizami yurdunu çox dəyişdirib. İstər şəhər sakinləri, istərsə də qonaqlar Gəncənin 5-6 il bundan qabaqkı Gəncə olmadığını açıq-aşkar görür və hiss edirlər. Burada elə sahə yoxdur ki, inkişaf etməsin, tərəqqidən geri qalsın. Belə sahələrdən biri də səhiyyə sahəsidir.

Keçən ilin sentyabr ayının 24-də Gəncə növbəti ənənəvi bayram günlərini yaşayırdı. Artıq üçüncü il idi ki, “Şəhər günü” qeyd olunurdu. Belə bir vaxtda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə gəlişi bu bayram ovqatını daha da artırmışdı. 2005-ci ilin oktyabr ayında təməli qoyulmuş Gəncə Diaqnostika Mərkəzinin açılışında ölkə Prezidentinin iştirakı tək səhiyyə işçiləri üçün deyil, bütün şəhər əhalisi üçün əsil bayrama çevrilmişdi.

Əslində Gəncədə əvvəllər də Diaqnostika Mərkəzi var idi. Keçən əsrin 80-ci illərində tikilib istifadəyə verilmiş bu mərkəz tələbatı demək olar ki, ödəmirdi. Bu, Gəncə kimi böyük bir şəhər üçün çox kiçik idi. Ona gərə də yenisinə ehtiyac hiss olunurdu. Yeni tikilmiş mərkəz isə nəinki təkcə Qərb bölgəsində, həmçinin Qafqazda analoqu olmayan bir müalicə ocağıdır. Ən müasir tibb avadanlıqları, müalicə və dializlər üçün hər cür şərait olan mərkəzdə qəbul, hemodializ, funksional diaqnostika, kompyuter tomoqrafiyası və sair bölmə və kabinetləri olan Gəncə Tibbi Diaqnostika Mərkəzi indi hamını valeh edir. Yeri gəlmişkən, bir məsələni də qeyd edək ki, indiyədək Gəncədə nə nüvə maqnit rezonans, nə də kompyuter tomoqrafiyası olmayıb. Bu müayinə üsuluna ehtiyacı olanlar paytaxt Bakıya və keçmiş ittifaqın digər şəhərlərinə üz tutublar. Elə bu faktın özü Gəncə Diaqnostika Mərkəzinin necə böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut edir.

Son vaxtlar Gəncə səhiyyəsində diqqətçəkən məqamlardan biri də budur ki, ölkədə tibb sahəsində müasir, mütərəqqi, yaxşı nə varsa onların hamısı burada da tətbiq olunur. Məqsəd tibbin bütün sahələrini inkişaf etdirmək, əhalinin sağlamlığı ilə bağlı həyata keçirilən tədbirlərin səmərəliliyini və keyfiyyətini artırmaqdan ibarətdir. Bu isə bir daha sübut edir ki, müvafiq nazirlik və şəhər icra hakimiyyətinin apardığı tədbirlər öz səmərəsini verir.

Səhiyyə idarəsi ayrı-ayrı tibb ocaqlarının fəaliyyətini yaxşılaşdırmaq üçün onlara hərtərəfli yardım göstərir, istiqamət verir, kadrların təhsilinə xüsusi diqqət yetirir, maddi-texniki bazanın möhkəmləndirilməsinə nail olur. Gəncə Səhiyyə İdarəsinin rəisi, Azərbaycan Respublikasının Əməkdar həkimi Mehman Rzayevin özünün təşəbbüskarlığı, daim yenilik hissi ilə yaşaması, tələbkarlığı işlərin irəli getməsinin əsas təminatlarından biridir.

Şəhərdə təcili və təxirəsalınmaz yardımın yaxşılaşdırılması məqsədilə respublika Səhiyyə Nazirliyi ayrı-ayrı bölgələrdə , o cümlədən Gəncədə artıq iki ildən çoxdur ki, regional məntəqə yaratmışdır və inamla demək olar ki, bu məntəqə özünü doğruldur. Yeri gəlmişkən qeyd edək ki, təcili və təxirəsalınmaz yardımın keyfiyyətinin yaxşılaşdırılması üçün bu yaxınlarda şəhərə 9 ədəd “Mersedes” markalı təcili - tibbi yardım maşını verilmişdir.

Şəhərdəki 2 saylı Doğum Evinin nəzdində “Ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlər Proqramı”na uyğun olaraq Qərb bölgəsinə xidmət göstərən və ən müasir tələblərə cavab verən rayonlararası Perinatal Mərkəzin tikintisinin başa çatdırılması və səhiyyə Nazirliyi tərəfindən mərkəzin ən müasir aparat və avadanlıqla, rabitə vasitələri, müasir texnologiya ilə təmin olunması hamının hədsiz razılığına səbəb olmuşdur. Burada müasir su, istilik, havatəmizləyici sistemlər, sanitar qovşaqları, duş kabinələri qurulmuş, ana və yeni doğulan körpə üçün xüsusi sanitar qovşağı və hər cür şəraiti olan təkadamlıq palatalar yaradılmış, perinatal və neonatal xidmətlərin keyfiyyətini artırmaq üçün tədbirlər görülmüşdür. Mərkəzin fizioloji doğuş, zahılıq, hamiləliyin patalogiyası, yenidoğulmuşlar, ginekologiya, reanimasiya şöbə və bölmələri vardır. Heç şübhəsiz, yaradılmış yüksək şərait ana və uşaq ölümü hallarının qarşısının alınmasına şərait yaradacaqdır. Qeyd edək ki, 2008-ci ildən burada yenidoğulmuşların “Elektron sağlamlıq kartı” sistemi də tətbiq olunur. Ümumiyyətlə, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Səhiyyə Nazirliyi “Elektron sağlamlıq kartı”, “Tibbi müayinə kartı” sistemləri layihələrinin həyata keçirilməsinə başlamışdır. Şəhərdə də 1 və 2 saylı Uşaq xəstəxanaları, 1 və 2 saylı Doğum evləri, 1, 2, 3 və 4 saylı Uşaq poliklinikaları xüsusi proqram təminatı ilə həmin sistemə qoşulmuşlar. Artıq 2007 və 2008-ci illərdə anadan olmuş uşaqlara Elektron sağlamlıq kartlarının verilməsinə başlanılmışdır.

2007-2008-ci illərdə Gəncənin ayrı-ayrı tibb ocaqlarında elə şöbə və bölmələr açılmışdır ki, bunlar respublikanın paytaxtından başqa digər şəhər və rayonlarda hələlik mövcud deyil. Təcili tibbi yardım xəstəxanasında “Endoskopiya” bölməsinin, Kardioloji dispanserdə “Ürək ritminin bərpası şöbəsi”nin açılması, A.Səhhət adına xəstəxananın “Cərrahiyyə və travmatologiya şöbəsi”nin tam yenidən qurulması, burada ortopediya xidmət sahəsinin yaradılması son vaxtların yenilikləridir. Kardioloji dispanserin nəzdindəki hemodializ bölməsi də şöbəyə çevrilmişdir. Hazırda burada Almaniya istehsalı olan süni böyrək aparatlarının sayı 10-a çatdırılmışdır. İndi bu şöbədə respublikanın Qərb bölgəsindən gələn 60-dan çox xəstə həftədə 3 dəfə proqramlı dializ olunur.

Şəhərin səhiyyə ocaqlarının müasir tələblər səviyyəsində fəaliyyət göstərməsi, əhaliyə hərtərəfli və keyfiyyətli tibbi yardım göstərilməsi məqsədilə təmir, yenidənqurma və abadlıq işlərinə xüsusi diqqət yetirilir. Təcili tibbi yardım xəstəxanasının uroloji, terapiya, travmotologiya və digər şöbələrində təmir işləri aparılmış, abadlıq, yenidənqurma işləri görülmüşdür. Göz xəstəxanasında, kardioloji dispanserdə qəbul bölmələri yaradılmışdır.

Bir məsələni də qeyd etmək lazımdır ki, şəhərin 18 stasionar müəssisəsinin hamısında xəstələrə yemək verilir və hər cür neqativ halın qarşısını almaq üçün bu işə səhiyyə idarəsinin rəhbərliyi tərəfindən ciddi nəzarət olunur.

Əhalinin dərman preparatları ilə təminatı işində də ciddi dönüş əldə olunub. Səhiyyə idarəsinin tabeliyində olan bütün tibb müəssisələrində divarlardan imtiyazlı tibbi xidmət göstərilən əhali qrupu və dərman vasitələri ilə təminat haqqında məlumatlar asılmışdır. Əhali tibbi xidmətlə bağlı çatışmazlıqlar və iradlar haqqında qaynar xəttə zəng edə bilir. Bundan başqa 2007-ci ildə şəhərdə dərman vasitələrinin analitik ekspertiza mərkəzi fəaliyyət göstərir və hər bir şəxs müvafiq telefon nömrəsinə zəng etməklə 2 dəqiqə ərzində alınan dərman preparatlarının dövlət nəzarətindən keçib-keçmədiyini öyrənə bilir.

Gəncənin səhiyyə müəssisələrinin işində son illər izahat, təbliğat, tədris, təlim, profilaktika işlərinə xüsusi əhəmiyyət verilir ki, bu da öz səmərəsini göstərir. Şəhər səhiyyə idarəsinin Tədris resursları və Elmi praktik konfrans zalı tibb işçilərinin daha tez-tez yığışdığı bir yerə çevrilib. Keçən il burada nəinki respublikamızın tanınmış alimləri, həkimləri, həmçinin xarici ölkə klinikalarının əməkdaşları məruzələr oxumuş, dəyərli tövsiyyələrini vermiş, təcrübə mübadiləsi aparmışlar. ABŞ-ın Texas Universitetinin Sağlamlıq Təhqiqat Mərkəzinin, İsrailin “Xorev” tibb mərkəzinin, Qadın sağlamlığı institutunun Türk Qastroenteroloji Vakfının və digər ölkələrin nümayəndələri həm öz tövsiyyələrini vermiş, həm də ayrı-ayrı xəstələrə baxışlar keçirmiş, müayinələr aparmışlar. Belə baxış və məsləhətlər yerli həkimlər üçün də çox faydalı olmuşdur. Şəhərdə keçirilən Azərbaycan–Türkiyə akademik tibb toplantısı – beynəlxalq konqress böyük əks-səda yaratmışdır.

Ümumiyyətlə, şəhərdə keçirilən coxsaylı seminarlar, elmi-praktik konfranslar, donorluq kompaniyaları, immunlaşdırma həftələrində və digər tədbirlərdə minlərlə şəhər sakini iştirak etmişdir.

...Bir yazıda Gəncə səhiyyəsinin bütün sahələrinin işindən danışmaq mümkün deyil. Amma, bir vacib amili xüsusi vurğulamaq lazımdır ki, Gəncədə səhiyyənin səviyyəsi bir neçə il bundan əvvəlki səviyyə deyil. Bakı və keçmiş ittifaqın digər şəhərlərinə üz tutanların sayı ilbəil, aybaay azalır. Çünki Gəncədə müayinə və müalicə üçün son zamanlar elə şərait yaradılıb ki, uzaq ölkələrə getməyə ehtiyac yoxdur. Şəhər səhiyyəsinə hərtərəfli inam, etibar var. Xəstə həkimə inanır və xəstəxanalardakı şəraitdən razıdır. Həkimlər də özlərinə inamı hiss edir və duyurlar. Ən müasir tibb avadanlıqları ilə təchiz olunmuş səhiyyə müəssisələrində işləmək onlara da xoşdur. Səhiyyə İdarəsinin rəisi Mehman Rzayevlə bu mövzuda söhbət zamanı dedi:

– Bu şəraiti bizə ölkə Prezidenti cənab İlham Əliyev yaradıb. Gərək elə çalışaq ki, etimadı doğruldaq. Buna bizim hər cür imkanımız var.İndi regionlarımız tədricən Bakı səviyyəsinə çatırlar. Mən bu gün çox sevinirəm ki, Gəncə şəhəri tibb sahəsində son vaxtlar xeyli irəli gedib. Bu inkişaf hər gün dünənkindən daha çox gözə çarpır. Unutmayaq ki, səhiyyəyə inam tibb xidmətinin səviyyəsindən başlanır. Bu inam varsa, demək sağlamlıq da olacaq.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.-2009.-12 fevral.-S.6.