Milli opera sənəti ulduzları ilk dəfə C.Puççininin Toska operasında aparıcı partiyaları ifa edəcəklər

 

Fevralın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cokkomo Puççininin Toska operasının tamaşası keçiriləcəkdir.

Klassik opera sənətinin ən dəyərli nümunələrindən biri olan bu tamaşa uzun illərdir ki, Opera teatrımızın repertuarında möhkəm yer tutur. Opera səhnəmizin ən parlaq ulduzlarından olan xalq artisti, vokalçıların Beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Qərinə Kərimova operada baş rolun Toska partiyasının professional ifaçılarındandır. Yeri gəlmişkən qeyd edək ki, Qərinə xanım 2003-cü ildə Rusiya Akademik Böyük Teatrının səhnəsində Toska partiyasını çox böyük uğurla ifa etmişdi. Elə bu dəfə də tamaşaçılar Toskanı opera ulduzumuzun ifasında dinləyəcək və seyr edəcəklər.

Operasevərlər həm bu tamaşada ik dəfə olaraq opera vokal sənətimizin ən istedadlı sənətkarlarından biri Azərbaycanın xalq artisti Azər Zeynalovu görə biləcəklər. A.Zeynalov tamaşada ilk dəfə aparıcı partiyalardan biri Kavaradossi partiyasını ifa edəcəkdir. Qeyd etmək lazımdır ki, son illərdə səhnəmizdə vokal səhnə texnikası cəhətdən çox mürəkkəb olan bu partiyanın layiqli ifaçısı olmadığından teatr rəhbərliyi həmin partiyanı ifa etmək üçün bir qayda olaraq başqa ölkələrdə tanınmış qastrolçular dəvət edirdi. İstər milli, istərsə klassik opera tamaşalarında çox parlaq rollar (Balaş, Sevil), Əsgər (Arşın mal alan), Xasay xan (Natəvan), Məşədi İbad (O olmasın, bu olsun), Kanio-(Payatsı), Alred-(Traviata) ifa edən opera sənətkarımız Azər Zeynalov xeyli müddətdən bəri bu partiya üzərində gərgin çalışırdı. nəhayət, fevralın 28- çoxdan gözlənilən gün milli opera səhnəmizin yeni Kavaradossisi tamaşaçıların qarşısına çıxacaqdır.

Teatr rəhbərliyi yeni solistləri tamaşaya daxil etmək, onları aktyor ifaçılığı cəhətdən professional səviyyədə hazırlamaq xor kollektivi ilə məşğul olmaq məqsədilə Sankt-Peterburqun Mariinski Teatrının çox təcrübəli tanınmış rejissoru, Rusiyanın xalq artisti Aleksandr Petrovu Bakıya dəvət etmişdir.

Opera tamaşasını Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin dirijoru Arkadi Şteynluxt idarə edəcəkdir.

Opera Balet Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə, fevralın 28- Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında professionallardan ibarət ulduzların ifasında baş tutacaq Toska operasının tamaşası heç şübhəsiz ki, opera sənəti həvəskarları üçün əsl bayrama çevriləcəkdir.

 

 

Qəzənfər QASIMOV

 

Xalq qəzeti.-2009.-12 fevral.-S.7.