“Qarabağdır Azərbaycan” filmi nümayiş etdirildi

 

Dünən “Azərbaycan” kinoteatrında rejissor Elxan Cəfərovun çəkdiyi “Qarabağdır Azərbaycan” filminin təqdimatı oldu. Tədbir başlamazdan əvvəl Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Elxan Cəfərov bildirdi ki, film Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə “Cinealliance” şirkəti tərəfindən istehsal olunmuşdur.

Qeyd edək ki, 20 dəqiqəlik filmdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş, qəhrəmanlıq göstərmiş Vətən övladlarının xatirəsi ehtiramla yad edilir. Filmdə gənc vətənpərvər bir oğlan düşmənə qarşı qəhrəmanlıqla döyüşür, əsir düşdükdə belə öz ləyaqətini itirmir və “Qarabağ Azərbaycandır” deyib gözlərini əbədi yumur. Kinoda canlandırılan səhnələr olduqca real və təbii şəkildə tamaşaçılara çatdırılır.

Filmin baş qəhrəmanı torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhid Fərhad Atakişiyevdir.

 

 

Mahmud QƏZƏNFƏROĞLU

 

Xalq qəzeti.-2009.-27 fevral.-S.7.