Sülh mədəniyyəti

 

Mədəniyyət anlayışı özündə insanların həyat tərzini, dünyaya baxışını, onların mənəvi və dini əqidələrini, tarixi və kollektiv yaddaşını, incəsənətini, dilini, ədəbiyyatını, ictimai və fərdi münasibətlərini cəmləşdirən bir vasitədir. Mədəniyyət bizim insanlıq və vətəndaşlıq vəzifələrimizi gerçəkləşdirmək tərzidir. Yaşadığımız mühit geniş çərçivədə həyatımızın hər bir sahəsinə təsir göstərir. Mədəniyyət insanın davranışını, onun fərdi xüsusiyyətlərini daha tez anlada bilir. Bu anlayış öz kökünü “becərmək” ifadəsindən götürür. O, hər hansı bir xalqın incəsənətini və qabiliyyətini, bəşəri təcrübələrini inkişaf etdirən bir üsuldur.

Fövqəldövlətlərin günü-gündən artan hərbi gücü, ən müasir silahlar istehsalı və hər zaman hərbi əməliyyatlara hazır qüvvələr sistemi yaratmaq beynəlxalq miqyasda əmin-amanlığı təmin etmək üçün zəruri sayılan siyasi, iqtisadi və sosial qurumların işini çətinləşdirir. Siyasi və iqtisadi məqsədlər üçün zorakılığın - müharibələrin tətbiq edilməsi ağrılı bir prosesə çevrilir və nəticədə cəmiyyətə yoluxub mədəniyyətimizi eybəcər hala salır. Hər bir xalq öz mədəniyyətini özü yaradır. Bu mədəniyyət növlərindən biri də sülh mədəniyyətidir.

Sülh mədəniyyəti, adından göründüyü kimi, münaqişəsiz bir mədəniyyətdir. Sülh şəraitində insanlar və müxtəlif xalqlar bir-birinin ucbatından problem yaşamırlar. Dövlətin biri digərinin vətəndaşlarının insan haqlarına hörmətlə yanaşır. Zorakılığın bütün formalarının aradan qaldırılmasına heç bir dövlət laqeyd olmamalıdır. İnsan haqları üzrə beynəlxalq standartlar bir çox cəmiyyətlərdə bütün insanların və xalqların ləyaqətinə, birliyinə, ərazi bütövlüyünə hörmət edən aparıcı qaydaları müəyyənləşdirir. Dünyada millətlərin, xalqların və insanların müdafiəsinə, eləcə də milli məqsədlərin qorunmasına güc tətbiq etməklə nail olmaq zəruri hesab edildiyi hallarda hərbi vasitələri öz əllərində saxlayan müxtəlif təsisatlar müharibə sistemini təşkil edir. Təbiət etibarilə o, avtoritar və rəqabətli səciyyə daşımaqla ehtiyatların bölüşdürülməsi zamanı cəmiyyətin mülki sektoruna nisbətən hərbi sahəyə daha çox üstünlük verərək hərbi hazırlığı siyasi prioritetlər arasında birinci yerdə nəzərdə tutur. O, militarist qüvvələrin, güc tətbiq etməsinə və məcburi gücün effektivliyinə olan inamı bir daha möhkəmlədərək onu daimiləşdirir ki, bu da zorakılığın institusion mahiyyət daşıyan bir tərkib hissəsidir və sülh mədəniyyətinin qaçılmazlığını doğurur.

Bu gün dünyada mövcud olan bir çox silahlı - silahsız iğtişaşlar, münaqişə və müharibələr “sülh mədəniyyəti” anlamını daha da qloballaşdırıb. Bu mədəniyyətin inkişaf etdirilməsi və aşılanması artıq təxirəsalınmaz bir zəruriyyətə çevrilib.

Sülh mədəniyyəti hər bir ailədə, icmalarda, dövlətlərdə, coğrafi regionlarda və dünyada kök salmalıdır. Biz cəmiyyətin bütün təbəqələrində sülh şərtlərini təsvir etmək, sülhü qoruyub saxlamaq və həmin şərtlərə nail olmağa aparan dəyərlərin yerinə yetirilməsini təmin etmək məqsədilə təsisatlar müəyyən edə bilərik. Biz əsas özək kimi götürülən və daha da genişlənmiş ailələrimizin necə sülh mədəniyyəti daşıyıcıları ola biləcəklərini, etnik qrupların fundamental əxlaqi prinsipləri necə qəbul edə və qlobal sülh mədəniyyəti yarada biləcək ümumi dəyərləri necə büruzə verə biləcəklərini təsəvvür edirik. Həmçinin sülhü və ümumi insani ləyaqətləri daim üstün tutan müqəddəs dini kitablarımızın şərhini və dini itaət formalarımızı təklif edə bilərik. Biz müəyyən dəyərlərin məziyyətini daha da yüksəklərə qaldıra bilər və sülh mədəniyyətinin əsasları kimi tanıdığımız insan haqlarını təmin edəcək institusional dəyişikliklərin ümumi cizgilərini təsvir edə bilərik. Cəmiyyətin və mədəniyyətin bütün sahələrində və səviyyələrində onların hansı xüsusiyyətlərinin sülh mədəniyyəti ilə bir arada olduğunu, nəyin dəyişilməli ola biləcəyinə ehtiyac duyulduğunu diqqətlə nəzərdən keçirməliyik. Bütün bu sahələrdəki obrazlaşdırma sülh üzrə aparılan tədris planının əsas mahiyyəti kimi götürülə bilər.

Sahəsindən və səviyyəsindən asılı olmayaraq, həmin imkanlardan heç biri bəşəri münasibətlərin yaradılması, qorunub saxlanılması və səmərəli vətəndaşlıq mövqeyi ilə məşğul olmaq baxımından insani imkanların miqyasının inkişaf etdirilməsi üçün dəyər bazası yaradılmadan həyata keçirilə bilməz. Bu cür dəyərlər və qabiliyyətlər sülh mədəniyyəti üçün nəzərdə tutulmaqla müntəzəm olaraq və planlı surətdə maarifləndirmə yolu ilə inkişaf etdirilə bilər. Bu, həm də çox vacibdir. Bu qəbildən olan konseptual tədris vəsaitləri ekoloji sabitlik, sosial məsuliyyət və ədalətlilik prinsipləri ilə bağlı dəyərləri önə çəkməklə, sülh mədəniyyətinin əsas əxlaqi prinsiplərini və normalarını özündə cəmləşdirməlidir.

Təbii ki, bunun daha geniş vüsət almasına ailədən, məktəbdən, ictimai təşkilatlardan, müxtəlif idarə və müəssisələrdə maarifləndirmə işinin aparılmasından başlamaq lazımdır. Bu mədəniyyətin müntəzəm şəkildə insanlara aşılanması və bunun sosial məqsədlərini izah etmək üçün əsaslı bilgilərə yiyələnmək vacibdir. Yalnız ümumtəhsil proseslərini idarə edənlərin sülh təhsili üzrə məqsədyönlü iş apardıqları halda sülh mədəniyyətinə nail olmaq mümkündür. Bu sahədə kütləvi informasiya vasitələri və ictimai ünsiyyətlər vasitəsilə işləmək, cəmiyyətdə siyasi mədəniyyət anlamında daha məqsədyönlü və ardıcıl fəaliyyətə başlamaq da labüddür. İnsan cəmiyyətinin böyük hissəsi sülh mədəniyyəti anlamına əsaslanaraq müsbət qlobal gələcək naminə dünyanı öz arzularına uyğun dəyişə bilər.

Təhsil cəmiyyətin maarifləndirilməsi kimi ümumi məqsədə nail olmaq üçün nəzərdə tutulub. Mənə belə gəlir ki, orta məktəblərdə ayda bir dəfə “sülh mədəniyyəti” dərs saatlarının plana salınması pis nəticə verməz. Bu gün müxtəlif beynəlxalq təşkilatlar tərəfindən bunun üçün xüsusi tədris vəsaitləri, müəllimlər və mütəxəssislər üçün elmi vasitələr hazırlanması prosesində də iş davam etdirilir. Əgər biz həqiqətən sülh istəyiriksə, bütün insanları sülhün nə olduğu, ona mane olan amilləri, sülhə nail olmaq üçün təklif edilən mümkün vasitələri, bu vasitələrin uğurlu nəticələrlə bitməsi üçün nələrin öyrənilməsi, ən əsası öz daxilimizdə, cəmiyyətlərimizdə, mədəniyyətlərimizdə hansı dəyişikliklərin edilməsi və s. məsələlər üzrə maarifləndirməliyik. Azərbaycanın bu sahədəki təşəbbüsləri beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Ölkəmiz dünyada artıq sülhsevər dövlət kimi tanınır.

Sülh mədəniyyəti insan haqları və demokratiya problemləri haqqında düşüncələrdə özünü tapmalıdır. Bunun üçün müəllimlərə sülh mədəniyyətinin əsasını təşkil edən mühüm dəyərləri dərk etmək, dəstəkləmək və istifadə etməkdə köməklik göstərməyə çalışmalıyıq. Bu dəyərlərə nail olmaq üşün Azərbaycanda tədris vəsaiti kimi xüsusi sülh mədəniyyəti təhsilinin konseptual bazasının yaradılması çox yaxşı olardı.

Sülh mədəniyyətinə o zaman nail olmaq mümkün olacaq ki, dünya vətəndaşları qlobal problemləri başa düşsünlər, konfliktlərin həlli üzrə konstruktiv bacarıqlara malik olsunlar; insan haqları, gender və irqi, dini bərabərlik üzrə beynəlxalq standartları bilsinlər, mədəniyyətlər müxtəlifliyini dəyərləndirsinlər, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Belə biliklərə məqsədyönlü, davamiyyətli və sistematik sülh təhsili keçilmədən nail olmaq təbii ki, mümkün deyil.

Bu gün buna təşəbbüs göstərən xeyirxah missiyalar da var. Konkret olaraq YUNESKO bu istiqamətdə çox fəal iş aparır. Bu təşkilat sülh mədəniyyəti konsepsiyası məqsədini inkişaf etdirməyi qarşısına bir vəzifə kimi qoyaraq, bununla insan cəmiyyətinin sülh şəraitində yaşamaq istəyinə, müharibənin və zorakılığın nə qədər mənfi təsir etdiyini bir daha təsdiqləyib. Qurum sülh mədəniyyəti prosesinin bütün cəmiyyətdə aydın və dolğun qavranılması üçün imkanları müəyyən etməyi və öz səlahiyyəti çərçivəsində bu imkanların gerçəkləşməsi naminə daha səmərəli vasitələr tapmağı zəruri hesab edir.

Sülh mədəniyyəti konsepsiyası zorakılığın bir çox formalarını və şərtlərini, müharibənin səbəblərini aydınlaşdırmaq, onları münaqişə münasibətlərindən, milli, siyasi və ya ideoloji rəqabətlərdən, hətta milli hərbi qüvvələr, silah istehsalı və qeyri-taraz iqtisadi prioritetlərdən daha dərin dəyərləndirməyə yardımçı olur.

Sülh mədəniyyəti üçün çalışanlar əsaslandırırlar ki, qlobal cəmiyyət bu planeti və bütövlükdə bəşəriyyəti faydalandıra bilən ümumi dəyərlərlə idarə olunmalıdır.

Bu təhsilin təxirəsalınmaz və zəruri olduğu YUNESKO-nun üzvü olan dövlətlər tərəfindən 1974-cü ildə göstərilmiş və 1994-cü ildə Sülh, İnsan Haqları və Demokratiya Təhsili üzrə Bəyannamədə və vahid fəaliyyət proqramında təsdiqlənmişdir. Hələ ki, bu məqsədlə fəaliyyətdə olan təhsil ocaqlarının sayı çox azdır. Artıq təhsil nazirlikləri, təhsil idarələri və dövlət rəhbərlərindən öz öhdəliklərini yerinə yetirmələrinin tələb olunması vaxtı çatmışdır. 1999-cu ilin mayında Vətəndaş Cəmiyyəti tərəfindən keçirilən Haaqa Sülhə Çağırış Konfransı sülh və insan haqları təhsilinin bütün təhsil ocaqlarında tədris olunması üzrə kampaniyaya başlanmasını təklif etmişdi. Sülh problemi üzrə ayrı-ayrı təlimatçılar və qeyri-hökumət təşkilatlarının təşəbbüslərinə gəldikdə isə bunlar ümumdünya təhsil assosiasiyaları şəbəkəsi, təhsil nazirlikləri və müəllim hazırlayan müəssisələri, YUNESKO-nun hazırda sülh təhsili üzrə hər bir mühitdə mövcud olan və işlənən proqramı, çoxsaylı metodları, materialları ilə məlumatlandıran vətəndaş və təlimatçıların regional, milli və yerli lobbiləri tərəfindən həyata keçirilir. Kampaniyanın əsas məqsədi dünyanın bütün təhsil sistemində sülh mədəniyyəti üzrə tədris işləri aparıldığına təminat verməkdən ibarətdir. (Sülh təhsili üzrə Haaqa sülhə çağırış ümumdünya kampaniyası, may, 1999).

BMT sülh mədəniyyəti yönümündə aparılan səylərin məqsədini zorakılıq rəqabətinin dəyərləri və məqsədləri bölüşdürmək üzərində qurulmuş əməkdaşlığa çevrilməsi kimi şərh etmişdir. Əlbəttə, bizim üçün çox sevindiricidir ki, Azərbaycan daim sülh mədəniyyətinə riayət edən bir ölkə kimi tanınır. Baxmayaraq ki, əsrlər boyu qəsbkarlar, təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən bir çox təcavüz və təzyiqlərə məruz qalmışıq. Elə ən yeni tariximizdə - XX əsrin sonlarında xain qonşularımız - erməni daşnaklarının Azərbaycana zorakı təcavüzü, bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması, bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin düşmələri buna bariz misaldır. Buna görə də məktəblərimizdə sülh mədəniyyəti saatlarının tədrisi ancaq işimizin xeyrinə olar. Sülh mədəniyyəti nə qədər geniş tədris olunsa, cəmiyyətlər aradan qaldırılması mümkün olan ziyandan müdafiə olunardı və münaqişələr zorakılıq tətbiq etmədən həllini tapardı. Bütövlükə, dünyada sülh hərtərəfli və həqiqi insan təhlükəsizliyini reallaşdırmış olardı.

Sülh mədəniyyətinə nail olmaq mürəkkəb və çoxcəhətli iş olduğundan o, bütünlüklə ümumdünya mövqeyindən dərk olunmalıdır. Sülh mədəniyyəti bir-birini tamamlayan və bir-biri ilə sıx əlaqədə olan biomüxtəliflik formalarından ibarət sağlam ekosistemin bəşəri analoqu olmalıdır. O, ümumbəşəri dəyərləri tanımaq və onları yaşatmaqla, sülh vasitəsilə sabitləşdirilən qlobal cəmiyyətə nail olmaq üçün bir-birini tamamlayan, bir-birilə sıx əlaqədə olaraq öz bütövlüyünü qoruyub saxlayan tərzdə dünya xalqları mədəniyyətlərini bir araya gətirə bilər.

Sülhə nail olmaq və onu qorumaq yolları zaman və şəraitdən asılı olaraq dəyişilir. O, məqsədlərə nail olmaq, ziddiyyətlərin başqalarına, habelə ətraf mühitə ziyan vermədən həlli məqsədilə dəyişilə bilən, müsbət sosial və siyasi şəraitdir. Bu gün dünyada münaqişələrlə bağlı polemikalarda çox aktual olan iki fikir tez-tez təkrarlanır: “Sülh bütün problemlərin həlli prosesidir, yoludur” və “Sülhə aparan yol yoxdur, sülh özü elə yoldur”.

Sonda əminliklə demək istəyirəm ki, sülh mədəniyyətinin tədrisi çox vacibdir, sülh mədəniyyəti məfhumu hər bir dövlət, xalq üçün əmin-amanlıq, sabitlik məqsədlərinə çatmaq üçün əvəzedilməz şərt və mütləq şəraitdir.

 

 

Vəfa ƏFƏNDİYEVA,

Milli Məclis Aparatı

Beynəlxalq münasibətlər

şöbəsinin əməkdaşı 

 

Xalq qəzeti.-2009.-14 fevral.-S.4.